Göhər Səriyyə xalanın əyninə göy qədəkdən bir xalat geyindirib, ikimərtəbəli evinin birinci mərtəbəsində mətbəxin yanındakı böyük eyvanda oturtdu və yunu, parçanı qabağına töküb, “burada işləyəcəksən” dedi. Səriyyə səhərlər ora gedir, axşamlar fabrikin həyətində işıqsız, torpaq döşəməli daxmada yatırdı. Göhərin uşaqdan xoşu gəlmədiyini hiss edərək, Niyazı yanınca aparmayıb, bütün günü fabrikin həyətində özbaşına buraxmağa məcbur olurdu. Göhərin ikinci gün ona verdiyi bir tüməni bərk-bərk yaxasında gizlədərək gündə iki qranlıq çörək alırdı. Çörəyi iki yerə bölüb, birini Niyaza verir, o birini də cındır parçasına büküb küncə qoyurdu.
- Bala, bunu indi ye, bunu da günorta yeyərsən, - deyib, üzündən öpərək işə gedirdi. Şama da qayıdanda özü ilə Göhərin verdiyi süfrə dibini gətirirdi. Uşaq çörəyi qoltuğuna sıxıb, parça-parça ağzına doldurur və acgözlüklə yeyir, daha aclıqdan şikayət etmirdi. Amma onun rəngi üstünə gəlmir və üz-gözü saralıb solurdu. Səriyyə xala onu birtəhər əvvəlki halına qaytarmaq üçün öz tikəsini də kəsib ona yedirdirdi. Axşam qayıtdıqda bütün günü həyətdə başsız qalmış uşağını üst-başı palçıqlı və çirkli tapırdı. Qadınlar onun zığ içində oynadığını, barama qazanlarını əlləşdirdiyini, bəzən də həyətin ortasında yerə sərilib ağladığını deyirdilər. Lakin Səriyyənin onu yenə də tək buraxmaqdan başqa çarəsi yox idi. Çünki birinci gün özü ilə apardıqda uşaq aynabəndin şüşəsini qurdalamağa başlamışdı. Göhər: “Xala, gözlə sındırar ha” demiş və əlavə etmişdi:
- Uşaq da bir şey deyil, zəhləm gedir.
Səriyyə xala yorğanın yaxşı çıxması üçün çox səy edirdi. Çünki taleyi bundan asılı idi. Göhər xanım bəyənsə ona iş verdirəcəkdi, əks halda yenə küçələrə düşməli olacaqdı. O, diqqətlə yunu yuyur, sərib qurudur, çırparaq təmizləyir və yorğanı sırımaq üçün yer hazırlayırdı. Gündüzlər fabrikdə, ipək pərdə ilə ikiyə bölünmüş otaqda ərbaba kömək edən Göhər axşam evə qayıtdıqda Səriyyə xalanın işinə baxaraq:
- Yaxşı səliqən var, xala, - deyib razılığını bildirdi.
Bundan ürəklənən Səriyyə daha artıq səy etdi, yorğandan əlavə başqa işlərinə də əl atdı. Xalçaları həyətə salıb çırpdı, süpürgəni götürüb, evlərin toz-torpağını sildi, çünki üçotaqlı, ikimərtəbəli evdə Göhər təkcə yaşadığından bütün günü onları silib-süpürən olmurdu. Zirzəmidə qalan, hər iki qulaqdan kar qoca nökər də peçi qalamaq, bazara getmək və həyəti təmizləməkdən başqa bir iş bacarmırdı.
Göhər kontordan gəlib, ev-eşiyi süpürülmüş, səliqəyə salınmış gördükdə Səriyyə xalaya:
- Sağ ol, ay xala, evi ayna kimi parlatmısan, - dedi.
İyirmi dörd yaşında ərə gedib, iyirmi doqquz yaşında dul qalmış Göhər ömrünün açılan çağlarını yaşayırdı. Onun birinci əri xırda tacir idi. Ölən günə qədər “uşaq” deyib durmuş və Göhərin qəti müqaviməti nəticəsində bu həsrətlə də dünyanı tərk edib, heç bir qohumu olmadığından mülk-malını məlahətindən doymadığı Göhərə buraxıb getmişdi. Həyatda şirinlik sevən və şirinlik yaratmağı bacaran, gözüaçıq Göhər onun ölümündən sonra vətəni olan Şiraca, valideynlərinin yanına qayıtmaq istəmədi. Tehranda gah gəncliyinə tamahlanıb, gah da var-yoxunu ələ keçirmək istəyərək, ona evlənmək təklif edənləri bir-bir rədd etdi. Nəhayət, kustar fabrikinin sahibinə rast gəldi. Lakin, Göhər onu yaxına buraxsa da evlənməyə razılıq vermədi. Ərbab da səbir və mətanət göstərdi. Göhəri fabrikinə apardı. Özünə köməkçi etdi, hər cür hörmət göstərdi və nəhayət, ona məhrəm oldu. Buna baxmayaraq, Göhər yenə rəsmi arvad olmaqdan boyun qaçırırdı. O, yaxşı anlayırdı ki, dörd uşağı və arvadı olan bu adama ərə getməklə heç şey qazanmayacaqdı. Əksinə, kəbin zəncirini boynuna salıb, ixtiyarını əbədi olaraq ona vermək həm öz müstəqilliyini itirəcəkdi, həm onun məhəbbətini soyudacaqdı, həm də malının və çanının ağası edəcəkdi. İndi isə Göhər onun ağası idi, başqa evlənmək istəyənlərin hamısını qovub, ayda bir iki dəfə onu yanına buraxmaqla özünü daha da şirin edərdi.
Səriyyə xala Göhərin həyatının bu cəhətlərini bilmədən və maraqlanmadan tapşırıqlarını yerinə yetirir və getdikcə onun husn-təvəççöhünü qazanırdı.
Göhər kontordan gəlib həyətə girən kimi Səriyyə xalanı çağırdı.
- Dur, tez get, - dedi, - Niyaz bir az xarabdır.
Səriyyə xala onun üzünə baxıb, bir şey anlamadı. Fikri Niyazın yanında həyətdən çıxdıqda, Göhər rəhmə gəldi:
- Al bu beş tüməni də, lazım olar...
Səriyyə qıçları dolaşıb, tövşüyə-tövşüyə fabrikə tərəf qaçdı. Gün yenicə batmışdı. Lakin göy üzü buludlu olduğundan hava tez qaranlıqlaşmışdı. Səriyyə xala üzləri yorğun və sapsarı, üst başları çirkli və dağınıq fabrikdən çıxaraq evlərinə tələsən fəhlə qadınlarla qarşılaşdı. Onun fabrik həyətində yaşadığını bilən və Niyazı tanıyan bəziləri ayaq saxlayıb, yol verdilər. Səriyyə özünü hamamın yanındakı daxmaya atdı. İlk gözünə dəyən fabrikdə birinci gün gördüyü Firuzə oldu. O, torpaq döşəmədə oturub, Niyazın başını dizi üstünə almışdı. Başqa bir qadın çömbələrək Niyaza baxırdı. O, Səriyyəni gördükdə qalxdı və yer verdi.
Səriyyə xala onu sonra tanıdı: bu, qarayanız Fatma idi.
Fəlakəti duymuş və boğazı qurumuş Səriyyə Firuzənin yanında oturdu, uşağa tərəf əyildi.
- Niyaz, bala, haran ağrayır?
Uşaq zorla gözünü açıb, anasına baxdı və yenə yumdu. Firuzə yavaşça onun başını Səriyyə xalanın dizi üstünə qoydu. Ana Niyazı qaldırıb, bağrına basmaq istərkən Firuzə:
- İncitmə xala, yazıqdır, qoy rahat can versin! - dedi və yaşarmış gözlərini yana çevirdi.
***
Niyazın ölümündən sonra Səriyyə xala yenə Göhərin evinə gedir, yorğanların mitilini sırıyırdı. Lakin əlləri əvvəlki kimi işləmir, gözləri tez yorulub, tikişi-tikişdən seçmirdi. Ən pisi isə son günlər tez-tez onu boğan ağır öskürək idi. Belə hallarda o dayanıb, nəfəsini dərir, əllərini yanına salıb dincəlir, gözlərini yumub otururdu. Bəzən ürəyi darıxanda heç kəsin eşitməyəcəyi sakit həyətdə həzin-həzin oxuyurdu.
Yorğanları tikib qurtardıqda Göhər xanım o yan-bu yanını çevirdi, əli ilə yoxladı və bəyəndi. Muzd olaraq verdiyi yeddi tüməndən əlavə göy qədək paltarı da ona bağışladı.
- Heç karxanaya getmə, - dedi, - qal evin işlərini gör, mənə qulluq elə.
Lakin Səriyyə xala Göhərin evində çox qalmadı. Bir axşam Göhər yuxarı otağın pəncərəsindən həyətə baxdığı zaman, Səriyyə xalanın öskürərək sinəsindən qan gəldiyini gördü. Göhər bunu diqqətsiz buraxmadı. Aşağı endi, onun tez-tez öskürdüyünü və neçə dəfə döşündən qan gəldiyini öyrəndikdə öz-özünə:
- Vərəmdir, - deyib fikrə getdi və əlavə etdi:
- Səriyyə xala, sabahdan fabrikdə işləsən yaxşıdır, ərbabla mən özüm danışaram.
Ərbab onu barama bişirən arvadların içində işə qoyub, fabrikin həyətindəki işıqsız daxmada yatmasına icazə verdi.
Səriyyə xalanın işlədiyi fabrikin yalnız adı fabrik idi. Əslində isə o, İranın bir çox şəhərlərində olan kustar karxanalardan biri idi. Burada ibtidai üsullarla həm barama bişirir, həm onu telləyir, həm boyayır, həm də ipək toxuyurdular. Onun buraxdığı mal əsasən kənd yerlərində satılır və əhalinin aşağı təbəqələri tərəfindən istifadə edilirdi. Orada “sex” başçıları olan kişilər istisna edilməklə bütün işçilər qadınlardan ibarət idi. Çünki onların əməyi çox ucuz və faydalıdır. Sahibkar onları istədiyi qədər işlədib, kefi çəkən qədər maaş verə bilərdi.
Səriyyə xala işə günorta naharından sonra başladı. Sex müdiri onu bir neçə böyük qazanın bulandığı yerə gətirdi:
- İş qurtaranda bu qazanların suyunu boşaldıb yuyacaqsan, anbardan təzə su gətirib dolduracaqsan, bu işi sabaha qoymaq olmaz, səhər kargər işə gələndə gərək qazanı təmiz su ilə dolu görə.
O, ayağı ilə yerdəki çirkli suyu və zir-zibili göstərdi:
- Belə şeylər də gərək olmaya, bax, süpürgə də ordadır, hər gün silib süpürəcəksən, tezdən ocaqları yandırmaq da sənin işindir.
Səriyyə elə o saat, böyük qara əskini, vedrə və süpürgəni götürdü, çirkli suyu yığıb qurulamağa, zir-zibili təmizləməyə başladı. O, tər və buğ içində qazanların başında işləyən qadınlara toxunmamağa çalışaraq, addım-addım hər tərəfi dolandı. Bu iş ona o qədər də ağır görünmədi. Lakin gün batandan sonra bütün fəhlə qadınlar dağıldıqda qazanların suyunu həyətin ayağındakı arxa daşıyıb, on-on beş piləli ovdana oxşar anbardan təzə su gətirməyə başlayanda nəfəsinin kəsildiyini, qollarının quruyub yanına düşdüyünü, dizlərinin əsdiyini hiss etdi. Yenə bərk öskürərək anbarın ağzında oturub nəfəsini dərdi.
Yalnız gecədən xeyli keçmiş qazanları doldurub qurtardı. Tər içində özünü daxmasına atdı və nə zaman yuxuya getdiyini bilmədi. Son illər ərzində belə yorulduğu olmamışdı, birinci dəfə olaraq ağır yuxuya getdi. Lakin səhər işıqlananda hərasan qalxdı. Yatıb yuxuya qalmaq və işdən qovulmaq vahiməsi şirin yuxuda da fikrindən çıxmamışdı.
Həyətin qapısı təzəcə açılırdı. O, ocaqları odlamağa başladı. Gözləri yuxulu və əzgin qadınlar həyətə toplaşırdılar. Qarayağız Fatma hamıdan qabaq gəlmişdi, bir taxtanın üstündə oturub, hey əsnəyir və danışırdı.
- Ay xala, səni çox ağır işə qoydular. Yoldaşın kimdir?..
Səriyyə tək olduğunu söylədikdə o söydü:
- İnsafsız köpək oğlu, bacarsa qanımızı da sorar. Səndən qabaq bu işi iki adam görürdü. Bəs hüququn nə qədərdir?
- Bilmirəm, ərbab heç bir söz demədi.
O, başını tovladı:
- Ay hay, ərbab nə deyəcək. Onunla olsa heç bir şahı da verməz. Bu gün danış, iyirmi tüməndən əksiyə razı olma. İki adamın işini görürsən.
Söz bura çatanda bir neçə başqa qadın da gəlib çıxdı. Fatma Səriyyəyə dediklərini onlara danışıb:
- Görürsünüz, - dedi, - yazığa hüququn da bildirməyib!
- Firuzə elə yaxşı deyir, kargər özü danışmasa onun haqqını verən olmayacaq.
Bu zaman göygözlü, xurmayı saçlı Firuzə də gəldi. O, qadınların hamısına salam verdi. Səriyyə xala cavanlığına baxmayaraq qadınların ona xüsusi bir hörmətlə yaxınlaşdığını gördü. O, Səriyyə xalaya döndü:
- Necəsən, xala?
- Necə olacaq, iki adamın işini görür, hüququn da bilmir. Bu sözləri deyən Fatma idi. Səriyyə xala birinci gün onda gördüyü acıqlılığın heç də pis ürəkliyindən olmadığını anladı. Eyni zamanda bu söhbətlər ona qəribə göründü. Maaş davası çəkmək heç onun fikrinə də gəlmirdi. O, bir iş və yatmağa yer verdiyi üçün fikrində ərbaba min dua oxuyurdu.
- Eybi yoxdur, qızım, nə verər, ez insafına görə... Məni ki işə düzəldib, evi abad olsun.
Fatma onun sözünü kəsdi:
- Dədəsinin xeyrinə düzəltməyib ki, sənin-mənim qanımı sormasa Göhər xanıma gündə bir boyunbağı almaz.
- Elə demə, ay qız, ərbabın qulağına çatar, yaxşı olmaz.
- Nə deyirəm ki, yaxşı olmaya... Haqq söz niyə pis olur? Mən deyirəm ki, bizə də adam kimi baxsınlar.
O, arvadların tənəli baxışları altında tək qaldığını hiss edib, Firuzəyə döndü:
- Belə deyil, ay qız, Firuzə? Niyə ağzına su almısan, mənə qandırdıqlarının yüzdən birini də bunlara qandır.
Firuzə güldü:
- Daha acıqlanmaq niyə? Bir az yavaş danışsan olmaz? Onlar səndən də, məndən də yaxşı qanırlar. Dayan bir, qoy bir az yerlərini möhkəmlətsinlər, onda görərsən.
Fatmanın, Göhərin adını pisliyə çəkməsi Səriyyənin xoşuna gəlmədiyi kimi, görünür, bəzi başqa arvadların da ürəyindən deyildi. Bunu hiss edən Firuzə söhbəti bir az yumşaltdı və yenə Səriyyəyə təəccüblü görünən səmtə saldı:
- İranda kargərin dərdinə ağlayan kimdir? Hansı ərbabın kefi nə qədər istəyir o qədər hüquq verir. Gün batandan gün çıxana kimi işlədir. Bizim halımız onlardan da pis... Onlar görən işi biz də görüruk, amma hüququmuz iki dəfə azdır.
- Elə mən də onu deyirəm də, intihası sənin kimi yarpağa bükə bilmirəm. Amma ət elə haman ətdir.
- Yox, yarpağa bükmək niyə... həqiqət belədir. Günah da bizim özümüzdədir. Nə qədər oturub səsimizi çıxarmırıq, o qədər bizə baxan olmayacaq. Ağlamayan uşağa süd verməzlər.
Sex müdirinin gəlməsilə söhbət kəsildi. O, üzünü Firuzəyə tutdu:
- Ay qız, yenə dilini dinc qoymursan, vallah bir gün ya səni çölə atacaqlar, ya sən bu fabriki bağlayıb, bu yazıqların çörəyini kəsəcəksən.
Sonra arvadlara döndü:
- Yeriyin, yeriyin işə, bu boş sözlərdən nə qarnınıza çörək, nə əyninizə paltar çıxmayaçaq.
Arvadlar dağılışdılar. Baramaları qaynayan qazanlara tökməyə başladılar. Getdikcə buğ və hərarət içində ağır zəhmətlə dolu bir gün başladı. Səriyyə xala, səhərki danışıqların təsiri altında neçə dəfə istədi ki, sex müdirinə yaxınlaşıb maaşını soruşsun, lakin çəsarət etməyib, süpürgə və vedrəsini götürdü, qazanların ətrafını dolanmağa, həyəti silib təmizləməyə başladı.
* * *
Səriyyə xala ömründə vaxtını saatla ölçməyə adət etməmişdi. Onlar günün batıb-çıxması və havanın rəngi ilə yatıb-durur, işlərdilər. Hər işin də öz zamanı vardı. Birini gün çıxmamış, birini gün iki adam boyu qalxanda, o birini günorta yerinə gələndə, üçüncüsünü ikindi çağı, dördüncüsünü gün batanda görərdilər. Lakin fabrikdə onun qulağına tez-tez saat 8, saat 12, saat 7 sözləri dəyirdi. Ərbabla fəhlə qadınlar arasında bu saat üstündə çox söhbət gedirdi. Nəinki saat, hətta dəqiqə sözü də ortalığa çıxmışdı. Bu gün bir qadını işə on dəqiqə gecikdiyi üçün fabrikdən də qovmuşdular. Arvad ağlayıb ərbabın yanına getdi.
- Ağa, başına dönüm, səndən də ayıb olmasın, südəmər uşağım var, kefsizləyib, gecikdirən o oldu.
Ərbab bu sözlərə qulaq asmadı:
- Hərəniz gündə on dəqiqə yubansa, yüz adamdır, elər min dəqiqə. Saata vuranda on altı saat, işə çevirəndə bir gün yarım. Mən ki gündə üç adama havayı pul verə bilmərəm.
Bundan sonra Səriyyə xala saat və dəqiqədən baş açmasa da, daha tezdən durmağa və daha gec yatmağa başladı. Lakin fabrikdə saat söhbəti kəsilmədi. İşdən çıxarılan arvad özünün körpə uşağı və naxoş ərinin də acından öləcəyini söyləyib ağladı, fabrikin həyətindən çıxmadı. Onun bu halı bütün fəhlə qadınlara təsir etdi. Lakin Səriyyənin gözlədiyi kimi, hamıdan əvvəl onun köməyinə gələn Firuzə və Fatma oldu. Günorta naharında arvadlar divarın dibində oturduğu zaman Firuzə kənara çəkilib, bir dəstəni başına yığmışdı.
- Bax, ərbabın qabağını almasaq, belə bir gün hamımız üçün var. Bəs rəvadırmı ki, elə bir-bir bizi götürüb çölə atsınlar? Acından ölək?..
İşdən çıxarılan arvad kövrəldi:
- Vallah evdə bir şey də yoxdur ki, satıb iki gün dolana bilək. Dava başlanandan bəri bazarda da qiymətlər hər gün artır. Mənə bir kömək eləyin, gedin ərbaba yalvarın, bəlkə ürəyinə rəhm düşə.
Fatma onun sözünü kəsdi:
- Elə bu vaxta qədər yalvarmışıq ki, bu günə qalmışıq.
Kim isə:
- Bəs nə edək, - dedi, - ərbabla dava ki, edə bilmərik.
Firuzə, bunu gözləyirmiş kimi:
- Niyə o bizimlə dava edə bilər, biz bilmərik? – dedi. - Gəlin hamılıqca gedək duraq üzünə ki, yoldaşımızı qaytar yerinə, yoxsa biz də işləmirik.
Arvadlar bir-birinə dəydi:
- Deyər buyurun, o siz, o da qapı, xoş gəldiniz.
- Deyə bilməz, onda gərək karxananı bağlaya...
- Niyə bağlayır, sən çıxarsan, yerinə küçədən yüzünü tapar.
Firuzə yenə qabağa çıxdı:
- Biz əl-ələ versək, sözü bir eləsək, ərbab ona cəsarət etməz.
Fatma:
- Bircə dalımca gəlin, - deyib qabağa düşdü, gəlin görək yer üzündə bir insaf-mürüvət deyilən şey var, ya yoxdur...
Onlar ərbabın yanına getdilər. O, kontorda, ipək toplarının qabağında oturub, nə isə şotkaya çəkir, fikirləşib hesablayırdı. Qadınları görən kimi şotkanı bir kənara atdı:
- Hə, nə var?
Arvadlar Fatmanı irəli verdilər:
- Yeri de.
O, qabağa yeridi:
- Ərbab, sözümüz budur ki, bu arvada yazığın gəlsin. Keç günahından:
Ərbab domba gözlərilə qadınları süzdü və xeyli düşünüb çavab verdi:
- Günahından keçərəm, bir şərtlə.
Arvadlar arasında bir yüngüllük əmələ gəldi:
- Keçər, ağa rəhimdildir.
- Ağanın şərti nədir?
Şərtim odur ki, sabahdan on saat yerinə 12 saat işləyəcəksiniz.
- Hüququmuz artacaqmı?
- Xeyr artmayacaq. Budur, səhərdən şotkanı qoymuşam qabağıma, ha o yana çevirirəm, ha bu yana çevirirəm, mədaxillə məxaric bir çıxmır.
Qadınlar Firuzəyə baxdılar. Onların bu baxışında sanki “yaxşı qazandıq, sağ ol” deyən bir tənə vardı. Firuzə qadınların içindən:
- Ağa, - dedi, - bəs bəşər də gündə on iki saat belə işə dözə bilərmi? On saat işləməklə çoxumuz mərəz tapmışıq. On iki saat işləmək olmaz.
Ərbab ayağa durdu:
- Onda gərək karxananı bağlayam, hamınızı tökəm eşiyə. Görürsunüz ki, davadır, karxana saxlamaq çətindir.
- Niyə çətin olur, ağa, davanın sizə xeyri olub, malın qiyməti qalxıb, hüququmuz elə haman hüquqdur.
Ərbab acıqlandı.
- Kimdir orda mənə iqtisad dərsi deyən? Mən çox bilirəm, bacım, ya sən?.. Deyirəm ki, on iki saat işləməsəniz hamınızı tökəcəyəm eşiyə. Dağılışın, sabahdan səhər saat səkkizdə gəlib axşam saat səkkiz yarımda gedəcəksiniz, yarım saat da nahar hesabına.
Arvadlar dağılışırkən hərəsi bir söz danışırdı:
- Əcəb xeyir elədik? Allah zərərindən saxlasın.
- Hanı o ərbabın üzünə duran xanımlar?
- Əl-ələ verəndə də belə olar, ərbab sıxar, canın çıxar.
Firuzə bu danışıqları kəsdi:
- Arvadı ki, karxanaya qaytardıq. Bu da böyük işdir. Əl-ələ versək iş gününü də uzatmağa qoymarıq.
Bu hadisədən sonra Səriyyə, Firuzə və Fatmanın bir dəstə qadınla gah nahar zamanı, gah səhər tezdən hələ iş başlamamış xısın-xısın nə isə pıçıldaşdıqlarını görürdü. Hətta bir dəfə Füruzə ona yaxınlaşıb daxmasına getmək icazəsi istədi.
- Xala, axşam bir saat işimiz olacaq, - dedi.
Axşam, işdən sonra beş qadın Səriyyənin daxmasında qaldı. Səriyyə xala həyətdə qazanların suyunu təmizləyib, təzə su ilə doldururdu və qayıdanda onların nə isə oxuyub qurtardıqlarını, bir şeyi gizlətdiklərini gördü. Durub gedəndə Firuzə onun üzündən öpdü:
- Sağ ol, Səriyyə xala, bizə yaxşı köməyin dəydi.
İkinci günü Firuzə səhər hamıdan tez işə gəlmişdi O, qoltuğuna vurduğu nimdaş bir kilimi Səriyyə xalaya verdi.
- Yerə sal, otaq çox nəmdir, onsuz da öskürəyin kəsilmir.
Səriyyə xalanın qanlı öskürəyi, doğrudan da, getdikcə artırdı. İki gün sonra yenə işin axırında Firuzəgil onun daxmasına gəlib söhbət edirkən, o qazanların suyunu dəyişirdi. Bu gün səhərdən tez-tez təkrar olunan öskürək axşama doğru daha da şiddətlənmişdi. Arvad birtəhər otura-otura qazanların suyunu dəyişə bildi. Canı od içində özünü daxmaya saldı. Firuzəgil də qalxaraq getmək istəyirdilər. Qız onu pis halda görüb uzandırdı, yoldaşlarına:
- Siz gedin, mən Səriyyə xalanın yanında qalaram - dedi. Səriyyə xala bir ana məhəbbəti ilə onun xurmayı saçlarından, ala gözlərindən öpdü:
- Sağ ol, bala yorulmusan, evinə get.
Qız onun təkid etdiyini görüb, bir qədər sonra gedəcəyini vəd etdi və:
- Heç bir adamın yoxdurmu, Səriyyə xala? - deyə soruşdu. Səriyyə xala, lal və kədər dolu gözlərini ona dikdi, öz həyatını nağıl etdi:
- Gülnaz səndən iki-üç yaş kiçik olar, - dedi. Bilmirəm yazığın başına nə gəldi.
O, sözünü qurtarıb susdu. Firuzə yaşarmış gözlərini sildi:
- Bir Gülnaz deyil, bir sən deyilsən, xala. İranın bütün zəhmətkeş qadınlarının halı belədir, - dedi və fikirli-fikirli əlavə etdi:
- Yaşıma baxma, xala, elə bilirsən ki, mənim başım az müsibət çəkib? Ölümün ağzından qurtarmışam.
O öz həyatını Səriyyəyə nağıl etdi, Rəştdə doğulduğunu, yeddi yaşında olarkən atasının onları da götürərək iş tapmaq məqsədilə Ehvaza, Cənub neft mədənlərinə gəlib çıxdığını danışdı.
- On beş yaşım olanda, atam cənubun istisinə dözməyib titrətmə-qızdırmadan vəfat etdi. Biz küçələrdə qaldıq. Anamın yaxşı əli vardı, hər şey toxuyardı. Sürünə-sürünə Kirmanşaha gəldik. Orada xalça karxanasına girdi. Bu Fatma xanıma da elə orada rast gəlmişəm. Bir dəfə karxanada iplik anbarına yanğın düşdü. Anam yandı. O zaman mən də güclə ölümdən qurtardım. Ondan sonra Kirmanda qala bilmədim. Fatma ilə bir-birimizə qoşulub, Tehrana gəldik. O yazığın da heç kəsi yoxdur. Tək-tənhadır. İndi də ki günümüzü görürsən. İkimiz hər ay səkkiz tümən kirayəsilə beləcə bir otaqda oluruq:
Səriyyə xala öz dərdini unudub, ona təsəlli verdi:
- Eybi yoxdur, qızım, hələ cavansan, inşallah yaxşı gün görərsən.
Firuzə durub gedərkən:
- Deyirsən ki, arvadın adı Səadət xanımdır, hə? Soraqlaşaram! – dedi. Bəlkə yerini tapdım.
- Qızım, elə bir iş görsən, qiyamətə qədər yaxşılığın yadımdan çıxmaz.
Firuzə onu huşa verib getdi.
Lakin Səriyyə bir daha qalxmadı. Mütəmadiyən canından çıxmayan istilik onu tamamilə yatağa saldı. Firuzə, qarayağız Fatma və başqa qadınlar tez-tez ona baş çəkir, hərəsi əlində bir parça şey gətirib, yastığının yanına qoyurdu. O işə çıxa bilməsə də səhərlər tezdən oyanır, qadınların həyətə gəlməsini, toxucu dəzgahlarının çarx-çurxunu diqqətlə dinləyir və bu səslərdə bir təskinlik tapırdı.
Yatağa düşdüyünün altıncı günü nahar zamanı Firuzə qeyri-adi bir kədərlə onun yanına gəldi.
- Səriyyə xala, - dedi, - işimiz xarabdır, ərbab sabahdan karxananı bağlayır, deyir ki, çoxlu vergi gəlib, dolandıra bilmirəm. İşinin sabahına da arxayın deyil, deyir ruslarla dava olacaq, hamımızı tökür çölə.
Bu xəbər işsizliyi, küçələrdə ac gəzdiyi günləri onun yadına saldı. Bir vahimə ilə dirsəklənib qalxdı:
- Bəs nə edəcəksiniz, qızım?.. Yenə bir tikə çörək pulu çıxırdı.
- Heç özümüz də bilmirik, görək harda bir iş taparıq...
Çölə töküləcək qadınların halına yanan Səriyyə özünə bir pənah axtardı:
- Bəs Gülnazdan bir xəbər tutmadınmı, qızım?
Firuzə onun qar kimi ağarmış açıq başına, sümüyü çıxmış əllərinə və çiyinlərinə qırış-qırış olmuş üzünə baxdı, onu sevindirmək həvəsilə gülümsədi:
- Bir adam var, sabah gələcək, deyir ki, o arvadı tapıb.
Firuzə daha bir söz deməyib getdi. Səriyyə xala Gülnazı tapacağı ümidilə işsiz qalacağı ümidsizliyinin doğurduğu qarışıq fikirlər içində gecəni səhər etdi.
Daha səhər tezdən qadınlar karxanaya gəlmədilər. Yalnız gün xeyli yayıldıqdan sonra onların səsi eşidilməyə başladı. Ərbab fabriki yığışdırıb, qazanları, dəzgahları bazara tökdürürdü. Həyətdə qeyri-adi bir səs-küy vardı. Arvadların “indi hara gedəcəyini”, “allah baisin evini yıxsın”, “bir tikə çörək daşdan çıxır” kimi səsləri həyətdən qulağına gəlirdi.
İki gün bu qayda ilə həyətdən qarışıq səslər azalmadı. Lakin şeylər satıldıqdan sonra haqq-hesabını alan fəhlə qadınların getməsilə həyətdə ağır bir sakitlik əmələ gəldi. Üçüncü günü Səriyyənin qapısı döyüldü. O, Firuzə olduğunu bilib, hay verdi və dirsəkləndi. Lakin tanımadığı bir adam başını içəri salıb:
- Arvad, - dedi, - yığış get özünə yer tap... həyəti başqasına kirayə verirəm. Səni də üstündə heç kəs götürməz. Bir gecəlik qal, səhər çıx.
Gülnazı tapacağı fikrinin oyatdığı sevinc yanında bu xəbər ona heç göründü:
“Qızı tapım, bu xarabada bir saat da qalmaram” deyib düşündü. Şam zamanı Fatma və Firuzə gəldi. Firuzə Səriyyə xalanın yanında oturdu:
- Dur, Səriyyə xala, gəl halallaşaq, kim bilir bir də bir-birimizi görəcəyikmi? Bəlkə mən Rəştə, əmimin yanına getdim...
Onlar Səriyyə xalanı qucaqlayıb öpdülər. Səriyyə Firuzənin sinəsinə tökülmüş xurmayı saçlarını oxşadı, gözləri dolmuş Fatma onu sevindirmək istər kimi qapıda dayanmış on üç-on dörd yaşlı uşağı göstərdi:
- Səriyyə xala, bu oğlan sənə Səadət xanımın evini nişan verər. Onun əsil adı Qəmərbanudur. Bəlkə Gülnazı tapdın.
Gülnaz adını eşidən Səriyyə xalanın gözünə işıq gəldi. Tez yerindən qalxdı, tələsik özünü yığışdırdı. Firuzə onun qolundan tutub, küçədə faytona oturana qədər ötürdülər. Səriyyə onlardan necə ayrıldığını bilmədi. Fayton küçələrdən keçib gedir, qaçan atların nalı ətrafına səs salırdı. Lakin o bu səsləri eşitmirdi. Tezliklə Gülnazı tapacağını və ondan sonra bütün dərdlərinə son qoyulacağını düşünürdu. Nəhayət, uşaq atları Qəmərbanunun qapısında saxlatdırdı.
- Bax, buradır, xala, - deyib faytonu yola saldı və qapının dəmir dəstəyini döydü.
Səriyyə xala bütün bədəni əsə-əsə durub gözləyirdi. Qapı açıldı, o, uşağın başından öpüb, içəri girdi. Qəmərbanu həyətdə idi:
- Ay gədə, gələn kimdir? - deyib nökərə müraciət etdi, cavab gözləmədən irəli yeriyib, əlindəki fanusu qaldırdı və Səriyyənin üzünə tutdu. Onun meyit kimi ağarmış, sümükləri çıxmış üzünə, çuxura düşmüş gözlərinə nə qədər baxdısa tanıya bilmədi. Hansı bir dilənçinin isə gəldiyini güman edərək, dodaqaltı mırıldandı:
- Niyə danışmırsan, arvad? Kimsən?
Onun səsindəki qəzəbi hiss edən Səriyyə xala tələsik qabağa keçdi, titrək səslə:
- Mənəm, bacı, - dedi, - tanımadın? Gülnazın anasıyam.
Qəmərbanu qapını çırpıb, cəftəsini saldı:
- Arvad, sən hələ ölməmisən?.. Keç içəri görək...
Onlar aynabəndin işıqlarına yaxınlaşdığı zaman o, dönüb bir də Səriyyə xalaya baxdı.
- Bu nədir belə, lap dilənçi kökündəsən?.. Üzünə də elə bil əzrail kölgə salıb. Rəngin meyit rəngidir.
Səriyyə xala Qəmərbanunun tikanlı sözlərinə zorla qulaq asırdı. Həyatını zəhərləmiş, uşaqlarını fəlakətlərin qucağına atmış adamlardan birisi olan bu arvadın üstünə atılmaq, onu boğmaq istəyirdi. Lakin Gülnazın taleyini daha da pisləşdirmək qorxusundan özünü saxlayır və susurdu. Qəmərbanu bu sükutdakı qəzəbi duymuş kimi, üzünü zirzəmiyə tutdu və etinasız bir səslə:
- Ay qız, Gülnaz yuxarı çıx, gör bu kimdir gəlib - dedi və eyvanına qalxıb yox oldu. Zirzəmidən cavab gəlmədi. Gün çıxandan gün batana kimi ayaq üstə olan Gülnaz yenicə aşağı enmişdi. O, yorğun və əsəbi idi. Bütün günü paltar yumuş, xalçaları çırpmış qab-qacaq təmizləmiş, həyəti süpürmüş və əldən düşmüşdü. Lakin cavab verməməyinə səbəb bu cismani yorğunluq deyildi. Qəmərbanuya olan nifrəti artıq dözülməz bir dərəcəyə gəlib çıxmışdı. İçərisində nə isə qaynayırdı. Arvadın səsini eşidəndə elə bil ki, fikri qaralırdı, hirs onu boğurdu, daxilində susmaq bilməyən bir qüvvə “vur öldür!” - deyə əmr edirdi. O, əlində nə varsa bu ifritənin başına çırpmaq istəyirdi. Xavərlə görüşdən sonra onda belə bir daxili vəziyyət yaranmışdı. Qəmərbanuya olan əvvəlki kor nifrəti indi yeni qüvvətli bir fikrin işığı ilə işıqlanmışdı. Xavər ona “Qəmərbanu qələt eləyir, onsuz da yaşamaq olar!” demişdi. Gülnaz birinci günlər “Olarmı?” - deyə düşünmüşdü. Getdikcə bu şübhə qəti bir yəqinə çevrilmişdi:
- İstəsən olar!..
Bütün qəlbinə, bütün daxili aləminə yeni bir işıq salmış bu etiqad onda nəinki Qəmərbanuya, hətta taleyin özünə qarşı üsyan etmək qüvvəsini oyatmışdı. Bir zaman anlaya bilmədiyi Fridunun sözləri indi qəribə bir aydınlıqla qulağında səslənirdi. Fridun ona deyirdi: “Bizim bədbəxtliyimizin bir səbəbi də bəzilərimizdə olan ruhi zəiflikdir; halbuki insan arzusuna çatmaq üçün vuruşmalıdır, şir kimi vuruşmalıdır!..”
Bəs Gülnaz nə etmişdi? O, taleyin əlində aciz bir oyuncaq olmuşdu, həyatın fırtınaları cansız bir şey kimi onu bu daşdan o daşa çırpmışdı. Yox, görünür acizlərə həyat yoxdur!
Bu fikirlər onun başında Qəmərbanunun evindən çıxıb qaçmaq qərarına qədər inkişaf etdi. Əvvəllərdə iradəsini sarsıdan küçələrdə qalmaq qorxusu da indi öz kəsərini itirmişdi. Küçə də bu cəhənnəmdən yaxşıdır! Bir də ki Xavər vardı. O demişdi: “Gəl, bir yerdə qalarıq!”. Bəs Qəmərbanu, ona olan borc?.. Cəhənnəmə olsun Qəmərbanu da, borc da! Qaçmaq lazımdır!..
Qızın fikirli hərəkətlərində qəti və kəskinlik olmağa başladığını sezən Qəmərbanu ona qarşı rəftarını daha da sərtləşdirmişdi. Onu bir saat da işsiz buraxmırdı, hətta odun yarmaq kimi ağır nökər işlərini də ona tapşırırdı. Bununla kifayətlənməyib, bütün evdəkiləri Gülnazın üstünə qaldırmışdı.
- “Görürsünüzmü, kəndçi qızının iddiası nə boydadır!” - deyə əlinin altında olan xanımların Gülnaza qarşı nifrətini qızışdırmışdı. Bu nifrətin səbəbi isə pis bir paxıllıq idi. Gülnaz namusunu qoruyaraq alçalmadığı üçün o biri xanımların onu görməyə gözü yox idi. Beləliklə də, arası kəsilməz təhqiranə və kobud rəftar, tənəli və soyuq baxışlar, tamamilə tənha və ağır həyat Gülnazı tezliklə qəti qərar çıxartmağa məcbur etmişdi. Qaçmaq! Lakin Qəmərbanu da öz qurbanını asanlıqla əlindən vermək fikrində deyildi. Gülnazı sındırıb əzmək, onun üçün artıq maddi faydadan çox, canlının canlı üzərindəki üstünlüyünü sübut etmək məsələsinə çevrilmişdi. Odur ki, mübarizə daha artıq bir ehtirasla davam edirdi. Qəmərbanu qızı bir an gözdən qoymurdu. Buna baxmayaraq, Gülnaz bir axşam fürsət tapıb bir daha qayıtmamaq məqsədilə həyətdən çıxmışdı. Lakin dar döngələrdən, uzun dalanlardan keçərək, Xavərin qapısını döydüyü yerdə Qəmərbanu özünü onun üstünə atmışdı. Onu faytona basaraq evə gətirmişdilər. O vaxtdan Gülnazı bir an gözdən buraxmır, bir dəqiqə də onu göz açmağa qoymadan işlədir, işlədirdi. Çox zaman qaş qaralanda, yorğun, əzgin, zirzəmiyə endiyi yerdə qaytarır, hətta bəzən yenicə gözünü yuman kimi dümsükləyib, şirin yuxudan qaldıraraq, ağır işlər tapşırırdı. İndi də onun səsini eşidən Gülnaz bu adi işgəncələrin davam etdiyini düşündü və cavab vermədi, yerindən tərpənmədi. Lakin Qəmərbanunun adətən olduğu kimi söyə-söyə təkrarən çağırmadığını gördükdə təəccüb etdi və qalxıb yavaş-yavaş həyətə çıxdı.
Səriyyə həyətin ortasında eyvandan düşən işıqların altında durub gözləyirdi. Birdən Gülnaz gözünə dəydi, nədənsə yerindən tərpənməyə ayaqları gəlmədi. Gülnaz özünü onun üstünə atdı.
Qız onu öpə-öpə danışmağa macal vermədən aşağı zirzəmiyə apardı. Yalnız burada:
- Ana!.. Ana!.. Ah, əziz ana!.. - deyə səsləndi.
Məzardan çıxmış bir ölünü xatırladan Səriyyə xala Gülnazı bağrına basdı və ağladı: “Qızım, balam, Gülnazım...”. Başını anasının sinəsinə sıxaraq, Gülnaz da ağlayırdı.
- Ana, bəs mənim atam hanı, bəs mənim Ayazım hanı, Niyazım hanı?.. Bu zalım fələk onların başına nə gətirdi, ana?
Səriyyə xala ağladı:
- Niyazı aclıq əlimdən aldı, bala. Ayazımı bu cəhənnəm, bu şəhər yedi, qızım! Şəhər Ayazımı dərya kimi uddu. Axtardım, tapılmadı, soruşdum, soraq verən olmadı, Gülnazım!..
- Ana, ana, yazıq ana! Daşa dönəydim, bu gününü görməyəydim, ana! Bu nə müsibətdir bizim başımıza gəldi? Bəs allahda heç ədalət yoxdurmu, ana? Bəs, bir yazığa da bu qədər cəfa verərlərmi? Axı, biz nə etmişik, nə günah işləmişik, ana?.. Bəs onun ədaləti hanı?
Səriyyə xala onu bir də itirməkdən qorxurmuş kimi yenə qucaqlayıb başını oxşadı:
- Nə bilim, bala, nə bilim! Qapımızı bağlayanın qapısı bağlansın, yurdumuza od vuranın yurduna od düşsün!
Onlar yanıqlı bir ağı deyər kimi söyləşirdilər. Səsləri ucsuz-bucaqsız səhralara yayılıb gedən kədər dolu bir mahnını andırırdı.
Qeyri-adi bir titrəyişdən ananın səsi kəsildi. Arvad yarpaq kimi əsib saraldı. Gülnaz onun uçulmaqda olan divara bənzər bədənini daha bərk qucaqladı. Onlar qəlblərini didib-dağıdan nəhayətsiz qüssə və kədərdən başqa heç şey duymurdular.
Ananın vücudu ölümlə həyat arasında gedən şiddətli mübarizədən titrəsə də hələ müqavimət göstərir, yıxılmırdı. O, zarıyaraq Gülnazı qucaqladığı halda gözlərini yumdu. Lakin bu bihuşluq dövrü uzun sürmədi. Azca sonra gözləri ni açıb alnını ovuşduran Gülnazın əlindən tutdu. Gülnaz onun quru sümükdən ibarət olan vücudunu qolları arasına aldı. Bu qayda ilə nə qədər oturduğunu bilmədi.
Onun qolları arasında Səriyyəni huş apardı.
* * *
Səriyyə xala bir daha fabrik həyətinə qayıtmadı. Gülnaz yaşayan zirzəmidə qanlı öskürək bir saat da ondan əl çəkmədi, qızdırma və hərarət içində yatıb qaldı. Onun bu halını görən Gülnaz artıq həyatın əzab və işkəncələrindən sərtləşmiş bir səslə:
- Ah, ana, dünya nə pis dünyadır, yaxşı adamlara bir zindan olub. Əlsiz-ayaqsızları dəyirman daşı kimi əzən bu yerdən hara qaçaq, ana? Ölmürük də ki, canımız qurtarsın. Bu it gününü bir də görməyək!
Gülnazın bu sözləri Səriyyə xalanın ürəyini parçaladı, doğub böyütdüyü qızına xoş bir gün verə bilmədiyi üçün özünü günahkar hiss etdi. Axı o, ana idi, böyük idi, uşaqları gözlərini onun əlinə dikmiş, ümidlərini ona bağlamışdılar. O hara getmişdisə dalınca düşüb gəlmişdilər. O isə onları sürüyüb bu cəhənnəmə salmış, öz əli ilə öz balalarını bu odun içinə atmışdı. İndi ona bir tikə çörək, sakit bir həyat vermək üçün Səriyyə xala nəyə razı olmazdı? Yox, qalxmaq lazım idi. Ömrünün son günlərini də olsa qızının səadəti üçün şam kimi əritməli idi.
O, zirzəminin kərpic döşəməsinə dirsəklənərək qalxmaq istədi:
- Gedim, mən də bir iş tapım, səni burdan qurtarım, qızım... İndi nə vaxtdır, gün çıxıbmı?
Gülnaz onun ağır halını görüb başını yastığa qoydu.
- Gün təzəcə batıb, ana, axşamdır...
- Nə vaxt çıxıb-batıb heç bilməmişəm. Görünür çox yatmışam...
Gülnaz:
- Ana can, bir az dincəl, gedim, bəlkə sənə, bir şam düzəltdim, - deyib onu boğan hıçqırıqları zorla saxlayaraq çölə çıxdı. Səriyyə xala dalınca:
- Lazım deyil, qızım, mən heç şey yeməyəcəyəm, - dedisə də səsi Gülnaza çatmadı. Çünki bu səsdə artıq heç bir qüvvət qalmamışdı. Bu səs, doğrudan da, meyitə oxşayan, hərarəti soyumaqda olan bir bədəndən çıxırdı.
Gülnaz tez qayıda bilmədi. Qəmərbanu ona qabları yudurdaraq, gələn qonaqlara xidmət etməyi tapşırdı. Qızın fikri anasının yanında olduğunu gördükdə özü ona göz qoymağa başladı:
- Ay qız, ey - deyib hədələdi, - işdən yaxşı yapış, biyar zad işləmirsən ki, gündə sənə qarın dolusu çörək verirəm, başdansovdu eləyib hirsimi başıma yığdırma...
Bütün bu sözlərə Gülnazın heç bir cavab verməməsini onun ruhən sarsıldığı ilə izah edərək, zahirən özünü daha acıqlı göstərirdi. Çünki bu yolla onu istədiyinə razı salacağını, alverini etdiyi xanımlarının cərgəsinə daxil edəcəyini düşünürdü.
Gülnazın anasının gəlməsi onun bu fikrini daha da möhkəmlətmişdi. Elə bu fikrin təsiri ilə də o, Səriyyə xalanın qolundan tutub küçəyə atmamışdı. Onun fikrincə bundan sonra qız anasını yaşatmaq xatirəsinə hər şeyə razı olacaqdı. Yalnız gecəyarısından xeyli keçmiş artıq “qonaqlar”ın ayağı kəsildiyi zaman o, Gülnazı yanına çağırdı, bir boşqaba yığdığı qablardan qalmış düyü artığını ona göstərdi:
- Götür apar, qoy anan yesin...
Gülnaz aşağı endikdə anasını sayıqlayan gördü. Əvvəlcə onun yuxuda danışdığını güman etdi. Lakin yaxınlaşıb çiyinlərindən tutduqda od içində yandığını, bihuşluq aləmində sayıqladığını anladı. Boşqabı bir kənara atıb, yanında oturdu, başını dizinə aldı:
- Ana can, ana can! - deyib alnından, sönük dodaqlarından öpdü. Onu oxşadı. Ana ayılan kimi oldu. Əllərini gəzdirib, qızının üzünü axtardı:
- Əyil, Gülnaz, əyil bir ala gözlərindən öpüm. Əyil, qızım!..
Gülnaz əyilib, başını ananın köksünə qoydu və ağladı:
- Ana, sənə nə oldu, ana?
Ana getdikcə zəifləyən bir səslə:
- Mən də gedirəm, qızım, - dedi, - mən də gedirəm. Allaha şükür olsun ki, heç olmasa axır günümdə səni gördüm. Səni allah özü göndərdi ki, gözümü bağlayasan qızım!
Gülnaz, ananın həyat çırağını sönməkdən saxlamaq, ona nəfəs vermək istəyirdi. Onu gah bağrına basır, gah oxşayır, öpürdü. Gah da təskinedici sözlər söyləyirdi. Lakin heç şey artıq dayanmaqda olan bir qəlbi döyündürəcək qüvvəyə malik deyildi. Heç şey hissə-hissə ölümə təslim olan bir bədəni yaşada bilməyəcəkdi.
Səhərə yaxın dan yerinin ilk işıqları görünəndə ana son dəfə özündən getdi. Onun ölümlə həyat arasındakı bihuşluq dövrü uzun çəkmədi, həyatda gördüyü əzablar onu can vermək əzabından qurtarmışdı.
Onun ölümü ilə sanki Gülnazı həyata bağlayan son tellər də qırılıb töküldü...