Fridun hər gün iki saat İran ədəbiyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi. Qız onu şəhərdə, öz xüsusi evində qəbul edir, salonda oturaraq, Sədi və Firdovsinin hekayət və dastanlarına, yaxud Hafizin qəzəllərinə qulaq asırdı. Fridun ədəbi əsərləri böyük bir həvəslə təhlil edirdi. Şeirləri şirin bir ahənglə oxuyarkən, sanki özünü unudurdu. Oturub, mat-mat ona baxan qız, təbiətinə məxsus bir sadəliklə:
- Bir qəzəl də oxuyun, - deyirdi.
Nəticədə getdikcə araları açıldı. Günlər keçdikcə qız ona hər dərdini və sevincini bölüşmək mümkün olan bir yoldaş kimi alışdı.
Cümə günü istirahətindən sonra Fridun Laləzara çıxmışdı. Küçənin adamla dolu vaxtı idi. Uzaqdan Şəmsiyy gözünə dəydi.
- Xanım, salam.
Qız gülab qabı kimi ətir qoxuyurdu. Əla esyensin iyi uzaqdan Fridunu vurdu. Şəmsiyyə ona yaxınlaşaraq, yavaş addımlarla gəzməyə və danışmağa başladı. O, xüsusilə kübar ailələrdə və sarayda adət halına keçmiş olsa da, saxta və süni təsir bağışlayan incə hərəkətlərlə tərpənir, səsinə ahəngdarlıq verməyə çalışırdı. Bütün bunlar yuxarı sinif xanımlarında ürəkbulandırıcı zahiri bir təkəbbür şəkli almış və onları nəinki aşağı təbəqələrdən, hətta bir-birindən belə aralı saxlayan qəribə əxlaqi meyara çevirmişdi. Bu saxta qabığın altından belə Şəmsiyyənin təbiətindəki rayihə, gənclik təravəti və sadəlik özünü göstərir və qıza bir cazibədarlıq verirdi. Lakin Fridunu ona yaxınlaşdıran bu deyildi...
Təbiidir ki, Hikmət İsfahani kimi görkəmli bir ağanın evində böyüyüb yetişmiş xanım Şəmsiyyənin üzünə Tehranda bağlı olan bir qapı təsəvvür etmək çətin idi. Onun bütün vəzir ailələrinə, vəzarətxanalara və dərbara yolu açıq idi. Tehrandakı xarici səfarətxana işçilərindən tutmuş, zabitlər və dövlət qulluqçularına qədər bütün yuxarı təbəqələr içərisində onun tanışları vardı. O, firəngcəni öz ana dilindən daha təmiz danışır, öz hərəkətlərində yuxarı təbəqənin bütün adətlərinin bir rəmzi kimi görünürdü. Bununla belə, onun tərzi-hərəkətində nə isə onu mühitindən ayıran qəribə bir sadəlik vardı ki, bu keyfiyyətin sayəsində, o, məktəb yoldaşları arasında özündən çox-çox aşağılardan çıxmış adamlarla da ünsiyyət yarada bilmişdi. Digər tərəfdən o, aşağı təbəqələr içərisindən çıxmış adamların daha təmiz və sadə olduğunu hiss edir, onların qadına qarşı əlaqələrindəki mehribanlığı xoşlayırdı. O, nə isə qadına olan bu münasibətdə, içərisində dolandığı mühit adamlarında görmədiyi bir alicənablıq, bir ülviyyət duyur və hər bir qadın kimi, bunu yüksək dərəcədə qiymətləndirirdi. Fridunda ilk gündəcə belə bir keyfiyyət tapdığı, onun nəvaziş və hörmətindən zövq aldığı üçün onu gördükdə şad olurdu.
- Xanəvadəniz* necədir? Dərbara** gedib-gəlirsinizmi? Davaya necə baxırlar?
- Mersi, xanəvadəmiz yaxşıdır. Dərbarın da yolu hələ ki, üzümüzə açıqdır. Dava məsələsi uzundur. Hərə bir cür baxır. Əlahəzrət hələlik bircə möhkəm tapşırıq vermişdir: daxildə şübhə oyadan adamları aradan qaldırmaq. Özünüzü gözləyin, ağayi Fridun, ehtiyatsız söylənmiş bir söz belə fəlakət törədə bilər.
- Bu nə sözdür, xanım. Biz ki, əlahəzrətin sadiq təbəələriyik. Xeyirdən başqa bir fikrimiz yoxdur. Şahpur necədir? Görüşürsünüzmü?
- Hər gün görüşürük. Şimrana bağımıza gəlmədiyi bir gün yoxdur. Sabah da böyük bir ziyafətimiz var. Gəlmək istəyirsinizmi?
Şəmsiyyə fikrə getdi. Uşaq simasını andıran üzündə ciddiyyət göründü.
- Sabah saat altıda maşını dalınızca göndərəcəyəm. Ünvanınızı verin. Lakin bircə şeyi şərtləşək: sizi bu ad altında təqdim edə bilməyəcəyəm. Əvvəla, kasıb balası olmanızı, ikinci də azərbaycanlılığınızı gizlətməliyik. Hər ikisi sizi ağır vəziyyətə sala bilər. Mən sizə təzə ad verəcəyəm. Cəmşid İsfahani, mənim İsfahandan gəlmiş xalam oğlusunuz...
- Birdən ağayi Hikmət İsfahani orada olsa, özünüz də, mən də pis vəziyyətə düşmüş olarıq.
- Ehtiyat etməyin. Ağam sabah saat altıdan başlayaraq növbə ilə ingilis, amerikan və sonra da alman səfarətxanalarında olacaqdır. Birində ziyafət, o birində ticarət, üçüncüsündə bilmirəm nə...
Fridun fikir etmədən:
-Yox, xanım, - dedi, - mən başqa ad altında yaşamaq istəmirəm. Bir də elə ziyafətlərə alışmamışam.
- Yaxşı, öz adınızla gəlin, sadəcə təbəəsiniz, vəssalam.
- Təşəkkür edirəm.
- Gəlin, sizi Tehranın seçilmiş xanımlarına təqdim edəcəyəm. Qorxuram ki, oradakı ulduzlar gözlərinizi qamaşdıra və bizə heç baxmayasınız da.
- Bizdə “hər şeyin təzəsi, dostun köhnəsi” deyərlər.
Qız vidalaşıb, “gözləyəcəyəm” deyərək getdi. Fridun Şəmsiyyənin təsadüfən söylədiyi və xəbərdarlığı andıran sözlərini xatırladı. “Görəsən bu sözlərdə gizli bir işarə və eyham varmıdır?” deyə düşündü. Onun simasını xatirinə gətirdi. “Yox, tamamilə təsadüfi söylənmiş sözlərdir” deyə kəsdirdi.
Axşam gün batdıqdan sonra evdən çıxıb, Aram Simonyangilə getdi. Onların evi Laləzarın başında, ikimərtəbəli bir binada idi. Binanın küçəyə açılan qapısının dalında pillələrin ayağındakı meydançada hər cür qiymətli dəridən tutmuş gümüş, qızıl, büllur qablara qədər cürbəcür şeylər satılan balaca bir dükança vardı. Doktorun evinə getmək üçün buradan keçib, ensiz pilləkənləri yuxarı çıxmaq və sol əldəki qapının zəngini basmaq lazım idi. Qapı üçkünclü balaca bir dəhlizə açılırdı. Burada da sağda, solda birər qapı vardı. Sağdakı qapı orta müstəqim şəkilli otağa açılırdı. Otağın divarlarından bir neçə qədim İran minyaturası asılmış, balaca bir divan və bir neçə yumşaq səndəl qoyulmuşdu, ortada dairəvi bir çay stolu vardı. Bu, doktorun həm qonaq, həm də xəstələri qəbul etdiyi otağı idi. Onun yanında küçəyə üstüaçıq balkonu olan başqa bir otaq vardı. Doktorun bütün tibb cihazları və ləvazimatı burada idi. O xəstələri də burada müalicə edirdi. Üçüncü otağın bir divarında Təbrizdə toxunmuş, ilin dörd fəslini təsvir edən və kənarlarında haşiyələr içində hər fəslə aid bir beyt şeir olan “Dörd fəsil xalçası”, ikinci divarda çarpayıların üstündə yaşıl yağlı rənglə çəkilmiş yarıçılpaq bir qadın şəkli asılmışdı. Doktordan əvvəl burada yaşamış hansı bir tacirinsə çəkdirdiyi bu şəkli gizlətmək üçün üzünə Hindistandan gətirdiyi ipəkdən toxunmuş Tac-mahalı təsvir edən yaraşıqlı bir şal çəkmişdi. Bu da doktorun yataq otağı idi. Aramın ixtiyarında olan iki otağa dəhlizdən sola bir qapı açılırdı. Bu otaqlar müasir stildə döşənmişdi. Onların birində dolu kitab şkafları, yazı stolu, stullar və radio cihazı qoyulmuşdu.
Aram dostları ilə, pəncərələri dal dəhlizə açılan bu otaqda görüşərdi. İkinci otağa, taxta çarpayı qoyulmuş, baş tərəfdəki divarda Simonyanların müxtəlif illərdə çəkilmiş ailə şəkilləri asılmışdı. Bu, Aramın yataq otağı idi.
Aram Simonyan doktor Simon Simonyanın oğlu idi. Doktor Simonyan hələ çar zamanı Rusiyadan Təbrizə və oradan da Tehrana mühacirət etmiş azadfikirli həkim idi. O, öz sənətində çox mahir olduğundan tezliklə Tehranda ad qazanmış və böyük nüfuza malik olmuşdu. Hərəkətlərində sərbəstlik sevər və özünü heç kəsdən asılı tutmazdı. Tehranın erməni ziyalı və əsnaflarından, tacir və ərbablarından başqa azərbaycanlı və farslar da doktora xüsusi hörmət bəsləyirdilər.
Doktorun oğlu darülfünunun son kursunda oxuyurdu. O, zəkalı, açıq fikirli və cəsarətli bir adam idi. Mütaliə etməyi çox sevərdi. Fars, ingilis və firəng dillərindən əlavə, Azərbaycan və erməni dillərini də mükəmməl bilirdi. Azərbaycan dilini atasının səyilə xüsusi məşğələlər sayəsində öyrənmiş, hətta qədim erməni kitablarını da mütaliə etmişdi.
Fridunu onlarla Kürd Əhməd tanış etmişdi. Orada söhbətə yığışan bir neçə başqa adama da rast gəlmiş, tanış olmuşdu.
Zaman keçdikcə Simonyanın evi Kürd Əhməd və Fridunun çox görüşdüyü bir yerə çevrilirdi. Çünki bura bir həkim evi idi... hər gün onlarca müxtəlif millət və siniflərə mənsub insanların buraya gəlib-getməsi təbii idi. Bu da onların görüşü üçün əlverişli şərait yaradırdı.
Fridun qapının zəngini basdıqda Aram özü hay verdi. Bu, evin boş olmadığını bildirirdi. Adi hallarda qapı zənginə yalnız qulluqçu gələrdi. Aram Fridunu görən kimi içəri buraxıb, qapını örtdü və dərhal qolundan tutub, öz otağına tərəf apardı.
- Yaxşı oldu ki, gəldin, yoldaşlar da buradadır, indicə səni arzu edirdik, - dedi.
Fridun içəri girdikdə altı gənc ayağa durub, ona əl verdi. Fridun oturduqdan sonra otaqdakılara bir də gözaltı nəzər saldı. Kürd Əhməd və Rza Qəhrəmani ilə göz-gözə sataşdıqda gülümsədi. Başını əyib, onlarla bir də salamlaşdı. Bir anlıq sükutdan sonra Kürd Əhməd üzünü yoldaşlara tutdu:
- Ağayi Fridun şimaldan gəlmişdir. O, uzun müddət kənddə işləmiş, kəndlinin ruhiyyəsini yaxşıca öyrənmişdir. Azərbaycanın və kəndlinin dərdinə aşinadır, başına gələnləri nağıl etsə, nə bəlalardan qurtardığına heyran edərsiniz!
Kürd Əhmədin yanında oturmuş, Fridunun ilk dəfə gördüyü qarayanız adam:
- İgidin başı qalda gərək, - dedi, - yarpaq yarpaqlığı ilə yenə küləyin zərbəsinə, toza-torpağa dözür. Mən insan o adama deyərəm ki, ömrü fırtınalar qucağında keçsin.
Kürd Əhməd Fridunun danışana diqqətlə fikir verdiyini gördükdə tanış etdi.
- Ağayi Kərimxan Azadidir. Tütün fabrikində işləyir.
Bu zaman yenə qapının zəngi səsləndi. Aram tez çıxdı. Bir neçə dəqiqə keçməmiş Sərxan və Fəridə ilə geri döndü. Onları görən kimi hamı ayağa qalxdı. Fridun sevinclə Fəridəni göstərdi:
- Tanış olun, bizimlə bir yola qədəm qoyan ilk İran qadınıdır.
Kürd Əhməd gülərək:
- Yox, əzizim, biri də var, - dedi. - Kərimxanın zövcəsi Xavər xanım. Bu gün bir az kefsiz olduğundan gələ bilməyib.
Fridun Sərxanla Fəridəyə yanında yer verdi. Fəridə elə halda idi ki, harada olduğunu təsəvvür edə bilmirdi. Nə otağı, nə adamları aydın görürdü. Hətta sözləri belə yaxşı ayırd edə bilmirdi.
Hamı oturduqdan sonra Kərimxan Azadi Fridundan kəndlərdəki vəziyyəti soruşdu:
- Yaşayış necədir?
Fridun birinci dəfə görüşdüyü bu adamlarla nə dildə danışmağı düşündü. Necə başlamalı idi ki, gördüklərini, düşündüklərini onlara çatdıra bilsin. O, əvvəlcə danışanda sanki sözlər bir-birinə bağlanmaq istəmirdi. Lakin getdikcə, həyat və gördüklərindən danışdıqca sözlər mum kimi yumşalırdı.
O, danışıqlarına belə yekun vurdu.
- Kəndlinin həyatını insan həyatı ilə müqayisə etmək mümkün deyil. Yoxsulluq, ehtiyac və zülm onun nəsibi olmuşdur. Heç bir insaf və vicdan sahibi razı olmaz ki, hər yerindən duran nanəcib, nə bilim əmniyyə, nə bilim nəzmiyyə, nə bilim malik, nə bilim nümayəndeyi dövlət adı ilə kəndlinin var-yoxunu əlindən alıb, onu ac və lüt qoysun.
Kürd Əhməd onun sözünə qüvvət verib, öz gördüklərindən danışdı. Ərbabla rəiyyət arasında arasıkəsilməyən mübarizə getdiyini söylədi:
- Kəndlilər cana gəlmişlər, - dedi. - Yəni əslinə baxsan, narazı olan bir kəndli deyil. Hansı təbəqəyə yaxınlaşdım, narazı gördüm. Hamı bir fürsət, balaca bir fürsət gözləyir. Başdan-başa məmləkət istibdadi rejimin ağırlığı altında əzilir, nəfəsini çəkə bilmir. Hər idarədə bir deyil, bir neçə müstəbid, bir neçə padşah oturmuşdur desəm, mübaliğə etmiş olmaram. Rüşvət, qanunsuzluq, fisqu-ficur həddini aşıb. Camaatın irzü-namusu əldən gedir. Hamı balaca bir səsə bənddir.
Rza Qəhrəmani:
- Əlbəttə, bunlar hamısı səhih və təmamən həqiqətdir, - dedi. - Lakin mən belə fikir edirəm ki, indi biz İranı, yalnız kəndlinin ayağı ilə ölçə bilmərik. İndi İranda qüdrətli ictimai qüvvəyə çevrilən bir sinif də yaranmaqdadır. O da kargərlər sinfidir. İranın gələcəyi bu iki qüvvənin fəaliyyətindən asılıdır.
Kərimxan Azadi:
- Elədir, düzdür, - deyə təsdiq etdi.
Fridun onun, nə isə, daimi bir gərginlik və yorğunluğu ifadə edən simasına baxdı. O, söhbət əsnasında gözlərini danışanın simasına dikib durur və gərgin bir diqqətlə dinləyirdi. Bütün gözlərin ona baxdığını gördükdə yüngülcə yerində qımıldandı, hər sözü aydın eşidilər bir ifadə ilə danışmağa başladı:
- Qüvvət kargərin çəkici və zindanındadır. Onu yadından çıxardan firqə heç bir iş görə bilməz. Onsuz indiki cəmiyyətdə mütərəqqi bir addım atmaq mümkün deyil.
Gənclərdən kim isə yavaşca əl vurdu:
- De, de gözünə dönüm. Gecə-gündüz bir danasının quyruğundan tutan kəndli hara, kargər hara...
Bu söz məclisə bir hay-küy saldı. Fəridə, bu adamların nə üçünsə bərk qızışdığını gördü və heyrətlə gah buna, gah ona baxdı. Hər kəs bir söz deyirdi.
- Yaman əydin, əzizi-mən...
Kərimxanın sözlərindən istənilməyən nəticələr çıxaran gənc:
- İran elə bir ölkədir ki, burada kəndliyə sizin dedikləriniz kimi baxmaq olmaz, - dedi.
Fridun Kürd Əhmədin qulağına tərəf əyildi. Bu gəncin kim olduğunu soruşdu. Kürd Əhməd yavaşca:
- Sabun zavodunda texnikdir, odlu cavandır, - deyib ayağa durdu.
- Ağalar, xahiş edirəm, bir az sakit. Qoyun, Ağayi Kərimxan Azadi sözünü qurtarsın, sonra bir-bir danışaq.
Ara sakitləşdi, Kərimxan davam etdi:
- Mənim əzizlərim, dediyim odur ki, İranda da kargərlər sinfi əmələ gəlmişdir. Onun parlaq ictimai amalı və idealı var. Onsuz İranın həyatı cansız olar, ruhsuz olar. Bizi zülmdən qurtarsa bu sinif qurtaracaq. O sinif, cəmiyyətin çürük bünövrəsini elə dağıdacaq, necə sel palçıq səddi dağıdar.
Rizvan yenə özünü saxlaya bilmədi:
- Elə mən də onu deyirəm ki, bu bünövrəni danası üçün tir-tir əsən kəndli dağıtmayacaq!
- Kəndli də dağıda bilər, o da böyük qüvvədir.
- Eləsəydi bu vaxta qədər edərdi, min ildir, dünya var, kəndli var, niyə bəs eləmədi?
Yenə qarışıqlıq düşdü. Yenə Kürd Əhməd oturanları sakit edib, Kərimxana döndü:
- Buyurun...
Lakin Rizvan Kərimxana danışmağa imkan vermədi.
- Bundan sonra İranda inqilabın məzmununu kargər verəcək, - dedi, - nəinki fikri də işi kimi dolaşıq olan baqqallar ya fikri-zikri bir inəyini iki eləmək olan kəndli.
- Baqqal başqa, kəndli başqa - deyə Kərimxan bir Kürd Əhmədə, bir də Rizvana baxdı. Rizvan bərk ilişmiş kimi, buna etiraz edə bilmədi. Yerində qurcandı. Kərimxan davam etdi:
- Mən deyirəm ki, biz hərgah cəmiyyətimizi çürüdən əsasları dağıtmaq istəyiriksə kargərə əsaslanmalıyıq, yoxsa kəndlini bilmərrə atmalıyıq demirəm.
Rizvan:
- Səhv edirsən, - dedi, - biz bütün işimizi kargərin arzusuna görə qurmalıyıq. O, böyük qüvvədir. Lakin bu böyük qüvvə dağınıq haldadır. Onun təşkilatı yoxdur. Onu bir mərkəzə yığmaq bizim borcumuzdur.
Son sözlər hamının xoşuna gəldi.
- Ona söz yox...
- Orası elədir... - kimi səslər eşidildi.
Son sözlərinin təsirindən ruhlanan Rizvan cəsarətləndi:
- Mənim fikrim belədir. Qüvvəmizi parçalamağın faydası yoxdur. Elə bu başdan hədəfimizi bilək və ona görə də hərəkət edək. Fikrimizi azdırıb, özümüzü dağa-daşa salmaq axmaqlıqdır. O məqsəd ki, qabağımıza qoyuruq, onu kəndlinin əli ilə eləmək olmaz. O ancaq kargərin işidir. Odur ki, bütün diqqətimizi ona verməliyik. Kargərin vəziyyəti elədir ki, ölümə də gedər.
Kərimxan Rizvanın üzünə baxdı və nəsihətyana bir halda:
- Doğrudur, kargərin ruzigarı - itin ruzigarı, - dedi. - Bunu görmək üçün heç uzağa yox, bax elə bu tərəfə çıxın. (O əli ilə Tehranın karxanalar olan cənub tərəfinə işarə etdi) Burada yaşayanların nə üçün bu vaxta qədər şəhərə dolub, hər şeyi talan etmədiklərinə heyran qalmaq olar. Çünki insan üçün onların vəziyyətindən də rəzil bir vəziyyət təsəvvür etmək çətindir. Cənub neft mədənlərində vəziyyət ondan da pis... “Behər kuca ki, rəvi aseman haman rəngəst”*. Lakin kəndlinin vəziyyəti məgər ondan yaxşıdır? Yox! O daha pis. Mən kəndlidən naümid deyiləm.
Rizvan yerində durub oturdu və yoldaşları qızışdıran bir səslə danışdı:
- Əlac lazımdır, əlac... Xalq gözləyir. İngilisin noxtası, Pəhləvinin zənciri bu yazıq xalqın, bu bədbəxt məmləkətin boynundan açılmalıdır. Ab-hava ictimai mühit dəryasının təlatümə gələcəyini xəbər verir. Biz o günlər üçün xalqı hazır etməliyik!
Onun bu sözləri məclisdəkilərə təsir etmişdi. Onlar özlərini, böyük bir əməl naminə ölümün qucağına atmağa hazır olan qəhrəmanlar kimi hiss edərək bir ağızdan: “düzdür, düzdür”, “bravo!” deyə səsləndilər. Kürd Əhməd danışanlara qulaq asdıqca, onların sözlərindəki həqiqəti təsdiq etməklə bərabər yaranan əhvali-ruhiyyənin zamanın şəraiti ilə düz gəlmədiyini, uyğunsuzluq təşkil etdiyini də düşünür və fikrində, oturanları bu uca nöqtədən necə aşağı endirmək yollarını axtarırdı.
- Ağalar, - dedi, - atalar məsəli var ki, “halva, halva deməynən ağız şirin olmaz. Yağnan un gərək, balnan odun gərək”. Əlbəttə, Pəhləvinin rejimi pisdir. Lakin onu söyməklə ki, taxt-tacdan əl çəkməyəcək. Onu yıxan xalq olacaq. Xalq da ibarətdir nə yalnız təkcə kargərdən, nə yalnız təkcə kəndlidən. Xalq ibarətdir həm kargərdən, həm kəndlidən, həm də əlinin rəncilə yaşayan bütün şəhər və kənd əhlindən: müəllimdən, həkimdən, qulluqçudan, xırda-iri dükançıdan. Bunların hamısının başı bir yerə yığılmasa istibdadı yıxmaq olmayacaq. Müxtəsər, fikrim budur ki, gərək hamı təbəqələrin içində işləyək.
Rizvan onun sözünü kəsdi:
- Kimə isə əsaslanmaq lazımdır!
Kürd Əhməd:
- Xalqa, kargərə, kəndliyə və bütün ravşən fikirlərə** - dedi və təsirli bir fasilə verdi.
Kərimxan bu fasilədən istifadə etdi:
- Bəşər tarixində biz ki, bu işi birinci başlamırıq, Gəlin bizdən qabaqkıların təcrübəsinə baxaq, bizə də dərsi-ibrət olsun. Mən sizi uzağa, Fransa inqilabları dövrünə aparmaq istəmirəm. Rusiyanı götürün. Məkər Leninin bütün çalışdıqları kargərlə kəndlini birləşdirmək deyildi, məgər bolşeviklərin qalib gəlməyinin mühüm bir səbəbi də bu deyildi?..
Oturanlar diqqətlə qulaq asırdı. Kərimxan, fikirlərdə bir aydınlıq törədən bu sözləri xüsusi inamla dedi. Rizvan başını aşağı salıb fikrə getdi. Fəridə mübahisə qızışanda qorxmağa və təəssüf etməyə başlamışdı ki, hökumətlə davaya çıxmaq istəyən bu adamların niyə sözləri bir gəlmir. Kəndli və fəhlə söhbətini isə o heç cür başa düşə bilmirdi. Fəhlə deyəndə Sərxana baxırdı, kəndli deyəndə - indi də, kənddə olan öz ata-anasını xatırlayırdı. Sərxanla onların arasında heç bir düşmənçilik və ayrılıq görmürdü. Kürd Əhməd və Kərimxanın sözləri deyəsən, aranı soyutmuşdu, ortalığa bir anlaşma və barışıq gətirmişdi. Bu adamların can bir qəlbdə olmasını istəyən Fəridə qeyri-ixtiyari olaraq:
- Kəndliynən kargər bir ailədir, - dedi və qızarıb, səsini kəsdi. Onu alqışladılar. Hamının üzündən fikirlilik çəkildi, bir sevinc əmələ gəldi. Bir-birilə danışdılar. Əvvəlki gərginlik aradan çıxdı. Kürd Əhməd fikirləri daha yaxın məsələlərə çəkmək məqsədilə:
- Ağalar, - dedi, - bütün deyilənlərin həqiqət olduğunu heç bir əqli-səlim inkar etməz. Ancaq mən istərdim ki, biz uzaq gələcəyin məqsədlərindən danışmaqla bərabər, bu günün, bu saatın dərdini də çəkəydik. Deyirlər ki, gələcək ancaq zamanın nəbzini düz tutanların, bu günü yaxşı anlayanlarındır. Gəlin bir zamanı təhlil edək, görək nə şəraitdəyik!
Yoldaşlara nəzər salarkən gözləri Aramın gözlərinə sataşdı. Aram dərin fikir içində idi. Kürd Əhmədin mənalı və təsirli baxışlarından cəsarətlənərək:
- Kargərin də, kəndlinin də azadlıq yolunda vəzifəsi birdir. Bu vəzifəni ancaq zamanın şəraitini düz ölçməklə yerinə yetirmək olar. Mən həm daxili, həm də xarici vəziyyəti nəzərdə tuturam. Alman öz qoşunlarını Avropanın üstünə tökmüş, bir çox Avropa dövlətlərinə hərb elan etmişdir. Çemberlen Münxendə uduzduqlarını Moskvada udmaq və ruslarla almanları üz-üzə gətirmək istədi. Baş tutmadı. İndi o İranda, Türkiyədə və bütün Şərqdə Rusiyaya qarşı cəbhə hazırlayır. İran kəndlisi və kargərinin borcu bu təşəbbüsü pozmaqdır.
Aramın sözləri Fridunun fikrində geniş mübarizə üfüqləri açdı, o başladıqları balaca işin nə dərin köklərə toxunduğunu hiss etdi:
- Elə almanlar da çalışır ki, özlərini Şərqə soxsunlar - dedi, - bizim dövlət isə onların hamısına satılmağa hazırdır. Bircə şərtlə: ancaq şimaldakı qüdrətli qonşumuza qarşı çıxsınlar, vəssalam.
Rizvan:
- Çünki şimal qonşun kargər dövlətidir, əliqabarlıların dövlətidir, - dedi. - Səninki isə havayı yeyənlər. Əlbəttə bunların ruhuna Qərb daha yaxındır.
- Buna görə də kargərin də, kəndlinin də indiki şəraitdə bir şüarı olmalıdır: İstibdad əleyhinə! İmperializm əleyhinə! Vətənin istiqlaliyyəti yolunda. Bu yolda biz xalqın gözünü açmalıyıq. Ona həqiqəti deməliyik.
Yoldaşların fikrini yaxın zamanın məsələlərinə çəkə bildiyi üçün Kürd Əhməd daxili bir sevinc duydu:
- Dostlar, möhtərəm dostlar, - dedi, - biz hamımız xalqımızın övladıyıq. Hamımız onun dərdlərini, yaralarını duyur, halına ürəkdən ağlayırıq. Hamımız İranın əsarətdən xilas olmasını, istiqlaliyyətin, azadlığın dadlı meyvələrini dadmasını istəyirik. Lakin nə göz yaşı, nə də xəyali arzularla azadlıq alınmır. İranın əsrimizdəki bədbəxtliyi ondadır ki, Pəhləvi xanədanı onun cənub qapılarını taybatay imperialist dövlətlərin üzünə açmış, şimalında isə dəmirdən hasarlar tikmişdir. İran bu hasarları yıxmayınca, özünü xarici sərmayədarların əlindən qurtarmayınca istiqlaliyyət və azadlıq görməyəcəkdir. Hazırda vəzifəmiz ən sadiq adamlarla birləşmək, xalqı başa salmaq, onu əlamətləri görünən gələcək ağır döyüşlərə hazırlamaqdan ibarətdir. Bu işdə kargər də, kəndli də, ziyalı da, hətta istəsəniz baqqal da bir cəbhədə olmalıdır. Çörək, iş və azadlıq istəyən xalqa biz sözümüzü çatdırmalıyıq.
Fridun bu sözlərdə yenilməz bir həqiqət duyaraq:
- Mən gizli bir ruznamə* buraxmağı təklif edirəm, - deyə səsləndi.
Kərimxan Azadi etiraz etdi:
- Birdən-birə ruznamənin vəsaitini düzəltmək çətindir, gəlin kiçik bir kitab buraxaq. Adını da elə Fridun yaxşı dedi: “İş, çörək, azadlıq istəyirik!”.
Hamı bu təklifə razılaşdı. Kitabın hazırlanması Fridun, Kərimxan Azadi və Arama, yayılması isə Rza Qəhrəmani, Sərxan, Fəridə və Rizvana tapşırıldı.
Gecədən xeyli keçmiş dostlar dağılışmaq istədikləri zaman Fridun, xanım Şəmsiyyədən eşitdiyini onlara bildirdi:
- Qardaşlarım, ağır zaman başlayır, ehtiyatlı olun, - dedi. - Əlahəzrət vəzarəti-kişvərə şübhə oyadan hər kəsi zindana salmağı tapşırmışdır!..
Kərimxan Azadi bütün bu müddətdə ilk dəfə olaraq gülümsədi:
- Kefini pozma, - dedi, onsuz da məmləkət başdan-başa bir zindandır. Bu zindanın divarlarını biz içindən qaza-qaza uçuracağıq. Qoy ağalar nə qədər qəzəblənir qəzəblənsinlər. Sirkə tünd olduqca öz qabını çatladar!..
Simonyangildən Fridun Rza Qəhrəmani ilə birlikdə çıxdı. Onlar artıq çoxdan boşalmış və sakitləşmiş Tehran küçələrində susaraq gedirdilər. Xəyalən hər ikisi gələcəyi, başladıqları işin aqibətini düşünürdu. Bu düşüncələr arasında Fridun Kərimxan Azadini də xatırlayırdı. Nədənsə bu adam ona çox dərin təsir bağışlamışdı. Həyat hikmətini və daxili bir gərginliyi ifadə edən üzü və gözləri yadından çıxmırdı. Təəssüratını Rza Qəhrəmaniyə bildirdi.
- Mənə elə gəlir ki, o, həyatda nə isə bizim hamımızdan artıq bir şey görmüşdur. Artıq anlat və təsəvvürə malikdir.
Rza Qəhrəmani təsdiq etdi:
- O həyat girdabında çalxalanmış və salamat çıxmışdır. O, qanlı dava meydanında vuruşdan qayıtmış, biz isə hələ indi əlimizə silah götürürük. Döyüşdən necə çıxacağını bilməyən bir əsgərlə döyüşün bütün ağır və təhlükəli yollarını keçmiş bir müharib arasındakı fərqi təsəvvür edirsənmi?
- Elədir, yalnız həyat təcrübəsi insanın baxışlarında və üzündə o sabit və gərgin ifadələri yarada bilər.
Onlar susaraq ajanın* yanından ötüb, o biri küçəyə keçdilər. Bu küçə birbaş yaşadıqları evə gedirdi. Yarıbuludlu bir hava idi. Uzaqda, buludların arasında, mavi göylərdə ulduzlar parlayırdı. Onlar Friduna kəndi, Gülnazı, Musa dayını xatırlatdı. O, danışmaq, başına gələnləri açıb, Rza Qəhrəmaniyə nağıl etmək istədi. Lakin Rza Qəhrəmaninin sualı buna imkan vermədi.
- Xanım Şəmsiyyəyə dərs deyirsənmi?
- Hər gün iki saat məşğul oluruq. Lakin mənə elə gəlir ki, bütün dediklərimdən o heç nə anlamır. Maraqla, həvəslə oturub dinləyir. Hətta vaxtın çox tez keçməsindən şikayət edir. Amma nədənsə mən onun heç şey anlamadığını hiss edirəm.
- Sən bu naz-nemət içində böyüyənlərdən nə gözləyirsən? Min sənin kimi müəllim onlara bir şey verə bilməz. Çünki əsl müəllimin, yəni həyatın nəfəsi onlara dəyməmişdir.
- Bəlkə də sən haqlısan.
- Bəlkə yox, doğrudan da, mən haqlıyam. Yaxşıdır ki, hələ səndən iyrənmir.
- Yox, onun çox sadə bir təbiəti vardır. Hətta sabah məni ziyafətə də çağırmışdır:
- Mən sənin yerinə olsam getmərəm. Onların şərbəti yoxsulların qanından hazırlanmış, çörəkləri məzlumların göz yaşından yoğrulmuşdur.
Fridun varlılara qarşı qəlbində bütün acların və ehtiyac içində çapalayanların nifrətini gəzdirən dostu ilə mübahisəyə girişmək istəmədi:
- Düşünərik, hələ vaxt çoxdur, - dedi - gecənin xeyrindən gündüzün şəri yaxşıdır.
***
Zaman keçdikcə onlar, başladıqları işə daha artıq aludə olurdular. Hər kəs bacardığı qədər çalışır, gecə-gündüz bilmirdi. Duşüncə və duyğuları böyük və saf bir idealdan ilham alan bu bir neçə adam nə zaman bir dəstə, bir özək halında birləşdiyinin fərqinə varmamışdı. Sanki təbii bir axın, həyatın adi və gündəlik cərəyanı onları bir yerə yığmış, bir məcraya salaraq birləşdirmişdi. Əbədi olaraq həqiqi qəhrəmanlar doğuran ideal saflığı və hər hansı qərəzdən xeyli yüksək arzular onları fədakarlığa sövq edir, ürək və duyğularını bir-birinə bağlayır, təqdirəlayiq bir dostluğun yaranmasına səbəb olurdu.
Fridun bu dəstənin içinə düşdükdən sonra həyatının nə isə başqa, dərin bir məna kəsb etdiyini duyurdu: Ona elə gəlirdi ki, insana layiq, vətəndaşa layiq həyat yoluna yalnız indi qədəm qoymuşdur. Bu vaxta qədər olan ömrü ona insandan xali bir yerdə sakit yanan şam kimi görünürdü. Bu şam kimin üçün yanırdı, kim onun işığından faydalanırdı? Məlum deyildi. Bəlkə də elə beləcə, heç bir yolçunun yolunu işıqlandırmadan o yanıb qurtaracaqdı, ya da naxəhani bir küləkdən sönüb qaralacaqdı. İndi isə bu şamı bir yol üstünə çıxarmış, bir dağ başına qaldırmışdılar. O, əbədi hərəkət edən arasıkəsilmədən gəlib keçən insanların gözünə işıq verir, onlara yol göstərirdi. Bəlkə də bir gün onun zəif alovundan böyük bir atəş doğacaq, çürük və mütəmadiyən üfunət törədən kötükləri yandıracaqdı. O zaman kənd və onun milyonlarca əliqabarlı, tunc rəngli zəhmətkeşləri zülm və ehtiyacın ağır zəncirlərindən birdəfəlik xilas olacaqdır. O zaman körpələrinin qarnını doydurmaq dərdindən ikiqat olmuş Musa kişinin beli düzələcək. Səriyyə xalanın üzündəki kədər silinəcək. Gülnazın gözlərindəki həyat və idrak işığı məşəl kimi parlayacaqdı. Yoldaşları onun kimi, beləcə şirin ümidlərlə yaşayırdı. Bəzən onlar öz gələcək arzularını bir-birinə açır, xəyalata dalaraq, fikrin azad qanad çalmasına yol verirdilər. Belə dəqiqələr onları daha artıq bir-birinə bağlayırdı.
Saat altı tamam olduğunu gördükdə pəncərədən küçəyə boylandı. “Byuk” sistemli bir maşın gəlib, qapıda durmuşdu. Azca keçməmiş qapının zəngi çalındı və uzunboylu bir adam içəri girdi. Fridun uzadılan məktubu alıb açdı:
“Hörmətli Fridun! Vədələşdiyimiz kimi, maşını dalınızca göndərdim. Şofer hər şeyi bilir. Gecikməməyə çalışın. Hörmətlə və ehtiramla,
Şəmsiyyə”.
Fridun məktubu oxuyub şoferə:
- Xob, iki dəqiqəyə düşürəm, - dedi.
Şofer çıxdıqdan sonra o bir də məktuba baxıb gülümsədi.
Qəzet oxuyan və hələ də fikirli görünən Rza Qəhrəmani gözaltı ona baxdı, o bir də məktubu ucadan oxudu:
- Qəribədir, elə bil ki, bunlar hamısı bir yuxudur, - Rza Qəhrəmani qəzeti bir yana atıb, üzünü ona tutdu.
- Deməli, ziyafət məsələsi ciddiləşdi?!
Fridun qalstukunu bağlaya-bağlaya:
- Əzizim, tələsirəm. Məni söhbətə tutma, - dedi, - vəzir-vüzəra məni gözləyir. Şair demişkən, “elə bir gədayəm ki, soltanlar saqim olmuşdur”.
- Get, dadaş, lakin tez qayıt. Qorxuram ki, o günəşin işığından faydalanmayasan, amma odu əl-ayağını yandırsın.
Fridun:
- Narahat olma, əzizim, çalışarıq salamat qayıdaq, - deyə otaqdan çıxdı və aşağı endi:
Azca sonra maşın hərəkət edib, Şimran yoluna düşdü. Fridun ancaq indi nədənsə verdiyi sözün peşmançılığını çəkməyə başladı. Lakin artıq gec idi. Geri qayıtmaq olmazdı. “Hərçi badə bad, yanlış da bir naxışdır” deyib, özünü ziyafətdə necə aparmaq haqqında düşünməyə başladı. Şəmsiyyə xanımın kübarlar məclisində, doğulduqları gündən dünyaya ağa gəlmişlərin arasında özünü sərbəst aparmalı, sıxılmamalı, çəkinməməli idi.
O, fikirdə ikən maşın artıq Zərgəndəyə girmişdi. Bura Tehranın on-on beş kilometr şimal-şərqində, dağların ətəyində düşmüş, sərin sulu və bağlı-bağatlı bir yaylaqdır, Zərgəndə Şimranın ətəyidir. Hər iki yaylaq yay zamanları Tehran kübarları və ağalarının istirahət və eyş-işrət yeridir. Buralarda ayrı-ayrı ərbabların on hektarlarla sahəni tutan bağları vardır. Bu bağların içində saraylar, imarətlər tikilmişdir, ağaların və xanımların zövqünü oxşayacaq hər cür dəbdəbə yaradılmışdır.
Fridun tələbə yoldaşları ilə birlikdə, dəfələrlə Zərgəndə və Şimrana gəlmiş, onun gözəl, təbii mənzərələrinə tamaşa etmişdi. Lakin o, haqqında yüzlərcə hekayətlər, nağıllar, əhvalatlar eşitdiyini, hər cürə romanlar və faciələr meydanı olan bu xüsusi malikanələrin içərisinə girməmiş, onların uca və qalın hasarlarından başqa bir şey görməmişdi. Buna görə Fridun bir maraqla bugünkü ziyafətə gedirdi.
Maşın, küçələri axşamüstü gəzintisinə çıxmış adamlarla dolu olan Şimranı üzüyuxarı qalxırdı. O, “Dərbənd” mehmanxanasına çatmamış, sola burularaq, azca gedib, böyük bir darvazanın qabağında fit verdi. Ağ saqqallı, yaşı əllidən artıq olan bir qoca qapını açıb, maşını içəri buraxdı, Fridun maşından düşüb, göz işlədikcə uzanan bağa, güllüklərə və imarətlərə baxdıqda məhbut olub qaldı. Sərxanların, Musa kişilərin əlinin zəhməti gör haralara gedirmiş! Başdan-başa səfil və ac İranın hündür və qalın hasarları arasında gör necə bir həyat gizlənirmiş! Yumşaq çay qumu döşənmiş və hündür ağacların arası ilə uzanıb gedən balaca yol ilə irəlilədi. Qabaqda, geniş bir meydançaya çıxan yerdə qırmızı rəngli ipək paltar geyib, ətirlənmiş və özünə xüsusi bir bəzək vurmuş Şəmsiyyə qonaqları qəbul edirdi. Fridun adəti üzrə xəfif bir baş əyərək, salam verdi və meydançaya keçdi.
Bütün bağda tanıdığı bir adam yox idi. Sanki bu mərmər sütunlu, bəzəkli, zəngin imarətlərin divarından, daşından bir soyuqluq süzülür, bədəninə gizilti salırdı. Şux geyimli xanımlar və ağalar da, onların mürəkkəb müaşirət qaydaları da ona beləcə yabançı idi.
Qonaqları qəbul etdikdən sonra Şəmsiyyə bir dəstə oğlan və qızla ona tərəf gəlirdi. Bir neçə addımlıqda dəstədən ayrılaraq, gülə-gülə qabağa yeridi:
- Xahiş edirəm tanış olun.
Fridun daxili bir sıxıntı ilə əlini uzunboylu bir ağaya uzatdı. Lakin əli havada qaldı. Ağa gülümsəyib çəkildi.
- Bəadəti fəransəvi* əvvəl xanımlarla, - dedi.
Fridunu bir anda tər basdı. Xanımlar və ağalar baxışdılar. Onların dodaqlarında və gözlərində istehzalı bir təbəssum və maraq göründü. Lakin bir anda bu maraq sanki ona qarşı bnr etinasızlığa çevrildi. Fridun dönmək istədikdə hansı bir xanımınsa ayağına toxundu. Uzunboylu ağa:
- Yavaş, ağa, yıxılarsan, - deyib onun qolundan tutduqda bəziləri ucadan güldü. Fridun birdən-birə içərisində güclü bir səs eşitdi. Bu səs “zahiri rövnəqinə baxma, bunlar heçdir” deyirdi. Dərindən gələn bu səsi eşitməklə də gənc özünü bu ağalardan yüksək və qüdrətli hiss etdi. Qolunu uzunboylu ağanın əlindən çəkdi:
- Narahat olmayın, ağa, yıxılsam da sınmaram, şüşədən deyiləm, - dedi və sonra da ayağına toxunduğu xanıma tərəf döndü:
- Üzr istəyirəm, xanım.
Gözlərdə yenidən bir maraq oyandı. Ciddiyyət əmələ gəldi. Fridunun simasındakı qızartıların bir cəsarətə çevrildiyini görən, səsində bir səmimiyyət və qüvvət hiss edən xanım mehriban bir nəzərlə onu süzdü və əlini uzatdı. Bundan istifadə edərək, Şəmsiyyə təqdim etdi:
- Xanım Südabə, vəziri-dərbarın qızıdır.
Fridun maraqla ona baxdı. Qızın, iri qara gözlərindəki mehribanlıq xoşuna gəldi.
Fridun əlvan ipəklər və şallar içində parlayan, qiymətli daş-qaşlarla bəzənmiş, hərəsi bir ətir qoxuyan xanımların əlini sıxıb, tanış olduqdan sonra, kişilərə tərəf döndü. Burada Tehranın bütün kübar ailələrindən cavan kişi və qadınlara, oğlan və qızlara rast gəlmək mümkün idi. Adamlar dəstə-dəstə - üçbir, beşbir bağda gəzir, söhbət edirdilər. Axşam sərini ürəkləri oxşayır, batmaqda olan günəşin son işıqları çinar ağaclarının başında oynaşırdı. Hər on-on beş addımda bir xidmətçi əl-əl üstə duraraq, əmr gözləyir, gözlərini qonaqlardan çəkmirdi. Onlar balaca padnoslarda çay, şərbət, qəhvə, müxtəlif şirniyyat, siqar və papiros gəzdirir, xanımlar və ağaların kiçik bir işarəsilə quş kimi hərəkət edirdilər ki, bu da yerlərini itirmək qorxusundandı. Ehtiyac onları müti və aciz etmişdi.
Mərmər sütunlu binanın qabağındakı meydançada orkestr vals çalırdı. Qonaqlardan oynayanlar da vardı. Lakin hələ məclis o qədər qızışmamışdı. Buna görə də qonaqların çoxu ya cüt-cüt, oynayır, ya da durub oynayanlara tamaşa edirdi.
Fridun az danışır, diqqətlə adamları, onların rəftar və hərəkətlərini izləyirdi. İlk tanış olduğu bəzi ağa və xanımlar ara-sıra maraqlı, lakin ehtiyatlı nəzərlə onu süzsələr də, özlərini ondan gen saxlayırdılar.
Bu adamlar içərisində yalnız Südabə ona yaxınlaşır, danışırdı. Xüsusilə qız Fridunun Azərbaycandan gəldiyini bildikdə artıq maraq göstərirdi. Südabə ünsiyyət sevən bir adama oxşayırdı. Lakin nədənsə yoldaşları və rəfiqələrinin onu sevmədiyi görünürdü. Onunla rəftarları soyuq, danışıqları boğazdan yuxarı, baxışları dumanlı idi. Sonralar Fridun bunun ciddi səbəbləri olduğunu öyrəndi.
Ona qarşı belə bir rəftarın səbəbi Südabənin Azərbaycanda, yoxsul bir kəndli ailəsində doğulduğu idi. Dərbar vəziri Həkimülmülkün onun anasını zorla çəkib gətirdiyi də Tehrana məlum idi. Əvvəllər kübar ailələrində ona da, anasına da “hərbi qənimət” deyərdilər: 1920-ci ildə Südabənin atası Təbrizdə Şeyx Məhəmməd Xiyabani üsyanında iştirak edərkən şah qoşunlarının başında Azərbaycana gəlmiş Həkimülmülkü tutaraq, bığlarını və qulağının birini kəsib buraxmışdı. “Get, ağalarına de, bizdən əl çəksinlər...”. Təbriz qiyamı boğulduqda həkimülmülk onu boğazdan asdırmış və gözəlliyi ilə məşhur olan arvadı Məryəmi çəkib gətirmişdi: O zaman Südabə üçaylıq idi. Südabənin anası Həkimülmülkün üçüncü arvadı sayılırdı. O biri arvadların hərəsindən üç uşağı vardı.
Həkimülmülk, günülər arasındakı qovaqdan başı ağrımasın deyə Məhəmməd peyğəmbərin yolu ilə gedərək, hər arvada şəhərin bir yerində ayrıca ev düzəltmişdi. Südabənin anası da balaca bir həyətə salınmış və düşmən mühitdə ürəyində kin, günlərini saya-saya Südabəni böyütmüşdü. Qız böyüdükcə bu yabançı mühitin özünə alçaq nəzərlə baxdığını görürdü. Anası məsələni ona nəql etdikdə illərlə ürəyində yığılmış kin, həmin mühitə qarşı, onun tənəli rəftarına qarşı qızın ürəyində soyuq bir saymazlıq törətmişdi. Odur ki, Südabə Şəmsiyyədən başqa qalan xanımlara meyl göstərmirdi. Tutqun üzlərini, tənəli baxışlarını görməkdən yorulmuşdu.
Birdən ağalar və xanımlar içərisində bir hərəkət əmələ gəldi. Hamı darvazaya tərəf döndü. Musiqi dayandı. Şəmsiyyə Fridunun təəccüb etdiyini gördükdə:
- Şahpur gəlir, dedi, - qabağa gedək.
Fridun bir neçə hərbi paltarlı adamla yavaş-yavaş gəlməkdə olan Şahpuru gördü. Onun üzündə açıq bir xudbinlik və təkəbbür vardı. Qonaqların hərəkətində, pıçıldaşmasında, açıq bir yaltaqlıq və gizli bir vahimə hiss edən Fridunun ürəyi bulandı, üzünü yana çevirib, yerindən tərpənmədi. Südabə təəccüblə:
- Şahpura baxmaq istəyirsinizsə gəlin, - dedikdə, Fridun soyuqqanlılıqla cavab verdi:
- Şahpur oyuncaq deyil ki, bizim kimi adamdır...
Südabə dayanıb Friduna baxdı:
- Mən cəsarətli adamları sevirəm. Baxın, sərtib də sizin kimi sərbəst dayanıb, - dedi və qonaqlara qarışdı.
Doğrudan da, sərtib əyilmədən, təməllüq göstərmədən kənarda durmuşdu. Yolun hər iki tərəfinə cərgə ilə düzülmüş adamlara salam verib keçən Şahpur hərdən ayaq saxlayır, bəzilərinin əlini sıxıb, hal soruşur və yenə keçirdi. Nəhayət, o yaxınlaşaraq, gözucu sərtibə tərəf baxdı. Sərtib vəziyyətini pozmadan xəfifcə baş əyib, salam verdi. Şahpuru kölgə kimi təqib edən hərbilərdən biri:
- Sərtib, yoxsa məclis vəkili olmaq istəyirsiniz, - dedi, - qarayaxa geyinmişsiniz.
Bu, vəzarəti-kişvərdə siyasi şöbə müdiri sərhəng Səfai idi. O, adəti üzrə sözü deyən kimi qəhqəhə çəkib güldü və birdən də bu gülüşü kəsib, tez-tez gah bunun, gah onun üzünə baxdı.
Orta boyu, səliqə ilə yuxarı daranmış və yağlanmış qara saçları, mülayim siması və yumşaq səsi onu xəfiyyə rəisindən artıq şah təlxəyinə oxşadırdı. Sərtib onun hər kəs tərəfindən anlaşılan istehzalı sözünü cavabsız qoymadı:
- Namuslu vətəndaş olmaq da bir şərəfdir! - dedi.
“Bravo, bravo!” deyən seyrək səslər eşidildi. Sərhəng sərtibin bu sözlərini yan buraxmağa çalışdı və özünün adi ifadəsini pozmadı. Şahpur:
- Sərtib sülh dövründə hərbi libas geyir, hərb iyi gələndə diplomat paltarı, - deyib güldü. Sərhəng və başqaları əl çaldılar. Sərtib bir qılınc döyüşünü andıran bu söz meydanında basılmaq istəmədi.
- Qeyrətli bir diplomat da vətəni üçün eyni sərbazdır! – dedi.
Araya ağır bir gərginlik çökdü. Nə sərhəng, nə də Şahpur bir söz demədi. Sərtib isə məğrur baxışlarla onları süzdü. Şahpur etinasız və mütəkəbbir bir hərəkətlə onun yanından keçdikdə:
- Əlbəttə, - dedi, - lakin diplomatın siyasəti düz olsa...
- Ürəyində vətən məhəbbəti olanlar əyrilik bacarmazlar.
Vəziyyətin gərginləşməsini istəməyən Şəmsiyyə qabağa keçdi:
- Ağalar, buyurun, rəqs edin...
Onlar musiqi çalınan tərəfə getdilər. Yenə adamlar bir-birinə qarışıb, gəzməyə, oynamağa, söhbət etməyə başladılar. Şəmsiyyə bərk-bərk sərtibin qoluna qısılaraq:
- Sərtib, - dedi, - dikbaşlığını bu dərəcəyə qaldırmasan yaxşıdır.
- Mən hələ heç bir dikbaşlıq etməmişəm.
- Etdiklərin də kifayətdir. Sən bu nəsli tanımırsan. Hər kəsi qarşılarında ikiqat əyilən görməyi adət etmişlər. Onlar heç bir şeyi yadlarından çıxartmırlar. Heç bir şeyi bağışlamırlar. Xüsusilə cəsarət və sərbəstliyi! Bunu yadında saxla, sərtib!
- Yadımda saxlaram! Amma əməl etmək çətindir!..
Şəmsiyyə:
- Həyatda hər şeyi bacarmaq lazımdır, - deyib sərtiblə Fridunu qol-qola verdi və çəkilib getdi.
Onlar tək qaldıqda bir-birinə baxdılar.
Fridun yenə sərtibin baxışlarında gizlənilməz bir qayğı ilə kədər gördü:
- Sərtib, məni bağışlayın, rəftarınız çox sərt olsa da mənə ləzzət verdi.
- Başqa cür hərəkət etməyi bacarmıram. Ürəyim dilimdədir.
- Amma sərhəng nə yumşaq adama oxşayır. Deyir ki, igidin adın eşit, üzünü görmə.
- İnanma, oğlan. Onun gülüşü də zəhərlidir. Bunlardan hər şey gözləmək olar. Evinə çağırıb, plov içində zəhər vermək, insanı doğma qardaşının əli ilə öldürtmək, məhbəsdə boğub sonra təziyə saxlamaq İran hakimləri və kübarlarının qədim adətidir. Ənuşirəvan Adilin məzdəkilərə işlətdiyi hiyləni xatırlayın!..
Fridun sərtibin üzündə hər şeydən yorulmuş, hər şeyə nifrət edən dəruni bir narazılığın ifadəsini gördü. Eyni zamanda onun mütərəddid və təzadlı bir halda olduğu bilinirdi.
Muxtəlif danışıqlar arasında söz Şəmsiyyə və Şahpurdan düşdü. Fridun sərtibin əsəbiləşdiyini hiss etdi. O deyirdi.
- Burada iki gəncin ürəyindən artıq alçaq bir siyasətin tədbirləri hökm sürməkdədir. Ağayi Hikmət İsfahani çoxdan İran taxt-tacına göz dikmişdi. Özü də şah ola bilməsə, gələcək hökmdarı əlində oyuncaq etməyə çalışmaqdadır. Saraylarda min hiylə işlədən bu siyasət oyunbazları tükənməz bir qüvvəyə malikdirlər. Onlar öz oyunlarında yorulmaq və usanmaq nə olduğunu bilməzlər. Hər vasitəyə və hər şeyə əl atarlar. Xüsusən Hikmət İsfahani!
- Sizin ona qarşı sözlərinizdə mən bir ehtiras duyuram.
- Bilirəm nəyə işarə edirsiniz. Atamın qanını unutmaq üçün mən gərək bişərəf və binamus bir adam olam. Lakin dediklərim də bir həqiqətdir.
- Sizin atanızı öldürən məncə, yalnız Hikmət İsfahani deyildir.
- Mənim atamı öldürən, İranı fəlakət və bədbəxtliyə aparan qanlı bir siyasətdir. Bu siyasəti əlahəzrətin də arzusuna rəğmən yeridənlər var. İngilis, alman, amerikan pul kisəsinin gücünə yaşayan bu satqınların nə qədər ömür edəcəyini demək çətindir. Lakin zaman hər zəhərə qarşı bir padzəhr hazırlayan amansız bir təbibdir.
- Lakin bu təbibin səbri bəzən bir insan nəslinin ömründən artıq olur. Biz öləndən sonra çəkilən intiqamlar, bivaris ölənlərə oxunan yasin kimi bir şeydir, sərtib...
- Mən zamana qarşı o qədər də naümnd deyiləm. Artıq onların söykəndiyi ingilis ağalığının dağılacağını bildirən zəlzələnin əlamətləri hiss edilməkdədir.
- O hansı əlamətlərdir?
- O mərkəzlər ki, satqın vəzirlər və vəkillər öz siyasətinin tellərini ora bağlamışdır, onlar titrəməkdədir.
Musiqinin ahəngdar səsləri ətrafa yayılırdı. Şəmsiyyənin onlara doğru gəldiyini gördükdə susdular. Qonaqlar artıq ayaq üstə yeməyə və içməyə başlamışdılar. Oynayanların sayı getdikcə artırdı. Onlar da yemək stoluna yaxınlaşarkən azca əsəbi görünən Şəmsiyyə ilə qarşılaşdılar. Qız süni bir gülüş və şadlıqla:
- Artıq sizi bir-birinizdən ayıracağam, - deyə sərtib Səlimiyə müraciət etdi. - Bir qədər də mənimlə gəzin.
Bu sözlərdən sonra sərtibin qolundan tutub apardı. Sərtib onun ətir qoxuyan yarıçılpaq qollarının əsdiyini hiss etdi.
- Sizə nə olmuşdur, Şəmsiyyə?—deyə, üzünə baxdı və gülümsədi.
- Sizə nə var, gülərsiniz! Amma mənim ürəyim dərdlə doludur. Rica edirəm, mənimlə bir az mehriban dolanasınız. Oynaya bilərsinizmi?
Nə isə bir qısqanclıq səhnəsi oynadığını hiss edən sərtib:
- Bir azca bacarıram, - dedi.
Şəmsiyyə heç bir söz demədi, daha artıq ona qısılaraq, adamların arasından keçib, rəqs meydanına çıxdı. Orkestr vals çalırdı. Sərtib musiqinin oynaq ahəngi altında, onsuz da bir yerdə dura bilməyən Şəmsiyyəni havada atıb-tutur, xüsusi bir gözəlliklə oynayırdı. Lakin o, Şəmsiyyənin kimə isə acıq verdiyini, çiyninin üstündən hara isə oğrun-oğrun baxdığını hiss etdi. Onu havada hərləyib, dairə vurduqda ətrafa göz gəzdirdi. Azca qabaqda Südabə xanım Şahpurun qolları arasında hərlənir, başını onun çiyninə qoyub, kədər dolu gözlərilə baxırdı. Birdən Şahpurun da onlara tərəf baxdığını və ani bir heyrətə daldığını gördü. Sərtib bu baxışlara əhəmiyyət verməyib, Şəmsiyyəni daha qızğın bir hərəkətlə dolandırdı. İstədiyi adamları sancdığını hiss edən Şəmsiyyə onun qulağına:
- Bu yaxşılığını heç bir zaman unutmaram! - dedikdə sərtibin ona yazığı gəldi, belə xırdalandığı üçün təəssüf etdi. Bu zaman Şahpur Südabəni hərləyib onlara yaxınlaşdı və birdən onu buraxıb, Şəmsiyyəni tutdu. Şəmsiyyə yüngül bir hərəkətlə sərtibdən ayrıldı. Sərtib dərhal kənara çəkildi və bir daha musiqi çalınan yerdə görünmədi.
Qızarmış Südabənin ortada qaldığını görən Fridun onu bu vəziyyətdən çıxarmaq üçün tez meydana girib qolundan tutdu və hərəkətlərini musiqiyə uyğunlaşdırmağa çalışaraq qulağına pıçıldadı:
- Tez çıxaq, mən rəqs edə bilmirəm.
Qız yenə mehriban nəzərlərini ona dikdi:
- Çox sağ ol, oğlan, - dedi, - nə yaxşı ürəyin var.
* * *
Gecə saat onda cənub göyləri sayrışan parlaq ulduzlarla örtüldüyü zaman Fridun Zərgəndədən çıxdı. Şəmsiyyə ona öz maşınını təklif etdi. Lakin sərtib:
- İcazə versəniz mənimlə gedər, - deyib yanına oturtdu.
Onlar hərəkət etdikdə sərtib xeyli müddət danışmadı. Ziyafət onu əyləndirməkdən çox yormuşdu. Maşın Tehran yoluna çıxdıqda:
- Ziyafəti necə gördün? - deyə soruşdu.
Fridun təəssüratını ondan gizlətmədi. Belə sarayları və dəbdəbəli həyatı indiyə qədər təsəvvür etmədiyini söylədi. “Lakin insanların rəftarındakı soyuqluq və quruluq xoşuma gəlmədi – dedi. - Sanki hər kəs öz böyüklüyünü, üstünlüyünü göstərmək istəyir. Onların içərisində bircə vəziri-dərbarın qızı az-çox adama oxşayır, çox sadədir”.
Sərtib:
- Yaxşı tanımısan, bu tamam başqa bir məxluqdur, - deyib, bir təəssüf hissilə onun tarixini danışdı:
- Şor su sabun götürməyən kimi, bu mühit də onu öz içinə ala bilmir. Ta körpəlikdən hər addımda onu sancırlar. Əslini, nəslini yadına salırlar. Lakin bu istehzaların, bu tikanlı sözlərin bircə yaxşı cəhəti olub ki, qız gözüaçıq və ağıllı böyütmüşdür.
Fridun, öz varlı atasını atıb, inqilabçılar dəstəsinə qoşulan Nataşanı xatırladı. Südabənin bu dəbdəbəli və təntənəli həyatda nəyi vardı? Sərtib ürəyində dolanan mürəkkəb hisslərin təsirilə:
- Fəlakətdir, - dedi, - insanlardan ayrılmaq mümkün deyil. Onlara yaxınlaşanda da ürək dərdlə dolur. Nə etməli, dərviş kimi bir guşəyə çəkilmək olmur. Hər şeyə dözməli olursan. Hərdən urəyim darıxır, deyirəm ki, elə bir vaxt gələcəkmi ki, cəmiyyət bu yalançı və çürük təsəvvürlərdən, adətlərdən yaxasını qurtarsın. Hər kəs üçün doğma və mehriban bir ailə olsun!..
Fridun sərtibin yaxşı insanların varlığı haqqında təsəvvürü olmadığına qəlbən acıdı.
- Sərtib, - dedi, - yaxşı insanlar aşağılardadır. Mehriban, təmizürəkli, qərəzsiz. Siz də ki, oradan uzaqsınız.
- Düzdür, oralarda adamların ürəyi daha açıqdır. Lakin onlar da əvamdır, kobuddur, cahildir.
- Getdikcə onların da gözü açılır, onlarla birlikdə dünya da yaxşılaşmaqdadır.
Sərtib:
- Yunan dili müəllimi də belə deyərdi: bu dünyada hər şey yaxşılaşmağa doğru getməkdədir, - deyib gülümsədi və tez ciddiləşdi: - Volterin “Kandid”ini oxumamısan ki? Mütləq oxu, maraqlı əsərdir. O əsərdə bizim həyat və şüurumuzu xatırladan çox şeylər var...
Fridun ona “Ana”dan danışmaq istədi. Orada həyatın daha mükəmməl, daha doğru və bu vaxta qədər açılmamış bir şəklini tapdığını söyləmək istədi. Lakin sərtibin müxtəlif suallar verməyə başlayacağından və “Ana”dakı ruhu xoşlamayacağını düşünərək susdu.
Sərtib, xoş bir xəyal içində olduğunu andıran səslə:
- Sən düz deyirsən, oğlan, dünya düzələcək, - dedi. - Bunun üçun qeyrət və himmət gərəkdir. Həqiqəti deməkdən qorxmamaq gərəkdir. Bunları nəzərə alaraq fikirlərimi əlahəzrətə yazmışam. Vətənimin şərəfini öldürən bu zir-zibili təmizləmək onun əlindədir və çox asandır. Ancaq ona həqiqəti demək lazımdır. Bu cəsarəti də mən boynuma götürürəm.
Fridun, onun bu etiqadını öldürmək çətin olduğunu düşündü. Ancaq əsl həyatın qabağına çıxaracağı böyük bir sarsıntı bunu edə bilərdi. Fridun sərtibin danışıqlarından bu sarsıntının yaxşılaşmaqda olduğunu hiss edirdi. Hər halda öz fikrini belə bir adamdan gizlətmək istəmədi.
- Qorxuram, iştibahınızı gec başa düşəsiniz, sərtib, namuslu və vətənpərvər adamlar siz axtaran yerdə deyil, aşağılarda, zəhmətin qucağındadır!.. Sərtib fikrə getdi.
* Ailə.
** Padşahın sarayı.
* Hara getsən səmanın eyni rəngdə olduğunu görəcəksən.
** - Ziyalı.
* - Qəzet.
* - Polis nəfəri.
* - Fransa adətilə.