- Anacan, bir çit idi, bir çit idi, rənginə baxanda adamın ağlı gedirdi. Xırda narıncı gülləri vardı. Az qalmışdı, pulların hamısını verib, özümə paltarlıq alam - deyə bazardan yenicə qayıtmış Fəridə qoptuğuna vurduğu cəhrəni və darağı yerə qoydu. Kağıza büküb, yaxasında gizlətdiyi milləri çıxartdı.
Ana kiçik gözlərini qıydı:
- Eybi yoxdur, qızım, allah kərimdir, pul yığarıq, alarsan. Ondan da yaxşısını alarsan.
Fəridə bazarda eşitdiklərini ez düşüncələrinə qataraq, tələsə-tələsə danışdı:
- Haradan alacağam, ay ana, mal indi beş ay qabaqkından üç dəfə baha olub, deyirlər ki, getdikcə lap bahalanacaq.
O, səsini yavaşıtdı. Nə isə bir təlaşla anaya tərəf əyildi.
- Deyirlər ki, dava olacaq, yollar bağlanacaq... Mal-zad gəlməyəcək...
Darağın dişlərini yoxlayıb, cəhrənin o yan-bu yanına baxan ana, əl saxladı:
- Nə danışırsan, ay qız, allah eləməsin dava ola... Xalq ayaq altında qırılar. Kasıb-kusub acından ölər.
- Nə bilim, vallah, camaat danışır... Deyirlər ki, bir dava olacaq ki, qan dizə çıxacaq. Deyirlər nemsə torpaq istəyir, rus da deyir verməyəcəyəm, bu çanağı çatlamış ingilis də araya giribdir, amma barışdırmaq yerinə hər ikisini fitdiyir.
- Vay, vay ingilis demə, o ki, araya girdi, iş qurtardı, gərək dava düşə. Keçən davada, torpağı sanı yaşayasan, mənim qaynanam öldü. Mən də onda sən yaşda ancaq olardım. Amma çox avam idim. Heç şeydən başım çıxmazdı. Yadımdadır ki, rəhmətlik qaynanam deyirdi, davanı salan ingilis olub. Amma bir aclıq oldu, bir aclıq oldu, adam, adam əti yeyirdi. Allah heç kafərə göstərməsin...
Ana cəhrəni bir kənara qoydu və durmaq istədi:
- Ay qız, gəlsənə nə qədər gün batmayıb, gedim bir fal açdırım. Bəlkə nahaq yerə camaatın ürəyini dərdə salırlar.
Fəridə onu saxladı:
- Gəl Fridundan soruşaq, o oxumuş adamdır, hökumətlərin işindən başı çıxar, - dedi və yavaşca ara qapını açdı.
- Olar, Fridun qardaş?
Fridun pəncərədə durub, yenə işdən qayıdan pinəçi şagirdlərinə baxır və ürək ağrısı ilə onların naməlum gələcəyini düşünürdü. Fəridənin səsini eşidib döndü:
- Buyur, Fəridə.
Fəridə cəld və təlaşla eşitdiklərini danışdı.
- Necə baxırsan, Fridun qardaş?
Fridun sadə sözlərlə dünyanın vəziyyətini onlara anlatmağa çalışdı və:
- Qorxmayın, - dedi, - dava olsa da keçən davaya bənzəməyəcək. Keçən davada dünyanın məzlumları köməksiz idi. İndi onların Şura hökuməti kimi bir köməyi var. O çalışır ki, dava olmasın... Əgər olsa da çalışaçaq ki, zəhmətkeşlərin xeyrinə qurtarsın.
Ana:
- Allah onun bayrağını uca eləsin, - dedi, ancaq tamam arxayınlıq üçün ayağa durdu:
- Ay qız, indicə qayıdıram. Qoy bir falçıya baş vurum, görum nə deyir.
Ananın bu hərəkəti Fridunu həm güldürdü, həm də təəssüfünə səbəb oldu. O, evdə gözünə birinci dəfə dəyən cəhrədarağı göstərdi:
- Bu nədir, Fəridə?
Fridunun Sərxana təsirindən sonra Fəridə öz aləmində onu bütün insanlardan yüksək tuturdu. Nəzərində onu adamların heç birisinə oxşada bilmirdi. O hamıdan təmiz, nəcib və yaxşı idi. Özü də hiss etmədən ona xoş gəlməyə çalışırdı. Bir qadın həssaslığı ilə və heç kəsə hiss etdirmədən onun hərəkətlərinə göz qoyur, nəyi bəyənib-bəyənmədiyini öyrənməyə çalışırdı. Fridun “Ana” romanını onlara oxumağa başladıqdan sonra bu hiss daha da artmışdı. Bu hadisə keçən cümə günü Sərxan evdə olanda baş vermişdi. Axşam şamdan sonra yenə samovarın qırağında oturub, ordan-burdan danışırdılar. Ana cinlərdən, köhnə əhvalatlardan, deyirdi, Sərxan dəmiryolundan şikayət edirdi. Fəridə qonşulardan eşitdiklərini danışırdı. Fridun birdən bu söhbətləri kəsmiş – “gəlin sizə kitab oxuyum” deyib, mühacir qızının verdiyi kitabı oxumağa başlamışdı. O, sakit və yumşaq bir səslə oxuyurdu. Onun ağzından çıxan sözlər nə isə qeyri-adi, ayrı-ayrı sözləri və cümlələri izah edirdi. Fəridə hiss edirdi ki, o nə isə özündən kitabda olmayan şeylər də danışır. Bir cəhət Fəridənin diqqətini xüsusi cəlb etmişdi: kitabın Sofyanı göstərən səhifələrini oxuyarkən Fridun bir yerdə dayanmışdı:
- Qadın belə olar, - demişdi.
Bu qeyri-ixtiyari deyilmiş sözlər sanki onun bütün qəlbini, bütün arzularını ifadə etmişdi. Bundan sonra Fəridə dumanlı şəkildə də olsa onun bəyənə biləcəyi qızın surətini xəyalında yaratmağa başlamışdı. O, qəti olaraq kəsdirmişdi ki, bu qız hər şeydən qabaq nə isə bir iş görməli, bir sənət sahibi olmalıdır. İşsiz və avara bir qızın Friduna xoş gələ biləcəyini o heç cür təsəvvür edə bilmirdi. Bu fikir bir çıraq kimi birdən-birə öz həyatını işıqladıb, ona göstərmişdi: “bəs mən nə edirəm?” sualı onu Sərxandan gizlin, çaydan-çörəkdən, qəpik-qəpik kəsib yığdığı pulları götürüb bazara çıxmağa məcbur etmişdi. Özünə paltarlıq üçün yığdığı pulları cəhrə, daraq və ipə vermişdi.
- Fridun qardaş, adam nə qədər evdə işsiz oturar, qonşuların qiybətinə qulaq asar, küçədən gəlib-gedəni sayar?.. Bundan sonra corab, əlcək, köynək toxuyacağam. Həm əlim işə öyrənər, həm də Sərxana bir kömək olar.
Fridun bu qızın daxilində gizlənmiş, boğulmuş, şillə və yumruq altında əzilmiş yaradıcı qüvvənin həyatiliyinə heyran qaldı. İnsan hüquqlarından məhrum olan İran qadınları içərisində Fəridə kimilər yüz minlərlə idi. Onlara azca bir imkan verilsə nələr etməzdilər?.. Eyni zamanda Fəridənin bu hərəkəti onu sevindirirdi:
- Sağ ol, Fəridə - dedi, - sən nə böyük bir hörmətə layiqsən...
Şamdan sonra Sərxan Fridunla təklikdə danışmaq istədiyini dedikdə, ana və Fəridə yavaşca o biri otağa keçdilər... Fridun işdən qayıdanda Sərxanın fikirli olduğunu gördü:
- Nə var, Sərxan, fikirlisən?
- Sənin o kitabın mənim başımı xarab eləyib... Fars deyir ki “nə midanəm, rahəti-canəm”*... Bilmirdim dinc idim. İndi hər yerdə bir zülm görürəm. Rahatlığım qaçıb. Bir şeyin pis olduğunu bilmək azdır. Gərək pisi yaxşıynan əvəz eliyəsən. Yoxsa pisi görüb, göz yummaq insaniyyətdən kənar hərəkətdir. İlanı görüb eldürməyənə lənət deyərlər. Bəs indi nə etməli?..
Bu “nə etməli” sualı Fridunu Sərxandan artıq narahat edirdi. O, saatlarla, günlərlə düşünmüş və öz aləmində qəti qərar vermişdi: biz də öz “mənəvi vətənimizi” yaratmalıyıq! Bütün sualların cavabı burada idi:
- Heç yaxşı, etibarlı tanışların var?.. Yoxsa tək əldən səs çıxmaz...
- Niyə yoxdur, yoldaşsız ki, adam olmaz. Lap cana dəyən oğullar var.
- Çox yaxşı, gələn cümə onlardan bir-ikisini çağır evə, tanış olaq.
Sərxan yoldaşlarını bir-bir fikrindən keçirib, birinci çağırış üçün adam seçirdi. Fridun onu fikirdən ayırdı:
- Ancaq belə söhbəti Fəridənin də yanında etmək olardı.
Sərxan yarızarafatla güldü:
- Arvaddır, hülqumsuz yaranıb. Etibar yoxdur.
Fridun ciddi etiraz etdi:
- Yox, dostum, haqsızsan. Bu fikri başından çıxart. Onlar bizdən artıq əzilirlər, daha yaxşı işləməyi bacararlar, - dedi və Fəridənin son hərəkətini nəql etdi:
- O çox böyük məhəbbətə layiqdir... Çox!..
Arvadının bu hərəkəti ürəyində incə duyğular oyatdı. Fəridə kələ-kötür həyat yolunda boynundan asılmış bir yükdən çevrilib, əlindən tutan bir köməkçi olurdu. Bu vaxta qədər onu mənasız, ağır yük edən nə idi? Buna min səbəb tapırdı. Gözünü açanda belə görmüşdü. Hər yerdə belə idi. Qonşuda da, qohumda da! Arvadla başqa cür rəftar fikrinə də gəlmirdi. İndi bu oğlan qadınla kişi arasında tamamilə başqa bir münasibətin şəklini yaradırdı. Fridun bu adi və ağır həyatı yaxşılatmaq mümkün olduğunu göstərirdi. Bu düşüncələrlə yanaşı, dumanlı bir fikir Sərxanın özünun də günahkar olduğunu deyirdi. Bu fikir sanki onu məhkəmə qabağına çəkirdi, Fəridə ilə olan amansız rəftarının pis səhnələrini bir-bir gözlərində canlandırıb, “sən cinayətkarsan, tövbə et!” deyə hökm verirdi. O, xəcalət çəkib, başını aşağı salsa da, Fəridəni çağırıb, Fridunun qabağında uzr istəməyi öz kişi mənliyinə sığışdıra bilmirdi.
***
Hikmət İsfahani, əyalətlərdən tutmuş Tehrana qədər hər yerdə iqtisadi vəziyyətin xarablaşması ilə əlaqədar olaraq, əhali arasında açıq narazılıqlar əmələ gəldiyini eşidir və görürdü. Narazı olan yalnız kəndlilər və şəhərin yoxsulları deyildi, bunları yatırmaq və aldatmaq Hikmət İsfahaniyə o qədər də çətin gəlmirdi. Ona çətin görünən maliklərin və orta tacirlərin arasındakı narazılıq idi. Bunlar suyun bulandığı gözə yaxın olduqlarından daha çox görürdülər. O, qorxurdu ki, onlar cana gələrlər. Alman və ingilis ticarətxanaları ilə əlbir olub, bu vəziyyəti yaradanların özünü aşkara çıxararlar... Bu onun “vətənpərvər”, “azadixah” və demokrat” adına kölgə sala bilərdi. Buna görə də vaxt ikən cəld sola burulub Nikipur, Bədr, Manux Martinlərdən ayrılmaq lazım idi: onsuz da yığılan mal yığılmış, satılan satılmışdı. Bazarda istənilən qiymət və vəziyyət yaradılmışdı. Lakin Nikipurlardan ayrılmaq az idi. Əvvəla, xalqa “yaxınlaşmaq” və ikinci də, orta tacir maliklərin dostluğunu qazanmaq lazım idi. Hiss olunası addımlar atmadan xalqı Sofi İranpərəstin “Səda” qəzetində yazdıqlarına inandırmaq olmazdı.
Beləliklə, qəlyanı sümürə-sümürə, onun ahəngdar xorultusu və ağ dumanı altında hər şeyi düşünüb, hər tədbiri tökdükdən sonra Kürd Əhmədi yanına çağırmağı pişxidmətə tapşırdı. Kürd Əhmədi o çoxdan tanıyırdı. Onun qəlbən özünə tamamilə zidd bir adam olduğunu bilirdi. Bilirdi ki, Kürd Əhməd əqidəsi etibarilə demokrat, xalqı və vətəni sevəndir. Ürəyi təmiz və insaflı adamdır. Elə buna görə də başqa bir adamı yox, məhz onu yanında saxlayırdı, bütün işlərdə ona etibar edirdi. Əvvəla, bunu görən xalq deyəcəkdi ki, ağayi Hikmət İsfahani yaxşı adamları başına yığır. Bu özü balaca söhbət deyildi. İkinci də, o heç bir şahının da dərdini çəkmədən gecələr rahat yatırdı. Çünki qızılı səp küçəyə, Kürd Əhməd gözünün ucu ilə əyri baxan deyildi. Onun həqiqi demokratik əqidələrinə gəldikdə isə, Rza Pəhləvi elə bir şərait yaratmamışdı ki, bu kimi əqidələr qorxulu şəkil alalar. Bütün bunlardan əlavə iki xırda mülahizə də Hikmət İsfahanini Kürd Əhməddən bərk tutmağa məcbur edirdi. Birinci: Kürd Əhmədin Kürdüstan və Azərbaycanda dostları və tanışları çox olduğu kimi, nüfuzu da çox idi. Lap pis ayaqda Kürd Əhməd nə desə onun məsləhətindən nə kürdlər, nə azərbaycanlılar boyun qaçırmırdı. İkinci: “demokratlıq” və “vətənpərvərlik” Hikmət İsfahani üçün bir əyləncə, bir növ nərd oyunu olmuşdu. Bu oyunda da Kürd Əhmədi özü üçün ən yaxşı yoldaş, müsahib hesab edirdi.
Kürd Əhməd içəri girdi, salam verib oturdu.
Hikmət İsfahani acıqlı-acıqlı ona baxdı:
- Qardaş, saqqalım yoxdur, sözüm ötmür, - dedi, gördün bu insafsızlar xalqın başına nə oyun açdılar. Bazarın halını görmürsən?.. Əla Buxara dərisinin qiyməti gəlib düşüb 60 riyala. Üçcə ay əvvəl doxsan riyal idi. Hələ bir il bundan qabağı demirəm. Yıxdılar millətin evini, allah bunların evini yıxsın. Bütün məmləkətin iqtisadiyyatını pozdular.
Kürd Əhməd qabağında bir oyunbaz oturduğunu görürdü. Onun bu dəfə nə kələk işlətmək istədiyini bilmək çətin deyildi. O bu adamın nərdi necə oynadığını bildiyi kimi, şəraitə görə bütün fikrinin istiqamətini də əvvəlcədən müəyyən edə bilirdi. Hər şey göstərirdi ki, ağanın “sola” burulmaq vaxtı gəlib çatmışdır.
- Vəziyyət çox pisdir, - deyib onun sözünün dalını gözlədi.
- Pisdir, dedin qaldı... Müsibətdir. Müsibət!.. Xalqın halına baxanda mənim yadıma bir məsəl düşür. Bəlkə eşitmiş olasan, deyir ki, bir ərbab nökərini də götürüb kənddən şəhərə yola çıxdı. Yol uzaq olduğundan, axşam gəlib şəhərə çata bilmədilər. Gecə kövşənin bir yerində ərbab atdan düşüb, şam elədi. Yəhəri də başının altına qoyub yatdı. Atı da nökərə tapşırıb, ötürdü çəmənə otlasın. Çün nökərə çox etibarı yox idi, fikri qalmışdı atın yanında, huşa gedib, tez ayılırdı, nökəri çağırırdı:
- Əli, bala!
Nökəri ondan qabaq huş aparmışdı. Bu səsdən ayılcaq tez gözlərini ovub, ata tərəf baxdı, gördü at otlayır, rahat cavab verdi:
- Bəli, ağa...
- Nə eləyirsən, bala?..
- Ulduzları sayıram, ağa...
- Say, bala, say... Çox böyük iş görürsən, say... At ordadırmı?
- Bəli, ağa, burdadır.
Ərbab yenə huşa getdi. Bir azdan sonra yenə yuxudan hərəsan qalxıb qışqırdı:
- Əli, bala!
Nökər tez gözlərini ovdu, ata baxdı. At otlayırdı.
- Bəli, ağa!
- Bala, nə eləyirsən?
- Ağa, fikir eləyirəm ki, görəsən bu bostanda qovun-qarpız çoxdur, yoxsa göydə ulduz.
- Fikir elə, bala, fikir elə. Yaxşı fikirdir. At ordadırmı?
- Bəli, ordadır.
Ərbab üçüncü dəfə oyanıb, nökəri çağırdı, nökər gözlərini ovub, ata tərəf baxdı. At yox idi. Onu çodarlar götürüb getmişdi. Nökərin səsi yavaş çıxdı.
- Bəli, ağa...
- Nə edirsən, bala?
- Ağa, fikir eləyirəm ki, at getdi cəhənnəmə, bəs indi bu yəhəri kimin belinə qoyacağıq.
- Oğul, indi mən də fikir eləyirəm ki, bu ağayi Nikipurların cibi doldu, cəhənnəmə, bəs bu fağır-füğaranın qarnı necə olacaq, üst-başı necə olacaq...
Kürd Əhməd onun yavaş-yavaş mətləb üstünə gəldiyini görüb:
- Onların da dərdini yəqin yenə sizin kimi ağalar çəkəcək, - dedi.
- Əlacım nədir, millətimdir, gərək dərdini çəkəm. Get, bala, əlli min tümən ayır, əldən düşmüş orta və xırda tacirlərə borc ver. De ki, bir köpük də faiz istəmirəm. İyirmi min tümən də ayır Tehran, Təbriz, Mehabad və Məşhəd yoxsulları üçün. Ver paylasınlar. Lat-lütə kömək eləsinlər.
Kürd Əhməd çıxmaq istədi. Hikmət İsfahani onu saxladı:
- Xahiş edirəm, ağa, şəxsən özün məşğul ol. Qoy bu pul yetim-yesirə çatsın, bələdiyyə oğrularının cibinə dolmasın.
***
Sovetlərlə ticarət müqaviləsinin bağlanmasını tələb edən səslər ucalmaqda idi. Bu səs yalnız xalq kütlələrinin yox, İranın milli iqtisadiyyat və mənafeyini az-çox əziz tutan bütün demokratik qrupların və təbəqələrin səsi idi. Ayrı-ayrı tacirlər, sənaye və təsərrüfat idarələri sahibləri orada-burada bu məsələ barədə öz fikrini deməyə başlayırdı. Kürd Əhməd belə bir zamanda həqiqəti xalqa söyləyən bir yazının böyük əhəmiyyətini düşünürdü. Bu fikir onda “Səda” qəzetindəki yalanları oxuduqdan sonra oyanmağa başlamış və getdikcə güclənərək, qəti qərar halını almışdı:
- Salam, ağayi Kürd Əhməd, - deyən tanış bir səs eşitdi. Fridunu gördükdə, qucaqlayıb öpmək istədi. Lakin özünü saxlayıb, bərk-bərk əlini sıxdı, anbarın böyründəki dördkünclü balaca otağa keçirtdi, qapını örtdü. İngilis qıfılının dilini buraxdı:
- Harda qaldın, əzizi-mən? - dedi, otur danış görək başına nələr gəldi.
Fridun Tehrana necə gəlib çıxdığını, özünə necə yer axtardığıiı və harada qaldığını nağıl etdi:
- Özümə bir neçə yoldaş da tapmışam, - deyib Sərxandan, Fəridədən, dəmiryolunda yoldəyişən vəzifəsində işləyən Rüstəmdən məlumat verdi.
- Gözəl insanlardır, ürəkləri təmiz, fikirləri birdir. Mən indi hiss edirəm ki, cəmiyyətimizdə belə adamlar çoxdur. Onların hamısı yaxşı bir günü həsrətlə gözləyirlər. Lakin sən orda narazı, mən burda narazı olmaqla o gün yaranmayacaq. Birlik lazımdır. Minlərlə insanların iradəsini, fikrini birləşdirən bir qüvvə lazımdır!
Kürd Əhməd onun bu fikirlərinə qulaq asdıqca gözləri gülürdü. Yeni yoldaşının canlı bir ürək, rahatlıq bilməyən bir fikir sahibi olduğunu görür və sevinirdi. Friduna isə elə gəlirdi ki, bütün dedikləri azdır. Onlar xəyalından keçənlərin həqiqi düşüncələrinin yüzdən birini belə ifadə etmir, ona görə də daha kəskin ifadə tapmağa çalışırdı.
- Bizə mənəvi vətən lazımdır, siyasi təşkilat lazımdır! - deyib stola dirsəkləndi, nəyə isə hücum edirmiş kimi, sinəsini qabağa verdi.
Kürd Əhməd eyni hərəkətlə sinəsini irəli verdi və Fridunun gözlərinə baxdı:
- Sən bilirsənmi ki, bu yol dar ağacları, rütubətli zindanlar, sürgünlər yoludur?
Fridun bu sözlərdəki şübhədən daha da qızışdı.
- Bilirəm, lakin gərək biri canından keçə ki, o birilər azadlıq görələr.
Nikolayın, Pavelin fikirləri yadına düşdü. Daha doğrusu, onların heç bir fikrini olduğu kimi xatırlaya bilmirdi. Lakin onların qanı qəribə bir şəkildə, sanki öz qanına qarışmışdı və onun hərəkətini artıraraq, qəlbinin damarlarını yeni bir ehtirasla yandırırdı.
- Mən azadlıq yolunu işıqlandırmaq üçün ürəyimi mənşəl kimi yandırmağa hazıram! Bu yolda dalımca gələnlər saysız-hesabsız olacaq. Dayan səbr elə, görərsən. Həm də nəinki yalnız Sərxanlar, Musa kişilər, Rüstəmlər gələcəklər, bir tikə çörəyə möhtac olanlar gələcək, yox, çox böyüklərdən də, cismən bolluq içində yaşayanlardan da gələnlər olacaq!.. Çünki bu cəmiyyət yalnız insanın mədəsini deyil, onun ruhunu da, qəlbini də doydurmaqdan acizdir. Onun böyük dərdi ruhi aclıqdır!
Fridun bu sözləri deyərkən xəyalından sərtib gəlib keçirdi.
Kürd Əhməd onun qollarından yapışıb sıxdı:
- Nə gözəl fikirlərin var, dostum! - dedi, - gedək, sənin üçün münasib bir otaq da hazırlamışam.
Küçəyə çıxıb, faytona oturdular. Kürd Əhməd gedəcəkləri ünvanı faytonçuya söylədi və günəşdən gizlənmək bəhanəsilə faytonun üstünü saldırdı. Faytonçu qırmancı havada yellədikdə, boynu qırmızı qotazlı və zınqırovlu atlar hərəkət etdi. Faytonçu tez-tez rast gələn xırda alverçilərin, yük daşıyan araba və faytonların yanından ötüb keçir, mütəmadiyən:
- Ha, ha, ho-ho, - deyə gah adamları, gah atları haylayır, qırmancını havada oynadırdı...
Kürd Əhməd Fridunun Süheylilərin yanında işlədiyini eşitdikdə narazı qaldı.
- Pis adamlardır, aldıqları nəfəs də yalandır.
Fridun iki dəftər məsələsini danışıb, səbəbini soruşdu.
Kürd Əhməd onun ticarət işlərindəki xamlığına güldü:
- Belə fırıldaqlar ticarət aləmində, çoxdur. Həqiqi gəliri gizlədirlər ki, vergilərdən boyun qaçırsınlar. Tezliklə gərək sənə başqa bir iş tapaq. Orada baş çıxara bilməzsən. Dolaşdırarlar. Çünki Süheylilər içlərinə buraxdıqları adamı ya gərək cinayətə iştirakçı etsinlər, ya da axırına çıxsınlar.
Fridun, yadına düşdükcə bütün gördüklərini, arvadı ilə hər səhər dalaşıb axşam barışan ev sahibini, əyyaş gəncləri, ananın çini kasasını bir-bir Kürd Əhmədə danışır, onlara bəzən gülməli bir şəkil verirdi. Kürd Əhməd qulaq asıb gülür, yeri gəldikcə müşahibəti olan hekayətlər nağıl edirdi. Bu söhbətlər içində Fridun sərtibi xatırladı, onun İrandakı millətlər və yuxarılardakı satqınlıqlar haqqında dediyi sözləri Kürd Əhmədə danışdı:
- Çox əqidəli və qeyrətli adama oxşayır.
Kürd Əhməd xeyli fikirdən sonra:
- Tanıyıram, - dedi, - çox maraqlı şəxsiyyətdir. Namuslu bir adamdır. Lakin bədbəxtdir. Aşağıların gücünə inanmır, yuxarılara nifrət edir. Etiqadı bir şahdır ki, o da bunu əbədi şübhə altında saxlayır. Düşmənləri də çoxdur: bizim ağayi Hikmət İsfahani, sərhəng Səfai və sairə... Ən qorxulusu bu axırıncıdır. Çünki ayağının altından yavaş-yavaş səbirlə eşməkdədir.
- Aralarında ədavətmi var?..
- Bəli, həm ictimai, həm şəxsi. Sərtib təmiz adamdır, sərhəng çirkin. Sərtib insaf sahibidir, sərhəng vicdansız. Sərtib millətini sevəndir, sərhəng şöhrət və mənsəbpərəst. Bundan əlavə, hər ikisi də ağanın qızı Şəmsiyyənin aşiqidir. Lakin qız ümidini Şahpura* bağladığından heç birinə etina etmir. Sərhəng isə Şahpurun əyləncələrinin uzun sürməyəcəyini bildiyi üçün sərtibi özünə qorxulu rəqib hesab edir. Çünki xanım Şahpurdan əl üzüb, bunların ikisindən birini seçməli olsa, mütləq sərtibi götürəcəkdir.
Fayton İstambul xiyabanının dalında, xırda bir döngədə dayandı. Kürd Əhməd faytonçunu yola salıb, dalandan keçərək, balaca bir qapının zəngini çaldı. Qoca ev sahibəsi qapını açıb, onları içəri buraxdı.
Onlar qapıdan girən kimi, yuxarıdan astanaya qədər dik uzanıb gələn kərpic pilləkənin ayağında durdular. Burada sərin, lakin rütubətli bir hava vardı.
Kürd Əhməd Fridunu ev sahibəsinə təqdim etdi:
- Sizə qonaq və oğul olacaqdır. Analıq edəcəyinizə əminəm.
- Xoş gəlib, gözüm üstə yeri var.
Pillələri aşağı enən ortaboylu və həmişə fiziki işdə çalışan adamlara məxsus yoğun əzələli bir gəncin gurultulu səsi onların danışığını kəsdi. O, uzaqdan Kürd Əhmədi səsləyib:
- Salam, ağayi-mən, - dedi, xoş gördük!
Kürd Əhməd onun əlini sıxıb, Friduna döndü:
- Tanış olun, ağayi Qəhrəmanidir. Dəmiryol işçisidir. Bir yerdə yaşayacaqsınız.
Fridun:
- Çox şadam, - deyib, əlini Qəhrəmaniyə uzatdı.
Qəhrəmani də vücuduna nisbət xeyli iri görünən əlini uzatdı. Fridunun əlini silkələdi!
- Xoş gəlmisən, əziz dost! Buyur içəri!
Fridun içəri girdi. Bura, küçəyə üç pəncərəsi olan uzunsov bir otaq idi. Qırıq pəncərələrinin hərəsinin yanında bir dəmir çarpayı qoyulmuş, üstü qırmızı kərpici adyallarla örtülmüşdü. Ortada yemək stolu, başda divara söykənmiş yazı stolu vardı. Hər çarpayının yanına bir balaca ayaqaltı salınmışdı. Qalan yerlər açıq olduğundan torpaq döşəmə görünür və otağın bütün yaraşığını pozurdu.
Rza Qəhrəmani çarpayılardan birini Friduna göstərdi:
- Bu sizindir, kasıbın olanından, - dedi və Kürd Əhmədlə ona yumşaq divanda yer göstərdi...
Fridun onun ciddiyyətlə və qızğın bir mehribanlıqla işıldayan gözlərinə baxdı. Bu gözlərdə insanlar arasında dərhal ruhi rabitə yaradan, onları köhnə dostlar kimi bir-birinə yaxınlaşdıran bir məhəbbət və sadəlik vardı.
Sərxangil Fridunun başqa bir yerə köçmək istədiyini öyrəndikdə, təəccüb etdilər, susub durdular. Narazı-narazı bir-birinə baxdılar. Xüsusilə Fəridə heç bir söz demədən, tənəli gözlərlə Fridunu süzürdü. Fridun:
- Arxayın olun, - deyirdi, - qiyamətə qədər mən sizdən ayrılmayacağam. Harada olsam gəlib tapacağam...
Nəhayət, Fəridə səsini çıxartdı, ağır sükutu pozdu, üzünu Sərxana tutdu:
- Barı yerini öyrən, görək harda olacaq, hərdənbir baş çəkərsən.
Sərxan ağzını açmamış Fridun ünvanını dedi:
- İstambulinin dalındadır. Rza Qəhrəmani adlı bir yoldaşım olacaq. Özü də Sərxan kimi dəmir yolunda işləyir.
Bu sözü eşidən kimi Sərxanın rəngi açıldı:
- Nə deyirsən, canım? Lap yaxşı tanıyıram. Ustadır. Neçə dəfə maşınımı təmir edib. Canlara dəyən oğlandır. Sözün düzünü deyim, başqa yerə köçsəydin buraxmayacaqdım.
Fridun evdən çıxanda Fəridə əlindəki corabın ipini kəsib bükdü, ona verdi:
- Birinci corabı sənə bağışlayıram, geyərsən...
Ana çini kasanı ləmədən götürüb, su ilə doldurub, dalınca atdı:
- Yaxşı yol, oğlum...
***
Kürd Əhməd, xarici ticarətxanalarla əlbir olmuş bir ovuc tacirlərin işlədiyi cinayətləri ətraflı olaraq Friduna danışdı, iqtisadi fəlakətin geniş mənzərəsini onun xəyalında yaratdı:
- Susmaq olmaz! Həqiqəti xalqa demək lazımdır... Vərəqə buraxmaq lazımdır!
Bu fikir, əməli fəaliyyət yolunda ilk addım olaraq Friduna xoş gəldi.
- Çap etməyə yer varmı?
- Yoxdur. Mətbəələrlə əlaqə yaradana qədər əlyazmalarını yaymaq lazımdır.
Fridun vərəqənin mətnini bir gecədə düzəltdi. Rza Qəhrəmaniyə oxudu. Onun əsasında iki sinfin mübarizəsi fikri qoyulmuşdu. Əzənlər və əzilənlər!.. Orada bütün fəlakəti törədən birincilərin tüfeyli, soyğunçu təbiəti göstərilirdi. Bu sinif məhv edilsə hər şey düzələcəkdi. Dünyada cənnət yaranacaqdı. Rza Qəhrəmani qulağına yeni dəyən və cəsarətlə yazılmış bu sözləri bəyəndi, hər ikisi, Kürd Əhmədin evinə gedib, vərəqəni ona oxudular. Kürd Əhməd bir də, iki də oxudu. Bu sözlər ona da xoş gəlirdi. Lakin onlarda nə isə bir şey çatmırdı. Sanki onlar bu gündən, həyatdan təcrid olunmuşdular.
- Buraya günün rəngini vurmaq lazımdır. Çalışın ki sözlər hər kəsə aydın bir fikri ifadə etsin. Hər kəsi maraqlandırsın. Bir də, demək lazımdır ki, əzənlər dediyimiz təbəqə yalnız əzilənlərin deyil, bütün millətin düşmənidir. İranın milli mənafeyinin düşmənləridir. Sovetlərlə düşmənçilik labüddən onları imperializmin qucağına atır. Vətəni və milləti satırlar..
Fridun da, Rza Qəhrəmani də bu əlavəni bəyəndi, vərəqəni bu ruhda düzəltdilər.
Elə bu gecə bacardıqları qədər onun üzünü çıxaracaqlarını vəd edib, getmək istədikləri zaman sərtib Səliminin onu görmək istədiyini Kürd Əhmədə xəbər verdilər. Ani fikirdən sonra Kürd Əhməd:
- Buraxın gəlsin, çay hazırlayın, - dedi və sərtibi qarşılamaq üçün ayağa durub, həyətə çıxdı.
Sərtib içəri girdikdə Fridun da, Rza Qəhrəmani də hörmətlə ayağa durdular. Kürd Əhməd sərtibə yer göstərdi. Sərtib yumşaq kresloya oturdu:
- Bu ağalar kimdir? - deyə soruşdu.
Kürd Əhməd Fridunu göstərdi:
- Bu ağa mənim azərbaycanlı dostlarımdandır, müəllimdir. Tehrana, danişgahda* oxumaq fikrilə gəlib. Bu ağa da ustadır, istikahda** işləyir. Maşınlardan yaxşı başı çıxır.
Kürd Əhməd onları təqdim etdikdə Fridun və Rza Qəhrəmani xəfifcə qalxıb, baş əydilər. Sərtib Friduna baxdı:
- Oxumağa gəlməkdə çox yaxşı eləmisiniz, - dedi, - hər bir millətin, nəinki hər bir millətin, bəlkə bütün bəşərin xilas yolu danişgahdan keçir... Bir çətinlik olsa, utanma, yanıma gəl...
Fridun təşəkkür etdi, Kürd Əhməd:
- Ağayi sərtib maarifpərvər adamdır, - dedi, - danişgah da oxuyanların çoxuna köməyi dəymişdir.
Fridun:
- Mən sərtibin nəcib bir ürək sahibi olduğunu gözümlə görmüşəm, - dedikdə sərtib maraqlandı:
- Harada, oğlan?
Fridun ona çayxananı xatırlatdı, kəndlilərin arasında yatmış olduğunu dedi.
- Bir azərbaycanlı olaraq, o uca fikirlər üçün sizə təşəkkür edirəm.
Sərtib onun bütün söhbətlərini eşitdiyini güman edərək:
- Həmid Həmidinin axırını bildinmi? - deyə soruşdu. Fridunun sualedici nəzərlərini gördükdə əhvalatı müfəssəl nəql etdi.
- Böyük bir dəstənin tutulması üçün əmr verilmişdir. Deyəsən, Həmidinin aqibəti çox pis olacaq.
Fridun:
- Yenə ümidimizi ədalətə bağlayaq, - dedikdə, sərtib acı-acı güldü:
- Ədalət, ədalət!.. Nə qədər ki, sərhənglər, bu satqın vəzirlər, vəkillər var, ədalət boş bir xəyal olub qalacaq... Yaxşı, hansı danişkədədə* oxumaq fikrindəsən?
- Danişkədeyi hüquqda...
- Bəs nədən dərs verirdin?
- Tarix, ədəbiyyati-iran ixtisasımdır.
Sərtib nə isə düşünər kimi, fikrə getdi. Friduna heç bir sual verməyib, Kürd Əhmədə döndü:
- Yəqin nə üçün gəldiyimə təəccüb edirsən?
- Xoş gəlmisiniz... Qapımız açıqdır.
- Danışmalı bəzi məsələlər var.
Fridun və Rza Qəhrəmani çayı gözləmədən qalxdılar.
- Sərtib, bizi bağışlayın, - deyib əl uzatdılar. Sərtib ayağa durdu, Fridunla görüşəndə:
- Oğlan, bir nəfəri ədəbiyyatdan hazırlaya bilərsənmi? - dedi. Axı danişgahda bir köməksiz ki, oxumaq mümkün deyil.
Fridun cavab verməmiş Kürd Əhməd sözə qarışdı.
- Çox yaxşı olar, sərtib, ağanın elə bir işə ehtiyacı var...
- İki gündən sonra xahiş edirəm məni görün...
Fridun “baş üstə” deyib çıxdı. Onlar getdikdən sonra Kürd Əhməd iki stəkan ətirli və rəngli çay gətirdi. Birini sərtibin qabağına qoyub oturdu. Sərtib çaya qənd salıb, qarışdıra-qarışdıra:
- Bilirsinizmi, - dedi, - mən daha vəzarəti-kişvərdə işləmirəm. İki gün əvvəl vəzir çağırmışdı. Danışığından anladım ki, istefaya getmək lazımdır. Əslən özüm də çox şadam. Sizin yanınıza gəlməkdə isə başqa məqsədim var.
Kürd Əhməd mövcud adət üzrə azca qalxıb oturdu:
- Buyurun, qulluğunuzda hazıram.
Sərtib məmləkətdə yaranmaqda olan pis vəziyyətdən danışdı. Kəndlinin halının ağır olduğunu ərbabla kəndli arasındakı ixtilafların qurtarmaq bilmədiyini söylədi:
- İslahatlara ehtiyac var, fikirlərimi əlahəzrətə yazacağam. Vətən əldən gedir. Azərbaycan və Kürdüstanın vəziyyən və bazarın şəraiti sizə məndən yaxşı məlumdur. Bəzi məsələləri aydınlaşdırmaq üçün yanınıza gəldim.
Kürd Əhməd öz məramını bildirmədən sərtibə qulaq asdı. Bildiyi məlumatı ona verdi. Sərtib gedərkən:
- Elə bil ki, bir aylıq ruhi istirahət etdim, - deyib onun əlini sıxdı...
***
Fridun və Rza Qəhrəmani yorulmadan vərəqənin surətini çıxarırdılar. Fridun hərfləri xüsusi aydınlıqla yazırdı. Ona elə gəlirdi ki, cəmiyyətin yeni həyat və əxlaq qanunlarını yazmaqdadır. Rza Qəhrəmani də eyni ilhamla işləyirdi. Hərəsi otuza qədər yazmışdı. Artıq hər ikisi bütün vərəqənin məzmununu əzbərdən bilirdi. Nəhayət, gecə saat üçdə yüz nüsxə hazır olduqda, bellərini dikəldib oturdular. Termosdan adama bir stəkan çay töküb, qabaqlarına qoydular. Ürəklərindən olan zəhmət onları yormamış, əksinə, daha artıq ruh yüksəkliyinə səbəb olmuşdu. Odur ki, heç birinin yuxusu gəlmirdi. Qabaq-qabağa oturub, söhbət edirdilər. Fridun Azərbaycandan, kənddən, Musa kişi və Gülnazdan danışdı... Köksünü ötürüb:
- Ah, biləsən, necə gözəl və təmizürəkli bir qızdır! - dedi, - yaşayışları isə ağırdır.
Rza Qəhrəmani ona təsəlli verirdi:
- Eybi yoxdur, əzizim, səbr elə. Onlar bir işığa çıxarlar. Dövran həmişə belə getməyəcək ki...
Fridun fikrini dağıtmaq üçünmü, yoxsa maraqdanmı:
- Rza, - dedi, - bir az sən öz həyatından danış, de görək Mazəndəran necədir?..
- Hər yerdə həyat birdir, - deyib sözə başlayan Rza, sakit-sakit, bütün uşaqlıq xatirələri ilə həyatını nağıl etdi:
- O, iyirmi altı illik ömrünün iyirmi ilini zəhmətdə keçirmişdi. Hələ altı yaşında ikən xırda alverçi olan atası onun qolundan tutaraq, dükanına aparmış və özünə şagird etmişdi. O, atası ilə birlikdə səhər alaqaranlıqdan dükana gedər, axşam gün batandan sonra evə qayıdardı, atası ona xırda tapşırıqlar verərdi:
- Rza, oğlum, qaç məşədi Abbasa de, müştəriyə bir stəkan çay gətirsin...
- Durma, ağanın kisəsinə kömür doldur.
Səhərdən axşama qədər balaca dükanda Rzaya iş tapılar, oturmağa vaxt olmazdı. Buna görə də evə çatan kimi anası şamını verər və yatırardı. Başını yastığa qoyduğu ilə daş kimi yatdığı bir olardı. Çox zaman yuxuda da atasının əmrlərini eşidər, o tərəf-bu tərəfə qaçardı. Buna baxmayaraq, o da, ailədə xoşbəxt idi. Çünki özlərinin görməyə bir işi, yeməyə bir tikə çörəkləri vardı. Lakin bazarın dönük üzü və amansız qanunları tezliklə onların bu balaca səadətini məhv etdi. Rzanın atası qazanc həvəsilə, orta bir tacirin hiyləsinə aldanıb, xatalı bir parça alverinə əl atdı və iki ayın içində iflas edib var-yoxdan çıxdı. Dükanı bağlamalı oldu. O gündən kişinin işi bir daha düzəlmədi. Yavaş-yavaş ev şeylərini satmağa başladılar. Lakin heç şey onların əvvəlki vəziyyətlərini qaytarmadı. Atası onun əlindən tutub apardı. Bazarda iki yüz minnətdən sonra bir dəmirçiyə şagird verdi. Dəmirçi dükanında Rza bütün günü bilaaram gah körük basar, gah dəmir döyərdi. Aldığı da gündə iki qran idi.
Fikir-xəyaldan naxoşlayıb yatağa düşmüş atası ona bircə söz deyərdi:
- Hər şeyə döz, oğlum, - bir sənət öyrən, əlindən bir iş gəlməsə bu məmləkətdə baş saxlamaq çətindir.
Rza iki il dəmirçi şagirdi oldu. On iki yaşı tamam olar-olmaz atası vəfat etdi. Evlərində də bir yırtıq kilim, bir də mitil yorğan qoyub getdi. Dəmirçi onun halına acıyıb və səyini qiymətləndirərək, maaşını bir qran artırdı. Bu üç qran onu və anasını ancaq acından ölməkdən saxlayırdı. Lakin onlar dözürdülər. Çünki bundan daha dəhşətli bir həyat ağzını açıb minlərlə onlar kimisini udmuşdu. Orada nəinki üç qran, heç üç şahı da tapmaq mümkün deyildi, işsizlik, hər yanda amansız işsızlik hökm sürürdü. Buna görə də on səkkiz yaşına qədər o, dəmirçiyə nəinki şagird, hətta bir nökər kimi qulluq etdi. Heç bir zəhmətdən və ağır işdən boyun qaçırtmadı, lakin atasının da vəsiyyətini yadından çıxartmayıb, dəmirçidən bildiyini öyrəndi, bacarıqlı bir sənətkar oldu. On səkkiz yaşı tamam olanda dəmirçi onu çağırıb:
- Oğul, - dedi, - daha sən böyük kişisən, özünün də yaxşı əlin var, ya get bir dükan aç, ya da başqa yerdə iş tap. Çünki səni üç qrana işlətməyə insafım yol vermir, artığa da gücüm çatmaz, şagirdliyə özümə bir uşaq taparam, həm o bir tikə çörək yeyər, həm də mənim işim aşar. Sənə də bildiyimi əsirgəməmişəm, yaxşı deyərsən, allah atana rəhmət eləsin, pis deyərsən, yenə allah atana rəhmət eləsin.
Rza ustaya təşəkkür etdi:
- Sağ ol, usta, mənə atalıq etmisən, səndən heç bir pislik görməmişəm. Qiyamətə qədər yaxşılığını unutmaram.
Bir ay o yana-bu yana vurnuxduqdan sonra illərin ərzində anasının qəpik-qəpik boğazlarından kəsərək “qara gün üçün” yığdığı iyirmi tüməni rüşvət verib, dəmiryol stansiyası deposunda adi fəhlə kimi işə qəbul edildi. Burada gecə-gündüz səy göstərdi, tezliklə usta müavini oldu. Nəhayət, ən gözəl bir təmir ustası kimi tanındı. Böyük, kiçik bütün dəmiryol işçiləri ondan razı idilər. Xoşəxlaq, ünsiyyət sevən, zəhmətə dözən olduğundan heç kəs ondan pis bir söz danışmazdı. Həyat vəziyyətinin düzəlhadüzəl zamanında anası mədə yarasından vəfat etdi. O, tək qaldı, soyuq və kimsəsiz evə gəldikdə ürəyi sıxılmağa başladı. Buna görə də sutkanın 16-18 saatını depoda keçirir, tamam əldən düşənə qədər işləyirdi. Bir gün onu stansiya rəisinin yanına çağırdılar. Rəis onu uzunboylu, təqribən səkkiz pud ağırlığında dolğun vücudlu və çeşməkli bir ağaya təqdim etdi və sonra üzünü ona tutdu:
- Ağa Tehrandan gəliblər, sənin yaxşı usta olduğunu eşidib, Tehran istigahına keçirtmək istəyirlər. Nə deyirsən?
Bu fikir ona qəribə və maraqlı göründü:
- Məsləhət sizindir, - dedi.
Bu cavabdan xoşlanmış rəis və Tehran nümayəndəsi bir-birinə baxıb gülümsədilər. Bir ay sonra o, Tehran dəmiryol stansiyası deposunda təmir ustası vəzifəsində işləməyə başladı. Əvvəllər Tehranda, yad bir mühitdə darıxacağından, tək və tənha bir həyat içində boğulacağından qorxurdu. Lakin işə başladıqdan sonra dostlar, yoldaşlar tapdı. Onun həyatı Friduna öz həyatını xatırlatdı. Sanki onları eyni fırtına, eyni kökdən qopararaq, dağlara-daşlara salmışdı. “Ana” yadına düşdü, hər yerdə fəhlənin həyatı birdir! Nə böyük həqiqət!..
- Rza, bizim hamımızı məhv edən mühit eyni deyilmi? Hindistan yoxsulunun da, Çindəkinin də, Firəngistandakının da, hamımızın həyatımız birdir, düşmənimiz də birdir. Fikir eləyəndə görürsən ki, bu çox sadə bir həqiqətdir. Amma zahirdə, elə bil ki, Hindistanda bir cür yaşayırlar, bizdə bir cür, Firəngistanda başqa cür... Kökünə baxanda görürsən ki, hər yerdə zəhmətkeşin həyatına eyni zəhəri qatırlar, hər yerdə onun yaşayışı bir-birinin eynidir. Ona görə də gərək o birləşsin. Nə dinə baxsın, nə millətə. Sərtib mənim nə üçün xoşuma gəlir? Çünki onun nəzərində azərbaycanlı da, fars da, kürd də qardaşdır. Əməkçiləri bir-birindən ayıran böyük bir səddi o fikrində uçurmuşdur. Siz də mənim xoşuma gəlirsiniz. Kürd Əhməd kürddür, sən farssan, indi mən də gəldim. Biz bir qardaş deyilikmi?
- Hələ hardasan, Simonyangili görəndə, deyəcəksən ki, bu əsil beynəlmiləldir.
- Yox, müqəddəs bir birlikdir! - deyib Fridun, Rza Qəhrəmanini qucaqladı.
Fridun Laləzarın İstambuli ilə birləşdiyi tində durub fikirləşirdi: evəmi getsin, yoxsa Sərxangilə gedib, Fəridənin öhdəsinə götürdüyü vərəqələri necə yaydığını öyrənsin. Başına gələn üçüncü fikir də sərtibin yanına getmək oldu. Axı o, sərtibə iki gün sonra gələcəyinə söz vermişdi. Getdikcə Süheylilərin onu daha dərin işlərə çəkmək fikrində olduqlarını da xatırladı. Kiçik qardaşla tütün tədarükü üçün Azərbaycana və Kürdüstana getmək təklifləri yadına düşdü. Yox, oradan qaçmaq, başqa bir iş tapmaq lazım idi. B məsələdə ona sərtibin köməyi dəyə bilərdi. Bu fikirlə faytona oturub, sərtibgilə getdi. Üstündə “Şiri Xurşid” nişanı olan qapını nökər açdı. Fridunu həyətə buraxıb, sərtibə xəbər verməyə getdi. Sərtibin uzunu beş yüz, eni üç yüz metr olan bir həyəti vardı. Həyətdə hündür çinar ağacları əkilmişdi. Ortalıqda, çarhovuzun yanında balaca bir güllük qızarırdı. Həyət qapısından ikimərtəbəli evə gedən kərpic döşəməli yolun ustünü üzüm talvarı örtmüş, salxım-salxım üzümlər üzüaşağı sallanırdı.
Nökər qayıdıb: “Buyurun” deməmiş talvarın başında Fridun sərtibin səsini eşitdi:
- Buyurun, ağayi Fridun, xoş gəlmisiniz.
Fridun sərtibi qabaqlamaq üçün addımlarını itiləşdirdi. Sərtib mehriban və sadə bir hərəkətlə onun qolundan tutdu. Kefi çox saz, rəngi açıq idi.
Ağzını Fridunun qulağına tutub yavaşca:
- Eşitmisənmi, şəhərimizdə vərəqələr tapılıb, - dedi, - elə bilirdilər ki, millət qoyun sürüsüdür. Halbuki, onun içində qəhrəman var!..
Fridun ilk zəhmətinin səmərəsini belə gördü. O, sevinclə “Sərtib, o işi biz görmüşük!” deyib qışqırmaq istədi, lakin dodağından:
- Nə vərəqələr? - sualı çıxdı...
Sərtib nə isə demək istərkən:
- Ağayi sərtib, evdə bizi istidən boğdunuz, - deyib ətir saçan şux səsli bir xanım ona mane oldu. Fridun pillələrdən aşağı enən üç kişi və iki qadına baxdı. Sərtib Fridundan ayrılıb, qabaqda gələn yaşlı kişi ilə şux səsli xanımın qolundan tutub, Friduna tərəf gətirdi. Əvvəlcə onu yaşına və mövqeyinə görə sərtibin çox hörmət etdiyi bilinən əli əsalı qocaya təqdim etdi.
- Ağayi Hafiz Biluri, rica edirəm, ağayi Fridunla tanış olun. Sizin arzunuza müvafiq danişgaha gəlmişdir. Həm də sizin danişgədədə oxumaq istəyir.
Qoca ani bir diqqətlə Friduna baxıb, əlini sıxdı.
- Çox gözəl, çox gözəl, qurtuluş ancaq elmdədir.
Bu zaman evdən çıxmış digər iki kişi və qadın gəzə-gəzə çarhovuzun yanına gedib, güllərə baxırdılar. Onlardan biri Hafiz Bilurini səslədikdə o, demək istədiyini yarımçıq qoydu:
- Bağışlayın, ağayi Fridun, siz sərtiblə, xanım Şəmsiyyə ilə söhbət edin, mən görüm ağalar nə deyir, güman edirəm ki, yenə görüşərik.
Fridun Şəmsiyyə adını eşidən kimi, diqqətlə xanımı süzdü. Onun uşaq üzünə oxşar üzündə bir sadəlik və munislik vardı. İngilis malından sarı şal paltar, qırmızı və göy zolaqlı üstü açıq tufli geymiş, başına şlyapa qoymuşdu. Zərif şal paltar onun incə belinə müvafiq tikilmişdi. Əllərində paltarı ilə həmrəng nazik əlcək vardı. Sərtibin sağlam vücudu yanında o bəzəkli, lakin əl vursan dağılacaq bir kuklaya oxşayırdı. O, yüngül bir hərəkətlə səkiyə çıxdıqda, sərtib:
- Mənim dostumla tanış olun, rica edirəm, - dedi.
Şəmsiyyə gülümsəyib, əlini ona uzatdı. Fridun onun əlini tutdu. Hansı bir hissin təsirindənsə Gülnazı, Fəridəni xatırladı, onlarla Şəmsiyyə arasında nə böyük fərq vardı; onların xırmanda şana və qəlbir tuqmaqdan, evdə odun yarmaqdan, kartof soymaqdan, qazan və qab-qacaq silməkdən bərkimiş əlləri yanında Şəmsiyyənin əli sanki daima pambıq içində saxlanmış və gün görməmişdi. Fridunun əli hələ bu yumşaqlıqda ələ dəyməmişdi. Odur ki, diksinər kimi olub, tez əlini çəkdi. Bunu hiss edən qız yenə eyni sadəliklə gülümsədi, bir mara qla gözlərini süzdürdü.
- Ağanın şuğli nədir?..
Səlimi:
- Müəllimdir, - dedi, - İran ədəbiyyatı tarixini yaxşı bilir. Məsləhət görürəm.
Şəmsiyyə Fridunu başdan-ayağa bir də süzdü:
- Ağa razı olarmı?
- Məncə razı olar, deyilmi, ağayi Fridun?
Fridun aşağıdakı mənanı ifadə edən bir beytlə cavab verdi:
- Dostlara qurban getməyən baş, çiyinin üstündə ağır bir yükdür.
Şəmsiyyə gülümsədi.
- Oh, nə gözəldir. Sabahdan saat ondan on ikiyə qədər sizi gözləyəcəyəm. Bu il necə olsa gərək mütəvəssitəni* qurtarmaqda mənə kömək edəsiniz, - dedi və sərtibdən ünvanını yazmaq üçün kağız, mürəkkəb istədi.
Sərtib dörd barmaq boyda balaca bloknotu və özüyazan qələmi ona uzatdı. Qız ünvanını yazıb Friduna verdi. Çaydan sonra sərtib Fridunu qapıya qədər ötürdü.
- Başqalarını öyrət, amma özün də oxumağı unutma ha, - deyib əlini sıxdı.
***
Fəridə və ana Fridunu sevinclə qarşıladılar. O gələndə ana böyük işıqlı otaqda bardaş quraraq, cəhrə əyirirdi. Fəridə isə başladığı yun köynəyi toxumaqda idi. Onu görən kimi hər ikisi işi bir kənara atdı. Fəridə samovara od salmağa başladı. Ana, köhnə dəmir sandığı açıb, bir torba çıxartdı. Qənddanı doldurub, torbanı yenə sandığa qoydu. Ağzını qıfılladı. Fridun zarafatla:
- Ay ana, qəndi sandıqda gizlədirsən? - dedi.
- Nə edim, ay bala, deyirlər dava olacaq, qənd-zad tapılmayacaq. Ona görə bir az yığıb gizlətmişəm. Sənin kimi əziz qonaq gələndə çıxardıram.
Fəridə samovara od salıb, içəri gəldi. Fridunun “hə, necə oldu” sualına tez-tez və ağızdolusu danışa-danışa cavab verdi:
- Qoynumda gizlədib, çıxdım bazara. Birini bir misqal zəncəfil alıb əllaf dükanında qoydum, o birisini bir çüt corab soruşub, orada qoydum, amma corablar nə corablar idi, şüşə kimi işıldayırdı. Üçuncüsünü parça dükanına saldım Birini göz-göz eləyib, bir evin qapısına yapışdırdım. Qayıdanda gördüm on beş-iyirmi adam bir-birini basa-basa oxuyur. Dedim “oxuyun, bəlkə haqqın yolunu tapasınız”. Yəni Fridun qardaş, bununla dünya düzələcək deyirsən?
Fridun gülümsədi:
- Yox, Fəridə, dünyanı elə xaraba qoymayıblar ki, belə şeylərlə düzəlsin. Lakin onlar, insanlara dünyanı düzəltmək lazım və mümkün olduğunu başa salacaqdır.
Ana sözə qarışdı:
- Deməli hələ yol uzundur. Bizim xoş günə çıxmağımıza çox qalır?
- Tələsmə, ana, tələsmə. Yol nə qədər uzun olsa da insanlar onun çoxunu keçmişlər.
- Heç mən də tələsmirəm, ay bala... Canın sağ olsun, nə vaxt olar, olar. Özüm üçün deyiləm. Mənim bir ayağım burda, biri gordadır. Mən bu qızın fikrini eləyirəm. O ayaqyalın, başıaçıq uşaqlar üçün deyirəm. Deyirəm tez olsun ki, yazıqlar nə qədər cavandırlar, bir xoş gün görsünlər. Yoxsa mən acından öldüm, toxundan öldüm, təfavütü yoxdur.
Şəhərin hər tərəfində yayılmış bu yüz vərəqə, minlərlə ürəklərdə beləcə sevinc yaratmışdı. Onları, bir anlığa da olsa, həqiqət işığı ilə işıqlandırmışdı. İnsanlar bir ümidlə yaşamağa başlamışdılar. İlk addımın bu nəticəsi Fridunun qəlbini yeni və daha geniş fəaliyyət həvəsilə doldururdu...