Sərtib Səlimi uzun divarının biri tamamilə pəncərələrdən ibarət olan balaca salonda oturub, “İttilaat”ın son nömrəsini oxuyurdu. Qəzet Moskva danışıqları ətrafında London və Paris mətbuatından alınmış yazılarla dolu idi. Bu yazılarda ingilis və Fransa dövləti nümayəndələrinin tərkibindən, danışıqlardan, gözlənilən nəticələrdən, Sovetlərin ingilis-fransız təkliflərini qəbul etməyinin labüdlüyündən və sairədən danışılırdı. Bütün mühakimələrin əsasında Polşa məsələsi qoyulmuşdu. Guya ingilis və fransız dövlətləri Polşanın istiqlaliyyətini, Polşa dövlətinin mənafeyini qorumaq istəyirlər. Dünyada ən çox müstəmləkəsi olan, yüz milyonlarla insanları zülm altında saxlayan, adam alverinə yol verən bir dövlətin Polşanın “dövlət azadlığından”, “milli istiqlaliyyətdən” danışmasının mənasını sərtib yaxşı başa düşürdü. Bu gəlişigözəl sözlərdə o nə isə bir təhqir görürdü. Sanki bütün bu mühakimələr qəlbinin ən əziz hisslərini alçaldırdı. “İttilaat”ı qəzet və məcmuələr üçün salonun küncünə qoyulmuş dairəvi stolun üstünə atıb, ayağa durdu və pəncərə qabağına keçib, balkona çıxdı. Həyətə baxdı... O bu gün həmişəkindən daha dalğın və qüssəli idi. Təbriz hadisələrindən sonra hiss edirdi ki, vəzarəti kişvərdə işləməyi mümkün olmayacaq. Komisyon üzvləri əvvəlcə öz aralarında məsləhətləşib, Həmidinin hərəkətlərinin həqiqi səbəblərini yazmağı qərarlaşdırmışdılar. Doğrudan da, ərəb və maliklərin qanunsuz hərəkətləri həddni aşmışdı. Azərbaycanın iqtisadi həyatı ölmüşdü. Şəhərlər işsizlər və aclarla dolu idi. Xalqın yaşayışı dözülməz bir hala düşmüşdü. Həmidinin də istədiyi bu yolda bir tədbir görmək idi. Nəticələri yazmağa başlamışdı. Elə bu zaman, sərhəngin təklifi ilə vəzir Təbriz komisyonunun bütün üzvlərini yanına çağırıb qulaq asmış və:
- Qorxuram əlahəzrət elə düşünə ki, heyətin içində Həmidinin həmfikirləri var, - demişdi. - Gedin bir də yaxşı düşünün, əlahəzrət ərbabları və malikləri ki, kəndlinin ayağına ata bilməz.
Bu söz sanki komisyon üzvlərini məst etmişdi. Yavər Əzimidən başqa hamısı bir ağızdan Həmidini üsyankar, şübhəli, vətən xaini kimi qələmə verməyi qərara almışdı. Sərtib etiraz etmək istədikdə:
- O zaman sən fikrini aydın yaz, biz ayrı yazarıq - deyə geri durmuşdular.
Bu hal onu çıxılmaz bir vəziyyətə salmışdı. Etiqadının tərsinə olaraq, canının dərdindən Həmidini fəlakətə vermək cinayət idi. O bunu bacarmayacaqdı. Namuslu bir gənc olan Hafizini də bu işə qoşmaq istəmirdi. Təklikdə də fikrini yazsa sərhəngə dəstavüz vermiş olacaqdı. Çünki Həmidinin məhkəməyə çəkilib, cəzalanacağını işlərin gedişi göstərirdi. Həmidi rəsmi cəzalandıqdan sonra, sərhəng mütləq sərtibin rəyini ortalığa çıxarıb, işi dolaşdıracaqdı. Nə etməli? Bilmirdi. Bunlar az imiş kimi, bu yandan da almanlar məsələsi ortalığa çıxmışdı. Alman müşaviri adına vəzarətdə səkkiz adam oturmuşdu. Onlar şöbələrin hər günlük işinə qarışır, nahiyyə rəislərindən tutmuş, nəzmiyyə başçılarına qədər bütün vəzifələrdə olan adamları yoxlayır, şübhəli və satqın şəxsləri bu vəzifələrə göndərməyi tələb edirdilər. Sərtib bu qanunsuz işlərə açıq etiraz edənlərdən idi. Lakin “müşavirlər” bu etirazlara qulaq asmayıb istədiklərini həyata keçirirdilər. Sərtib bu hala dözə bilməyib, onların şöbəsinə müşavir olan Zalkindin qolundan tutmuş və otaqdan çölə ötürmüşdü. Bunun üçün də vəzir ona ikinci dəfə xəbərdarlıq etmişdi.
Son günlər vəzarətə getmək, ona cəhənnəmə ayaq basmaq kimi ağır gəlirdi. Axşam da özünü kefsiz hiss etdiyindən evdən çölə çıxmamağı qərara almışdı. Sərtibin ağır ruhi vəziyyət keçirdiyini bilən Tehran ziyalı və zabitləri arasındakı dostları və həmfikirləri onu tək buraxmırdılar. Hər axşam evinə gəlir, söhbət edir, dərdləşir, bir çıxış yolu tapmağa çalışırdılar. Qapının döyülməsindən yenə gələnin bu dostlardan olduğunu bildi. Həyətdə üzüm tənəklərindən düzəlmiş talvarın yan-yörəsini hamarlayan qoca bağbana:
- Əmi, - dedi, - qapını aç.
Bağban qapını açıb, yavər Əzimini qarayaxa* bir adamla içəri buraxdı. Sərtib onları gördükdə tələsik balkondan keçdi və oradan enli kərpic pillələrlə aşağı endi. Pillələrin ayağında dostlarını qarşıladı...
- Salam, ağayi Hafiz Biluri, - deyib özündən çox yaşlı, başının qalın tükləri tamamilə ağarmış, üzündə qırışıqlar əmələ gələn adamın əlini sıxdı və yavər Əzimiyə döndü:
Azca yana çəkilib, Hafiz Bilurini “buyurun” deyə hörmətlə qabağa ötürdü və yazər Əzimiyə müraciət etdi:
- Hə, necəsən, ağayi yavər Əzimi?.. Gözümə pis dəymirsən. Maşallah, gün-gündən açılırsan...
Yavər Əzimi adəti üzrə əlini nazik qara bığına çəkib gülümsədi və heç bir söz demədi.
Onlar salona çıxdılar. Sərtib qoz ağacından qayrılmış müstəqim şəkilli nərd stolunu aralığa çəkdi.
- Siz bir hünərinizi yoxlayın, mən də deyim çay hazırlasınlar.
Hafiz Biluri oturmamış salona nəzər saldı. Kəllə divarda böyük çərçivəli Rza şahın əksi asılmışdı. Yandan çəkilmiş bu şəkildə onun yalnız birçəyi, hara isə baxan acıqlı gözü və üzünün bir tərəfi görünürdü. Salonda bundan başqa şəkil yox idi. Şəklin altında, yerdə, rəngarəng Kirman xalısı üzərində zərlə işlənmiş üç ayaqlı xırda bir stol dururdu. Onun üstündə fil sümüyündən yonulmuş məşəl tutan bir insan əlinin təsviri vardı. Şüur və elm rəmzi olan məş əl yaqutla bəzəndiyindən canlı alov təsiri buraxırdı. Salonun orta divarına kitablarla dolu bir şkaf söykənmişdi.
Yavər Əzimi nərdin daşlarını səliqə ilə yığıb “buyurun, ağayi Biluri” - deyə qoca müəllimə müraciət etdi.
Bu zaman sərtib də qayıdıb gəldi. Yavər Əzimi hörmət üçün yerini ona verib, başqa bir stul çəkdi və yanda oturub, maraqla oyunu izləməyə başladı. Onlar nərdi daima qızğın bir həvəslə oynayırdılar. Lakin bu dəfə nədənsə oyun çox soyuq keçirdi. Heç kəsin səsi çıxmırdı. Sərtibin diqqətsiz oynadığını görən Biluri nərdi qatladı, onun Təbriz məsələsində nə qərara gəldiyilə maraqlandı. Sərtib dalğın gözlərlə yoldaşlarına baxdı:
- Hələ ki, düşünürəm.
Biluri məsləhət təriqilə:
- Bəlkə heç şey yazmayasınız, - dedi, - onda necə olar?
Sərtib Bilurinin məsləhətini rədd etmək istəmədiyindən, birdən-birə cavab vermədi. Siqar çıxarıb, onlara təklif etdi və özü də birini alışdırdı. Tüstünü havaya buraxıb:
- İnsan öz təbiətinə sadiq qalsa yaxşıdır, - dedi. - Mən çox düşündüm və bu qərara gəldim ki, nə olacaq-olsun, ölümdən oyana ki bir şey yoxdur. Öz fikrlmi yazacağam. Mən heç vaxt qorxaq olmamışam.
Yavər ona tərəfdar çıxdı.
- Elə yaxşıdır; dünyada ancaq mərdlik qalacaqdır. İkimiz, ayrıca fikrimizi əlahəzrətə yazarıq:
Sərtib qəti səslə:
- İkimiz yox, təkcə mən! Sən hələ, cavansan, yerində otur.
Biluri:
- Tədbir də lazımdır, ay cavanlar, - dedi, - tədbir də... Bnr yerdəki biz yaşayırıq, tədbirsiz dolanmaq çətindir, Vətən, millət yazıqdır, beş-üç qeyrətli oğlu var, o da tədbirsizlikdən puç olub getsə nə faydası. Bəlkə bir də vəzirlə danışasan?
Sərtib səbirsiz cavab verdi:
- Heç bir xeyri yoxdur, vəzir həqiqətdən çox uzaq adamdır.
Sərtib birdən ayağa qalxdı. Gedib Rza şahın şəkli qarşısında durub baxdı, baxdı və geri döndü:
- Bədbəxtlikdir, ağalar, bədbəxtlikdir. O, təkdir, bütün bu rəzalətlərdən də xəbərsizdir.
Yavər Əzimi bir təəssüflə:
- Deməli belə şeylərdən onun xəbəri yoxdur? - deyə soruşdu.
Sərtib tam inamla:
- Əlbəttə yoxdur, - dedi. - Onunla millətin arasını görün nə dəhşətli bir divar kəsir. Sərhəng Səfai, Həkimülmülk, Hikmət İsfahani, satqın vəzirlər və vəkillər, hiyləgər səfirlər... Ah, bircə bu divar uçulaydı, əlahəzrətin ətrafına namuslu vətənpərəst adamlar yığışaydı, görün onda o, İranı necə tərəqqi və yüksəlişə aparardı!...
Adətən sakit və soyuqqanlı olan Biluri bu hissin təsirilə qızğın bir hərəkətlə ayağa durdu. Məşəl tutmuş insan əlinin təsvirini götürüb, bir anda bütün məmləkəti işıqlatmaq istər kimi, irəli və yuxarı qaldırdı:
- Qurtuluş ancaq elmin ziyasındadır, mədəniyyətin nurundadır, - dedi. - Şah da, kəndli də, hamı oxumalıdır. Cəhalətdəndir ki, vəzirimiz mənsəbpərəstdir, tacirimiz pulpərəst. Həqiqət və namus ancaq rəncbərdə və kargərin* həyatında qalıb, heyif ki, onların da ürəyi əli kimi kobuddur, fikri həyatı kimi dumanlıdır. Bircə elm bizi bu münasibətlərdən qurtara bilər. Gözümüzə həqiqət işığı gətirər. Vətəndaşlar hamısı oxumuş olsa vətən də rövnəq tapar. Şahı da, vəziri də, taciri də, kəndlisi də bir fikirlə yaşar, əl-ələ verib, vətəni yadların ayağı altından qurtarar.
Səlimi üzünü divardan asılmış şəklə tutdu:
- Məgər o da bunu istəmir?.. Bizi mollaların əlindən, şəriətin qanunsuz hökmlərindən o qurtardı. Məmləkətə yollar çəkdi, arvadlarımızın başından qara çadranı götürdü. O da sən deyəni istəyir, bəradəri-mən. Amma qoymurlar... Ətrafını əxlaqı pozğun və millətini sevməyən xainlər bürüyübdür!..
Yavər Əzimi:
- Kaş ki, elə olaydı, - deyib, köksünü ötürdü və danışdıqca hər sözünə sanki qanının bir zərrəsini qatan, sədaqətlə, inamla çırpınan sərtibə nə isə ürəyi yandı qəlbən yazığı gəldi.
***
Sərtib Səlimi təəccüb edirdi: nə münasibətlə Hikmət İsfahani onu gözlənilmədən çaya dəvət etmişdir!.. Bu sərtibin Şəmsiyyəyə olan məhəbbətinə hüsn-rəğbətin ifadəsi idimi? Yoxsa burada başqa bir səbəb vardı? Zərkəndədə Hikmət İsfahaninin bağına gəlməmiş sərtibdə bu görüşə bir maraq və həvəs oyanmışdı. Uca hasarlarla dövrələnmiş bağların yanından keçərək, maşınını Hikmət İsfahaninin bağının geniş darvazasında saxladıqda, Kürd Əhmədi oradan çıxan gördü. Sərbəstliyi, töməllüqdən və yaltaqlıqdan uzaq olduğu üçün Kürd Əhmədə onun daxili bir hörməti vardı. Səmimi salamdan sonra:
- Heç görünmürsünüz, ağa! - dedi, - hərdənbir dostları yad etmək pis olmaz.
Sərtibin şəxsən nəcibliyini bilsə də vəzifə adamlarından ümumən yan qaçan Kürd Əhməd ötəri cavab verdi:
- İxlasımız var, sərtib... Qulluğunuza həmişə hazırıq.
Sərtib, ağanın yanında kimlər olub-olmadığını soruşdu. Kürd Əhməd bilmədiyini, ağanın onu da ayaq-üstü, elə qapı ağzında qəbul edib, yola saldığını deyərək ayrıldı. Sərtib “bəlkə bu günlərdə bir yanınıza gəldim” deyib, daha artıq bir maraqla darvazadan içəri keçdi. Lakin bağa girib uzaqdan Hikmət İsfahaninin yanında alçaqboylu, dazbaşlı bir adamı görən kimi, bu maraq öldü. Yerini bir peşmançılığa verdi.
Hikmət İsfahani əl ağacının dəstəsini sol qoluna keçirmiş, sağ əli ilə fon Valterə nə isə göstərib danışırdı. Fon Balterin bütün səylərinə baxmayaraq, onunla görüşdən dəfələrlə boyun qaçırmış sərtib bu dəfə də dönüb, getmək istədi. Lakin Hikmət İsfahaninin səsini eşidib, tələsik yaxınlaşdığını gördükdə qalxmağa məcbur oldu.
- Ağayi sərtib, buyur, tanış ol, dostumuz fon Valterdir, - deyib Hikmət İsfahani onları bir-birinə təqdim etdi. Sərtib gizlədə bilmədiyi bir soyuqluqla əlini fon Valterə uzatdı. Lakin fon Valter aralarında heç bir şey olmamış kimi, bərk-bərk onun əlini sıxdı və hətta zarafat da etdi:
- Şərqlilər adətən isti olurlar, lakin sərtibin əli çox soyuqdur.
Sərtib onunla söhbətə girişmək fikrində olmadığından, cavab vermədi. Hikmət İsfahani bunu fon Valter üçün bir hörmətsizlik bilərək, özü tez sözə qarışdı:
- Sərtibin istisi içəridədir, - dedi, - ucadan güldü. Fon Valter əllərini seyrək tüklərə çəkib, danışığı kəsilməyə qoymadı.
- İçəridən gələn od yaxşı od olur...
Sərtib yenə bir söz demədi.
Ağacların arasilə düşmüş balaca cığırlarda gəzməyə başladılar. Hikmət İsfahani Berlin radiosunun farsca verilişlərindən söz saldı:
- Bizim camaat avamdır, çox şeyi bilmir, dünyadan xəbəri yoxdur. Nazilərin* də adını eşidib, amma nə istədiklərini yaxşı düşünmür. Berlin radiosu bu barədə farsca bir az çox desə yaxşıdır. Yoxsa avam camaat elə bilir ki, elə alman deyəndə bu da ingilisin, amerikanın tayıdır.
Fon Valter gülümsədi:
- Sizin bu arzunuzu mütləq cənab Göbbelsə yazaram. Ağayi sərtib necə baxır, bizim radioya qulaq asırlarmı?
Sərtib fon Valterin uzun qaşları altından gərgin bir baxışla onu izlədiyini gördü. Bu dəfə bilavasitə söylənmiş sualı cavabsız buraxmadı.
- Müntəzəm qulaq asa bilmirəm.
Hikmət İsfahani:
- Heyif, heyif, - dedi, - qulaq asmaq lazımdır, mən heç birini də buraxmıram. Lap qumarbaz kimi, vaxtı çatanda qulağım geyişir.
Sərtib gülümsədi:
- Adətkərdə olmusunuz, ondandır. Axı hər adətdə bir tiryək xasiyyəti var. Öyrəndin, daha əl çəkə bilmirsən.
Sərtibin hər söz və ifadəsinə fikir verən fon Valter alman təbliğatını tiryəklə müqayisə etməsini də diqqətsiz buraxmadı. Lakin öz adi halını pozmayıb, bu sözləri heç bir xüsusi mənası olmayan bir şey kimi qarşıladı. Hikmət İsfahani isə sərtibin danışmağa başlamasından sevinərək, gülə-gülə:
- Vallah, lap düz deyirsən, - dedi, - radiodur, ruznamədir, bunlar elə məşrubət kimi bir şeydir. İstemal edəndə başını ağrıdır, eləməyəndə darıxırsan.
Fon Valter zərbənin istiqamətini dəyişmək istədi:
- Doğrudur, dünyada tiryəkə və məşrubata oxşarı olan radio və qəzetlər çoxdur. Lakin alman radiosu elm və siyasətin həqiqətlərini bəşəriyyətə çatdırır.
Sərtib:
- Məsələn, nəjad* nəzəriyyəsi kimi, - dedikdə Hikmət İsfahani çəp-çəp ona baxdı, fon Valter isə özünü bu sözlərdəki istehzanı sezməmiş kimi göstərib ciddiyyətlə:
- Tamamilə düzdür, - dedi. - Ağayi sərtib, nəjad nəzəriyyəsi, o, alman fikrinin böyük qələbəsi və bəşərin qəti ixlas yoludur.
“İrq nəzəriyyəsindən” heç bir şey anlamayan Hikmət İsfahani, həm təsdiq etmək, həm də söhbəti dəyişmək fikrilə:
- Bəli, bəli, - dedi, - bu nəjad məsələsi böyük məsələdir. Bəşəriyyət o zaman yaxşı yaşayacaq ki, yer üzündə azad get-gəl olsun, ticarət olsun.
Fon Valter onun sözünü kəsdi:
- Bəşər tarixi nədir? Millətlər, irqlər, tayfalar davası. Qan, qan, qan! Biz birdəfəlik bu qanları qurudacağıq. Ağayi sərtibin əqidəsi necədir?
Sərtib fon Valterin gözlərində bir çağırış gördü. Onunla uzun mübahisəyə girməyi faydasız saydığı kimi, sözlərini cavabsız buraxmağı da qeyri-mümkün hesab etdi. Çünki bu, fon Valteri ümidləndirə bilər, gələcəkdə də sərtiblə görüşmək təşəbbüslərinə sövq edərdi. Onun bu ümidini birdəfəlik qırmaq lazım idi.
- Millətlər, irqlər arasında əbədi sülh ancaq tökülən qanları quruda bilər. Nəinki ədavət, kin.
- Lakin hər millətin öz yerini bilməsi şərtilə.
Sərtib qəsdən onun bu sözlərinə başqa məna verdi:
- Əlbəttə, hər millət öz evində oturub, öz işlərini idarə etməsə bəşərin rahatlığı mümkün deyil... Hər kəs öz evində, öz zövqünə müvafiq yaşamalıdır. Başqasının evinə soxulmaq və orada hökmlər vermək məncə alçaq əməldir.
Fon Valter tez-tez əllərini başına çəkdi, qəti sıçrayış zamanı çatdığını gördü.
- Sərtib, siz ağıllı adamsınız, millətinizi sevirsiniz və sülh istəyirsiniz. Biz sizə dostluq və sülh təklif edirik.
Sövqi-təbii ilə söhbətin nə yerdə olduğunu duyan Hikmət İsfahani:
- Dost olun, ittifaq bağlayın, qardaş, ədavətdən nə çıxar, - deyib bir əli ilə sərtibin, bir əli ilə də fon Valterin əlindən tutdu və birləşdirmək istədi. Fon Valter əlini sərtibin əlinə yaxınlaşdıraraq:
- Almanlarla dostluqdan zərər çəkməzsiniz, - dedi, - bu dostluq sizi elə bir dərəcəyə qaldırar ki, İranın hər guşəsindən baxan göz sizi görər.
Sərtib, alverə öyrənmiş bir tacirin onu pis bir müamiləyə çəkməsindən doğan ikrah hissilə geri çəkildi:
- Əlinizi başqa yerə uzadın, cənab fon Valter, - dedi, - mən vətənimi satmağa öyrənməmişəm!..