Axşamın tunc üzü –
heykəl sükutu,
Göylərdə parça-parça
qorxu buludu,
İçimdəki həsrətdən,
üşəndiyim təklikdən də
qaradır,
İsa kimi
çarmıxa çəkilən buludları
Düşürən olacaqmı?
Mələk qanadlı yalanlar
fırlanır həndəvərində,
Açsam pəncərəni
otağıma dolacaqmı?...
Topa-topa qaranlıq
fırlanır göy üzündə,
Sındırılmış bir şimşək
gizlənibdi gözündə.
Təyyarə qanadlarının
kölgələri görünür,
Buludlarda qurğuşun sürünür;
Qurğuşun yağmurundan
qoruna biləcəkmi adamlar?
Ac qalan atomlar
buludlardan sallanır.
Ölüm qorxusu çoxaldıqca
həyat ballanır...
Bu bahar
qırıldı bal arıları,
Çiçəklər yetim qaldı.
Dünya yetim qalacaq
insanlar olmayanda.
Qoymayın dolsun buludlar,
boşalmağa nəyi olacaq
dolmayanda.
Qəzetlərdən yüyürür üstümə
qaranəfəs xəbərlər.
Qaçqınların naləsi,
uşaqların hıçqırıq səsi,
Qonşuların
hədəsi...
Qalxıram barmaqlarımın ucuna, -
buludu tutam bəlkə,
Cırıb atam göylərin
bu gecə köynəyini,
Ulduzların gümüşü işığından öpəm,
Dünyaya ulduz işığı səpəm...
Çiçəkləyə sərhəd dirəkləri,
tikanlı bir gül ola.
Dərib bu çiçəkləri
düzələm yola.
Düzəm həsrətimin
torpağına, daşına;
Bir çiçək də aparam
Təbrizə, -
Azərbaycan məktəbinin açılışına...