O gecə tor atdım dənizə,
Dəniz, gecə,
xırdaca balıqlar,
ulduzlar
süzüldü tordan...
Bəyaz bir su pərisi çırpındı
hörümçək toruna düşmüş
kəpənəktək.
Çırpındı, çırpındı,
Bomboz libas geydi qumlardan.
Qırdım ipək sapların ilməsini,
Kəsdim ləpələrin sözünü, kəlməsini
aldım su pərisini əlindən...
Öpdüm ipək saçların
nəmli şırımlarından,
Yaxın qumlar eşitdi pıçıltılarımızı,
İpək saplar kəsə bilmədi aramızı,
Yüyürdü dalğalar,
Süründü ləpələr,
Əzildi qum təpələr,
Gövlər ulduz-ulduz deşildi,
Sahil eşim-eşim eşildi,
Sonra...
Dalğalar peşmən qayıtdı,
Ləpələr yatdı,
Qum təpələr yayıldı,
Göylər ulduz-ulduz söndü,
Sahil ləpir-ləpir ütüləndi...
Dənizə qayıtmaq istəmədi su pərisi,
Adama çevrilmişdi qalan yarısı;
Sakit-sakit baxırdı qızaran göyə,
Balıqlar lap yaxına gəlmişdilər,
Qulaqlarını atmışdılar sahilə
Bir şey eşitsin deyə...