Ay işığında soyuq bir kədər,
Son nəfəsdə nənəmin üzündə
görmüşdüm bu işığı...
Ayın altında
çinarların gümüşü yarpağı,
Suların gümüşü axışı,
Qorxunun bıçaq parıltılı baxışı
Süd qoxulu səhərin
ölümüymüş demə.
Səni gördüm, ay işığı,
Öldürdüyüm bir ümidin
yaşarmış gözlərındə.
Bir xatirənin
yaddaşıma möhürlənən izlərində;
İlk dəfə qorxdum işıqdan,
Nigaran qaldım oğul-uşaqdan...
Bu sakit gecənin
soyuğunda sükut.
Ürəyimdə isti bir həsrət
döydü sinəmi,
gözlədiyim qonaq kimi.
Açdım qapıları üzünə taybatay,
Qapının o üzündə ay,
Bu üzündə kölgəıni döşəməyə sərmiş
ay işığı.
Yazığım gəldi kölgəmə,
Kölgə deyil,
ürəyimdəki qorxu imiş sən demə.
Atasının əlindən tutmuş
qorxaq uşaq kimi
qaranlığa keçməyə qorxurdu,
Ölən adamların şəkli kimi
Hara gedirdimsə
ay baxırdı.
Pəncərəmdə ay,
Qapımda ay,
Üstümdə ay işığı;
O gün dəyişmişdi əllərimin rəngi
Qara bir tabutdan uzanan
ölü əlləri kimi...
Çıxdım əllərindən birtəhər
İçimdə tənha bir qəhər...
Gün çıxdı,
əritdi ay işığını
ulu bir səhər.
Mürgülü gözlərimdə
qorxulu bir yuxu qarışığı;
Son nəfəsdə
nənəmin üzündə
görmüşdüm səni, ay işığı,-
Hardan gəldin yuxuma?...