Bu il baharı görəcəyəm, deyəsən,
Bu qara asfalt,
bu beton evlər
yamyaşıl göyərəcək;
Acıdil bir adamın
çaşıb dediyi xoş söz kimi...
Səkilərdə bənövşələr bıtəcək.
dağlardakıtək
qərib utancaq.
Küçələrdə kağız yerinə
bənövşəyi ləçəklər uçacaq.
Bağlanacaq çiçək dükanları.
(qaralsa da gülsatanların qanları)
küçələr çiçəkləyəcək.
Susacaq tramvay gileyi,
Çinara dönəcək işıq dirəyi,
Yuva qurub bir budaqda
bahar haqda
nəğmə deyəcək şəhər bülbülləri.
Düşüb çiçəklərin üstə
şehə dönəcək
süpürgəçi qadının alın təri...
Bulağa dönəcək su dükanları,
Çiçək açacaq növbələrdə bitən
söz tikanları,
Reyhanlarla bəzənəcək
meşin qapıların kandarı.
Bu il baharı görəcəyəm deyəsən,
Bahar qayğısız bir uşaq kimi
üzümə güləcək hər yerdə;
Bu asfaltlı,
betonlu,
Küləkli şəhərdə...