Gözü yumuludur bu gecənin,
Çəkilib öz dünyasına.
İşıq-işıq oyanır pəncərələr
Düzülür evlərin mərtəbə sırasına...
Gözü yumuludur bu gecənin,
Ayağının altında
cığır itir, iz itir,
Gözbağlayıcı kimidir,
örtüyü altında
qaralıb mavi dəniz itir.
Gözü yumuludur bu gecənin,
Laylay örtür uşaqların gözlərini,
Yuxusuzlar
yıxıb çarpayıya özlərini
Şirin bir uyğu həsrətində.
Lunatiklər aya doğru yeriyir,
Gözlər yuxu içində,
ayaqlar öz sürətində.
Gecənin pəncərə dişlərindən
səssiz gülüş tökülür,
Pəncərələr söndükcə
elə bil
gecənin dişləri çəkilir...
Ağrıdan yumub gözlərini bu gecə
Gözüyumulu yeriyir
işıq dirəklərini
əl ağacı kimi
səkilərə döyə-döyə.
Bu gecəni
bir xəstə gözlərində
xərəyə qoyub
səhərə aparacaqlar.
Hələ ki,
gecənin əllərini qızdırır
korun-korun yanan ocaqlar;
Yumub gözlərini tüstü acısına
Üşüməkdən qorxur bu gccə.
Qara bir şəlalətək
içinə axır bu gccə.
Qaranlığı alıb əlinə
adamlardan süpürür küçəni,
Tənhalığımdan xəbəri yox,
Gözü yumuludur bu gecənin...