Mələkim, qayeyi-eşqim, gözəlim, canlı gülüm,
Könlümün nəşəli peymanəsi, atəşli meyi,
Hardasan, yandı ürək, yandı cigər, yandı dilim,
Ey yanıq könlümün avazəsi, suzişli neyi.
Pərtövi-hüsnünü sac nəcmi-dürərbarlərə,
Ləmələnsin hamısı nəyyiri-rüxsarından,
Asiman pərdeyi-şəbrənkini töksün də yerə,
Parlasın pərtövi-rüxsari-ziyadarından.
Kəsmə məndən nəzərin, ey pəriyi-amalım,
Eşqimin qayəsi, ey taleyim, ey iqbalım,
Hardasan, aç üzünü, bircə də gəl, sor halım,
Bağlıdır şəfqəti-canbəxşinə hər əhvalım.
Görməyincə səni dildə gedəcək səbrü qərar,
Həsrəti-ruyin ilə sızlayıram leylü nəhar,
Bil ki, bir canlı ölümdür mənə sənsiz bu həyat.
Mənə sənsiz yaşamaq mümkün olurmu? Heyhat!