Eylədikcə vəslini, ey nazəninim, mən xəyal,
Bədr ikən, hicrin məni incəldib etmiş bir hilal,
Qorxuram keçsin günüm həsrətlə, etməzdən tülu,
Asimani-ömrüm içrə başlasın nagəh zəval.
Düşmədən dürd ilə həmtərkib ol mey camına,
Ey pəri, ləli-ləbindən busə almaqdır mahal.
Rəhmə maildir gözün istər məni etsin xilas,
Qaşların tiğilə qəmzən etmək istər payimal.
Dil verib rüxsari-alın həm gözüm, həm könlümə,
Onların mabeyninə salmış bu üzdən qeylü qal.
Niyyəti-vəslinlə Quran ağzı açdırdım vəli,
Vəh nə xoşdur ayeyi – “səbrən cəmilən” gəldi fal1
Görcək ol məhparəni aç söylə sirri-eşqini,
Pərdeyi-ixfanı cır at, olma Bədri, nitqi lal.