Su göz yaşından duru,
Ləpəsi, dalğası yox.
Ürək kimi ilıqdır,
Nə istidır, nə soyuq.
Bura nə tor atan var,
Nə də tilov sallayan.
Nə sahil qumları var,
Nə də minillik qaya.
Qəlbi kimi sağı da,
Solu da soyuq şüşə,
Ümmandan qaçanları
Belə gördüm həmişə:
Balığın dünyadan xəbəri yoxdur.
Pəncərə qabağında
Qayğı yuxusundadır.
Bu üzdüyü sularda
Yoxdusa yosun dadı
Yadına da düşməyir.
Ömürdən arxayındı, -
Başqa balıqlar kimi
Tavada ki, bişməyir.
Anlamayır hələ o.
Gərəksizlik dərdini.
Arxayın ömür sürmək
Çox böyük hünərdimi?
Balığın dünyadan xəbəri yoxdur.
Yem qayğısı çəkən var,
Böyük balıqlar üçün
Özü yemə dönməyir.
Qasırğada, tufanda
Daşa dəyib ölməyir.
Sakit yaşamaq üçün.
Bir cam su da bəsidi,
Bu su ona dünyadı,
Bütün Yer kürəsidi;
Balığın dünyadan xəbəri yoxdur.