Yasında ağlaya bilmədim, ana,
Boşalda bilmədim
daşlı ürəyimin ağrısını.
Deyə bilmədim
ayrılığın acısını;
Həsrətlə süzdüm
saçlarını yolanları,
gözləri dolanları.
Oğul kimi yox,
Qonşular kimi də
ağlaya bilmədim barı...
Elə bil məni ağlayırdılar,
Hamı üzümə baxırdı
gözlərini sıxa-sıxa,
Onlar nə biləydilər
mən çoxdan ağlamışam
yalqız anasızlığa...
Gözlərimi quru görüb
ürək-dirək vermədilər,
Köksümdə qırx il
“Ana” deyib ağlayan
ürəyimi görmədilər...
Ana şəriki olduğum qardaşlarım da
dərdlərini bölmədilər.
Bölünməli nəyimiz vardı?
Olanmızı da –
Ananımızı da
tabuta qoyub
ölüm apardı...
... Bu yazın ilk səhəri
əkinə başlamışdı el-oba,
Günəş isindikcə
soyuyurdu evlərdəki soba.
Toxum səpirdilər tarlaya,
Şitil əkirdilər bağa,
Bizsə qol-budaq atandan sonra
kökümüzü qoyduq torpağa.
Daha boynunu qucaqlamağa
əlimiz çatmayacaq,
Üstündə bir daş göyərdi
qol-budaq atmayacaq...