Səhər seyri-çəmən qıldım, gülü minayə bənzətdim,
Fəzayi-busitani,[i] bilmədim, səhrayə bənzətdim,
Camalın görcək ol yari mələk-simayə bənzətdim,
Nəzər qıldım, qaşın taqin çəkilmiş yayə bənzətdim.
Xumarlanmış gözün bir nərgisi-şəhlayə[ii] bənzətdim.
Könül çox təng olub, ol dəmdə seyri-gülstan etdi,
Həvasım[iii] payımal oldu, sərimdən əqlü huş getdi.
Dilim yüz iltica ilə visalini soraq etdi,
Vurub badi-səba gül çöhrədə zülfünü dağıtdı,
Səhabi-tirədən[iv] etmiş tülu çün ayə bənzətdim.
Yetişdi ərşi-əlayə,[v] məni-bidil çü ah etdim.
Cahani-rövşəni bəxti-zəbunim tək siyah etdim;
Baxıb rüxsarına yarın, şəbihi-Mehrü Mah[vi] etdim,
O zülfi-müşkübarə dövri-ruyində nigah etdim,
Xəyali-müşki-Çin etdim, şəbi-yeldayə bənzətdim.
Tamaşa eylədim cananıma, çünki məni-müztər,
Dedim: ey bəh, nə xoş xəlq eləyibdir xaliqi-əkbər![vii]
Cahana gəlməyibdir bir bunun tək məhliqa dilbər,
Dili bülbül, dişi lölö,[viii] dodağı qönçeyi-əhmər[ix]
Dəhani-binişanın[x] dürri-bihəmtayə[xi] bənzətdim.
Yaxıb şəmi-vüsalə, canımı pərvanə etdim mən,
Camalın vəsfini dildə əcəb əfsanə etdim mən,
Könül mürqinə[xii] ol zülfi-siyahi lanə etdim mən,
Ləbin küncündəki xali xəyali-danə etdim mən,
Cəmalini o dildarın güli-həmrayə bənzətdim.
Təalallah, nə xoş xəlq eyləyibdir xaliqi sübhan.
Məgər eyni mələkdir, vərnə[xiii] olmaz bir belə insan;
Çıxıb, seyri-gülüstanə, edib yüz naz ilə cövlan,
Qədəm basdıqca gülzarə, o dilbər çün məhi-taban,
Nəhali-qamətin[xiv] sərvi-səhi-balayə[xv] bənzətdim.
Qəmim əğyardən hərçənd gizlətdim, nihan etdim,
Görüb payanə yetməz eşqimin sirrin bəyan etdim.
Gecə ta sübh olunca nalə çəkdim, əlaman etdim,
Səhər vaxtı olub diltəng əzmi-gülstan etdim,
Çü Heyran nalə etdi, bülbüli-şeydayə bənzətdim.
[i] Fəzayi-busitan – Bustan sahəsi.
[ii] Nərgisi-şəhla – Açılmış nərgiz gülü (gözlərə işarədir).
[iii] Həvas – Hisslər.
[iv] Səhabi-tirə – Qara bulud.
[v] Əriş-əla–Uca göy.
[vi] Şəbihi-Mehrü Mah – Günə, Aya oxşar.
[vii] Xaliqi-əkbər – Böyük yaradan.
[viii] Lölö – Mirvari.
[ix] Qönçeyi-əhmər – Qırmızı qönçə.
[x] Dəhani-binişan – Kiçik ağız; gözəlin ağzının kiçikliyinə işarədir.
[xi] Dürri-bihəmta–Bərabəri olmayan nadir dürr.
[xii] Mürq – Quş.
[xiii] Vərnə – Yoxsa, əks halda.
[xiv] Nəhal – Cavan ağac, fidan.
[xv] Sərvi-səhi-bala – Uca boylu sərv.