Ah neyləyim, o dilbər bilməm hayana getdi,
Ruhum da bu fəraqi edib, bəhanə getdi.
Həsrətdən Yəqub kimi göz yaşı tökdüm ancaq,
O ay üzlü Yusifim yəqin Kənanə getdi.
O dilbər şadmı getdi, yoxsa görən mənim tək
Bu ayrılıq oduna ya yanə-yanə getdi?
Mən göz yaşı axıtdım, bahar buludu oldum,
O qönçə tək güləndə od saldı canə getdi.
Bir gül dərməkdi arzum vəslindən o dilbərin,
Bu həsrət ilə əfsus ömrüm xəzanə getdi.
Nədən o məh cəmalım əğyarə həmdəm oldu,
Qəlbimdə zülflərindən qoyub nişanə getdi.
Sən ey gözəllər şahı, rəhmin gəlsin Heyrana,
Bir gün deyərlər o da qeyri cahanə getdi.