Əsiri möhnəti-hicran mənəm, mən,
Qəribü zarü sərgərdan mənəm, mən.
O gülzari-vüsalindən uzaqda,
Çü bülbül ruzi-şəb nalan mənəm, mən.
Nə mənzil, nə məkan, nə xaniman var,
Cahanda xəsteyi-dövran mənəm, mən.
Sənin hicrin ilə, ey şəmsi-taban,
Bulut tək daima giryan mənəm, mən.
Bu məclisdə olub pərvanə misli,
O nari-eşqilə suzan, mənəm mən.
Əsiri-zülfün içrə yox mənim tək,
Sədaqətlə sənə qurban mənəm, mən.
Qanıma təşnəsən sən ey sitəmkar,
Üzünə valehü Heyran mənəm, mən.