Bülbül tək qəmindən nalanəm, ey gül!
Naləmdə məşhuri-dövranəm, ey gül!
Bu şəmi-ruyinə daim dövr edən
Yazıq pərvanə tək suzanəm, ey gül!
Artmaqda möhnətim saət-bəsaət,
Eşqində bitabü təvanəm, ey gül!
Min Dəclə axıdır qanlı göz yaşım,
Daima didəsi giryanəm, ey gül!
Göz yaşım axdıqca sel kimi çoşur
Hər zaman mövcidi-tufanəm, ey gül!
Sərəfraz edərsən mehmanım olsan,
O xaki-payinə qurbanəm, ey gül!
O zaman fələkə yüksələr şənim,
Diyari-eşqdə sultanəm, ey gül!
Qoy bəlan bu yazıq canimə gəlsin.
Qarşında bəndəyi-fərmanəm, ey gül!
Bütün dünya bilir ki, əzəl gündən –
Mən sənin ətrinə Heyranəm, ey gül!