Səba, səndən ricam vardır yaxasın get aç ol yarın,
De, rəhm etsin, düyünləşmiş işi bu aşiqi-zarın.
Əgər İsa kimi tazə həyat vermək dilərsənsə,
Gül hərdən bir, danış yarım, gülər olsun o rüxsarın.
Kəməndi-zülfünə salma, məni sıxma, qəmər üzlüm,
Əzəl gündən dilər bülbül səfasını çəmənzarın.
Mənim qətlim üçün bil ki, kifayətdir nazın, canan,
Əgər öldürmək istərsən, açılsın gül dodaqların.
Mən hicran xəstəsi oldum, dəva-dərman vüsalındır,
Cəfa çəkdim, yetər artıq, cavab istər cəfakarın.
Ziyan yox, köynəyin, zülfün düyünlü qalsın ey dilbər.
Heç olmazsa de: “Qoy ölsün, yazıq Heyran, ziyankarın”.