Gözəl yarım götür üzdən niqabın,
Əyan olsun üzü qoy afitabın.
Təmənna etmişəm, dilbər, xudadan,
İki dünyada olsun kamiyabın.
Fəraqından olubdur günlərim tar,
İtirmişdir vücudum çünki, tabın.
Sifariş eyləmişdin qasidinlə
Sevincimdən dilim tutmur cavabın.
Günüz vəslə yolum yox, oğrular tək
Gecə röyadə ollam vəsli-xabın.
Ürək qanım sənin gülgün meyindir,
Olub, ey yar, könül mürğüm kababın.
Yəqin qəlbin sənə bəxş etmiş Heyran,
Odur ki, bitməyir dərdin, əzabın.