Çəməndə sən kimi bir sərvi-xuraman yox idi.
Nə də mən tək belə bir aşiqi-nalan yox idi.
Deyildi özgələr onda siyah zülfünə bənd,
Telindən özgə mənimçün bir aşiyan yox idi.
Edə bilməzdi könül mülkünə biganə güzər,
Vəfadə, sən kimi bir yari-mehriban yox idi.
Hanı o nəşəli dəmlər ki, nəvazişli idin,
Sirri bir həmdəm idik bu qəmi nəhan yox idi.
Əsiri-eşqin olan dəmdə könül göylərdə,
Kainatda nə günəş, ay, nə kəhkəşan yox idi.
Əsir edib məni əvvəl kənar edirsən, ah…
Bu sifət səndə boyun qurbanı, o an yox idi.
Dedim gələr başım üstə canım çıxanda nigar,
Gəldin o dəmdə ki, məndən əsər, nişan yox idi.
Vuruldu hüsnünə Heyran, vəfasız, atdın onu,
Bu cövrə həm də, əzizim, səbəb, filan yox idi.