Saldı məni ol kafəri-qəddar ayaqdan,
Bir zalimi-bibakü sitəmkar ayaqdan.
Neynim, nə edim kim, məni-sərgəştəni saldı
Ol cövrü cəfa mənbəi, xunxar ayaqdan.
Hicran ələmi aldı qərarımı əlimdən,
Saldı nə deyim həsrəti-didar ayaqdan.
Pərvanəni şəmin odu yandırdı dəmadəm,
Gülşəndə salıb bülbülü bir xar ayaqdan.
Kim bu, necə insaf idi, yaran, ki, salsın
Öz aşiqini yari-vəfadar ayaqdan.
Etmə bu qədər cövrü cəfa aşiqə, cana!
Əlbəttə salır bu qədər azar ayaqdan.
Saldı o sitəmpərvəri-bibak,[i] cəfakar,
Heyrani-sitəmdidəni yekbar ayaqdan.