Yardan yetdi bizə müjdeyi-didar bu gün,
Eyzədin[i] mərhəməti gör ki, bizə var bu gün.
Lilləhilhəmd ki, əhbab olub şad genə,
Rəşkdən tar olub dideyi-əğyar bu gün.
Dustlər badeyi-eşq ilə tərəbnak[ii] olub,
Şövkəti-düşməni-dun oldu nikunsar[iii] bu gün.
Lütf edib, rəhm elədi halıma ol qaş ilə göz,
Dərdimə çarə qılıb, ləli-gövhərbar bu gün.
Var ümidim ki, bizə rəhm eləyə yari-əziz,
Bəxtimiz xabi-ələmdən ola bidar bu gün.
Bəxtimin kovkəbi bir səd məqamə[iv] yetişib,
Oldu yarın kərəmi qəmlərə qəmxar bu gün.
Elə, Heyran, bu şükri nə qədər ömrün var,
Verdi çün mətləbini qadiri-qəhhar[v] bu gün.
[i] Eyzəd – Allah.
[ii] Tərəbnak – Sevincli, şad.
[iii] Nigunsar – Bükülü, başıaşağı, məhv olmuş və s.
[iv] Səd məqam – Xoşbəxt mərtəbəli, bəxtəvər.
[v] Qadiri-qəhhar – Cəzalandırmağa qadir olan Allah.