Seyr edin, gərdəni minayə baxın!
Sərimi saldı nə sövdayə, baxın!
Zülfi-müşkini salıb arizinə,
Gün küsuf eyləyib, ol ayə baxın!
Can alar qaşı, tökər kirpiyi qan,
Mərhəba, ol oxa, ol yayə baxın!
Qəmzəsi qanlar içib məst olub,
Can alan nərgisi-şəhlayə baxın!
Əksi-mey çöhrəsini al qılıb,
Açılıb, ol güli-həmrayə baxın!
Gör, bənəfşə açılıb, ya ki, salıb
Xətti gün arizinə sayə, baxın!
Bükübən qamətimi dal eləyib,
Sərv tək ol qədi-rənayə baxın.
Hicri ol mah-rüxün Heyranı
Saldı Məcnun təki səhrayə, baxın!