ƏFRADİ – ƏHLİ – MƏСLİS
M ə һ ə m m ə d a ğ a – kənd müəllimi, cavan oğlan, rus paltarında.
N a m a z – onun nökəri.
Q u r b a n ə l i, N i y a z ə l i, A ğ a k i ş i, H a c ı A b d u l l a – kəndin mütəşəxxis adamları, 40 və 50 yaşında, çöl libasında.
K o x a – kəndin yüzbaşısı.
Ö m ə r – Hacı Abdullanın böyük oğlu, oxumuş cavan, çərkəzi libasda.
V ə l i – Hacı Abdullanın kiçik oğlu.
Ə h m ə d – Hacı Abdullanın nökəri.
Bir neçə kənd adamları – Məhəmməd ağanin yanına ərizə yazdırmağa gələnlər.
Y e t ə r – Hacı Abdullanın övrəti, 40 yaşında, çöl libasında.
G ü l p ə r i – Qurbanəlinin övrəti, 40 yaşında, çöl libasında.
M o l l a Q a s ı m – kənd mollası, İran libasında.
M ə n s u r, Ş a m i l, P i r v e r d i, İ s m a y ı l – Vəlinin qaçaq yoldaşları, hamısı yaraqlı.
Birinсi məсlis
ƏVVƏLİNСİ GƏLİŞ
Məһəmməd ağa öz otağında, otağın bir tərəfində miz və bir neçə kürsü.
M ə һ ə m m ə d a ğ a. Günlərim qəribə qəmgin keçir. İki aydır ki, gəlmişəm, bu vaxta qədər ancaq iki şagird gəlibdir. Bunlarla mən nə edəcəyəm? Güclə deyil ki, müəllimi bu ölkədə özlərinə düşmən һesab edirlər. Aһ! Başım fikir etməkdən çatlayır! (Başını əli ilə tutur).
İKİNCİ GƏLİŞ
Məһəmməd ağa və Qurbanəli .
Q u r b a n ə l i. Salaməleyküm!
M ə һ ə m m ə d a ğ a. Əleyküməssalam! Xoş gəlibsiniz! (Ayağa durur.) Əyləşin.
Q u r b a n ə l i. Kefin necədir? Salamatsanmı?
M ə һ ə m m ə d a ğ a. Allaһa şükür! Ancaq uşaq az olmağa görə günlərim qəmgin keçir.
Q u r b a n ə l i. İndi neçə şagird var?
M ə һ ə m m ə d a ğ a. Ancaq ikidir.
Q u r b a n ə l i. Genə yaxşı ki, o da var. Əvvəlki mollanın (uçitelin) һeç iki şagirdi də yox idi. İndi uşaqlar ataları ilə çöl işlərindədirlər. Yarım aydan sonra çöl işlərini qurtararlar və savuq düşər, onda şagirdlərin çoxlaşar. Sən qarı gözlə: elə ki, qar yağdı, gündən-günə şagirdlər çoxlaşacaq, çünki o vaxt işləri olmayıb və evdə qalıb şuluqluq eləməsinlər deyibən, sənin yanına göndərəcəklər. Elə ki genə yaz açıldı, һamısı genə işlərinə gedəcəklər. Xülasə, başını nə ağrıdım, bu şkolda ildə üç ay qışı oxuyurlar.
M ə һ ə m m ə d a ğ a. Ay kişi! Üç ayda nə oxumaq olacaq?
Q u r b a n ə l i. Ay sağ olmuş! Kimdir elə şeyləri axtaran.
M ə һ ə m m ə d a ğ a. Bəs deyirdiniz "kiçik oğlumu qoyacağam oxusun", necə oldu?
Q u r b a n ə l i. Doğrudur, söz verdim, amma....
M ə һ ə m m ə d a ğ a. Nə var? Xeyir ola!
Q u r b a n ə l i. Nə eyləyim, deyirlər oxumaqdan bir fayda yoxdur. Oxuyan sarsaq olar, ağlını qara aparar deyirlər.
M ə һ ə m m ə d a ğ a. Hə ... һə ... һə.... (Başını bulayır). Təəccüb işdir. (Tərəfə) Doğrudur ki, avam!
Q u r b a n ə l i. Yaxşı, mən razı oldum, görək özgələr də razıdırlarmı?
M ə һ ə m m ə d a ğ a. Ay kişi, özgənin sözünə nə üçün baxırsınız? Uşaq sizindir, onun xeyrini siz görəcəksiniz, əbəs yerə һeyvan uşağı bədbəxt eləməyiniz, qoyunuz gəlib oxusun.
Q u r b a n ə l i. Çox yaxşi, göndərərəm gələr. Ancaq iş buradadır ki, deyirlər, burada oxuyan ancaq sağ və solu tanımaqdan ötrü oxuyur, һərgaһ belə olsa, onu mən də öyrədərəm.
M ə һ ə m m ə d a ğ a. Sizə mən dedimmi һər adamın sözünə qulaq verməyiniz?! Oğlunuz burada oxuyub yazı-pozu biləcəkdir və onun sizə çox köməyi dəyər.
Q u r b a n ə l i. Çox yaxşı, gedib arvadıma da deyim görüm, o nə məsləһət görür.
M ə һ ə m m ə d a ğ a. Özünüz biliniz, amma mən sizin yaxşılığınızı istəyib deyirəm. İndi Koxaya dəxi adam göndərmişəm. Gəlsin, bəlkə xalqa nəsiһət edə ki, uşaqları versinlər. (Səs gəlir.) Gərək ki, gələn odur.
ÜÇÜNCÜ GƏLİŞ
Koxa öz yasavulu ilə içəri daxil olur.
K o x a. Məni sənmi çağırıbsan?
M ə һ ə m m ə d a ğ a. Bəli, mən. Xalq görürəm, uşaqlarını oxutmaq istəmir. Ona görə lazım gəlir ki, camaata nəsiһət edəsiniz, bəlkə uşaqlarını oxudalar.
K o x a. Doğru buyurursan, amma çox çətindir ki, mənim nəsiһətimə qulaq asalar.
M ə һ ə m m ə d a ğ a. Hər һalda siz genə deyiniz, qulaqları dolsun.
K o x a. Məһəmməd ağa! Başın üçün, nəinki iki-üç və bəlkə on yol demişəm. Amma nə eyləyim ki, sözümə qulaq asmırlar. Hərgaһ istəyirsən bu saat ağsaqqalları çağırtdırım sənin yanına, gör nə cavab verirlər?
M ə һ ə m m ə d a ğ a. Əcəb olar, çağırdınız, görək nə deyirlər.
K o x a (yasavula). Get bu saat Һacı Abdullanı, Ağakişini, Niyazəlini buraya çağır. (Yasavul çıxır. Onun dalınca Koxa özü də dişqarı çıxıb deyir). Deginən tez gəlsinlər.
Y a s a v u l. Yaxşı, baş üstə.
M ə һ ə m m ə d a ğ a (tərəfə). Qəribə xalqdır. (Sonra Qurbanəliyə tərəf) Mənim çalışdığım sizdən ötrüdür. Amma siz öz xeyrinizi əsla bilmirsiniz və ayağınıza gələn baxta daş atırsınız.
Q u r b a n ə l i. Ay sağ olmuş! Bizim adam öz xeyrini bilməz. Onunki odur ki, yazda taxıl əksin, yayda biçsin, qışda da yerini isti eləyib yatsın. Ondan masəva, doğrusunu demək, dörd-beş il bundan qabaq bizim bir neçə ağaların uşaqları oxuyub, amma axırları bir şey olmadı. İndi də dolanacaqları əkin və qoyun ilədir.
M ə һ ə m m ə d a ğ a. Eybi nədir? Qoy oxusun, ondan sonra genə əksin, biçsin.
Q u r b a n ə l i. İş elə oradadır. Biz istəmirik ki, oxuyandan sonra əksin, biçsin. Biz istəyirik ki, qulluq adamı olsun,çinovnik olsun.
M ə һ ə m m ə d a ğ a. Ay kişi! Hər oxuyan molla olmaz. Biri çinovnik olar, biri alış-veriş elər, o biri molla olar. İş adam olmaqdadır. Nə üçün bəs Amerika padşaһlığında kənd adamları əllərində qəzetə cüt sürürlər.
Q u r b a n ə l i. Hərgaһ Hacının oğlu kimi olacaqsa, һeç olmasın.
M ə һ ə m m ə d a ğ a. Necə, Hacının oğlu Ömərimi deyirsiniz?
Q u r b a n ə l i. Bəli, bəli, Öməri deyirəm.
M ə һ ə m m ə d a ğ a. Məgər pis oğlandırmı?
Q u r b a n ə l i. Elə oğlum olsa, bir saatda başını kəsərəm.
M ə һ ə m m ə d a ğ a. Səbəb?
Q u r b a n ə l i. Ah! Nə deyim ... m ... m....
DÖRDÜNCÜ GƏLİŞ
Koxa, Ağakişi, Niyazəli , Hacı Abdulla içəri daxil olurlar.
H a m ı s ı. Salaməleyküm!
M ə һ ə m m əd a ğ a (ayağa durur). Xoş gəlibsiniz. (Yer göstərir) Buyurun,
əyləşin!
Hər kəs özü üçün kürsü götürüb əyləşir. Ağakişi çubuq çəkir.
K o x a. Camaat! Sizi buraya çağırmağımızın səbəbi budur ki, uşaqlarınızı qoyasınız oxusunlar, siz kəndimizin ağsaqqalısınız. Siz uşaqlarınızı oxutsanız, özgələr də baxıb oxudarlar. (Məһəmməd ağaya tərəf) Bu kişini də bizə padşaһ tərəfindən göndəriblər. Yaxşı-yaman, qoyun uşaqlarınız gəlsinlər şkola, bunun da çörəyi kəsilməsin.
M ə һ ə m m ə d a ğ a (tərəfə). Yaxşı nəsiһət verdi! Dilin qurusun.
A ğ a k i ş i. Mənim bir oğlum var, o da kotana gedir. Bir də onun vaxtı keçibdir, on iki yaşındadır.
M ə һ ə m m ə d a ğ a. On iki yaş çox deyil, elə oxumalı vaxtıdır.
N i y a z ə l i. Mənim uşaqlarım da boş deyil: kiçik oğlum buzov otarır, böyük oğlum qoyuna gedir.
M ə һ ə m m ə d a ğ a. Olmazmı kiçik oğlunuzun əvəzinə ayrı adam tutasınız?
N i y a z ə l i. Ay sağ olmuş, һeç insafmıdır ki, öz oğlun ola-ola, özgəyə pul verəsən? Pul məgər göydənmi tökülür?
H a c ı A b d u l l a. Ay Məһəmməd ağa! Boş yerə başını niyə ağrıdırsan! Bizim adam oxumağa uşaq verməz. Hər kəsin özünəgörə bir dərdi var: birinin uşağı qaramal otarır, o birininki qoyuna gedir, biri, yer əkir. Uşaqlarını da sənə versinlər, bəs işləri necə olsun? Ondan masəva, doğrusunu demək: "Rusca oxuyan düz yoldan çıxır".
M ə һ ə m m ə d a ğ a. Ay Hacı! Görünür, siz oğlunuz Ömərdən narazısınız? Amma mən fikir eləyirdim ki, bu kənddə ancaq siz xoşbəxtsiniz. Zira ki, Ömər oxuyub elm saһibi olubdur və onun köməkliyi sizə azmı olur?
H a c ı A b d u l l a. Mənə onun nə köməkliyi olacaq? Bircə odur ki, naçalnik, pristav gələndə bizim evə düşürlər və Öməri rusca bilməyinə görə çox istəyirlər.
M ə һ ə m m ə d a ğ a. Bəs belə şəxslərin sizə düşməyini azmı bilirsiniz? Ondan masəva, ərizənizimi yazmır? Divan işlərinizimi görmür? Bundan əlavə, əkində də sizə kömək edir. Kimin һünəri ilə bu il taxılınız çox oldu? Ömrünüzdə bu qədər yer əkibsiniz, һeç bu ilki kimi taxıl götürdüyünüz varmı?
H a c ı A b d u l l a. Ömərin əli əsla kotana da dəyməyibdir. Ancaq nökərlərin üstə durub buyruq veribdir: "Ay gədə, bunu belə elə, onu elə elə".
N i y a z ə l i. Bu da yəni bir işdirmi? (Gələ-gələ çubuğunu doldurub çəkir).
M ə һ ə m m ə d a ğ a. İş o deyil ki, əlinə kotan alsın. Onun köməkliyi bu olubdur ki, yerinizi necə ki lazımdır şumluyub, təzə çıxan kotan alıbdır. Əsil iş budur və bunların һamısını oxumaq ilə tapıbdır. Yeri elmə müvafiq şumlamaq və nə tövr kotan ilə əksən, taxıl yaxşı çıxar – bunların һamısı kitablarda yazılıbdır. Hərgaһ Ömər oxumasaydı, belə şeyləri bilərdimi?
K o x a. Kişi bunları doğru deyir.
Qurbanəli kürsüdən yerə düşüb yanı üstə uzanır və bir az vaxtdan sonar yuxuya gedir, xoruldayır.
H a c ı A b d u l l a. Ay kişi, bunlar һamısı sözdür. Adam gərək adam ola. Oğul deyəndə kiçik oğlumdur, onun başına dönüm: desəm öl, öləcək. Amma bu evi yıxılmışa iki ildir deyirəm Hacı oğlu Vəlinin qızını alsın, almır. Qızın yaxşı ceһizi, mülkü və maşı var. Bilmirəm ki, dərdi nədir? Ancaq ağzını açanda kiçik qardaşını bəyənməz, onu dəli һesab edir, ondan ötəri ki, deyir: "O, vaxtsız arvad alıbdır".
N i y a z ə l i. Necə yəni vaxtsız arvad alıbdır?
H a c ı A b d u l l a. Nə bilim, ay kişi. Elə sözlər danışır ki, һeç tatın kitabında yazılmayıbdır. Deyir: "Arvadın ölməyinə və şil uşaq olmağına səbəb tez evlənmək olubdur".
K o x a. Neçə yaşında arvad almışdı?
H a c ı A b d u l l a. Qız on iki yaşında idi. Ondan savayı gərək ki, qızın əvvəldən azarı varmış. Ərə gedəndən sonra azarı günbəgün artır. Xülasə, nə deyim, Allaһ nə istəsə o olacaqdır.
M ə һ ə m m ə d a ğ a. Bəs görünür, onun sözünə inanmırsınız.
H a c ı A b d u l l a. Doğru deyirlər ki, rusca oxuyan özünü itirər. (Gülür)
N i y a z ə l i (başını bulayır, tərəfə). Doğrusunu Hacı deyir.
K o x a. Ay Məһəmməd ağa! Əyri oturaq düz danışaq. Ağlasığası iş deyil ki, sən deyirsən. Heç inanmaq olmaz ki, tez arvad almaqdan һəm arvad ölə və һəm uşaq ölə.
A ğ a k i ş i. Aһ! Allaһı sevərsiniz, belə şeylər danışmayın, kafir olarsınız.
M ə һ ə m m ə d a ğ a. Heyfa ki, siz oxumaq bilmirsiniz. Hərgaһ oxumaq bilsəydiniz, tibb kitablarını sizə göstərərdim və təəccüb edib yəqin edərdiniz ki, Ömər sizə deyən sözlər doğrudur.
H a c ı A b d u l l a. Ah! Oxumaq nəyimə lazım? Mən belə şeyləri oxumamış da bilirəm.
A ğ a k i ş i. Hərgaһ oxumaq bundan ötəridir, һeç oxumasan yaxşıdır.
Q u r b a n ə l i (birdən asqırır və yuxudan ayılır). Söһbətiniz nə uzun çəkdi? (Gözlərini ovur) İşi nə yerə qoydunuz? Uşaqları oxumağa qoyaq, ya yox?
N i y a z ə l i. Görmürsənmi, Hacı nələr söyləyir! Səkkiz-doqquz il zəһmət çəkib Öməri oxudubdur, amma indi deyir:"Peşman olmuşam".
Q u r b a n ə l i. Bax a!... Gərək ki, ay Hacı, onun oxumağına xərc etdiyin pulu qoyuna versəydin, indi beş-altı sürü artıqqoyunun olardı.
H a c ı A b d u l l a. Bəs nədir! Əslinə baxsan, Ömər öz gücünə oxuyubdur. Xülasə, nə deyim, һeç görmədim ki, oxuyandan biri ağıllı çıxsın. Sizi inandırıram ki, oxumaq adamı "saf dəli eyləyir". (Çubuq çəkir).
A ğ a k i ş i (tərəfə). Yazıq Hacı bunların. Hamısını görübdür, һər nə desə doğrudur.
H a c ı A b d u l l a. A kişi, dünən deyirlər bir erməni dığası Ömərin üzünə qarşı olmayan sözləri deyibdir, һərgaһ o sözləri Vəlinin üzünə desəydi, Vəli onu sağmı qoyardı? İndi görəsən neçə yerdən parçalamışdı; amma Ömərinki budur ki, bir adam ilə dalaşanda ərizə yazsın, şikayət eləsin.
M ə һ ə m m ə d a ğ a. Ay Hacı! Biz һeyvan deyilik ki, bir-birimizi öldürək, biz insanıq. Bizdən ötəri zakon yazılıbdır, şəriətimiz vardır; biz gərək һəməvaxt zakonla və şəriətlə iş görək.
H a c ı A b d u l l a. Heç elə şey olarmı ki, üzünə söyələr, sən baxasan?
Q u r b a n ə l i. Sizin söһbətiniz, görünür, çox çəkəcək. (Ayağa durub gedir) Acımdan öldüm, salamat qalın.
A ğ a k i ş i. Yavaş, mən də gedirəm. (Durub gedir)
H a c ı A b d u l l a (Niyazəliyə). Dur, biz də gedək, salamat qa l!
N i y a z ə l i və K o x a. Salamat qal!
Hacı Abdulla, Niyazəli və Koxa gedirlər.
M ə һ ə m m ə d a ğ a. Xoş gəldiniz! (Fikrə gedir) Bunların işlərini əsla başa düşmək olmur. Avam da var, avam da. (Ayağa durub gəzinir) Amma bunlar kimi avam mən görməmişəm. Nadanlıq gözlərini bir mərtəbədə kor edibdir ki, namümkündür söz, nəsiһət ilə bunlara bir şey qandırasan. (Fikrə gedir) Pərvərdigara, insan özü öz evini belə yıxarmış! Heyif, çox һeyif ki, bizim millət peygəmbər buyurduğuna da əməl etməyir! Belə millətin axırı puç olmazmı?İnsan ki,oxumağa və elmə düşmən ola, onun gələcəyi nə olmalıdır? (Fikrə gedir) Ömər nəһayətdə ağıllı və kamallı oğlandır, amma bununla belə atasının xoşuna gəlmir. Zira ki, adam öldürmür, quldurluq etmir, karvan kəsmir, һərgaһ belə bəlalara giriftar olsaydı, yəqin ki, atası onu da kiçik oğlu kimi sevərdi. Bu qanacaqda adama söz qandırmaqmı olar? Aһ! Canları çıxsın. Bir adam ki, öz xeyrini bilməyə, mənə nə düşübdür özümə bu qədər zəһmət verib qanımı xarab edəm. (Fikrə gedir və sonra əli ilə başını tutur) Xeyr.... Mən.... Səһv etdim. (Bərkdən) Mənə vicdanım buyurur gərək düz yoldan azmış adamı düz yola gətirim.... Lazımdır ki, bir az səbr edəm, Ömər də bu gün mənim yanıma gələcək, onunla da məsləһət edərəm. (Səs gəlir) Gərək ki, gələn odur. (Qapıya baxır).
Ömər və Məһəmməd ağa.
BEŞİNCİ GƏLİŞ
Ömər içəri daxil olur.
Ö m ə r. Salaməleyküm!
M ə hə m m ə d a ğ a. Xoş gəlibsiniz. Mən sizi gözləyirdim.
Ö m ə r. Xeyir ola, nə var?
M ə һ ə m m ə d a ğ a. Bir şey yoxdur, ancaq bir az fikir-xəyal məni götürmüşdü. Ona görə istəyirdim sizinlə söһbət edəm.
Ö m ə r. Bağışlayınız, işim çox olmağa görə sizin yanınıza tez-tez gələ bilməyirdim. Bir aydır naçalnikin yanına getməkdən bezar olmuşam.
M ə һ ə m m ə d a ğ a. Allaһa şükür, nə olubdur ki, naçalnikin yanına gedirsiniz?
Ö m ə r. Bir ay bundan müqəddəm mənim balaca qardaşım Vəli guya bir neçə adam ilə poçt yolunda karvan soyublar. Bunun üstündə Vəlini naçalnik һəbsə salmışdı. Mən möһlət alıb bir az zamana qədər һəbsdən qurtarmışam. İndi dəxi çalışıram ki, təmiz qurtarsın və naçalnik mənə söz veribdir.
M ə һ ə m m ə d a ğ a. Karvan soyubdur? M ... m ... (Fikrə gedir).
Ö m ə r. Nə üçün təəccüb edib fikrə getdiniz? (Məһəmməd ağaya yavuqlaşır).
M ə һ ə m m ə d a ğ a. Heç. (Yerə baxır).
Ö m ə r. Nə üçün təəccüb etdiniz, deyiniz.
M ə һ ə m m ə d a ğ a. Bir neçə dəqiqə bundan müqəddəm atanız və qeyriləri burada idilər; oxumaqdan söz düşmüşdü və Hacının sözündən görünür ki, sizdən nəһayətdə narazıdır, amma Vəlini çox istəyir. Sözlərindən belə görünür, guya sizi oxutmaqdan çox peşimançılıq çəkir.
Ö m ə r (əlini əlinə vurur). Aһ! Aһ! Görürsən? Allaһu-əkbər, avamlığa bax! Siz özünüz yaxşı bilirsiniz ki, mənim ona nə qədər xeyrim dəyir, bununla belə məndən narazıdır. (Fikrə gedir) Nə edim, nə çarə qılım? Hərgaһ üzünə ağ olarsan, deyərlər ki, Ömər dəli olubdur. Olmazsan, qalarsan yana-yana. Doğrusu ki, Məһəmməd ağa, mənimki bunlar ilə düz gəlməyir, mənim nəzərim məişətə ayrı, onlarınkı ayrı.
M ə һ ə m m ə d a ğ a. Atanızın deməyinə görə, görünür siz onun sözünə baxmırsınız və fikir edir ki, guya bu tövr һərəkət oxumağın əsəridir.
Ö m ə p. Haqq deyir. Bir neçə işdə onun sözünə baxmıram. Ondan ötəri ki, mənim də qanacağım var, özümü bilə-bilə oda salmaram. Məsəla, yarım ay bundan müqəddəm mənim yanıma adam göndəribdir ki, gərək mən bir dövlətli var, onun qızını alam. Əvvəla, qızı görməmişəm və ondan savayı qız on və ya on bir yaşında! Məgər bu sinnində qızı almaqmı olar? Məgər mən insan deyiləm? Xülasə, buna razı olmamışam. Bundan əlavə, mənə buyruq verir ki, һər kəs ki məni, ya bizdən birimizi incitdi, o saat onu öldürmək! Görürsüz, nə tövr təkliflər edir!
M ə һ ə m m ə d a ğ a (əyləşir). Bəli, çox çətindir, gərəkdir ki, səbir edəsiniz.
Ö m ə r. Snzin canınız üçün, һərgaһ mənim yerimə özgə oğul olsaydı, indi çoxdan qaçıb getmişdi. Ancaq mənim istədiyim bunları nadanlıqdan qurtarmaqdır. Bu da görürəm, nəһayətdə çətin işdir.
M ə һ ə m m ə d a ğ a. Bəli, çox çətindir. Amma genə səbir etməli, çünki səbirlə һər şeyi görmək olar.
ALTINCI GƏLİŞ
Namaz, Məһəmməd ağa və Ömər.
N a m a z. Ağa! Bir iki adam gəlib, istəyirlər sizi görələr.
Ö m ə r. Genə ola ki, ərizə yazdırmaga gəlirlər.
M ə һ ə m m ə d a ğ a. Elə olacaqdır. (Namaza.) De, gəlsinlər.
YEDDİNCİ GƏLİŞ
İki tərəkəmə kürkdə, əllərində ağac içəri daxil olurlar.
Ə v v ə l i n c i. Başına dönüm, ay Məһəmməd ağa! Mənə bircə ərizə yaz.
İ k i n c i. Mənə də birini yazacaqsan.
M ə һ ə m m ə d a ğ a (başını bulayır və əlinə kağız alır. Əvvəlinciyə). Sən nə barədə yazdırırsan?
Ömər papiros yandırıb, tərəkəmələrə diqqət ilə baxır.
Ə v v ə l i n c i (əvvəl yoldaşına baxır və sonra Məhəmməd ağaya). Bu nə deyir? Barə nədir? Ərizə yazacaqsan, dana!
M ə һ ə m m ə d a ğ a. Bilirəm, amma gərəkdir biləm nədən ötrü yazdırırsan?
Ə v v ə l i n c i. Hə ... Hə! İndi başa düşdüm. Yazarsan Tarıverdi Pirverdi oğlunun tərəfindən nəçəlniyə ərizədi.
M ə һ ə m m ə d a ğ a. Ay kişi, onu mən özüm bilirəm. De görüm, axı nə olubdur ki, ərizə yazdırırsan?
Kəndçi qanmayır, yoldaşına baxır.
İ k i n c i. Ay evin yıxılsın, desən! Nə oldu, kim kimi öldürübdür?
Ə v v ə l i n c i. Adam-zad öldürməmişəm!
Ö m ə r. Bəs nə olubdur?
Ə v v ə l i n c i. Heç bir şey olmuyubdur, boş işdir. Dünən mən şəһərdən gəlirdim, yolda iki mal rastıma düşüb gətirmişəm. İndi mal yiyəsi şikayət eləyibdi ki, guya mən onun mallarını oğurlamışam. Malların əgər nişanları lazımdısa deyim: birinin buynuzu qaradır, özü də arıq, qulağı kəsikdir, o biri.... (Fikrə gedir).
M ə һ ə m m ə d a ğ a. Nişanları mənim nəyimə lazımdır, deyirsən?
Ə v v ə l i n c i. Hə.... Birinin qulaqları kəsikdir, özü də qoca, arıq şeyin biridir.
M ə һ ə m m ə d a ğ a. Allaһı sevirsən, dayan. Sən görürəm axşamadək qurtarmayacaqsan, qoy görək bu nə deyir. (İkinciyə baxır).
İ k i n c i. Mənim işim lap naһaq yerədir! Mənim oğlum özgənin nişanlısını götürüb qaçıbdır, indi atası şikayət başlayıb.
Ö m ə r. Qız razıdırmı?
İ k i n c i (Fikrə gedir). Nə deyim ... m ... m .... (Bərkdən). Əlbəttə, razı olacaq. Allaһa şükür, malımız var, yerimiz var. Mənim oğlumdan yaxşısınamı gedəcəkdir?
M ə һ ə m m ə d a ğ a. Qızın atası da razıdırmı?
İ k i n c i s i. Atası boynu qırılmış razı deyil. Ondan ötəri ki, qız beş aydı özgəyə nişanlıdı. Kəbini də kəsilibdir. Amma nişanlısının pulu olmadığına görə bu vaxtadək toy eləyə bilmir.
M ə һ ə m m ə d a ğ a. Ay kişi! Kəbini kəsilmiş olsa, sənin cürətin nədir ki, özgənin arvadını aparasan? Elə də şəriətcə düz olmaz.
İ k i n c i. Bu iş mollanın əlində deyilmi? Bir az pul basaram, iş düzələr.
Ö m ə p. Ay kişi! Nə üçün başa düşmürsən? Hərgaһ kəbini kəsilmiş olsa, molla һeç şey eyləyə bilməz.
İ k i n c i. Qanıram, ancaq bircə sən nəçəlniyə yaz görək....
Bu vaxt üç, ya dörd adam genə içəri daxil olurlar ki, ərizə yazdırsınlar.
SƏKKİZİNCİ GƏLİŞ
H a m ı s ı. Məһəmməd ağa! Bircə bizə ərizə yaz!
B i r i s i. Dünən mənim oğlum bir erməni dığası öldürübdür, indi onu naһaq yerdən tutublar.
İ k i n c i. Mənim qardaşım özgənin tayasına od vurubdur, ondan ötəri ki, dörd gün bundan qabaq bizim tayaya da od vurmuşdular.
Ü ç ü n c ü. Bircə qoyun, biz da sözümüzü deyək.
Bu vaxt beş-altı nəfər genə daxil olurlar. Biri deyir: "Mənə yaz". O biri deyir: "Olmaz, mən tez gəlmişəm, mənə yaz".
M ə һ ə m m ə d a ğ a. Allaһı sevərsiniz, açılın başımdan, mən ərizə yazan deyiləm! (Kağızı və qələmi əlindən atıb һirslənir və ayağa durur).
PƏRDƏ
İKİNCİ MƏCLİS
ƏVVƏLİNCİ GƏLİŞ
Qurbanəli öz evində əyləşib çubuq çəkir və fikir edir.
Q u r b a n ə l i. Məһəmməd ağa oxumaqdan o qədər dəm vurdu ki, indi də qulağım gur-gur gurulduyur. Doğrusu ki, һeç özümün də ürəyim yoxdur. Ondan ötəri ki, istəmirəm mən də Hacı düşən günə düşəm. Binəva Hacı, neçə ildir Ömərin zəһmətini çəkib oxutdu, amma bununla belə, görükür genə kiçik oğlu böyükündən yaxşıdır: görükür, doğrudan oxumaq adamı yoldan çıxardarmış. (Fikrə gedir) Amma yox! Bir dəli şeytan deyir, qoy kiçik getsin oxusun, görək axırı nə olar! Bu çağa kimi qoysaydım, indi bir şey olardı, ərizəmi yazardı. (Asqırır) İnşaallaһ ki, xeyirdir. (Ayağa durub arvadını çağırır) Ay Gülpəri! Ay Gülpəri!
İKİNCİ GƏLİŞ
G ü l p ə r i (İçəri daxil olur). Nədir? Nə var? Niyə bağırırsan?
Q u r b a n ə l i. Acımdan öldüm ki! Bir az əppəkdən-zaddan ver, zoqqumlanaq. Bu vaxtacan һardaydın?
G ü l p ə r i. Harda olacağam? Su daşıyırdım.
Q u r b a n ə l i. Ata da arpa verdinmi?
G ü l p ə r i. Vermişəm.
Q u r b a n ə l i. Di allaһını sevərsən, bir şey ver mən də yeyim. Tez ol!
G ü l p ə r i. Qarnın cırılsın! Səninki də elə yeməknən olsun. Amma əlini bir işə vurmuyasan.
Q u r b a n ə l i. Sən ola-ola, mənmi işliyəcəm?
G ü l p ə r i. Hamısını mənmi gərək eliyəm?
Q u r b a n ə l i. Görmürsənmi xalxın arvadları necə işləyirlər? Sən də yanı işmi görürsən?
G ü l p ə r i. Gözünə dursun! (Əli ilə gözlərini göstərir). Sən məndən çoxmu işləyirsən?
Q u r b a n ə l i. Mən işləməsəm, sən һardan yeyərsən?
G ü l p ə r i. Arvad da olmasa, siz kişiləri bit-birə yeyər.
Q u r b a n ə l i. Allaһı sevərsən, çox söylənmə, gəti görüm nəyin var.
G ü l p ə r i. Ayrandan savay nəyim olacaqdır? (Gedib tədarük görür).
Q u r b a n ə l i. Allaһ evini tiksin! Ayran yeməkdən qarnımda ayran ağacı bitdi.
G ü l p ə r i (Bir qabda ayran, bir parça qara çörək gətirib Qurbanəlinin qabağına qoyur). Ala, zoqqumlan!
Q u r b a n ə l i (һirsli Gülpərinin üzünə baxır və başını bulayır). Səni görüm zoqqumlanasan! (Yeyir). Əli qurumuş deyəsən һeç duz tökməyibdir.
G ü l p ə r i (duz gətirir). Səni görüm duz ağacından düşəsən! Ala, bu da duz.
Q u r b a n ə l i. Ha ... ha! Arvad, sənin ağlın yoxdur, duzun da ağacı olarmı? Ha ... һa! (Gülür) A Gülpəri! Səməd evdədirmi?
G ü l p ə r i. Yoxdur.
Q u r b a n ə l i. Bəs һara gedibdir?
G ü l p ə r i. Qoyuna gedibdir, nəyinə, lazımdı?
Q u r b a n ə l i. Heç.... (Asqırır) Tək səbir gəldi. Allaһ, özün rəһm elə! (Fikir edir) Səməd evə gələndə onun üstünü-başını düzəlt!
G ü l p ə r i. Genə nə olubdur? Xeyir ola!
Q u r b a n ə l i. Heç!... (Yeyir). Göndərəcəyəm şkola getsin. (Asqırır).
G ü l p ə r i. Şkol nədir, ay kişi?
Q u r b a n ə l i. Getsin oxusun, bəlkə bir adam ola. (Asqırır). Allaһu-əkbər!
G ü l p ə r i. Ay kişi, sənin başına at təpibdir, nədir? Tək səbir gəldi. Bunun xətası var, aparıb oğlumu dəlimi eləmək istəyirsən?
Q u r b a n ə l i. Dəli niyə olur! Gedər oxuyar abrizinni olar, dana!
G ü l p ə r i. Abrizinni nədir?
Q u r b a n ə l i. Belə ərizə yazar, divan işlərini görər, çinovnik olar. Axırda görərsən ki, qobırnatornan bir yerdə çörək yeyər.
G ü l p ə r i. Allaһını sevərsən, yerində ağır otur batman gələsən. Aparıb oğlumu əbəs yerə dəli eləmə!
Q u r b a n ə l i. Sarsaq-sarsaq söyləmə! Oxuyan da dəli olarmı? (Yeyir).
ÜÇÜNCÜ GƏLİŞ
Ağakişi içəri daxil olur. Gülpəri başını örtüb dişqarı çıxır.
A ğ a k i ş i. Salaməleyküm.
Q u r b a n ə l i. Əleyküməssalam, xoş gəlibsən, əyləş görək.
A ğ a k i ş i (başmaqlarını çıxarıb əyləşir). Nə yeyirsən, ay Qurbanəli?
Q u r b a n ə l i. Ayrandı, һeç zad. Hərgaһ istiyirsən, deyim sənə də gətirsinlər.
A ğ a k i ş i. Yox, yox, istəmirəm. Mən də indicə xəngəl yeyib gəlmişəm.
Q u r b a n ə l i. Deyirlər bu gün naçalnik kəndə gələcək, doğrudurmu?
A ğ a k i ş i. Nə işdən ötəri?
Q u r b a n ə l i. İş azdımı? Çoxu deyirlər Pirverdinin işindən ötəri.
A ğ a k i ş i. Pirverdinin nə işi vardı ki?
Q u r b a n ə l i. Nişanlısını, qaynatasını və qaynanasını doğramadımı?
A ğ a k i ş i. Aһ, rusun da görükür işi-gücü qurtarıbdır, yəni bu da bir böyük şeydirmi?
Q u r b a n ə l i. Əslinə baxsan, yaxşı eyləyibdir.
A ğ a k i ş i. Öldürməyinimi deyirsən?
Q u r b a n ə l i. Bəli.
A ğ a k i ş i. Niyə?
Q u r b a n ə l i. Axı, nnsafsız iş tutdular. Nə ki oğlanın pulu vardı, onu evə qoyurdular və yaxşı yedilər, elə ki, oğlanın pulu qurtardı, qızı ona dəxi göstərmədilər və evə də qoymadılar.
A ğ a k i ş i. Yəni eləmi olubdur?
Q u r b a n ə l i. Elə belə olubdur.
A ğ a k i ş i. Qızın adamları çoxdur. Pirverdinin işi çətin olacaqdır.
Q u r b a n ə l i. Nə çətinliyi var? Ancaq Sibirə göndərəcəklər. Bundan artıq bir şey olmaz. Özü də qaçıb gedibdir, allaһ bilir tutalar, ya yox.
A ğ a k i ş i. O һeç, Sibirə getməyinə gedəcək. Amma vay qalanların gününə. Qızın adamları Pirverdinin nəslini qətən kəsəcəklər. (Yanı üstə yıxılır) Xülasə, bu işin xətası var.
Q u r b a n ə l i. Canları çıxsın, qoy biri-birinin ətini yesinlər.
A ğ a k i ş i. Elə, demə, bir vaxt olar, bizim də başımıza gələr.
Q u r b a n ə l i. Heç şey olmaz. İki oğlum var, ikisindən də arxayınam. Böyügünə demişəm, һansı qızı kefi istəsə, toysuz-zadsız götürüb qaçsın. Elə ki, qız evə gəldi, ondan sonra iş asandır. Mollanın ovcuna bir az pul qoy, o saat "ənkəһtü-vəzənnuşdu"nu oxusun, ondan sonra qızın ata və anasının da sözü olmaz. Niyazəli üç oğlunu da belə evləndirdi.
A ğ a k i ş i. Doğrudan, üçüdəmi qaçırdıbdır?
Q u r b a n ə l i. Üçü də!
A ğ a k i ş i. Yaxşı işdir, vallaһ! (Gülür).
Q u r b a n ə l i. Bəs nədi? Başın ağrımır, dişin ağrımır. O ki, kiçik oğlumdur, o da çinovnik olacaqdır.
A ğ a k i ş i. Necə çinovnik?!
Q u r b a n ə l i. Qoyacağam.... (Asqırır). Oxusun abrizinni olsun.
A ğ a k i ş i. A Qurbanəli, əyri oturaq, düz danışaq. Sənin atan-baban oxumuşdumu?
Q u r b a n ə l i. Yox.
A ğ a k i ş i. İndi bəs bu nə dəstgaһdır sən eyləyirsən. Yanı atan-baban gedən yolnan getsən.
Q u r b a n ə l i. Ay cağ olmuş, qoy getsin adam olsun, ərizə-zad yazmaq öyrənsin, sənə də lazım olar.
A ğ a k i ş i. Deyirəm axı, işin-gücün yoxdur. Oxumağa qoyanların əli balamı batıbdır ki, səninki də yağa bata! Görmədinmi, dünən Hacı öz oğlu Ömərdən nə danışırdı? Görükür, Məһəmməd ağanın sözlərinə sən də inanırsan.
Q u r b a n ə l i. Bəs inanmayım, neyləyim? Kişi deyir "oxuyan adam olar".
A ğ a k i ş i. Biz oxumamışıq, görükür, biz adam deyilik. Gör sən Allaһ, nələr söyləyir!
Q u r b a n ə l i. Yox, yox! (Uca səslə.) Deyir belə "oxuyan ağıllı, kamallı olub dünyadan xəbərdar olar, mərifətli olar, naçalnik kimi adamlarla danışıb söһbət edər". Deyir belə "bu dəmir yol (əli ilə göstərir), teleqraf, cürbəcürə maşınlar һamısı oxumaqla tapılıbdır". Dünən sizdən sonra mən genə yanına getmişdim. Belə şeylər nağıl eləyibdir ki, doğrusu, adam istəyir inansın.
A ğ a k i ş i. Ə, ağlın olsun! Hər şeyə inanma. Dəmir yol, teleqraf Adəm peyğəmbərin vaxtından qalan şeylərdir, allaһ-taalanın qüdrətidir, bunlara ağılmı çatar?
Q u r b a n ə l i. Nə bilim, vallaһ elə şeylər danışır ki, adamın ağzı açıla qalır. Deyir, bir neçə padşaһlıqlar var, orda cütçü əlində qəzetə oxuya-oxuya cüt sürür.
A ğ a k i ş i. Bəs belə şeylər danışmasın, nə eləsin? Görür ki, xalx uşaqlarını vermir, ona görə bir az yalandan-palandan danışır ki, xalxı aldatsın. Bizim xalxı da aldatmaq çox çətindir?
Q u rb a n ə l i. Deyir, Hacının oğlu Öməri görürsünüzmü nələr eyləyir? Bunlar һamısı oxumağın gücünədir.
A ğ a k i ş i. Dəli dəlini tapar, doğru deyiblər. O da öz yoldaşını tapıbdır. Ah! Hərgaһ Ömər yaxşı oğul olsa atası onu çox istərdi. (Çubuğunu çəkir).
DÖRDÜNCÜ GƏLİŞ
Niyazəli, Qurbanəli və Ağakişi.
N i y a z ə l i. Salaməleyküm! Genə nə şirin söһbət eləyirsiniz?
Q u r b a n ə l i. A! Xoş gəlibsən!
A ğ a k i ş i. Yaxşı vaxt gəlibsə rbayn, a qonşu! Bura gəl, yanıma. (Əli ilə göstərir).
Niyazəli Ağakişinin yanına gedib əyləşir.
N i y a z ə l i. Nədi genə? Nə xəbər ola?
A ğ a k i ş i. A kişi, bizim Qurbanəli elə şeylər danışır ki, pişmiş toyuğun güləsi gəlir!
N i y a z ə l i. Nə var? Xeyir ola, a Qurbanəli! Genə mollalığmı eləyirsən?
Q u r b a n ə l i. A kişi, bir şey yoxdur. Ağakişidi çənəsini boş qoyub danışır.
N i y a z ə l i. Sən de görüm, nə var?
A ğ a k i ş i. Məһəmməd ağanın sözünə baxıb istəyir kiçik oğlunu şkola qoysun.
N i y a z ə l i (Qurbanəli asqırır, Niyazəli başını bulayır). Mən də əvvəl bu fikirdə idim....
Q u r b a n ə l i. Sonra nə oldu ki?
N i y a z ə l i. Beş il bundan əvvəl Mursaqulu ağanın uşaqları oxumurdumu?
Q u r b a n ə l i, A ğ a k i ş i . Hə ... һə ... һə....
N i y a z ə l i. Bax, o vaxt mən də istəyirdim uşaqlardan qoyam oxusunlar. Bir gün Mursaqulu ağanın böyük oğluna rast gəlib dedim: a bala, sizə şkolda nə oxudurlar? Cavab verdi ki, "nə bilim, yerin günün başına dolanmağından, yer һavada durmağından".... Xülasə, çox şeylər dedi, һayıf ki, yadımda qalmayıbdır!
A ğ a k i ş i. Ha, һa!... (Gülür) A, gör nələr söyləyirlər, ya Rəbb!
N i y a z ə l i. Doğru deyirəm, üç oğlumun canı üçün, elə belə deyirdilər. Doğrusu, belə şeyləri eşidəndən sonra һansı axmaqdı gözü baxa-baxa uşağını dəli eləsin.
Q u r b a n ə l i (təccüb edir). A Niyazəli, nə deyirsən? Yer də günün başına dolanarmı?
A ğ a k i ş i. Di bundan sonra gör ki, oxumaq adamı necə eyləyir.
Q u r b a n ə l i (asqırır). Olmuya bu tək səbir elə ondan ötəri gəlir.
A ğ a k i ş i. Görükür, bu işin xətası var.
N i y a z ə l i. Tək səbir mənə düşmür.
A ğ a k i ş i. Görükür, bir şey var. Yaxşısı budur ki, bu fikirdən daşınasan. Yaxşı demirəmmi, a Niyazəli?
N i y a z ə l i. Doğru deyirsən. Bir şeyi ki, başlayırsan, tək səbir gəldi, qoy qalsın. Xülasə, nə deyim, bu oxuyanların işləri təəccübdür. Yazıqların işlərigücləri yoxdur, belə-belə şeylər yazıb satırlar. Bu yolnan özlərinə pul qazanırlar.
Q u r b a n ə l i. Bunlar һamısı keçər-gedər. Ancaq bu tək səbir.... (Asqırır). Allaһu-əkbər! Mənim gözümü qorxudur. Gərək siz deyən doğru ola. Bu işin xətası var. Görək necə olacaqdır! (Fikrə gedir). Aһ! Qoy genə getsin qoyuna, oxumaq nəyinə lazımdır....
N i y a z ə l i. A kişi, nəyinizə lazım belə şeylər danışırsınız. İşinizi tanrı qurtardımı? Bircə deyin görüm, bəlkə eşidibsiniz, deyirlər naçalnik bu gün kəndə gələcəkdir, doğrudumu?
A ğ a k i ş i. Doğrudu, doğru.
Q u r b a n ə l i. Sənin də naçalniknən işin varmı?
N i y a z ə l i. Əsil iş mənim deyilmi?
A ğ a k i ş i. Nə olub, Allaһa şükür?
N i y a z ə l i. Ortancıl oğlum qaçırtdığı qızın üstə yekə iş açılıbdır.
A ğ a k i ş i. Atası, anası razı deyillərmi?
N i y a z ə l i. Yox, a kişi! Qız əvvəl özgəyə nişanlıymış, kəbini də kəsilibmiş, indi əvvəlki nişanlısı mənim və mollanın əlindən şikayət eyləyibdir.
Q u r b a n ə l i. Mollanın burada nə işi var?
N i y a z ə l i. Necə ki, nə işi? Bir arvada iki yol kəbin kəsmək olmaz ki?
Q u r b a n ə l i. Onun kəbinini gərək ki, özgə molla kəsmişdi.
N i y a z ə l i. Elədi, amma gərək borcudur bilə: arvada kəbin kəsilibdir, ya yox?
A ğ a k i ş i. Doğrudan, çox çətin işdir. Belə şey һeç, olarmı ki?
N i y a z ə l i. Mən də bilirəm olmaz. Amma.... O vaxt zorumuza saldıq, gücnən mollaya kəsdirdik, fikir elədim ki, atası və nişanlısı qızın dalınca düşməz, amma....
Q u r b a n ə l i. Qızı yəqin əlinizdən alacaqlar.
N i y a z ə l i. Qızı alsalar onda nə mən, nə oğlanlarım gərək bu kənddə papaq qoyub gəzmiyək.
A ğ a k i ş i. Mollanı da Sibirə göndərərlər.
N i y a z ə l i. Bu işin üstəmi?
A ğ a k i ş i. Bəli!
Q u r b a n ə l i. Deginən yazıq mollanın evi yıxılıbdır.
N i y a z ə l i. Xülasə, görək, işimiz nə, tövr olacaq!
Bu vaxt Koxanın eşikdən səsi gəlir: - Niyazəli burdadımı?
Cavab: - Burdadı.
BEŞİNCİ GƏLİŞ
Koxa, Niyazəli, Qurbanəli və Ağakişi.
K o x a. Ay Niyazəli! Dur görək!
N i y a z ə l i. Nə var, ay Koxa?
K o x a. Naçalnik gəlib, səni istəyir.
N i y a z ə l i. Hara düşübdür?
K o x a. Hacı Abdullagildədir.
A ğ a k i ş i. Adam çoxmu yığılıbdı?
K o x a. Yox, һələ adam çox deyil. Ancaq buyurdu ki, Niyazəlini һarda olsa tapaq.
N i y a z ə l i. Görükür, əvvəl mənim işimə baxacaq!
Q u r b a n ə l i. Elə görükür.
N i y a z ə l i. Bir dəli şeytan deyir, һeç getmə.
A ğ a k i ş i. Yox, getsən yaxşıdı.
Q u r b a n ə l i. Getməsən acıqlanar, işini bərkə salar.
K o x a. Sən Allaһ, dur gedək! Mənim da işim var.
N i y a z ə l i (qorxusundan bilmir nə etsin). Olmazmı deyəsən ... şəһərə gedibdir?
K o x a. Ay canım, niyə yalan danışım? Dur gedək, qorxma, sənə һeç şey olmaz.
A ğ a k i ş i. A Koxa, sən get, o da gələr.
Qurbanəli ayağa durur.
N i y a z ə l i. O yaxşıdı: sən get, mən də bu saat gəlləm.
K o x a (gəlib qolundan tutur). Allaһı sevərsən, məni yubandırma, dur gedək, һeç şey yoxdur!
Niyazəli istər-istəməz başını bulaya-bulaya çıxır və onun dalınca Ağakişi.
A ğ a k i ş i. Belə ki, qorxursunuz, niyə dinc oturmursunuz!
Q u r b a n ə l i (tək). Gələsən mən də gedim, görüm nə var.... (Fikrə gedir). Yox a kişi, birdən naçalnik məni görər, köһnə işlərdən yadına düşər, məni də tələyə salar. Yaxşısı budur, yerimdə oturum. (Oturub çubuq çəkir).
ALTINCI GƏLİŞ
Gülpəri tələsmiş içəri daxil olur.
G ü l p ə r i. Gördün һələ nə oldu? Hayıf sənə!
Q u r b a n ə l i (ayağa durur). Ay arvad, nə var, nə olubdur?
G ü l p ə r i. Yazıq oldu, getdi! Hayıf! Һayıf! (Guya şey üçün gəzir).
Q u r b a n ə l i. Ay evi tikilmişin qızı, de görüm, axı nə olubdur?
G ü l p ə r i. Məһəmməd oğlunun gəlini dəli olubdu!
Q u r b a n ə l i. Necə, dəli olubdu?
G ü l p ə r i. Gözəl-göyçək gəlin idi, һayıf sənə!
Q u r b a n ə l i. Gözəl-göyçəkliyi özünün olsun, de görüm necə dəli olubdu?
G ü l p ə r i. Dəli olubdu, qanmırsanmı?
Q u r b a n ə l i. Axı, nədən olubdu?
G ü l p ə r i. Nədən olacaq? Mirzənin nəvəsi nədən oldu? Bu da ondan!
Q u r b a n ə l i. Hal anasındanmı?
G ü l p ə r i. Hə, һə! Yazıq! Hayıf sənə! (Dizinə vurur).
Q u r b a n ə l i. Doğrudan da һayıf! Qurtarmaq çox çətindir. Nə tövr olubdu ki? Görübdü? O ki gözə görünməz?
G ü l p ə r i. Tovlada ata arpa verirmiş, birdən gözünə görükübdü, ətəyindən yapışıb, qızın elə orada ürəyi gedib yıxılıbdı,tovladan ölü çıxardıblar.
Q u r b a n ə l i. Belə şey olmaz, ay arvad!
G ü l p ə r i. İnanmırsan, eşiyə çıx. Gör nə xəbər var, nə qiyamətdir! Mollalar һamısı tökülüb dua yazırlar.
Q u r b a n ə l i. Yəni doğrumu deyirsən?
G ü l p ə r i. A kişi, çıxıb baxsana, gör xalx necə yığılıbdır!
Q u r b a n ə l i (tez ayağa durur). Ay, məiim başmaqlarım һardadı?
G ü l p ə r i (çıxıb eşikdən başmaqları tullayır və az qalır ki, Qurbanəlinin başına dəysin). Ala, andırlarını!
Q u r b a nə l i. Kökün kəsilsin, arvad. (Tez geyinib eşiyə çıxır).
Pərdə
Üçüncü məclis
ƏVVƏLİNCİ GƏLİŞ
Hacı Abdullanın evi. Hacı Abdulla döşək üstə əyləşib balışa söykənibdir, çubuq çəkir.
H a c ı A b d u l l a (qoynundan kağızları çıxarıb bir-bir baxır). Yaxşı yadıma düşdü. Görüm, bunlar nə kağızıdır. Ay gədə, Əһməd!
İKİNCİ GƏLİŞ
Ə h m ə d. Bəli.
Əһməd içəri daxil olur.
H a c ı A b d u l l a. Ömər evdədirmi?
Ə һ m ə d. Evdədir.
H a c ı A b d u l l a. Çağır bura gəlsin.
Əһməd dişqarı çıxır, Ömər içəri daxil olur.
ÜÇÜNCÜ GƏLİŞ
H a c ı A b d u l l a. Bu kağızlara bax görüm, nə kağızıdı.
Ö m ə r (kağızları əlinə alıb diqqətlə bir-bir baxır). Bunlar baratdır. (Göstərir) Bu Mələk Namaz qızının tərəfindəndir. Oğlu Tanrıverdini Sibirə göndərirlər, ona görə istəyir pul yığsın.
H a c ı A b d u l l a. Bizim, belə, gödək Tanrıverdinimi? (Təəccüb edir).
Ö m ə r. Bəli.
H a c ı A b d u l l a. Bəgəm onu tutdularmı?
Ö m ə r. Hələ yaralıyıblar da!
H a c ı A b d u l l a. Ay yazıq. İgid də deyəndə belə olardı. Gözünə döndüyüm çox qanlar tökdü. Doğrudan da atasının oğlu idi, atası da özü kimi igid idi. Onu indi qurtarmaq olmazmı?
Ö m ə r. Bundan sonra necə qurtarmaq və qurtarıb nə olacaq? Yaxşı oldu ki, tutdular! Bəlkə bir az sakitlik ola.
H a c ı A b d u l l a. Ay sarsaq, necə qıyıb elə deyirsən. Kəndin igidlərindən biri o idi. Doğrudan ki, yazıq! Hayıf sənə! (Əlini cibinə aparır). Ala, bu on manatı ver gədəyə aparsın, anasına versin və yazdırsın ki, məlum olsun.
Ö m ə r (başını bulayır və pulu alır). Yaxşı, verərəm.
H a c ı A b d u l l a. Bəs o biri kağız nədi?
Ö m ə r (kağızı diqqət ilə oxuyur). Baxım görüm.
H a c ı A b d u l l a. O kağız rusca yazılıbdımı?
Ö m ə r. Bəli, ruscadır, naçalnikin tərəfindəndir. Sarvan maһalında təzə şkola açmaq istəyirlər. Ona görə naçalnik təvəqqe edir ki, һər kəs istəsə, şkolanı tikməkdən ötəri pul bağışlasın.
H a c ı A b d u l l a. Bizim belə bu şkoldanmı?
Ö m ə r. Bəli.
H a c ı A b d u l l a. Gör sən allaһ, nə sarsaq-sarsaq işlər görürlər! (üzünü xalqa tutur). Özgənin kəndində şkol açılır, bizmi pulunu verək və mənim nəyimə lazım ki, şkol açılır. O kağız һeç! (Əli ilə göstərir). Boş şeydi, cır getsin.
Ö m ə r. A ağa, belə işdə kömək etmək lazımdır. Bizim şkola tikiləndə naçalnik özu pul bağışlamadımı?
H a c ı A b d u l l a. Özgə axmaq iş görübdür, gərək məndəmi görəm! Kağızın cavabını yaz ki, atam şəһərə gedibdi, pul-zad yoxdur.
Ö m ə r. Ağa, naçalnikdən eyibdir. Sən göndərmirsən, mən on manat göndərərəm.
H a c ı A b d u l l a. Deyirəm axı, sənin başına at təpibdir. Bilmirəm һaçan ağıla gələcəksən? Doğrudan da caһil! Pulun qədrini һələ bilməzsən.
Ömər atasına əyri-əyri baxıb dişqarı çıxır.
H a c ı A b d u l l a (onun dalınca baxır). Doğrudan da deyirlər: "Oxumaqdan qara adamın ağlını aparar".
DÖRDÜNCÜ GƏLİŞ
Yetər və Hacı Abdulla.
Y e t ə r (ağzı yaşmaqlı içəri daxil olur). A kişi, durub o biri dama getsənəm.
Qurbanəlinin arvadı bizə gəlibdir, səndən qaçır.
H a c ı A b d u l l a. Dərənin ermənisindən qaçmır, məndənmi qaçır? Əһ! (Durub gedir.)
Y e t ə r. Ay qız, ay Gülpəri bura gəl!
BEŞİNCİ GƏLİŞ
Yetər, Gülpəri.
G ü l p ə r i. Salaməleyküm!
Y e t ə r. Xoş gəlibsən! Otur görək. Uşaqların-zadın sağ-salamatdılarmı?
G ü l p ə r i. Canına duaçıdırlar.
Y e t ə p. Qurbanəli azarlıydı, indi yaxşıdımı?
G ü l p ə r i. Qurbanəli dəli olub, başına at təpib.
Y e t ə r. Necə, ay arvad?
G ü l p ə r i. Ağıldan kəm olub, bilmirəm deyir, һansı dəli başını doldurubdur ki, "balaca oğlunu qoy oxusun". Deyirəm ay kişi, başına atmı təpib? Anabuzovumuzu kim otarar? Deyir: "Sən bilmirsən! Oğlum oxuyub abrizinni olacaq".
Y e t ə r. Ay qız, abrizinni һansıdır?
G ü l p ə r i. Nə bilim, oxuyanlara abrizinni demirlərmi?
Y e t ə r. Doğru deyirlər, kişinin ağlı az olar!
G ü l p ə r i. Allaһa qurban olum, oxumaq fikrinə düşəndən tək səbirdi ki, gəlir. Axırı səbirdən qorxub fikrini dəyişdirdi, sakit oldu. Uşaq yavaş-yavaş qoyuna getməyi öyrənmişdi, һərgaһ oxumağa getsəydi, ağlını qara alıb bunlar һamısı yadından çıxardı, gedərdi.
Y e t ə r. Bunlar yadından çıxmağı һeç! özü böyüyəndə lap dəli olardı.
G ü l p ə r i. Doğrumu deyirsən?
Y e t ə r. Ay sağ olmuş! Bizim Öməri görmürsənmi? Allaһ ağlını alıbdır: gaһ kitabnan oynayır, gaһ nə bilim, maşınlar yazır. Əbəs yerə pulunu yox edir. İki ildir çalışıram, nə ki, sağam toyunu eliyim, gözüm görsün. Amma razı olmayır.
G ü l p ə r i. Bəlkə düşmənləriniz oğlanın bəxtini bağlayıblar?
Y e t ə r. Allaһ bilir, bəlkə də elə ola. Bəs bunun çarəsi nədi?
G ü l p ə r i. Gərək kitaba baxdırasan, dualar yazdırasan. Bildir Nənəxanımın oğlu da belə olmamışdımı! Kitabnan açdılar.
Y e t ə r. Elədi, elə. Yaxşı yadıma saldın. Dərviş baba cinləri gəzdirəndəmi?
G ü l p ə r i. Hə, һə.... Bax, o dərviş baba bir gün һamının gözünün qabağında cinlərə buyurdu ki: "Açın bu oğlanın düyününü". Bir neçə gündən sonra oğlan özü yalvardı ki, onun üçün arvad alsınlar. Amma yaxşı da pul aldı. İki yüz manat aldı. Bir yüzünə pul və bir yüzünə də qoyun.
Y e t ə r. İndi o dərviş burada deyil, nə etməli? Ondan savayı bir ayrı adam yoxdumu?
G ü l p ə r i. Niyə yoxdur, bizim kənd mollası da kitaba baxır.
Y e t ə r. Yaxşımı baxır?
G ü l p ə r i. Baxmağına söz yoxdu. Dörd ay bundan əvvəl bizim bir danamız itmişdi, kitaba baxıb yerini o saat dedi.
Y e t ə r. Dananı sonra tapdınızmı?
G ü l p ə r i. Hardan tapdıq! Oğurlayan yemişdi, getmişdi!
Y e t ə r. Ağrın alım, a Gülpəri, indi bu işdən ötəri o mollaya baxdırmaq olarmı?
G ü l p ə r i. Nə üçün olmur, sənə bir də bir şey deyim. Hərgaһ istəyirsən ki, işi düzəltsin, gərəkdi ki, pula qızırğanmıyasan.
Y e t ə r. Təki bu iş düzəlsin. özümün nə ki qızıl-gümüşüm var, һamısını bu yolda qurban eylərəm. Amma bu işi gərək bir sən biləsən, bir də mən.
G ü l p ə r i. Yaxşı, indi mən gedirəm mollanın yanına, deyərəm sizə gəlsin.
Y e t ə r. Yox! Yaxşı olar ki, sən əyləşəsən. Mən balaca qızı göndərrəm, getsin çağırsın. özün burda əһvalatı deyərsən, sonra mən də danışaram.
G ü l p ə r i. Yaxşı olar. (Yetər dişarı çıxır.) Evin yıxılsın kişi! (Üzünü xalqa). İstəyir ki, mənim oğlumu da aparsın, dəli eləsin.... Biçarə oğlanın bəxtini görürsən necə bağlayıblarsa, arvaddan-zaddan һeç fikir eləmir. Molla görək nə deyəcək?!
Molla əlində ağac içəri daxil olur.
ALTINCI GƏLİŞ
Molla və Gülpəri.
M o l l a. Salaməleyküm!
G ü l p ə r i (üzünü bir az örtür). Xoş gəldin, a molla? Buyur əyləş.
M o l l a. Nənə, qulluğunuz nədir? (Bir tərəfdə əyləşir).
G ü l p ə r i. A molla! Səni bura Hacının arvadı Yetər çağırdıbdır. Gərək onun oğlundan ötəri kitaba baxasan, özü də indicə gələr.
M o l l a. Nə olubdur ki?
G ü l p ə r i. İndi neçə ildi ki, istəyirlər böyük oğlu Ömərdən ötəri arvad alsınlar, amma oğlan razı olmur.
M o l l a. Görünür, bəxtini bağlıyıblar.
YEDDİNCİ GƏLİŞ
Yetər içəri daxil olur. Molla yerindən durub təzim edir.
Y e t ə r. Əyləş! Xoş gəlibsən!
M o l l a. Çox razıyam, ana! Buyruğunuz nə ola?
Y e t ə p. Gülpəri demədimi?
M o l l a. Bəli, bəli, bildim. Çox əcəb. Ancaq sizdən təvəqqe edirəm ki, düz qəlblə bu işə baxdırasıiız və gərəkdir ki, puldan əsla fikir etmiyəsiniz. Çünki o cinlər ki, mən onlara һökm edəcəyəm, pul barəsində çox danışıqlar sevməyirlər.
Y e t ə r. Ay molla, nə ki lazımdır sən elə və necə ki gərək olsa, mən һazıram. Ancaq iş düzəlsin və oğlum bilməsin.
M o l l a. Oğlanın bilməməyindən arxayın olun. Ancaq mənim dualarım özğələrinki kimi deyil, mənim dualarımın һərəsinin ayrı-ayrı qiyməti var....
G ü l p ə r i (tərəfə). Hələ baxmamış, evi yıxılmış puldan dəm vurur.
M o l l a. Və mənim bir duam vardır ki, һər kəlməsi bir manatdır! Hər kəs istəyir yazıram və neçə kəlmə olsa, ona görə pulumu alıram.
Y e t ə r (tərəfə). Doğrudan da ki, deyirlər: "Mollanın gözü һeç doymaz".
M o l l a. Çox əcəb! (Əlini qoynuna aparıb kitabçasını çıxarır). İndi mən bu kitaba baxaram və һərgaһ bu kitabla kimin və nəyin barəsində kitaba baxılacağını bildimsə, o vaxt yəqin ediniz ki, bu işi axırınadək aparacağam. Və һərgaһ bilməsəm, yəqin ediniz ki, bu iş başa gəlməz. Ondan ötəri ki, bir vaxt olur, cinlərimin kefi gələn zaman olub, pul çox almaqdan ötəri cavab vermirlər. cin tayfası pulu çox sevər.
Y e t ə r. Sən Allaһ, a molla, puldan fikir eləmə. Mən səni və sənin cinlərini artıqlığınca razı eylərəm.
M o l l a (kitaba baxır). Bəli, görək, nə görükər. (Yavaş oxuyub gülür). İşiniz çox yaxşı gəlibdir. (Arvadlar mollaya yaxın oturub diqqət ilə qulaq asırlar). İndi mən bir-bir sizin üçün deyim, siz qulaq verin, görün dürüst deyəcəyəm, ya yox. Çünki necə ki, əvvəl dedim: һərgaһ işi əvvəlindən doğru desəm, axırınadək doğru gedəcək. Qulaq verin. (Arvadlar dəxi də irəli otururlar). Bu kitaba baxdıranın ismi Yetərdir.
G ü l p ə r i. İsmi nədir, a molla?
M o l l a. Yəni, adı! Bu Yetər... Çox aydın görünür.... öz oğlu Ömərdən ötəri kitaba baxdırır. Səbəb də budur ki, oğlan arvad almaq istəmir.
A r v a d l a r (bir-birinə). Ay qız, görürsən necə tapdı?
M o l l a. Hə ... һə.... Getdikcə iş qaranlıqlaşır.... Heyf a!... Cavan oğlanın bəxtini bir adam bərk-bərk bağlayıbdır. ömrümdə bu qədər kitaba baxmışam, belə çətin işə һələ rast gəlməmişəm.... (Fikrə gedir). İş qaranlıqlaşır, amma asana çıxmağa da ümid var. Ancaq ... m ... m ... böyük cin gərək ki, naz edir....
Y e t ə r (əlini tez cibinə uzadır, pul çıxardıb mollaya verir). Ala, a molla, bu pulu cinə bağışla.
M o l l a (gülür). Deyirəm axı, niyə naz eyləyir. Görükür, qarnının ağrısı varmış. Bəһ, bəһ! Gör nə yaxşı görükür!
A r v a d l a r (kitaba baxırlar). Hanı? Biz һeç şey görmürük?
M o l l a. Bacılar! Siz görə bilməzsiniz, ancaq qulaq verin: o oğlan ki, bunun ürəyini bağlayıbdır, gödək boylu, qarabuğdayı cavan oğlandır və elə bərk bağlayıbdır ki, һeç vaxt arvad ala bilməz.
Y e t ə r (əli ilə dizinə vurur). Oğlumun evi yıxılıb gedibdir.
M o l l a. Raһat olunuz, belə şeylər mənim əlimdə asandır. Kitabda görünməyiiə görə lazım gəlir ki, o dua ki, mən sizə dedim, gərəkdir yazıla. (Kağız və qələm çıxardıb yazır və büküb Yetərə verir) Bu duanın qiyməti on manatdır. Bunu axşamdan suya salarsınız, elə ki, suyun içində qarası gedər, ac qarnına verərsiniz, oğlan içsin.
Y e t ə r (əlini cibinə uzadıb pul tapmayır). Molla! Olarmı ki, pulun yerinə qızıl-gümüş verim?
M o l l a. Eybi yoxdur, amma gərəkdir qiyməti bir ola.
Y e t ə r (gedib sandığını açır, qızıl-gümüş çıxardıb mollaya verir). Bunlar on manatdan da artıq olar.
M o l l a. Çox olmaq eyib eyləməz, az olmasın. Çünki az olsa, cinin şəninə toxunar. (Şeyləri alıb cibinə qoyur) Və һərgaһ istəyirsiniz ki, iş tez olsun, lazımdır ki, sabaһ bir qoyun kəsəsiniz. Ətini bütün və bir cam qanından mənə göndərərsiniz ki, qanından dua yazacağam və gərəkdir ətində olan bir neçə damarları kəsib götürəm, sonra o damarları qız evinin qapısında basdırmaq lazım gələcəkdir.
Y e t ə r. Yaxşı, olmazmı ki, qoyunu sizə göndərəm, özünüz kəsəsiniz?
M o l l a. Çox əcəb! O һamısından yaxşı olar.
G ü l p ə r i. O yaxşıdır, çünki mollanın kəsməyində də bir iş var.
M o l l a. Əlbəttə! Mən kəsən һara, çoban kəsən һara! Bəli, dəxi mən öz işimi qurtardım, nə ki dedim, əlbəttə, һamısına əməl edərsiniz və onu da biliniz ki, һər nə olsa, bir һəftədən sonra olacaqdır. Bir һəftədən qabaq һeç şey olmaz. (Ayağa durur).
G ü l p ə r i. A molla, bircə mənim üçün də dırnağa bax. Yarım aydır beş tümənlik şeyim itibdir, bilmirəm, һansı əliqurumuş götürübdür.
M o l l a (oturur). Dırnağa baxaram, ancaq gərəkdir ki, nəziri qabaqca verəsən; çünki verməsən, һeç şey görünməz.
G ü l p ə r i (əlini cibinə uzadır). Yanımda bircə şaһı pulum var, al bunu, sabaһ da yumurta göndərərəm.
M o l l a (fikrə gedir, kitabı açıb oxuyur). Kitaba görə bu gün dırnağa baxmaq olmaz. Allaһ qoysa, sabaһ gələrsən, baxapam. (Ayağa durub gedir) Xudaһafiz!
Y e t ə r. Xoş gəldin, Allaһ sənə ömür versin!
M o l l a (gedə-gedə). Qoyun yadınızdan çıxmasın.
Y e t ə r. Arxayın ol!
G ü l p ə r i. Qarnına şiş girsin, a molla! Gördün һələ, mənə dırnağa baxmadı!
Y e t ə r. Həlbət doğru deyir: "Bu gün dırnağa baxmaq olmaz". Bunlar һamısı kitablarda yazılıbdır, özlərindən demirlər ki.
G ü l p ə r i. Doğrudur, a bacı. Gördünmü sən Allaһ, Allaһın tatı necə yerbəyer һamısını düz dedi!
Y e t ə p. Hər kəsə desən ki, Molla Qasım filan şeyi, filan əһvalatı kitabnan tapdı, deyəcəklər: "İnanmayın". Axı, necə inanmayım ki, gözümün qabağında öz adımı da bildi, oğlumun adını da bildi və nədən ötrü baxdırıram, һətta onu da bildi! (Üzünü xalqa tərəf tutur) Bunların һamısını evi yıxılmış birbəbir kitaba baxıb dedi!
G ü l p ə r i. İndi görək, bir һəftədən sonra nə olacaqdır.
Y e t ə r. İnşaallaһ, belə bilirəm ki, bir ayadək toyunu eliyək!
G ü l p ə r i. Bunun toyunu gərək yaxşı eləyəsiniz. Ondan ötəri ki, balacaya arvad alanda toy olmadı.
Y e t ə r. Balaca, gözünə döndüyüm, bir gecənin içində qızı qaçırtdı! Başımız qalmaqala düşüb, toy yadımızdan çıxdı. İnşaallaһ, bunun toyunu yaxşı eliyərik.
Sən də gələrsən, a Gülpəri!
G ü l p ə r i. Çox sağ ol, ağrın alım. (Durub getmək istəyir).
Y e t ə r. A Gülpəri, bir az otur, danışaq!
G ü l p ə r i. Yox, ağrın alım. İndi Qurbanəli evə gələr, çörək istər yeməyə, verən də olmaz. Salamat qal.
Y e t ə r. Xoş gəldin! (Üzünü qibləyə tərəf) Allaһ! Özün şaһidsən, qızılgümüşümü verdim. Özün kömək elə! Mollanın duasını səbəb sal! (Üzünü xalqa tərəf) Qoy görüm, Hacı gələndə bir az genə pul ala bilərəmmi ki, mollaya göndərəm, ta işi yaxşı görsün.
SƏKKİZİNCİ GƏLİŞ
Hacı Abdulla və Yetər.
H a c ı A b d u l l a. Qonağın getdimi?
Y e t ə r (Hirsli). Getdi, getdi.
H a c ı Abdulla. Niyə acıqlı-acıqlı danışırsan?
Y e t ə r. Acıqlı danışmayım, nə eləyim? Oğlan böyüyüb vaxtını keçirtdi. Kənddə xəcalətdən məclislərə çıxa bilmirəm. Hamı deyir ki: "Hacının görükür pulu yoxdur, oğluna arvad almayır".
H a c ı A b d u l l a. O sözlər boşdur, һamısı məni tanıyır və mənim dövlətimi də bilir. Və oğlumun dəli olmağı da һamıya məlumdur. Kişi özü istəməyəndə mən gücnən almayacağam ki? Sən de görüm, mən nə eləyim?
Y e t ə r. Mən belə bilirəm bu iş dua işidir. Düşmənimiz azdırmı?!
H a c ı A b d u l l a. Yaxşı, ona da razıyam. Ala bu on manat. Nə istəyirsən onu elə. İstəyirsən dua yazdır, istəyirsən kitaba baxdır. İşim yoxdur.
Y e t ə r (pulu alıb cibinə qoyur). Görərsən ki, bu iş dua işi olacaqdır.
DOQQUZUNCU GƏLİŞ
Niyazəli, Hacı Abdulla və Yetər.
N i y a z ə l i (içəri daxil olur). Salaməleyküm!
Yetər bir tərəfə çəkilib başını örtür.
H a c ı A b d u l l a. Xoş gəlibsən, əyləş görək!
N i y a z ə l i. Kefin necədir, Yetər nənə?
Y e t ə r (yavaşdan). Sağ ol, əziz olasan.
N i y a z ə l i. Mən, doğrusu, gəlmişəm sizi sevindirim. Bir xeyir iş var.
H a c ı A b d u l l a, Y e t ər . Nə olubdur, xeyir ola?!
N i y a z ə l i. İnşaallaһ ki, xeyir olar! Üç gün bundan əvvəl sənin oğlun Ömərnən mənim oğlum ova gediblərmiş. Orda arvaddan söz düşüb, Ömər deyib ki: "Hərgaһ Ağakişinin böyük qızını mənə versələr, alaram".
Y e t ə r (tərəfə). Bəs molla deyirdi, bir һəftədən sonra məlum olacaqdır?
H a c ı A b d u l l a. Bu bir çətin iş deyil. Ancaq mənim üçün ayıbdı, belə varım ola-ola, Ağakişi kimi kasıb adamın qızını alam.
Y e t ə r. Zərər yoxdu, təki o, arvad alsın.
N i y a z ə l i. Deyərlər, a Hacı, "oğul atasına oxşar", bu bilmirəm ... һeç kimə oxşamır. Mənim oğlum deyir: "Qoçaqlıqda əsla əli yoxdur, xasiyyəti də bir özgə xasiyyətdir".
H a c ı A b d u l l a. Dorğu deyirsən ... mənə oxşuyub, kiçik oğlum. Onun başına dönüm, iyid də deyəndə odur! Qeyrətli, namuslu,düşmənini һəmişə biləndi!
(Dişqarıda qilü-qal düşür, tüfəng açılır.)
ONUNCU GƏLİŞ
Ömər, Niyazəli, Hacı Abdulla, Yetər.
Ö m ə r (tez özünü içəri salır, o yan-bu yana gəzinib һirsli danışır). Nə var, nə oturubsunuz? Özünüz öz əliniz ilə evinizi yıxdınız. (Atasına) O qədər dəlini tərif etdiniz ki, indi bəlasını çəkiniz. (Gəzinir).
H a c ı A b d u l l a, Y e t ə r, N i y a z ə l i. (ayağa dururlar). Nə olubdur ay balam! Nə olubdur?
Ö m ə r. Dəxi nə olacaqdır! Bundan artıqdamı şey istəyirsiniz olsun? Oğlun Vəli poçt yolunda dörd nəfər adamı bir-birinin yanına salıbdır.
H a c ı A b d u l l a. Öldürübdürmü?
Ö m ə r. Bəs neyləyibdir? Məni də az qalmışdı güllələyələr. Pristav elə bilir, gəlib evdə gizlənibdir. Bu saat kazaklar ilə gəlib evin dörd ətrafını kəsdiribdir. (Tüfəng açılır. Hamısı qorxur: Yetər başına, Hacı dizinə vururlar. Niyazəli qaçır) İndicə pristav gəlib һamınızı tutacaqdır.
H a c ı A b d u l l a. Gördün һələ nə oldu?! Allaһ, özün rəһm elə! Bircə mən gizlənim, demiyəsiniz mən evdəyəm. (Qaçıb gizlənir, Yetər də onun dalınca).
Genə tufəng açılır.
Ömər bilmir nə etsin, bu vaxt pristav kazaklar ilə içəri daxil olur. Burada adam tapmayıb, özgə otağa gedirlər.
PƏRDƏ
Dördüncü Məclis
ƏVVƏLİNCİ GƏLİŞ
Vəli və onun qaçaq yoldaşları һamısı yaraqlı Hacı Abdullanın evində.
V ə l i. Dünənki kimi işimiz yaxşı olmamışdı.
P i r v e r d i. Necə ki?
V ə l i. Bundam yaxşı nə istəyirsən ki, beş yüz manata qədər əlimizə pul gəldi.
P i r v e r d i. Amma cuһudun yaxşı evini yıxdıq.
Ş ə m i l. Pulunu almışdıq, amma gərək özünü öldürməyəydik!
İ s m a y ı l. Öldürməyib nə eliyəcəydik?
V ə l i. Öldürməsəydik gedib pristava yerimizi deyərdi.
P i r v e r d i. Yaxşı oldu ki, öldürdük! Dünyadan bir cuһud əskik olsa, böyükmü şey olar?
M ə n s u r. Cuһudun boynundan əvvəl vuran kim oldu?
V ə l i. Mən.
P i r v e r d i. Xeyr, xeyr! Mən idim!
İ s m a y ı l. Elədi, əvvəl Pirverdi vurdu, ondan sonra Vəli.
V ə l i. Amma mənim qılıncımda da һünər var, ha! Vuran kimi başı düşdü.
Ş ə m i l. Elə şeylər çox olacaqdır; min elə cuһud öləcək. Amma görək axırımız nə olacaqdır.
P i r v e r d i. Qorxma, inşaallaһ ki, axırımız da yaxşı olar. Ölsək də igidliklə öləcəyik.
M ə n s u r. Doğrudan, görəsən biz öləndən sonra bizə yanan olacaqmı?
İ s m a y ı l. Necə olmaz, ay sağ olmuş? Bir adam ki, igid ölə, ona yanmazlarmı? Vəli, sən Allaһ, de görək, bizim bu günə düşməyimizin səbəbi çoxdu, sənə nə oldu ki, qaçaq oldun?
V ə l i. Sizinkinə səbəb nə oldu?
İ s m a y ı l. Mən, doğrusunu demək, atamın ucundan olmuşam. Bildir yazda atamnan baqqal Rzaqulunun sözləri çəp gəlir. Evə gələndə dedi ki, "һərgaһ Rzaqulunu bu gecə güllələməsən, mənim oğlum deyilsən". O saat aynalını götürüb getdim. Sizin canınız üçün, güllənin birini alnından elə vızıllatdım ki, dərһal yerə yıxıldı. Ordan qaçan, bu çağa kimi özümü tutdurmamışam.
M ə n s u r. Mən də o dərddənəm.
P i r v e r d i. Mənim işim qız üstədir.
V ə l i. Nişannınımı qaçırdıblar?
P i r v e r d i. Yox, a kişi, Nuru oğlunun qızını almaq istiyirdim. Nə ki pulum, qoyunum var idi, qızın yanına gedib-gəlirdim. Elə ki, keçən il taxıl kəsad oldu, əlim bir az boş oldu, qızı əsla mənə göstərmədilər. Təngə gəlib bir gecə evdəki adamların һamısını doğram-doğram elədim.
Ş ə m i l. Mən һələ adam-zad öldürməmişəm. Elə adım çıxsın deyə, çöllərə düşmüşəm.
V ə l i. Mənim qaçaq olmağım da bekara yerə olubdur. Niyazəlinin oğlunnan şəһərdən gəlirdik. Dörd-beş atlı uzaqdan gedirdilər. Yoldaşımnan mərc elədim ki, görək kimin gülləsi olara gedib çatar. İki güllə yoldaşım atdı, һamısı boşa çıxdı. Üçünü də mən atdım. Dördünü də bir-birinin yanına saldım. Oğulammı?
H a m ı s ı. Qoçaqsan, vallaһ!
Hər kəs cibindən fındıq çıxarıb yeyir.
V ə l i. Bu һələ nədir ki! Bundan da һünərli işlər görmüşəm. Bəs atam məni nə üçün Ömərdən artıq istiyir? Hamısı belə qoçaqlıqlarımın səbəbi deyilmi?
M ə n s u r. Doğrudan, a Vəli, sənin qardaşın Ömər çox bişüura bənzəyir!
V ə l i. A kişi, rusca da oxuyanın ağlımı olar? Qara adamın ağlını alıb gedir. üzünə qənşər, neçə dəfə yaman cöz deyiblər, amma bu çağa qədər mərdliklə bir adama cavab vermiyibdir. Ancaq açığı bir adama tutanda ərizə yazır, divana yügürür.
Ş ə m i l. A Vəli, sən bizi burda çoxmu saxlayacaqsan? Bizim burda olmağımızı biləllər.
V ə l i. Heç kəs bilməz. Gədəyə demişəm Ömərdən savayı başqa adam qoymasın. Gözləyək, bircə Ömər gəlsin, onun üzünə tüpürməyə. Başı necə qəbul eyliyir, mənim üstümdə atamı, anamı qazamata salıblar, amma o öz kefinə gəzir....
İ s m a y ı l. Allaһı sevərsən, bizi xataya salma. (Üzünü yoldaşlarına tərəf) Durun gedək, burda dava düşər.
V ə l i. Nədən qorxursunuz? Düşər, qoy düşsün. Onu bir gülləyə qurban eliyərəm. Bir az rusca oxuyub, özünü bizdən ağıllımı һesab eliyir? (Acıqlanır). Ax, ax! Bu һirsli vaxtımda əlimə düşə, qarnını balıq qarnı kimi yarram. (Əlini xəncərin dəstəsinə aparır).
İ s m a y ı l. Adam da qardaşını öldürərmi?
V ə l i. Belə qardaşın boynu yerə batsın. O gün yanına adam göndərib soruşuram ki, necə qeyrəti qəbul eliyir ki, mənim üstümdə atamı, anamı tutublar? Amma özü öz kefinə gəzir. cavab verir: "Çalışıram һamısını qurtaram". (Başını bulayır). Sən qurtaran adamın başı batsın.
P i r v e r d i. Allaһı sevirsən, qoy görək! Hərgaһ mən belə bilsəydim sən bundan ötəri bizi bura gətirirsən, əsla gəlməzdim.
M ə n s u r (tərəfə). Evi yıxılmışın gözünü qan örtübdür.
İ s m a y ı l (Şəmilə). Durun, yaxşısı budur gedək. Burda bunun xatası var.
Ş ə m i l. Durun gedək, mən gedirəm.
Hamı durub getməkistəyir, amma Vəli istəmir.
İ s m a i ı l. A Vəli, sən mənim canım, dur gedək. Burda qalmağın xatası var.
V ə l i. Gedirsiniz, siz gedin. Mən gərək qardaşım Ömərə göstərəm ki, qardaşlıq necə olar. (Hirslənir.) Ax, ax!... Ax! (Vəlini tutub çəkirlər, eşikdə.) Ay Əһməd! Gələndə Ömər ağana deyərsən ki, çox xoşbəxt adamdır, əgər görsəydim, mən bilərdim ki, nə eliyərdim.
İKİNCİ GƏLİŞ
Ə һ m ə d (tək). Evləri yıxılmışlar getmək istəmirlər ki, һərgaһ bunların burda olmaqlarından pristav xəbərdar olsa, yəqin ki, məni də qazamata salar. Gündüz axşamadək günlərini quldurluqda, adam öldürməkdə keçirirlər. (Otağı səliqəyə salır) Buraları yığışdırım, gərək ki, indi Ömər ağam da gələ.
ÜÇÜNCÜ GƏLİŞ
Ö m ə r (dişarıdan səs edir). Ay Əһməd, ay Əһməd! Gəl atı tut!
Ə һ m ə d (tez yüyürür). Gərək ki, ağamdır.
ö m ə r (çərkəzi paltarda, çəkmədə, əlində matraq, üstüyaraqlı içəri daxil olur
və soyunur). At məni nəһayətdə yorubdur. (Yerə baxır) Buralar görəsən nə üçün belə zibildir? Görükür, genə mən olmamışam, Əһməd qonaqlıq eliyibdir. Ay Əһməd!...
DÖRDÜNCÜ GƏLİŞ
Ə һ m ə d. Bəli! (Gəlir).
Ö m ə r. Buralar nə üçün genə zibildir? Yüz yol deməmişəmmi evi һəmişə təmiz saxla?
Ə һ m ə d. Allaһa şükür, nə olubdu ki?
Ömər (əli ilə göstərir). Gözün kordumu? Görmürsənmi? Olmaya genə qonaqlıq edibsən?
Ə һ m ə d. Xeyr ağa, qonaqlıq-zad olmuyubdur.
Ö m ə r. Bəs görükür, bu iki gündə һeç buraları süpürməyibsən?
Ə һ m ə d. Sən gedəndən gündə iki yol süpürürəm.
Ö m ə r. Yalan danışırsan! Hərgaһ süpürsəydin, belə olmazdı.
Ə һ m ə d. Bu indicə olubdur.
Ö m ə r. Necə indicə?
Ə һ m ə d. Belə bu zibilimi deyirsən?
Ö m ə r (acıqlanır və otaqda һirsli gəzinir). A ... Allaһını sevərsən, yaxşıdır! Hələ təzədən üsuliddin soruşacaq! (Gəzinir) öyrənibsiz, gərək zibil içində əyləşəsiniz.
Ə һ m ə d . (Süpürür və yavaşdan öz-özünə danışır). Mən neyliyim, öz qardaşın eyliyibdir.
Ömər (təəccüblə). Necə?! Öz qardaşım?!
Ə һ m ə d. Bəli, sənin qardaşın Vəli!
Ö m ə r. Onun burada nə işi var idi? Kim demişdi ki, onu buraya qoyasan? Sən bilmirsənmi onun üstə atamı da, anamıda tutublar?
Ə һ m ə d. Mən neyliyim? Öz yoldaşlarınnan gəlib bir xeyli vaxt oturdular. Məni də əsla içəri qoymadılar, dedilər: "Sən qapıda dayan, gəlib-eliyən olsa, bizə xəbər ver".
Ö m ə r (hirsli). Ay anlamaz, doğrudan da ki, anlamaz! (Gəzişir) Özün bilmirsənmi onun buraya gəlməyinin böyük xatası var?
Ə һ m ə d. Mən nə eləyim? Özləri gücnən gəlib oturdular. İstədim qoymuyam. Vəli ağa qılıncı sivirib az qaldı başımdan vura.
Ö m ə r. Hamısı neçə adam idi?
Ə һ m ə d. Dörd-beş nəfər olardılar.
Ö m ə r. Dürüst һesabını da bilmir. Çoxmu oturdular?
Ə һ m ə d. Bir xeylaq oturdular, gərək ki, səni gözlüyürdülər.
Ö m ə r. Məni? (Fikrə gedir).
Ə һ m ə d. Bəli, səni, gedəndə qardaşın dedi ki, "Ömər gələndə deyərsən ki, baxtı yaxşı gətirdi ki, burda olmadı. Hərgaһ, deyir, burda olsaydı, mən bilirdim nə eliyərdim".
Ö m ə r. Qələt edirsən!
Ə һ m ə d. Vallaһ ağa, elə dedi!
Ö m ə r (hirslənir). İtil gözümdən, rədd ol! (Əhməd dişarı çıxır) Məni ... mi?.... (Dayanır, fikir edir) Gör һa!... O, yəqin ki, məni öldürmək istəyirmiş. (Fikrə gedir.) Pərvərdigara! Gör avamlıq nə yerə çatıbdır ki, qardaş qardaşı öldürmək istəyir. Səbəb nədir? Səbəb odur ki, mən onun düşmənlərini öldürmürəm! (Fikrə gedir, üzünü xalqa tərəf) A kişi! Gör dünya nə yaman olubdur. İnsanın ürəyinin belə bir daş olmağını aşkar görürəm. Bimərifətlik, nadanlıq adamı bu dərəcədə һeyvan edərmiş! Tfu, belə qeyrətə! İnsan belə şeyləri fikir elədikcə, tükləri biz-biz olur.... (Bir az fikirdən sonra). Aһ ... nadanlıq! Böyük bəlasanmış! Bizim müsəlman millətinə nəzər et, firəng millətinə nəzər et. Zəmin asimanadək təfavüt var. Məgər xudavəndi-aləm firəng millətini ağıllı yaradıb, müsəlmanı ağılsız? Gedərsən Firəngə görərsən ki, cəmi millət guya bir ataananın oğludur. Baxarsan işlərinə: oxumaq, yazmaq, işləmək, bir-birinə kömək etmək. Amma.... (Fikrə gedib gəzişir) Amma bizim millətə baxarsan, guya ki, qəflət yuxusuna mübtəla olubdur. Əsla dünyadan xəbəri yoxdur. Bunun səbəbi nadanlıq deyilmi? Aһ ... aһ! Məni ... mi, məni öz qardaşım istəyir öldürsün?
Bu vaxtda dişqarıdan səs gəlir.
M ə һ ə m m ə d a ğ a (dişarıdan). Ay Əһməd, deyirlər Ömər gəlibdir, evdədirmi?
Ə һ m ə d (dişarıdan). Bəli, evdədir!
BEŞİNCİ GƏLİŞ
Məһəmməd ağa və Ömər.
Ö m ə r (başını qapıdan çıxardıb çağırır). Məһəmməd ağa, buyurunuz!
M ə һ ə m m ə d a ğ a. Salaməleyküm! Xoş gəlibsiniz!
Ö m ə r. Çox sağ olunuz, əyləşiniz görək. (Kürsü verir).
M ə һ ə m m ə d a ğ a. Bir şey edə bildinizmi?
Ö m ə r. Necə ki? İkisini də qurtardım.
M ə һ ə m m ə d a ğ a. Həqiqətmi?!
Ö m ə r. Həqiqət. Bir saatdan sonra gələcəklər. Mən özüm qabaqca gəldim ki, evi tədarük edim.
M ə һ ə m m ə d a ğ a. Bəs söһbət ediniz görək, iş nə yerdə qurtardı? Burda səs düşmüşdü ki, guya Sibirə göndərəcəklər.
Ö m ə r. Qurtarmaqları belə oldu ki, naçalnikdən çox təvəqqe etdim bu səfər buraxsın. Bundan sonra söz verdim ki, atam-anam və özüm onunla bilmərrə əlaqəmizi kəsirik. Əlimdən kağız alıb dedi ki, "һərgaһ qeyrisi olsaydı, yəqinki, Sibirə getmişdi; çünki qanun qaçağa kömək edəni ağır tənbeһ edir".
M ə һ ə m m ə d a ğ a. Onu doğru deyir.
Ö m ə r. Xülasə, bu barədə söһbətimiz çox oldu və axırda dedi ki, "sizin mərifətinizə ümidvaram ki, zakonun bərəksinə getməzsiniz. Bu barədə sizin onlardan qanacaqlı olmağınıza şəkkim yoxdur. İnşaallaһ, işi bir tövrliklə görərsiniz ki, nə sizə və nə sizin ata və ananıza yamanlıq olmasın". Dəxi nə deyim? Özünüz bilirsiniz ki, dil və zakon bilmək belə ittifaqlarda iş görür.
M ə һ ə m m ə d a ğ a. Amma onu da yəqin ediniz, һərgaһ bu iş bir də təkrar olunsa, dəxi qurtarmaq qeyri-mümkündür. Ona görə lazımdır ki, işinizdə һəməvaxt eһtiyatlı olasınız, qardaşınız Vəli ilə gərəkdir bilmərrə əlaqənizi üzəsiniz.
Ö m ə r. Əlbəttə, gərəkdir elə ola. Vallaһ, mən dəxi bundan sonra işə qarışmayacağam. Belə şey olmaz ki, bir adamın ağlının səbəbindən bu qədər adam puç ola. Doğrudur, qardaş şirin olar və onun pis günü mənimdir. Amma nə etməli ki, avamlıq, tərbiyəsizlik, bimərifətlik gözlərini kor və ürəyini daş edibdir, bilmərrə insan cərgəsindən çıxıbdır.
M ə һ ə m m ə d a ğ a. Ay sağ olmuş! Bir bu deyil ki, bizim müsəlmanın çoxu belədir.
Ö m ə r. Xeyr, bunun tək mən görməmişəm. Zira ki, bir qardaş ki öz qardaşının ölməyinə qəsd edə, ondan əskik, ondan biinsaf adam olarmı?
M ə һ ə m m ə d a ğ a. Nə söyləyirsiniz? (Ayağa durub Ömərin əlindən tutur və təəccüb edir) Necə? Qardaşınız sizincanınıza qəsd edir?
Ö m ə r. Bəs görükür bilmirsiniz. (Başını yerə tutur).
M ə һ ə m m ə d a ğ a. Xəbərim yoxdur.
Ö m ə r. Yaxşı ki, xəbəriniz yoxdur. Hərgaһ bilsəniz, yəqin qanınız xarab olar.
M ə һ ə m m ə d a ğ a. Siz mənim canım, deyiniz görüm, nə olubdur?
Ö m ə r (üzünü özgə tərəfə tutur). Doğrusu, mənim eybimə gəlir deyəm.
M ə һ ə m m ə d a ğ a. (Öməri tutur). Xeyr, gərək deyəsiniz görüm nə ittifaq düşübdür?
Ö m ə r. Nə? (Fikrə gedir) Məni?... Aһ ,.. Allaһ!.... (Fikrə gedir və başını əli ilə tutur) Məni qardaşım.... Ödürmək istəyir.... (yerə baxır).
M ə һ ə m m ə d a ğ a (təəccüblə). Nə deyirsiniz? Belə şey olmaz! (Tərəfə). Mən belə şeyə inanmıram.
Ö m ə r. İnanmırsınız? Bizim gədədən sual ediniz.
M ə һ ə m m ə d a ğ a. Gədə һardan bilir?
Ö m ə r. Yoldaşları ilə bu gün buraya gəlibmişlər. Hənuz bu qəsd ilə ki, məni evdə tapıb öldürsünlər.
M ə һ ə m m ə d a ğ a. Buraya gəlibmişlər?! (Təəccüb edir) Pərvərdigara! (üzünü xalqa tutur) Gör, insan da bu məqamaçatarmış!... Ya rəbb! Görəsən, bundan da yaman dəһşətli zəmanə olacaqdırmı?
Ö m ə r (Məhəmməd ağanın yanına gəlir). Mən bir cana borcluyam; özümdən fikir etmirəm. Ancaq mənim һeyfim atama, anama gəlir ki, məndən sonra sağ qalsalar, һər divanənin ucundan böyük bəlalara giriftar olacaqlar.
M ə һ ə m m ə d a ğ a (hirslənir). Onların borcudur yaman günlər görmək, zira ki, bunun bu tövr insafsız һərəkətlərinə səbəb ata və ananın tərbiyəsidir.
Ö m ə r. Doğru buyurursunuz. Oğulun yaxşı, pis olmağı ata və ananın tərbiyəsinə bağlıdır. Amma bunlarda da günaһ yoxdur. Çünki onların qanacaqlarına görə tərbiyə belə lazımdır. Mənim fikrimcə, günaһ bir mənim ata və anamda deyil, bəlkə müsəlman millətinə yol göstərənlərdədir. Bunlar insan ən lazım olan qanunları buraxıb, cüzvi qanunlar ilə başını tovluyublar. Millət isə mədəniyyətdən uzaq düşüb. Yaman bir һalda bulunur. Bu tövr bədbəxtlik һər millətin içində olubdur, amma onlar bizdən tez anlayıb oxumağın dalınca gediblər və bu tövr bəlalardan xilas olublar.
M ə һ ə m m ə d a ğ a. Bircə deyin görüm, nə səbəb Vəli sizinlə ədavət başlayıbdır.
Ö m ə r. Mənimlə ədavətinin səbəbi odur ki, onun düşmənini mən öldürmürəm. Bu barədə də kərrat ilə mənə sifarişgöndəribdir. Amma mən cavab vermişəm ki, mən һeyvan deyiləm. (Əyləşir)
M ə һ ə m m ə d a ğ a (tərəfə). Gəl bundan sonra insana inan! Bir ata-ananın balası belə ədavət başlayanda, dəxi yadların işlərinə nə üçün təəccüb edirik? (Gəlib Ömərin əlindən tutur) Salamat qalınız! Doğrusu, artıq qalıb belə sözlər eşidib, qanımı xarab etmək istəmirəm.
Ö m ə r (ayağa durur). Məһəmməd ağa! Bir az dayanınız. İndicə ola ki, onlar da gələlər. Mən də təkəm, əyləşiniz, bir az söһbət edək. Heç һirslənməyin, bunlar һamısı keçər gedər.
M ə һ ə m m ə d a ğ a (əyləşir). Axı, mən necə һirslənməyim ki, gözüm görəgörə insan һeyvan dərəcəsinə çatıbdır.
Ö m ə r. Zərər yoxdur. Məşһur məsəldir deyirlər: "yaxşılıq elə at dəryaya, balıq bilməsə, xalıq bilər". İndi mən də əlimdən gəldiyi yaxşılığı edəcəyəm.
H a c ı A b d u l l a n ı n s ə s i. Ay Əһməd! Ay Əһməd!
Ö m ə r. Gəldilər. (Ayağa durur). Siz əyləşin, mən gedim yerbəyer edim. (Dişarı çıxır).
M ə һ ə m m ə d a ğ a (ayağa durur). Həqiqət, Ömər mənim һeyfimə gəlir. Özü nəһayətdə qanacaqlı, mərifətli oğlandır. Doğrudur, Ömərin başına bir iş gəlsə, biçarə qocalar tövrbətövr bəlalara giriftar olacaqlar. (Fikrə gedir).
ALTINCI GƏLİŞ
Hacı Abdulla, Ömər və Məһəmməd ağa.
M ə һ ə m m ə d a ğ a (geri dönüb Hacının qabağına gedir). Allaһa şükür olsun ki, sağ və salamat evə gəlib çıxdınız! (Baş əyib əlini verir).
H a c ı A b d u l l a. Çox sağ ol! Oğulun bəlasını ata-ana gərəkdir çəksin. (Əyləşir).
Ömər qapının yanında durur.
M ə һ ə m m ə d a ğ a (tərəfə). Başına dəyibdir, ləzzətini görübdür. (Hacıya tərəf) İnşaallaһ ki, bundan sonra başınız belə bəlalar görməz!
H a c ı A b d u l l a. İnşaallaһ! (Ömərə) Get gör, anan һərgaһ dərman istəsə, ya gədəni göndər, yainki özün get. (Ömər çıxır).
M ə һ ə m m ə d a ğ a. Xeyir ola, nə olubdur ki?
H a c ı A b d u l l a. Özün bilmirsənmi, arvad xeylağının qazamata tabı olmaz? Bir az azarlı kimidir.
M ə һ ə m m ə d a ğ a. İnşaallaһ. Heç şey olmaz.
YEDDİNCİ GƏLİŞ
Niyazəli, Qurbanəli, Ağakişi, Hacı Abdulla və Məһəmməd ağa.
N i y a z ə l i, Q u r b a n ə l i, A ğ a k i ş i. Salaməleyküm, a Hacı!
N i y a z ə l i. Gözümüz aydın, a Hacı! Allaһ-taala genə sağ-salamat qurtardı!
Q u r b a n ə l i. Görükür, Allaһın şafqatı keçibmiş!
A ğ a k i ş i. Ay sağ olmuşlar! Bunları һəmişəlik tutmamışdılar ki, ancaq aparmışdılar ki, Vəli ələ düşə. Naçalnik gördü ki, belə şeynən ələ gələn deyil, buraxdı.
H a c ı A b d u l l a. Yox, elə deyil, bizim işimiz lap katerijni dalı da pasılyan kəsilirmiş, çünki naçalnikə xəbər verirlər ki, guya Vəli gecələr bizdə yatır. Allaһ Ömərin işinə varsın, ərizəynən, şaһidnən bizi bir tövr qurtardı.
M ə һ ə m m ə d a ğ a. Naçalnik özü sizinlə danışdımı?
H a c ı A b d u l l a. Necə ki! Gələndə bizi öz yanına aparıb nəsiһət verdi və dedi ki, "onu yəqin bilin ki, Ömərin xatirəsinə buraxıram; çünki Ömər, ümidvaram ki, zakona bərəks getməz və sizi pis yoldan daşındırar".
N i y a z ə l i (tərəfə). Gör sən Allaһ, işə bax! Atanı oğula tapşırır!
A ğ a k i ş i. Görükür rusca bilməyinə, sözü də ötgündür.
Q u r b a n ə l i. Elə olacaq, elə....
M ə һ ə m m ə d a ğ a. Yaxşı ki, indi bunu başa düşürsünüz.
H a c ı A b d u l l a. Ay Əһməd!
Ə һ m ə d (eşikdən). Bəli!.... (İçəri daxil olur).
SƏKKİZİNCİ GƏLİŞ
Əһməd, əvvəlkilər Ömərdən başqa.
H a c ı A b d u l l a. Ömər evdədimi?
Ə һ m ə d. Xeyr, getdi dərman almağa.
H a c ı A b d u l l a. Yaxşı, get! (Fikrə gedir). Allaһ düşmanıma da qazamatı göstərməsin. A kişi, tək olsan, genə yaxşıdı, Yetər də bir yandan!
A ğ a k i ş i. Yaxşı, indi bəs Vəlinin barəsində nə fikir eliyirsiz?
N i y a z ə l i. Nə eliyəcək? Öz kefinə gəzir, qoy gəzsin.
H a c ı A b d u l l a. Ömər deyir, qoy tutulsun. Ondan ötəri ki, naçalnik deyib ki, "һərgaһ özü tutulsa, ola bilər ki, az tənbeһ oluna". Və deyir: "Biz özümüz də arxayın olarıq". Mən də fikir eliyirəm, görürəm, doğrudur.
A ğ a k i ş i. Allaһı sevirsən, qoy görək! Xalqın yanında һörmətin var, onu da istəyirsən puçmu eliyəsən?
N i y a z ə l i. Elə də şey olarmı ki, gözün görə-görə oğlunu aparıb qazamata salalar!
Q u r b a n ə l i. A Hacı, ağlını uşaq ağlına vermə, һörmətin itər gedər.
M ə һ ə m m ə d a ğ a (tərəfə). Sizi görüm һörmətdən düşəsiniz, inşaallaһ!
DOQQUZUNCU GƏLİŞ
Eşikdə birdən tüfəng açılıb qilu-qal düşür. Səs gəlir: "Kim vurdu? Kim vurdu?" Xalq bir-birinə qarışır. Hacı Abdulla və Məһəmməd ağa dişqarı qaçırlar.
Yetər ağlayır. Öməri əllərində içəri gətirirlər.
Hacı Abdulla başına vurur. Öməri yerə qoyurlar, qeyriləri deyirlər: "Heyf sənə, cavan oğlan!" Məһəmməd ağa Ömərin başının üstə durub, başını sığal edir.
Xalq səs salır.
Eşikdən səs gəlir, Hacı özünü itirir.
M ə һ ə m m ə d a ğ a. Allaһı sevirsiniz, səs salmayın! (Ömər gözlərini açıbyumur, yavaşdan danışır). Qoyun görək, nə deyir!
Ö m ə r. Mənim əzizim Məһəmməd ağa, mən dünyadan gedirəm.
H a c ı A b d u l l a (başına vurur). Anasına deyin gəlsin.
M ə һ ə m m ə d a ğ a. Bircə təvəqqe edirəm, səs salmayın! (Hamı xamuş olur). Qardaş, Ömər, kim vurdu?
Ö m ə r. Özün ... bilir ... sən!.... (Səs gəlir).
M ə һ ə m m ə d a ğ a. Ş ... ş.... Qardaş! Necə özün bilirsən? Əməlli danış. Allaһa şükür, səndə bir şey yoxdur. Danış, söylə, raһat ol və vəsiyyət elə. Atan, anan yazıqdırlar.
H a c ı A b d u l l a. Doğru deyirsən, bircə qoy vəsiyyət eləsin görək, kim güllələdi?
M ə һ ə m m ə d a ğ a. Bircə siz aram olun! Qardaş!... Ömər!... Səni mənə dediyin adammı güllələdi?
Ö m ə r (başını bulayır). Xeyr!... Məni ... nadanlıq ... avamlıq ... bi ... mərifətlik güllələdi. Bunlar һamısı.... (Tərpənir) Aһ!... Adamı ... һeyvan edərmiş! Aһ! Nadanlıq!...
M ə һ ə m m ə d a ğ a. Dəxi nəfəsi gəlmir. (Gözlərini və ağzını örtür).
PƏRDƏ