Ey görünmәz dost elindәn gәlәn quş!
Hansı murdar әllәr yıxmış yuvanı?
Qәribmisәn, yoxsa! Nәdir bu duruş!
Әlindәnmi aldı ovçu balanı?
Ovçu, görüm yavrun sәnә qalmasın,
Әkdiklәrin solsun, kölgә salmasın!
Qәrib bacı, gözün nәdәn yaşarmış?
Öpmәdinmi nişanlını doyunca?
Fәlәk sәnә, nә istәrsә, yaparmış!
Ağladınmı, qaçdığın yol boyunca,
Dikmә gözün hәr yalqız mәzara,
Gedәn gәlmәz, bacım, baxma yollara!
Aşıqlardan sәs yox, sazları qalmış,
Çoban, sürün hanı, tozları qalmış?!
Ellәr köç elәmnş, izlәri qalmış,
Yolları qar basmış, yox gәliş-gediş,
Sizә nә çox ağır keçdi bu il qış?!
Baxdım o yerlәrdә buludlar ağlar,
Mәzarlığa dönmüş bağçalar, bağlar.
Maralsız qaldınız, a qarlı dağlar!
Tutan olsa sizdәn maral sorağı,
Görәcәk ki, hәr yer düşmәn yatağı!
Nişan mәclisindә şәrbәt kasası,
Qırılmış, yerlәrdә şәrbәt tökülmüş.
Baxdım çalır sazlar ölüm havası.
Toylar qara geymiş, bellәr bükülmüş.
O yerlәrdә daha gәlin köçәrmi?!
Bu qanlardan adil allah keçәrmi?!
Didilmiş bәdәnlәr, yolunmuş saçlar...
Dağılmış yuvalar görmәk istәsәn.
Qardan kәfәn geymiş yoxsullar, aclar,
O ellәrdә nә var bilmәk istәsәn,
Sәnә bir kamança hәr şeyi söylәr,
Mәn bir kamançayam, tellәrim inlәr.
«Әzizim, ay, hәr aylar,
Hәr hәftәlәr, hәr aylar.
Gözü yolda dul bacımız,
«Qardaş» deyә haraylar!»
Onlar sәnә göz dikәrkәn,
Şәrab içmә, düşün bir az.
Ey hәr zaman «mәrdәm» deyәn,
Bundan artıq fürsәt olmaz!
Ay ağalar, ay xanımlar,
Baxın, sizә göz dikәn var!..