Sәni gözdәn eylәyәn,
Gözdәn iraqlaşdıran,
Bu uğursuz çadranı
Fırlat qaranlıqlara.
Bitdi qaranlıq gecә,
Söndü zülmәt, atdı Dan,
Nә gizlәnmәk vaxtıdır,
İş hara, çarşaf hara?
Dörd divarın içindә,
İşıq, günәş görmәdәn,
Bәsdir qulaq verdiyin
Qәdirbilmәz sәslәrә.
Bir yeni hiylә tapdı,
Mәhvin üçün hәr yetәn,
Dost ikәn düşmәn oldun
\"Can!\" dediyin kәslәrә.
\"Namusu\" zindanlarda,
Zәncirlәrdә görәnlәr.
Ölmәdәn әndamına,
Kirli kәfәn taxdılar.
Bir çox qanlı әsrlәr,
Bilmәdin ki, hәyat var;
Cәhәnnәm qorxusuyla
Gül vücudu yaxdılar.
Nә idin, zavallı, sәn:
Canlı, yaylı bir bәbәk,
Güldüyün görünürdü,
Göz yaşın bilinmәzdi,
Yağıydı hәr kәs sәnә.
Bilәrәk, bilmәyәrәk.
Çökәrdin bucaqlara,
Tozların silinmәzdi.
Yer üzündә insanlar,
Tapınırkәn sevgiyә;
Sәn sevәcәk oldunsa,
Nәsibin oldu bir ah!
Hər dәfә sevdiyindә
\"Qadına haq yox\", deyә
Bir ağızdan bağırdı
Müctәhidlә padişah.
Eşitdim ta әskidәn,
Daş bütlәrin önündә,
Qurbanlıq qoyun kimi
Baş әyirdin bıçağa.
Deyirlәr, elә şeylәr
Var dünyada bu gün dә:
Nә günlәr keçirdin sәn
Yetişincә bu çağa...
Bir dilsiz quzu kimi,
Palas bığlı tacirә,
- İstәmәz, xatırlama -
Satıldığın günlәri.
Şirvanın bazarından
Sürürlәrdi hәr yerә;
Bağlananlar zülfünә,
Misirdәn, Hinddәn bәri.
Qaranlıq gecәlәrdә
Karvanlar keçir ikәn,
Yurdunun әfsanәli,
Yoncalı yollarından,
Qaçmaqmı istәyirdin,
Ya nәdәn dә qәflәtәn
Әsirçilәr yapışdı
Saçından, qollarından?
Bir az sonra Bağdadda,
Buxurdanlı sarayda,
Dәrdli qәlbin qanından
Mey sunardın vәzirә.
Dalğadan kәfәnilә
Dәclә adlı bir çayda,
Qanlı bir toy etdilәr
Sәn sevdiyin әsirә.
Aç, tarixi vәrәqlә,
Qanlı sәhifәlәrdә
Axıtdığın qanı gör
Әsirlәr karvanında.
Eyni dәrdlә inlәmiş
Boğuq sәsin hәr yerdә.
Dünyanın hәr yerindә
Misrindә, İranında.
Deyirlәr, qısqanclıqdan
Bilmәm hansı peyğәmbәr
Bir әbәdi intiqam
Almaq üçün qadından
Demiş ki: \"Gizlәnmәli
Bütün çirkin, gözәllәr;
Әmrdir çarşaf sizә
Allahımın adından\".
O qanlı gündәn bәri.
Dodaqlarında yox qan;
O qanlı gündәn bәri
Hıçqırıqla boğuldun.
Şah olsun, dәrviş olsun.
Nankor imiş bu insan;
Süd verdin insanlığa,
İnsanlıqdan qovuldun.
İndi artıq yıxıldı,
Batdı qanlı saraylar.
Devirdilәr taxtını
Qan içәn padşahın.
İndi dinin dilindәn
Bambaşqa bir zikir var;
Fәrqini anlayan yox
Savab ilә günahın.
Gәl, gecikmә, çıx artıq,
Çıx qarış insanlara!
Vur başına zahidin
Eşqini, imanını;
Bir nәhayәt qoy artıq
Verdiyin qurbanlara;
İnsanlığın yolunda
Qurtar әvvәl canını!..
1929