Vəkil
Həqsizə həqli deyib, bir çox günaha batmışam.
Həkim
Dərdi təşxis etməyib, qövm-əqrəba ağlatmışam.
Tacir
Mən həlal ilə həramı bir-birinə qatmışam.
Rövzəxan
Ümmətin pulun alıb, mən gözlərin islatmışam.
Dərviş
Nerdə bulsam soq açıb, min-min yalan söz satmışam.
Sofi
Ruzü şəb həq-həq deyib, mən hər kəsi oynatmışam.
Molla
Gündə bir fitva verib, məxluqu çox aldatmışam.
Elm
Qəti-ümmid etmişəm, yeksər bu qövmi atmışam.
Cəhl
Ortada keyf eyləyib, mən həm məramə çatmışam.
Şair
Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam.
Əvam
Anlamam hərgiz, cəhalət bəstərində yatmışam.
Qəzetəçi
Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam.
Ilk dəfə “Molla Nəsrəddin” jurnalında (10 fevral, 1906, № 33) “M.Möhtəmil” imzası ilə çap olunmuşdur.