Gəzdim qarış-qarış ana torpağı,
Nə yaxında, nə uzaqda qocaldım.
İsti, soyuq, heç varmadım fərqinə,
Nə aranda, nə yaylaqda qocaldım.
Məlhəmdi dağ moruğu, bağ narı,
Hər kimsənin öz istəyi, öz yarı.
Görməyəndə qədir bilən dostları
Çıl-çırağlı ağ otaqda qocaldım.
Altmışımda zirvələri aşanda,
“Yaş on beşdi!” - söyləmişəm bu anda.
“Millət!” - deyə satqın coşub-daşanda
Belə çağda, belə vaxtda qocaldım.
Hüseyn Arifəm, yaxşılara yananam,
Ömür boyu yamanlara yamanam.
Sevinəndə qoca ikən cavanam,
Qəmlənəndə cavanlıqda qocaldım.