Mühərriri Mənafzadə Sabit
İran məsaibi-istibdadindən.
Ailə sahibi bir erkəgin axşamları yarım batman, təqribən (6 girvənkə) çörək ilə evinə dönə bildimi? İştə təmam erkək idi.
Kəndini qəhrəmani-cahan zənn edər, bığlarını burar, yürüyürkən papağını yan qoyar və hər bir qədəmdə Rüstəmi-dəstanə rəcəzxan olardı.
Ya... insafən haqlı deyilmi idi. Bir erkək qəhrəman bundan ziyadə nə yapa bilər; iştə məhal şəklinə girmiş olan pək ağır bir müşkülü həll etmiş, və böyük igidlik göstərmişdir.
Bizlər bəşəriz, deyilmi?
Haydı, övladi-bəşərdən, yəni bizlərdən öylə birisini tap ki, məhal dərəcəsinə varmış olan bir müşgülün həllinə müvəffəq olsun da, bunları, bu rəcəzxanalıqları bu xudpərəstlikləri yapmasın. Fəqət mümkünmü?
Ta sabahdan axşama qadar çörəkçi dükanlarının qabaqlarında təkcə bir dənə “səngək” ala bilmək üçün qovğalar başlayır, başlar yarılır, qanlar tökülür, qiyamətlər qopuyordu: hal böylə ikən bizim bu şanlı qəhrəman hələ o “səngək”lərdən bir də deyil, üçünü yaxalaya bilmiş, budur əbasının altında evinə gətiriyor. Insaf üçün bu igitlikləri göstərən şu böyük dilavər qəhrəmanlıq tövrünü tapıb da bığlarını burmasınmı?!
Məşhur Nasirəddin şahın dövreyi-səltənətinin taəvaxirindən bütün Azərbaycanda, bəxüsus Təbriz şəhərində böylə bir hal hökmfərma idi!
Bir azərbaycanlıya bunları yazmaq – bu kimi əhvallara dair şərhlər vermək, tövzi və izahat verməkdir. Çünki o bunları bilən, bu müdhiş səhneyi-həyatın, bu cansız faciənin daimi bir tamaşaçısıdır. Bəzən kəndisi belə bu oyunlarda rollar oynamış və “aktyorluq\" vəzifəsni icra etmişdir!
Həm rol oynamaq, həm də tamaşa etmək olmazmı?
Fəqət Araz çayının şimalında, yəni Qafqaz mühitində böyümüş və nəşvü nüma etmiş bir müsəlman qardaşa bunları, bu ovzai-fəciəni nasıl çatdırmalıdır?
Biz qafqaziyalı üçün, nədən yalnız qafqaziyalı üçün – bir tatar, bir krımlı, bir sart, bir qırğız üçün belə bunları qanmaq, bu nüktələri düşünmək, ağıla sığışmaz dərəcələrdə müşküldür.
Yox, yox, “qabil deyildir”, deyəcəkdim. Qabil deyil, əvət qabil deyil, deyil, deyil!
Ya! Nasıl qabil ola bilər? Bir kərə düşünülsün: İran və Azərbaycan mühitlərindən başqa hansı bir islam görünmüşdür ki, bir külfət, atalı, analı, oğullu, qızlı, daha doğrusu, bütün bir ailənin əfradı sübh erkəndən axşama qadar, paraları əllərində ikən, sadə bir yavan çörəklərini bulub almaq üçün gəzsinlər, dolaşsınlar və qaliba çörəkçi dükanları qarşısında oynaşan qadın və erkək qalabalıqları içində əzilsinlər, döyülsünlər, söyülsünlər də bəzən yenə axşamları məyus, çörəksiz dönərək ac yatsınlar.
Inanılacaq şeymi?! Əcəba!
Fəqət bir xatireyi-həsrət olan bu cansız həqayiqi sizlərə göstərmək, inandırmaq, nəhayət isbat etmək üçün öylə mötəbər, öylə həqiqi şahidlərim var ki!..
Məsələn günahsız bar çocuğun məzlum şikayətlərini, məsum bir qızın məhv olmuş namusunu, bədbəxt bir ananın infialını, ümidsiz bir validənin həzin göz yaşlarını istərmisiniz?
Ba... bunlara nə hacət var. Nədən öylə uzaqlara gedək, iştə gözlərinizin önündə daima dolaşıb duran bir çoxlu şahidlər çıxarsan olmazmı?
Orada, o küçənin başında, divara söykənən cavan yaşlı, qaragöz hambalı görüyormusunuz?! Baxınız, özü də qan-tər içində, daima çiynində gəzdirdiyi palanı yerə qoyub, guya bir az dincəlmək istəyir!
Daha biri də, şu meydançanın tam ortasında, vücudu başdan-ayağa neftə bulaşmış “nevütçü” həmşərini də bir seyr ediniz!
Hələ bu palanın arxa tərəfindəki iki mərtəbə karvansaranın alt qatında, ağsaqqal azarlı bir ixtiyar quru mənzildə can veriyor. Ah! Qərib vilayətdə ehtizarın o ağır dəqiqələrini keçirən şu bədbəxt zavallının son fəryadlarını, həzin zarıltılarını eşitməyirmisiniz?!
Ha, bir də o tərəfdə, ta uzaqlarda, mədəndə, bir neft quyusunun başına yığılmış izdihama baxınız. Yenə buxardan həlak olmuş 30-35 yaşlı bir fəhlənin meyiti quyudan çıxarılır. Adı Rəcəbəli Ibrahimoğlu, özü də İran rəiyyətidir!!!
Gördünüzmü?
Fəqət ümid edərəm ki, daha böylə bir mövqedə:
“Paho, adə, sənin bu şahidlərinin cümləsi, Allahın heyvan həmşəriləri imiş ki?” demiyəcəksiniz, deyilmi?!
Zira ki, böylə bədbəxt məxluqlar, bu günahsız şikayətlər, bu məhv olan namuslar, bu infiallar, bu həzin göz yaşları, bu insanlığa biganə sayılan hamballar, bu neft balıqları, bu ehtizar dəqiqələri, bu mədən fədailəri, bunlar, həp bütün bunlar, mənim müdam bulunduğum həqayiqi-fəciənin, öylə böyük, öylə həqiqət-məal şahidləridirlər ki, “Divani-ədaləti-bəşər” bunların şikayət və şəhadətlərini dinləyincə birdən-birə diskinər, titrər, tişlər, daha bir taqım başqa şeylər yapar, nəhayət başını itirərək öz heçliyinə, yalançılığına nifrətlər edər! Lənətxan olar...
Fəqət mən bu kimi ağır və ağırlığı qədər də hər bir təsəvvürün fövqündə olan mərdud cinayətlərin mühakiməsi üçün, bəşərlikdən daha yüksək, daha yuxarıda olan bir hüzuri-ədalət istərəm:
Haydı, siz o ədaləti bulunuz, çağırınız, mən də şahidlərimi çıxarayım!
Çıxarım, deyəyim ki:
Bizim yaşadığımız kürrənin “Asiya” adınlı parçasında bir Iran vardır. Bu Iranda yaşayanlar da var. Hər bir yaşayan idameyi-həyat üçün yeyib-içməyə möhtacdır. Deyilmi?
İştə bu ehtiyaci-təbii bir hal olduğu üçün cəmiyyət onu eyicə təmin etmiş və bu barədə heç bir növ qüsur göstərməmişdir. Gözəl ovalar, geniş ziraət yerləri, axar çaylar var, hər il vaxtilə şu yerlər sürülür, şuxum edilir, əkilir, bitir, nəhayət biçilib götürüldüyü zaman, neçə qat daha ziyadə taxıl verir. Dinləyirmisiniz?
– Çox gözəl, sonra?
– Sonrası da bu ki, yazıq cəmaət bir bu qədər məhsulati-təbiyyənin nəşvü nüma bulunduğu yerdə daima çörək üçün həsrət qalaraq bir növ yaşayıb dura bilmək üçün torpaqlar yeyir, samanlar çeynəyir!
– Vay, torpaqlarımı yeyir, dediniz? Öylə isə şu yerlərdən hasil olan bunca taxıllar nə olur, nerəyə gediyorlar?!
– Ah... nasıl dedim! Təbiətin onlara bəxş etdiyi bu haqqı-həyat saxlanılır, ehtikar olunur!
– Ehtikarmı olunur?
– Əvət, ehtikar olunur! Ehtikar! Mollaların, xanların, əyanların, dərin-dərin anbarlarına doluyor.
– Ya... bunda nə bəhs var. Burası pək sadə bir şey, bəlkə bir qaideyi-ümumiyyədir. Bütün dünyanın hər tərəfində taxıllar biçildimi, haman tarladan anbarlara nəql olunub da hər gün lazim olduğu qədər çıxarılır, xaricə buraxılır.
– Əvət, haqqınız var. Mən yanılaraq “anbarlar” dedim, böylə deməməli idim. Zira ki, bizim tarlalar biçilib qurtaran kimi sizin bildiyiniz anbarlara deyil, həbsxanalara, əbədi, əvət əbədi, zindanlara doldurulur və saxlanırlar!
– Gözəl! Artıq gəvəzəliyə başladıq, deyilmi?
Haydı, siz söyləyiniz, biz də əylənək, həzzlər edək, qəh-qəhələr yapaq, gülək, nəhayət bayılaq da?..
Buğdaya, taxıla iş kəsilirmiş, həbs edilirmiş, cəzalar verilirmiş, həm də pək ağır cəzalar, əbədi həbslər! Öyləmi?
– Dedim ya?.. Azərbaycan buğdası ehtikar zindanlarında həbsi-müəbbəddir. Həpsiyüb, həm də çürüyüb məhv olana qədər! Düşündünüzmü?
– Əvət, siz dediniz, mən də düşündüm. Fəqət bu dediklərinizdə bir çox əcayib məsxərə işlətdiniz, gözəl-gözəl gəvəzəliklər yapdınız, zavallı taxılı həbs etdiniz... Buğdanı “qazamata” soxdunuz! Çox məmnunuz. Zira ki, bu məsxərələrdən dolayi biz də bir qədər əylənə bildik. Güldük... Ey, sonra!
– Sonrası nə olacaq. Ilk eşitdiyiniz zaman bir məsxərə, bir xəyal, bir mübaliğə zənn etdiyiniz şu dilxəraş həqiqətlərin isbatını da dinləsəniz, heyrət və riqqətinizdən ağlayacaqsınız!
Mənim şahidlərim var.
– Şahidlərinizdəmi var?.. Əcəba göstəriniz, baxalım kimlərdir?
– Bunlar... yox, yox, yox! Iştə bir-iki yeni şahidlər daha? Hələ oraya baxınız, əfəndim. Yaxşı baxınız!
– Nerəyə?
– Oraya. O böyük dumanlı şəhəri görürsünüzmü?
– Ha!.. Iki dağın ortasındamı?
– Əvət!
– Şərqdən Qərbə uzanmış!
– Tam dediniz.
– Burası nerə?
– Təbriz savadi-əzəmi!
– Təbrizmi? Amma çox böyük şəhərdir. Bu başdan baxınca nəhayəti bir dürlü görünməyir. Fəqət burada sizin dualarınıza race nə var ki?
–Hə, şimdi lütfən şəhərin cənub-qərb səmtinə doğru baxarmısınız?
–...Baxdım!
– Yaxşı baxınız!
– Baxıram.
– Nə görürsünüz?!
– Bir çoxlu əyri-üyrü dar küçələr, alçaq binalı evlər. Ha!.. Ortada geniş xiyaban bir yol da vardır!
– Çox gözəl, o yolun ortasında nələr gorürsünüz?
– Bir neçə atlar, qatırlar, ulaqlar var ki, gəlib-gedirlər. Bir taqım arıq və ətsiz inəklərə qarışmış bir qoyun sürüsü də səhraya tərəf yürüyür.
– Daha başqa bir şey yoxmu?
– Bir qaç insanlar da var ki, ahəstə şəhərə tərəf gedirlər.
– Ya... Daha irəlidə bu alçaq boylu adamı görməyirsiniz?
– Hangı birisini?
– Baxınız, o sol tərəfdəki divara dayanaraq yürüyür, bəzən qoşuyur belə!
– O sarı papaqlı qoca kişimi?
– Əvət, tam özü!
– Görürəm... yaxşı görürəm!
– Iştə ona diqqət ediniz.
– Yürüyür.
– Siz də onu təqib eləyiniz.
– Yürüyür, əvət yürüyür. Şəhərdən çıxdı, indi artıq çöldədir... Sağa tərəf döndü. Guya qarşıdakı dərəyə sarı enmək istəyir.
– Dərəyəmi?
– Əvət. Eniyor... Nəhayət dayandı. Siz də baxıyormusunuz. Ucları saralmış bir taqım balaca ot kollarının dibində oturdu.
– Orada nə yapıyor?
– O, otları qırır, kökündən çıxarır.
– Sonra?
– Vay!..
– Onları yeyir, deyilmi?!.
– Ah! Ot, adətən bir kəvər, yaxud bir “cəfəri” kolu yeyirmiş kimi.
– Buraxınız, buraxınız yesin... zavallı adam otları da yolub yeməzsə məhv olar!
– Bədbəxt insan?..
– Belə, bir də bəriyə baxınız. Bu tərəfdə daha əcayib, daha görməli bir tamaşa var.. Nə olursunuz... baxsanız a!
– Ah, yenə nerəyə?
– Bu tərəfə, bəriyə. O xarabalıqları görürsünüzmü?
– Nə dediniz?
– Bəridə o xarabalıqları görürsünüzmü, deyirəm.
–...Tavanı uçmuş o alçaq evlərimi?..
– Yox, a canım! Daha bəridə, o göy günbəzli məscidin sol tərəfində!
– Qurumuş bir söyüd ağacının aşağısında, öyləmi?
– Əvət, özüdür ki, var.
– Təqribən hər biri on bir qədəm tulində yıxılıb dağılmış altı-yeddi divar.
– Tamam öylə!
– Bəriki divarın ta o başına iri qafalı bir bayquş da qonmuş.
– Afərin! Daha başqa nə görürsünüz?
– 7-8 yaşında bir “qız çocuğu” o dağılmış divarların ətrafında dolaşır.
– Orada nə yapır?
– Nə yapacaq? Bir çocuq yürüyüb dolaşmazmı?..
– Yaxşı baxsana!..
– Ovv...
– ...Nə üçün susdunuz?
– Mən dedimmi?! Zavallı çocuq acından divarlara suvanmış saman çöplərini birər-birər qoparıb yemək istəyir!!! Deyilmi?
Gözlərini yummuşdu. Indi bir taqım müdəvvər, ağ, şəffaf incilər o birikmiş kipriklərinin uclarında titrəyir, sallanırlardı. Sanki mirvariyə bənzər bu lətif inciləri, almas paraları qarşısında o məlun mənzərə fəlakətə sərpmək və o viranədə qiymətli bir xəzinəyi-alam yapmaq istəyirdi. Fəqət, heyhat, müdhiş bir fəlakətin təsiri-tamaşası ilə tökülən almas paralar bir kərə zəmineyi-rüxsarə düşdümü, öz lətafətlərini, şəkli-əsillərini qeyb edərək, adətən həzin bir çekkeyi-qətran təşkil edərlər.
Fəqət, bu incilərin, bu qiymətli danələrin mühafizəsi üçün tənha, əvət tənha bir yer var ki, o da Allahın öz yanında olan xəzineyi-əbədiyyətdir...
O ağlayır, ağlayır və bu müdhiş tamaşanın təsiri ilə emali-qəlbində zühura gələn tufanlar içində boğulurdu.
Ancaq mən nə yapıram. Bilirsinizmi?
Mən həyəcanlanmıram.
Zira ki, mən bir azərbaycanlıyam. Və bu kimi tamaşaların heç bir təsiri olmaz. Və çoxdan bəridir ki, gözlərim istibdadın şu mühiti-müzləmində olan qaranlıqlara alışmışdır.
Hərgah daima gördüyüm bu kimi mənaziri-fəciənin tamaşası məncə ağlamaq icab etsəydi, indiyə qədər göz yaşlarımın təşkil etdiyi ümmani-həsrət içində çoxdan məhv olub getmişdim.
Fəqət indi məni bir şey düşündürürdü. Zira ki, birdən-birə rəfiqimdə zühura gələn bu inqilabi-əhval, bu ağlayışlar, bu boğuluşlar məni bir taqım hissiyyati-şairanəyə sövq etmişdi. Iştə bu hissiyyat içində düşünürdüm. Düşünürdüm də, həyatın hər dəqiqədə çevrilən şu əcəb, şu rəngarəng səhifələrini mütaliə edərək heyran olurdum. Və öz-özümə deyirdim ki:
– Bax, bir saat əvvəlin inanılmaz həqiqətlərinə qarşı istehza tökən gözlər indi əşkrizi-nədamətdir?
Zatən belə də olmalıdır, deyirdim. Zira ki, həyat dəyişməyib də daima bir halda dəvam edərsə, saatlar, günlər, aylar, illər və bu zamanlarda zühurə gələn həvadis, sadə bir “təkrar”dan ibarət qalar ki, “təkrar” dəxi hər şeydə və hər kəscə mənfurdur.
Iştə bundan dolayidir ki, bu dəyişmək, bu rəngarənglik bütün kainat üzərində cənabi-xaliqi-aləm tərəfindən vəz olunmuş bir qanuni-təbiidir ki, həyat onsuz heçdir.
Kitabi-həqiqətdə bu qanuni-əbədini “üsuli-təhəvvül” ünvanı ilə qeyd etmişlər.
Nəhayət, rəfiqim o ağır təsirin tufanları, çığırtıları içində boğularaq:
– Aman, bəradər, bu nə hal! Bu nə cür tamaşa?! – sözlərini deyə bildi.
Mən isə illərdən bəri könlümün ən dərin guşələrində zərbeyi-istibdadın açmış olduğu yaraları çıxarmaq və ənzari-bəşəriyyətə qoymaq üçün tam böylə bir suala müntəzirdim. Haman cavabı verdim:
– Iştə bir az əvvəl sizin istehzaləriniz altında payimali-həqərat olan həqiqətlərinin canlı bir lövhəsi! Ki, onları eşidərkən güldünüz. Fəqət, görüncə də ağlayacaqsınız, demişdim. Indi ağlayınız! Zira ki, bilməyərək səhaifi-həqiqətə saçdığınız o təhqir ləkələrini, ancaq bu göz yaşları pak edə bilər.
O, kirpiklərinin ucunda titrəyən son qətreyi-əşki əlilə sildi və gözlərini qaldıraraq səmanın məchul bir nüqtəsinə dikdi. Məyus, fəqət əsəbi bir nəzərlə baxırdım. Bənizi büsbütün saralmışdı. Nəhayət, bir ah çəkərək üzünü mənə doğru çevirdi.
Mən bu dəfə onun saralmış çöhrəsində bir taqım təqriri mümkün olmayan şeylər oxudum ki, onların xülaseyi-məfhumu mənim böyük bir qəbahətimi əşar edirdi.
Demə, onun yuxarıdakı suallarına qarşı vurduğum zərbeyi-şəmatət, qəlbinin ən həssas bir üzvünü qanatmış və orada dərin bir yara açmışdır. Budur, bu halın fərqinə varınca mən də əsəbiləşdim, titrədim. Və sonra özlüyümə, öz qabalıq və cahilliyimə qarşı qəlbimdə böyük bir hissi-nifrət duydum. Və özüm-özümə:
– Budur, bu da mənim qəbahətim, – dedim. Zülmün ağır zərbələri altında əzilib gedərkən, başqa birisini əzmək, məzlum yapmaq nə böyük alçaqlıqdır?! Indi məhəlli-əslisi müəmma olan vicdanımda ağır bir sıxıntı, böyük bir ağrı hiss edirdim. Adını bilmədiyim amansız bir qüvvə, bir əzabi-vicdanin içində oyanır və acı-acı fişarlarla bütün ruhimi sarsıdır, mənliyimi bərbad edirdi.
Budur, bu fişarlar, bu sıxıntılar, bu sarsıntılar içində qəyət həzin bir səs vardı ki, həzinliyi ilə bərabər, amiranə bir tərzdə mənə xitabən deyirdi:
– Məzlum ikən zalim olmaq vicdanı əzmək, insafı öldürməkdir. Zalimlik qəbahətin irtikab edən məzlum bir öldürücü, bir qatildir ki, özü öldürdüyü insafını
alçaqlığın dərin məzarında dəfn edər!
Bir-iki söz
Bu hekayəciyəzimin 95 nömrəli “Bəsirət”də nəşr olunmuş ilk sütunlarını oxuyan bir iranlı qardaşım mənə müraciətlə bir taqım nəsayehi-bəradərənədə bulundular.
Onların zənnincə guya bu kimi yazılar iranlını bədnam edirmiş.
“İranda oynanılan böylə cansuz faciələri ancaq iranlılar görməli və bilməlidirlər. Başqalarını bu qəbil əsrari-milliləyə vaqif olmaları heç də caiz deyilmiş!”
Zira ki, bunları bilən və bu qəbil əsrara vaqif olanlar, iranlılara “Sizdə hiss yox, qeyrət yoxdur” kimi ağır şəmatətlər edirlər.
Yenə bu barədə yaxın bir dostumuzdan bu məzmunlara oxşar bir məktub dəxi aldıq. Şayəd başqa yerlərdə olan iranlı həmvətənlərimizdən bəziləri dəxi bu kimi mülahizatda bulunmuş olsunlar:
Budur onlara cavabımız!
Biz də iranlıyıq, namusi-vətən hər kəs üçün öz şərəfi-zatisi qədər müqəddəsdir. Bu əsrdə böylə bir hissə malik olmayan insan deyildir.
Fəqət qəlb saibi bir insan Vətən naminə verilən, yaşadığı mühitində ichra edilən zülmləri, xəyanətləri, aqsızlıqları görüb də nə cürə onları gizlədə bilər?!
Vicdan bu kimi taqətin fövqündə olan zülmləri görməyə, görüb də onları örtüb-basdırmağa imkan verirmi?!
Ağır və müdhiş bir zərbənin açmış olduğu yaradan qırmızı qanlar axar!..
Bu, çox təbiidir.
Bundan maida zalimlərin canlar məhv edən istibdadını görərək o istibdadın qəbahətlərini, alçaqlıqlarını gizlətmək zalimlərə böyükcə bir yardım etməkdir ki, bunu da biz bacarmayız.
“Bizdə hiss və filan yoxdur”, məsələsinə gəlincə, bu da çox doğru bir şey. Bunu nə cür inkar edə bilərik. Vətənimizdə icra edilən yolsuzluqları bir qafqaziyalı, bir türküstanlı bilməsə də, başqaları bilər.
İndiyə qədər Avropada bu xüsusa dair 100 cilddən ziyadə kitab yazılmışdır.
Budur, bu da altında əzildiyimiz istibdadın bir nəticeyi-mənhusəsidir ki, Şərqin “mədəniyyət beşiyi” olan İranı Avropaya bir taqım “vəhşilər yığıncağı” deyə tanıtdı.
Bir şair deyir ki:
“Pəndi-eşqəm mədeh, ey Şeyx ki, avixteənd
Lovhi-rüsvi ma bər səri bazari çənd”.[1]
Ixtisar edəlim: Zalimin zülmünü duyub da sətr etmək, onunla şəriki-zülm olmaqdır. Bu günkü tədənnimiz, biçarəliyimiz, acı və inkari qabil olmayan bir həqiqətdir. Başqalarının nəzdində bədnam olmaq fikrilə ortalığımızda olan qəbahət və vəhşilikləri də gizlətməməliyiz ki, “həqiqət” bizə lən edər.
Daha dörd-beş sənə əvvəl demişdik ki:
Bu gün acizlik etmək eyibdir, kəşfi-həqiqətdən həqiqət əhli özünü iczilə dünyada xar etməz.
Fəqət həmişə zülm etməklə nəqşü nüma bulan zalimlər belə şeyləri qanmaz, hiss etməzlər. Zira ki, onların insafları “qürur” deyilən qalın və vəhşi bir maneə içində həbs olunmuş və daima bu kimi təsiratdan məhfuz buraxılmışdır!
Bilməm siz də təcrübə etdinizmi? Insan vicdani bir xitab dinlərkən bir növ özünü fəramuş edər, özlüyünü bilməz, ixtiyarsız olaraq eşitdiyi o ülvi həqiqətlərə məczub qalar.
Həm də ki, bu yüksək kitabın təsirilə məğzində, damağında hüsulə gələn qarışıqlıq və inqilablara rəğmən yenə öz sükunətini mühafizə edib durar. Budur, mən də tamam o haldayam.
Belə bir taqım vicdani qarışıqlıqlar məğzimi çatladaraq bütün ruhumu alt-üst etdiyi halda, yenə mən öz təbii sükunətimi pozmayır və haman cansız və hərəkətsiz bir vəzidə bulunuram.
Fəqət şu dəruni inqilabların zahiri bir əsəri, bir nümunəsi olmaq üzrə zülmün o cansuz mənzərələri qarşısında ağlamayıb duran gözlərimdən səssizcə iki -üç qətrə, danə əşk tökülmüşdü.
Bu ahəstə inqilablar, ağlayışlar içində yenə həmin hal, həmin sükunət davam edirdi ki, mehriban bir “əl”in əsəbi barmaqları mənim omuzumda xəfifcə bir təmas yapdı və onu oxşamağa başladı. Haman başımı qaldırdım!
Bu mənim rəfiqim idi.
Ah... bu müşfiq barmaqların mənə təsəlli vermək üzrə çiyinlərimi oxşamasından hüsulə gələn ruhən bir rahatlığı, səadəti necə tərif edim....
Baxınız.
Bir taqım ağır vicdani sıxıntılar, dərini əzablar məni əzir, mənliyimi bərbad edirdi!
Nə üçün?
Çünki böyük bir haqsızlıq edərək neçə günahı olmayan bir vicdanı sıxmış, və həssas bir ruhu incitmişdim. İndi o pak vicdan dərin bir hissi-mərhəmətlə mənə gülür. O ruh məni əfv edir, hətta təsəlli vermək istəyir.
Ux... onun üçün nə böyük ülviyyət.
Mənim üçün nə ülvi mərhəmət.
Nəhayət rəfiqim mənim və mənliyim üçün təsəllibəxş olan o müşfiq oxşayışlarında davam edərək bu sözlərə başladı:
– Çox da xəyallar etməyiniz, - dedi, - əhəmiyyəti yox. Həyatın öylə zamanları var ki, insan nə yapacağını bilməz və bəzən bilməyərək heç də istəmədiyi şeyləri yapır, sonra peşiman olur. Bu daima belədir. Mən ən əvvəl sizin söylədiklərinizi bir xəyal, bir mübaliğə zənn edərək onlara güldüm. Zira ki, bütün o sözlərin birər kəlaməti həqiqət olduqlarını hənuz bilməyir və bir növ xəyallatdır deyirdim.
İnsan gördiyi, eşitdiyi bir taqım əcayib və fövqəladə şeyləri mövhum zənn edər. Bu zənn təbii və ümumidir: İştə böylə bir cənuni-ümumi üzərinədir ki, insan bu kimi ovham zənn etdiyi həqiqətlə ehtimadsızlıqdan dolayi tolid olunan bir təbəssümlə gülərsə məzur görünür. Ondan ötrü ki, bu adam öz etiqadınca “həqiqət” deyil, “xəyala” gülmüş olur... Nəhayət, öylə bir zaman gəlir ki, zülaliovham içində məstur qalan həqiqət artıq üzünü açıb göstərir: Şimdi bu yazıq, bu biçarə adam çöhreyi-həqiqətdə gördüyü şirin təbəssümlərə qarşı acı bir hissi-nədamət duyur. Zira ki, açıq-açığına öz səhvini, yanıldığını görür. Iştə mən də bir saat əvvəl tamam böylə bir halda idim. O, iddəasında bulunduğunuz, ən əvvəl məncə şayəni-etimad olmayan həqiqətləri bütün ətrafilə açıb göstərdinizmi?! Sanki cəhalətimdən, görməməzliyimdən dolayi mənim üçün ağır və cansuz bir zərbeyi-ibrət, bir taziyaneyi-təsəlliyə çaldınız. Bu, mənim haqqım idi, zira ki, bu zərbələrin acısı ilə bərabər məncə xəyal görünən ciddi bir həqiqətin mövcud olduğu bütün təsirilə ruhuma nüfuz etdi. O zaman isbati-həqiqət üçün mənə göstərdiyiniz o müdhiş mənzərələrin dəhşəti, acılığı daxi bu təsirə qarışaraq bütün mövcudiyyətimi bərbad etdi... Fəqət, sonradan bu acılar, bu yaralar üzərinə bir daha vurduğunuz zərbə, şəmatət haqsız olduğu üçün sizi də mənim qədər düçari-iztirab etdi? Deyilmi? Ancaq çox müztərib olmayınız. Bu iztirabın əhəmiyyəti yox, dedim. Zira ki, ruhunuzu, vicdanınızı bir bu qədər müztərib edən “şü şəmatət zərbəsini” bilməyərək vurdunuz. Və buna mənim qənaət vicdanım var.
Fəqət, müsaidənizlə şu yuxarıda göstərdiyiniz həqiqətlərə dair sizə bir taqım şeylər soracağım, olmazmı?
Şimdi mən onun ruhuma, qəlbimə, təsəllibəxş olan o müşfiq sözlərinin verdiyi nəşə və sürur arasında özümü fəramuş edəcək bir hali-məstidə bulunur və rahat-rahat nəfəslər alıram.
Ux!.. O qədər müstərih, o qədər xoş hal ki, müdhiş bir fişarın ağırlıqları altından təzəcə xilas olmuşam sanıram.
İştə ruhumu, idrakımı, sərməst buraxan böylə bir nəşeyi-vicdani arasında ona, onun yuxarıdakı sualına necə cavab verməli idim, bilərmisiniz?
– Əfv və mərhəmətlə göstərdiyiniz bu böyük alicənablığa müqabil heç bir təşəkkür etməyəcəyəm və edə bilməyəcəyəm, - dedim.
Zira ki, bacarmam. Fəqət şu məyus qəlbimə yeni ümidlər verən o ülvi təsəlliyətlərinizin müqabilində bütün varlığımla sizə ərzitəsəlliyyət edərim...
İzhari-imtinan üçün dodaqlarında əsəbi bir təbəssüm göstərərək sözümü kəsdi:
– Artıq bunlara hacət yox, – dedi.
Baxınız tarixin vəhşiliyə aid ən qədim dövrlərində heç olmazsa dağ və meşə şikarlarının dadlı kəbabı ilə həyat keçirən insanların övladı, bu XIX əsr mədəniyyətinin son illərini quru ələflər və göhnə saman çöpləri ilə geçirirlər?!
Ya... bu nə deməkdir. “Gün və zaman” tənəzzül edir demək. Öyləmi?! Halbuki, bu gün bir çox gözlərin heyrətlə tamaşa etdiyi bu qədər əcayib yenilikləri tarix ilə müqayisə etdikdə onun “gün və zamanın” tərəqqi etdiyini görürüz.
Əvalimi-təbiətdə zamanın üsuli-tərəqqisi o qədər sadə və qətidir ki, bu gün onu inkar edəcək heç bir insan tapılmaz.
Fəqət bu üsulun qətiliyinə binaən şimdi ağır bir məsələ qarşısındayıq! Əgər bizdən sorsalar ki, necə olur da, təbiətin zaman, ya zamanın insanlığa bəxş etdiyi bu qəti və ümumi qanun (qanunitərəqqi və təkamül) burada əksinə işləyir? Onda nə cavab verəcəyiz?!
Ha... baxınız, şimdi mənim xatirimə bir şey, bir xəyal gəlir. Iştə bu xəyal bir dürlü məhalatdan olsa da yenə izharından çəkinməyəcəyəm. Mənim xatirimə insanların tarixi və təbii hallarına dair böyük-böyük kəşfiyyatı ilə məşhuri-afaq olan ingiltərəli Darvin gəlir.
Oxucularımız miyanında Darvini tanıyanlar az deyildir, zənn edirəm. Fəqət bəlkə tanımayanlar da olsun. Darvin XIX əsrin məşhur simalarından-ingiltərəli bir filosofdur ki, insan və heyvanların həyati-təbiyyə və xilqətləri barəsində olan tətəbbüat və nəzəriyyatı ilə böyük bir şöhrət qazanmışdır. İşbu tətəbbüat və nəzəriyyat bir çox zamanlar Avropa əfkari-elmiyyəsini məşğul edən – “darvinizm” məsləkinin əsasını təşkil edərlər. Hakimi-mumi-ileyhilə bir neçə dəqiqə üçün diriltmək mümgün olsaydı da üsuli-təkamülə zidd görünən bu ağır məsələnin cavabı ondan sorulaydı.
Zira ki, o, bütün ömrünü, həyatını bu kimi müşkül olan məsaili-təbiyyənin həllində sərf etmiş və qüruni vüsta insanlarınca məchul qalan bir çox sirləri açmışdır.
Şimdi siz nə deyirsiniz? Bizim təsəvvür etdiyimiz bu fikri məhəl mümkün olsa da, Darvin dirilsə, onun böyük dimağı bu məsələnin həllində nə kimi fəlsəfələr, hikmətlər yaradar?
–Ah ... Darvini buraxınız, – dedim. Hər gah bu məsələnin həllində ona müraciət edilsə cavab olaraq mənə öz zamanında tətəbbö və ixtira elədiyi “İstifayi-təbii” fəlsəfəsini ortaya soxacaqdır ki, bu fəlsəfə dəxi bu gün bizim zəif “Şərq”imizin üfüqlərində çalan iti bir yıldırım, bir izme lal yıldırımı kimidir!
Bundan maida, neçə vaxtdan bəri sizin fikrinizi məşğul edən bu məsələdə təbiətə dair nə bir şey vardır ki, onun cavabını sormaqdan ötrü Darvini də dirildək.
Sizin tərəqqi və təkamül qanunlarına qarşı gördüyünüz bu başçılıq, bu təzad təbii deyil, icbaridir, icbari!..
Əsla xəbəri olmayan bir vəqədən dolayi yazıq təbiəti (bəzən mənim təbiətə yazığım da gələr) necə itham edə biləriz.
“Təbiətin qanunları layəntəqəyyürdür, yəni heç vaxt təqyir etməz” - demişlər. İştə fəlsəfə aləmində bunun qədər səhih və doğru bir hökm heç yoxdur. Zira ki, təbiətin təhti-idarəsində bulunan “qanuni-təkamül” bütün yaşayanlar üçün müsavi dərəcədə icraeyi-hökm eylər.
“Elektrik müqtatiki”ni kəşf edən məşhur Uerstet deyir ki: “Kainat əzəli və əbədi bir zəkanın təhti-idarəsindədir. Şu qədər ki, bu zəka dəyişməz olan qanunlar, “təbiət qanunları” vasitəsilə kainatı idarə edər”.
Əvət qanuni-təbiət dəyişməz və layənqeyrdir. Layənqeyr olduğu kimi müsavidir də, müsavidir zira ki, ilahidir.
Fəqət bəzi vaxtlarda olur ki, bir taqım “arizi”, yəni sonradan gəlmə maneələr, bu qanunların qarşısına çıxmaqla bu dəyişməz qətiiliyə, bu müsavata mane olmaq istəyirlər. Bəzən az bir zaman üçün müvəffəq də olurlar, fəqət bu müvəffəqiyyət çox sürməyir. Bir az vaxtdan sonra yenə təbiət qüvvəsinin müdhiş bir zərbəsilə süqut edib düşür.
Bilirmisiniz nə üçün?
Çünki təbiət qarşısına çıxan bu maneə “təbii” deyil, arizi və icbaridir. Təbiətin böyük qüvvələri bu kimi arizi məcburiyyətlərə heç vaxt boyun əyməz.
Təsəvvür ediniz!
O zamandan ki, “Qafqaz dağları” var, məşhur “Kür” çayı da var. Neçə minillərdən bəridir ki, haman bu çay öz məcrayi-təbiisində məzkur dağlardan axaraq Xəzər dəryaçasına tökülür. Bu, pək təbii bir işdir.
Şimdi siz bir rəşadət göstəriniz də, bu çayda olan “Cərəyani-təbii” qüvvəsinin qarşısına çıxınız; əlinizə gələn böyük daşlar, zorba qayalarla çayın məcrasını doldurunuz. Daha doğrusu, “Sədd” kimi bir şey yapınız, onda nə olar, bilirmisiniz?!
O, uca və sütvətli dağların təşkil etdiyi “Kür” çayı öz təbii cərəyanından qalarmı?.. Xayır, qalmaz! Bəlkə təbiətə qarşı göstərilən bu arizi üsyana şədid bir müqabilə edər; əcib bir sürətlə yüksələrək daşmağa başlar. O zaman ətrafındakı səhraları, kəndləri, təpələri suya qərq edər. Bütün varıb çıxa bildiyi yerləri xaraba qoyar. Bunları yapdıqdan sonra, yenə öz cərəyani-təbiisinə tabe olaraq dənizə doğru enib gedər.
Gördünüzmü?!
İştə təbiətə qarşı arizi bir icbar, iştə onun nətiəsi!!!
Məşhur Molskot “təbiətin qanunları qətiliyin ən şədid bir ifadəsidir” demiş. Bu söz bütün ətrafı ilə mənədar bir həqiqət deyilmidir?
Hə... şimdi burada bir taqım müarizlər çıxacaq. Və bu məsələyə etiraz edəcəklər. Onlar deyəcəklər ki, hərgah təbiətlə mücadilə etmək mümkün deyilsə, bəs bu günkü əsrimiz göstərdiyi tərəqqiyyati-fənniyə nerədən çıxmış və nasıl irəli gəlmişdir?
Həyat və məişətimizin tərəqqisinə, gozəlliyinə böyük-böyük xidmətlər edən bütün müxtərelər təbiətlə uğraşmayırlarmı?
Biz də onların cavabında deyəcəyiz ki:
Əvət! Bu gün gördüyünüz tərəqqiyyat və ixtiraat həp təbiətlə mücadilə etməkdən üsulə gəlmiş; təbiətin gizli-gizli əsrarını kəşf etmək və onunla uğraşmaq, “Fənn”in əsasi bir vəzifəsidir.
Ərbabi-fünun və müxtərəlik ünvanını qazanmış olan böyük dimaqlar daima təbiətlə qarşılaşır, uğraşır və ona qalib gəlirlər. Ancaq bilirmisiniz ki, nə ilə? Yenə təbiətin öz qüvvəsilə!
Şimdi ismini dürüst xatırlamadığım bir “holland” müxtəreyi demiş ki:
“Lazim olan vaxt təbiətin bəzi qüvvələrinə faiq gəlmək üçün onun özündən başqa, nədən və kimdən yardım almalıyız?!” Əvət təbiəti özündən başqa bir icbar ilə məğlub etmək olmaz!
Təsəvvür edəlim!
30 min putluq bir siqləti ayırmağsızın, hissələrə bölməksizin-bir yerdən başqa bir yerə nəql etmək lazim gəldi.
Şimdi bu işi nasıl bulursunuz? Insan və yaxud heyvan üçün bunu yapmaq mümkünmü? Əlbəttə xayır! Zira ki, 30 min put ağırlığı – bir yerdən – nəql etmək bütün zihəyat üçün təbiiliyin xaricində olan xariqüladə olan bir şeydir.
– Nə üçün xariqüladə bir şey olsun?
– Çünki, “Mafiyə”nin təbii xatələrindən olan “Ağırlıq” qüvvəsi buna imkan verməyir də.
– Oylə isə buna imkan verməyən yenə təbiət özüdür.
– Əvət oylə!
– Bəs bu halda nə yapmalı, və nasıl bir qüvvə istemal etməli?
– Yenə təbiəti çağırmalı! Və bu ağır yükü ona yükləməlidir.
– Yaxşı! Bu necə olar, burada təbiəti nə üsulilə çağırmalıdır?!
– Dəmiryol ixtiraində bu üsulu çoxdan yapdılar.
Bir qazan içində bir qədər su və bu suyu buxar halına gətirəcək dərəcədə bir hərarət və onlara lazım olan sair əsbablar, iştə yuxarıda yazdığımız siqləti çəkib götürmək üçün bunların kaffesindən haman “buxar” nami verdiyimiz güclü bir şey əmələ gələr ki, bu dəxi təbii bir hadisədir...
– Gördünüzmü?
Yenə təkrar edəriz ki, təbiətə ancaq təbiətlə faiz gəlmək olar. Və sonradan çıxma bir taqım arizi icbarlar onu məğlub edəməzlər. Bəzən etsələr də yenə bu qalibiyyət çox sürməz ki, sonra yenə özləri o qüvvətin dəhşət və əzəməti müqabilində məğlub olub düşərlər.
Şimdi müsaidənizlə əsas mətləbə nəqli-kəlam edəlim də, şu göstərdiyimiz misallardan bir nəticə alalım.
Üsuli-təkamül təbiətin dəyişməz bir qanuni, qanuni-əsasıdır. Bu qanun daima və müsavi bir surətdə bütün yaşayanlar üçün icrayi-hökm edər.
Bəşəriyyətin hənuz ibtidai dövrlərində gəlib getmiş bir adam, bu gün başını qaldırsa da şimdikilərin bu və şi mədəniyyətlərini görsə, yazıq heyrətindən şaşıb qalar.
– Nə üçün?
– Zira ki, adamın gəlib, yaşayıb, getdiyi dövrdən bəri, həyati-bəşər bu payansız təriqi-təkamüldə bir çox zaman yol getmiş və bir çox məsafələr qət etmişdir, hələ irəlidə yenə bizcə payani-məchul mənzillər vardır ki, bəşər nami verdiyimiz bu böyük kütleyi-vücud üçün onları teyy etmək bir vəzifəyi-təbiyyədir!
Burası belə.
Şimdi təriqi-təkamül də irəliləyərkən, böyük qafilənin qarşısına bir şey, bir icbar çıxsa da onun irəliləməsinə mane olmaq istəsə, buna nə deyərsiniz?!
– Bir maneə.
– Nasıl bir maneə?
– Axmaq, şüursuz və sizin təbirizizcə arizi bir maneə.
– Əvət! Arizidir, çünki təbii deyil, şüursuzdur. Buna görə ki, təbiət “fabrika”sında heç bir əməyə malik olmadığı halda onun qarşısına çıxır və bəzən beş günün müvəqqəti olan qələbəsini daimi bir müzəffəriyyət sanır!..
Italyan yazıçılarından birisinin bu mövzuya dair pək münasib bir “məsəl”i var.
Bizlərin “birə” nami verdiyimiz o nadin , o balaca füzul heyvan, bir yataq otağının hər tərəfində daşlanıb, düşürdü.
Balacalığına rəqmən özü üçün bol və geniş bir fəza hökmündə olan otaqın hər tərəfi onun, tənha onundu.
“Birə” yalnız özünə məxsus etdiyi bu geniş tənhalıq içində, istədiyi kimi atılıb düşür. Əskəllərə çıxır, masalara atılır, duvarlarla dırmaşırdı. Və bəzən dəxi uçaraq qıssa-qıssa məsafələrlə o geniş fəzanı teyy edirdi.
O yanda, baxçaya açılan bir pəncərənin sol tərəfində dəxi bir qəfəsə qoyulmuşdu ki, onun ən yuxarı mərtəbəsində kiçik bir taxça saatı zəif bir “çıqqı-çıq” ilə saniyələri sayaraq işləyirdi.
Nəhayət bir şey, əcib bir şey oldu. Saatın bitməz zənn olunan o adi və mütəmadi “çıqqı-çıqqı” birdən-birə kəsildi.
Və hər “24” saatda fırlanması müqərrər olan “Səmtur” çarxı saatin içərisində dayandı.
Şimdi o, əvvəlki adi və yeknəsəq çıqçıqlar əvəzinə, lətif və ruhnəvaz bir ahəngi-musiqi başlamışdı.
Otağın “Birə cənablarına” pək vəsi olan fəzası başdan-başa o gözəl sədayi-lətif ilə doldu. Nəhayət, bu səs camlardan, pəncərələrdən xaricə dəxi əks etdi. Bağçadakı ağacların yarpaqları belə bu musiqiyi-ruhpərvərin tərənnümatına mütləq bir ahəng ilə titrəyir, ehtizaz edilərdi.
Şimdi baxalım, bütün bayırlara qədər əks edərək, bağçadakı ağacları rəqsə gətirən, yarpaqları titrədən bu sədayi-lətif, bizim şu möhtərəm “Birə” əfəndini özünə doğru cəlb etmiyəcəkmi?..
Bu heç mümkün deyil!
“Birə” cənabları əvvəl bir 5-6 saniyə qədər dayandı. Bir az qulaq verdi. Sonra bu musiqinin bütün ruhu ilə, varlığı ilə buraxdığı ağır təsirlər altında şədid bir arzu duydu.
Iştə oraya, o musiqi çalınan yerə qoşmaq və o sədanın nə kimi bir ecaz ilə hüsulə gəldiyini eyicə təhqiq etmək istəyirdi.
Bu arzuya müqavimət edilməyəcək ki?..
Nəhayət, qoşdu, atılaraq, daşlanaraq, məzkur qəfəsələrin ayaqlarına tərəf getdi.
Şimdi! Onu, o saatı, o əcib “muzıkantı” bulub tamaşa etmək üçün qəfəsənin ən yuxarı mərtəbəsinə çıxmaq lazim gəldi. Deyilmi?!
Poçt qutusu
“Fərmani-qəzayi-cərəyan”ın sonu bəzi səbəblərə görə təxir ilə dərc ediləcəkdir.[2]
“Bəsirət”, № 118, 17 avqust 1916.
[1] “Ey Şeyx, mənə eşq barəsində nəsihət vermə; çünki bizim (bu yolda) rüsvaylığımızın lövhələri neçə-neçə bazar darvazasından asılmışdır”.
[2] Qeyd: görünür əsərin ardınca çap etməyə senzur icazə verməmişdir. Q.M.