Uçuq görən məzarımı
Sanır ki, onda xakəm mən.
Heç deməz ki, yardan ayrı
Ləhəd tək sinəçakəm mən.
Şəhidi-eşqdir tənim,
Nə hacət ğüslü kəfənim.
Göz yaşı yuyub bədənim,
Dəfn eyləyin ki, pakəm mən.
Üstümə gəlsə ol nigar,
Qoymun nəbzim tuta zinhar;
Barmaqları qabar atar,
Ziyadə suziakəm mən.
Qəsdin imtahandı əgər,
Munca cövrü cəfa yetər.
Tut əlimi, nazlı dilbər,
Dərd əlindən həlakəm mən.
Zakirəm ləbi-meykunə,
Cigərim dönübdür xunə,
Nisbətim vermə Məcnunə,
Bir aşiqi-bibakəm mən.