Nazlı dilbər bu gün gülşən seyrinə,
Getdi, aparmadı üzülən məni.
Möhnət leşkərinin kirəkeşiyəm,
Qoymayın qatardan üzülən məni.
Dönə-dönə dərs almışam alimdən,
Dil mürğünə xallarından alimdən,
Səri-zülfün buraxmazam alimdən,
Əgərçi dişləyə üzülən məni.
Qorxuram ki, sək rəqiblər kəmalə,
Gecə-gündüz fikrim budur kəmalə.
Bəd əsillər çətin yetər kəmalə,
Əgərçi oxuya üzilən məni.
Kəs başını harda görsən ərindi,
Gəlməyibdi Əli kimi ərindi,
Yardan ayrı cismim elə ərindi,
Görsə də tanımaz üzülən məni.
Hicran atəşinə can bazarıdı,
Bağrım şan-şan edən can bazarıdı.
Vəsiyyət çağıdı, can bazarıdı,
Zakirəm, bilməyin üzülən məni.