Eşitdim gözəllər seyrə çıxıbdır,
Getdim, gördüm canlar alan gəlməmiş.
And verib soruşdum bir-bir, dedilər:
Fəqir, səni şeyda qılan gəlməmiş!
Əyyami-zimistan keçib, gələ yaz,
Mükəddər xatirim bir dəm açılmaz;
Yüz min təbib olsa yaram sağalmaz,
Özü məni dərdə salan gəlməmiş.
O sərvəri-xuban, o şahi-sənəm
Mübarək əlilə etməsə mərhəm,
Gözümün qan-yaşı qurumaz bir dəm,
Oxu sınıb dildə qalan gəlməmiş.
Müsəlsəl keysusun töküb rüxsarə,
Siyah sürmə çəkib çeşmi-xumarə;
Dəli könül, gör başına bir çarə,
Gözü sərxoş, zülfü ilan gəlməmiş.
Zakir ilə yoxdür ülfəti əgər,
Cəm imiş dərində eşq əhli yeksər;
Təkəllümə gəlib vəfalı dilbər,
Soruşub: bəs neçin filan gəlməmiş?\"