Piranəsərlikdə hərcayi könül
Hər zaman bir çeşmi-məstanə sevər.
Məgər heç düşünməz qəbahətini,
Gedib növrəsidə cavanə sevər.
Ğəm deyildi sevsə idi əzəllər,
Eşidən tən edib indi bəzəllər;
Deməz, mənə qədr eyləməz gözəllər,
Əbəs yerə olub divanə, sevər.
Aşiqlik işində xeyli pürfənəm,
Fərhada, Vamiqə, Məcnunə tənəm;
Hhər gözəl sevənə aşiq demənəm,
Sevən mənim kimi mərdanə sevər.
O gündən ki, göz evindən gedibsən,
Gülüstana güzər etməmişəm mən.
Ləblərin sərməsti, ey qönçədəhən,
Nə mey istər, nə də meyxanə sevər.
Müddətdir çəkərəm qalmaqalını,
Heyf ki, görmədim gül cəmalını.
Zakirəm, sevmişəm rüxi-alını,
Necə ki, atəşi pərvanə sevər.