Can üzüldü, gələ-gör ki, sevdiyim,
Gülgəz yanağını könlüm arzular.
Bəyaz püstanını, mərmər sinəni,
Nəsrin buxağını könlüm arzular.
Gah küsüb özümü sana satdığım,
Gah barışıb ixtilatı qatdığım,
Öpüb, qucub, o qolboyun yatdığım
Xəlvət otağını könlüm arzular.
Əmib-əmib ləblərindən doyduğum,
Mürgüləyib kənarında uyduğum,
Tutub, sıxıb qucağıma qoyduğum
Şümşad ayağını könlüm arzular.
Ayrılıqda keçən karı dediyin,
Yarı gizlətdiyin, yarı dediyin,
\"Ahəstə sor, səni tarı\",-dediyin
Şəkkər dodağını könlüm arzular.
Yox idi Zakirdən haşa etməkin,
Nə bir yaşınmağın, nə üz tutmağın,
Kəsilibdi indi gəlib-getməgin.
Əzəlki çağını könlüm arzular.