Heyf, bilmədim kim, bu bülbülü
Şahi-gülrüxan istər, istəməz?
Bu cəfakeşi, xəstə aşiqi
Yari-cansitan istər, istəməz?
Ey səba, bu dəm can fəda sənə,
Ərzi-halımı yarə sən sölə.
Bu səməndəri, bu qələndəri
O şəkərdəhan istər, istəməz?
Tez gətir xəbər, qoyma intizar,
Etmə çox məni zarü biqərar.
Kim, desin görüm, odda yanmağa
Böylə Xançoban istər, istəməz?
Yoxdu qasidim, göndərim pəyam,
Yarə dərdimi eylədim əyan.
Doğrusun desin, etməsin nəhan,
Böylə xan çoban istər, istəməz?
Dikmişəm yola çeşmi-əşkbar,
Kuhi-Turə gəl, eylə bir güzar,
Bir yetiş, məni ol vəfaşüar
Böylə bizəban istər, istəməz?
Üzdü canımı möhnəti-fəraq,
Yaxdı cismimi nari-iştiyaq,
Icz qıl, sölə ahü zar ilə
Böylə canfəşan istər, istəməz?
Söylə rahətim yoxdu bir zaman,
Sübhü şam işim ahdır, aman.
Tut xəbər, belə könlü pürfəğan,
Çeşmi-xunfəşan istər, istəməz?
Payimal edib adü sanımı,
Eylədim xərab xanimanımı.
Bilmirəm dəxi bundan artıcaq
Halımı yaman istər, istəməz?
Çün bu ərsədə çoxlar atını,
Quyruğun düyüb, oynadıb, çapıb.
Bu Nəbati də əsbi-laşəsin
Çapdı bir inan, istər, istəməz?