Böylə bivəfa olma, ey pəri,
Etmə çox cəfa, ey sənəm, sənəm!
Gərdi-rahını çeşmi tarimə
Eylə tutiya, ey sənəm, sənəm!
Bəs ki çəkmişəm dərdi-firqətin,
Tellərin kimi incələnmişəm.
Rəngi alimi əşgi-laləgun
Etdi kəhrəba, ey sənəm, sənəm!
Sənsiz olmuşam zarü binəva,
Hicr düşkünü, rindü mübtəla.
Gəl bu dərdə sən lütf qıl özün,
Eylə bir dəva, ey sənəm, sənəm!
Ey fəriştəxu, yari-nazənin,
Ey mələkliqa, mehri biqərin.
Bircə busə ver bu qələndərə,
Öldü binəva, ey sənəm, sənəm!
Gərçi aşiqəm, rindü müflisəm,
Boşdu kisəmiz ağça-mağçadan.
Nəqdi-canımı xaki-payinə
Eylərəm fəda, ey sənəm, sənəm!
Lövhi-sinəmi nəxli-Tur edib,
Afərin sənin şəm’i-ruyinə!
Yengidən genə düşdü başıma
Bir əcəb həva, ey sənəm, sənəm!
İstərəm düşəm bəhri-heyrətə,
Nitq çəkməyəm, əyləşəm xəmuş,
Məşqi-eşqimi eyləyəm tamam,
Bir sürəm səfa, ey sənəm, sənəm!
Gəl Nəbatinin sidqü kizbini
Sən bu babdə eylə imtahan,
Gər danışmadı otdu bizəban,
Söylə mərhəba, ey sənəm, sənəm!