(Dabanı çatdax xalaya)
Niyə, bilməm, yenə bu karə bulaşdın, a xala!
Atılıb ortaya bir mərəkə aşdın, a xala?
Qaynayıb sönmüş idin, bir daha daşdın a xala?
Nə həya qaldı, nə ismət, yavalaşdın, a xala!
Əsl şəhrah təriqindən uzaşdın, a xala!
Demədimmi sənə çadrşəbi atma dalına?
Vermə təğyir nə başmağına, nə paltarına,
Ağarıb bomboz olub, bircə həna qoy yalına,
Sözlərim etmədi bir zərrə təfavüt halına,
Get-gedə erməniyə, rusə yanaşdın, a xala!
Əsl şəhrah təriqindən uzaşdın, a xala!
Gəh sataşdın Sənəmə, gah Tükəzban bacıya,
Gah bəyə, xanə, gəhi şeyxə və gahi hacıya.
Gəhi seyyidlərə, mollalara, molla Ağıya...
Molla Mədumə və Məyubə və Bağır Hacıya,
Abidə, zahidə, əyanə dolaşdın, a xala!
Əsl şəhrah təriqindən uzaşdın, a xala!
Mən ölüm! Sən də müsəlmanmı deyirsən özünə,
Çadran yox, nə də rubəndə salırsan üzünə.
Ağrım olsun o həyasız üzünə, pis sözünə
Yaxşı çəkdin qabağa milləti, küllər gözünə,
Gündə bir mömünə övrətlə dolaşdın, a xala!
Əsl şəhrah təriqindən uzaşdın, a xala!
Qırışıb annın, a batmış, bükülübdür kəmərin,
Çöküb ordun, əyilibdir çənən, olsun xəbərin,
Sallanır bir ayağın qəbrə, var axır səfərin,
Eyləmə öylə ki, söysün sənə qırx altı ərin,
Eylədin onları təhqir, savaşdın, a xala!
Əsl şəhrah təriqindən uzaşdın, a xala!
Demə hürriyyəti-nisvanı, məhal işdi, məhal,
Açma bu məsələni, yoxdu lüzum, etmə səval,
Abrın olsun, a məlunəyi-biəqlü kəmal,
Söyləmə, söyləmə, kəs, kəs səsini, lal ol, lal,
Dinmə, yum ağzını kim, dinə sataşdın, a xala!
Əsl şəhrah təriqindən uzaşdın, a xala!
Gər qalırsa mana: nisvan daşını atmalıdır,
Kəc qabırğalıları həbsə, dama qatmalıdır,
Kəc qabırğanı vurub, sındırıb axsatmalıdır,
Kəc qabırğayə tərəfdar olanı atmalıdır...
Yoxsa İranə baxıb səndəmi çaşdın, a xala!
Əsl şəhrah təriqindən uzaşdın, a xala?!!
Dostunuz Məşədi Sijimqulu
“Molla Nəsrəddin”, 1909, N 49.