Bizləriz o ki, müsəlman deyəriz adımıza,
İftixar eyləyəriz şöhrəti-əcdadımıza.
Şövkatü şanını əslafımızın söyləyiriz,
Qalibiyyətlərinin sirrini kəşf eyləyiriz,
Hökmrandı hamı millətlərə onlar, deyiriz,
Söz satır, həzz alırız nabələd əfradımıza,
İftixar eyləyəriz şöhrəti-əcdadımıza.
Lovğalıqdır, quru göftardır ancaq işimiz,
Babalar söhbətidir, bir yerə gəlsək beşimiz.
Həpdeyir, dinləyiriz: parlaq imiş keçmişimiz,
Bir dönüb baxmayırız milləti-bərbadımıza,
İftixar eyləyəriz şöhrəti-əcdadımıza.
Yox quru fəxr eləməkdən bizə hərçənd səmər,
Karımız yox, əlimizdən nə gəlir özgə hünər?!
Halımız eyləyəcək də deyil irasi-zərər,
Qoysayız irsi-pədər oyləcə övladımıza,
İftixar eyləyəriz şöhrəti-əcdadımıza.
Gündə bir fənn qoyur ərsəyə əfkari-bəşər,
Min qəraib çıxarır əqli-ziyadari-bəşər,
Gül açır, ətr saçır səhneyi-gülzari-bəşər,
Biz fəqət xar əkiriz gülşəni-abadımıza,
İftixar eyləyəriz şöhrəti-əcdadımıza.
İxtiraat, fünun nasıl olur? Bilməyiriz,
Xaki-qəflət qapamış çeşmimizi, silməyiriz.
Baş əyir hər kəsə, ar eyləyib əksilməyiriz,
Bağlayır boyləcə yoxluq suyu bünyadımıza,
İftixar eyləyəriz şöhrəti-əcdadımıza.
Biz hələ etməmişik kəsb özümüz namü şərəf,
Adlı əcdadımıza olmamışıq xeyr xələf,
Büsbütün məstü xərabi-meyi-əyyami-sələf,
Şu yazıq halımızı salmayırız yadımıza,
İftixar eyləyəriz şöhrəti-əcdadımıza.
Əcnəbilər yükü altında bütün kam alırız,
Qəhrəmananə çəkib dərd, böyük nam alırız,
Can verir, uf deməyir, faidə, düşnam alırız,
Tapmayır zərrəcə yol qəm dili-naşadımıza,
İftixar eyləyiriz şöhrəti-əcdadımıza.
Afərin ustadımıza,
Həqmi var iradımıza?
Yox gələn imdadımıza,
Əldə həman əyri qılınc
Bəlkə babalar verə səs
Bir daha fəryadımıza
(... O ...)
“Məzəli”. 1915, № 14.