Faciə – 4 pərdə
ƏŞXAS
A f ə t – 33 yaşında, şux, füsunkar bir qadın.
Ö z d ə m i r – 45 yaşında, Afətin əri, mühərrir.
A l a g ö z – 18 yaşında, onun qızı, narin vücudlu və solğun.
Ə r t o ğ r u l – 30 yaşında, sadə qiyafətli, pərişan saçlı mühərrir.
Y a v u z – 30 yaşında, Ərtoğrulun arqadaşı... müəllim.
İ l c a y – 50 yaşında, Ərtoğrulun anası.
X a n d ə m i r – 53 yaşında, Ərtoğrulun dayısı... pensneli, çatal saqallı, maarif müdiri.
A l t u n s a ç – 22 yaşında, Xandəmirin qızı... şıq, xudkam və məğrur.
D o k t o r Q a r a t a y – 35 yaşında, gözəl və qurnaz.
O q t a y – 28 yaşında, ciddi və səmimi... doktor.
Q a p l a n – 30 yaşında - zabitlər
Q o r q m a z – 22 yaşında - zabitlər
X i d m ə t ç i və sairə...
BİRİNCİ PƏRDƏ
Süslü bir salon... Sağ və soldakı odalara açılır birər qapı, qarşıda iki böyük pəncərə, gözəl mənzərələr, ilk bahar, məhtablı gecə...
Pərdə açıldıqda bağçadan gələn incə və həzin bir kaman səsi iki-üç dəqiqə sami’ələri oqşar.
X a n d ə m i r (sağdakı odadan çıqar, bağça tərəfindən gələn Afətə). Sizi bəkliyoruz, əfəndim. Nerədə qaldınız? Qızlar nə oldu?
A f ə t. Hənuz bağçadan doymamışlar, qonuşub əyləniyorlar.
X a n d ə m i r. Bağçamızı nasıl buldunuz?
A f ə t. Pək gözəl, pək şairanə... Sizdəki bədii zevqə hiç bir deyəcək yoq...
Ö z d ə m i r (içəridən bağırır). Xandəmir, Xandəmir!..
X a n d ə m i r. Gəldim, əfəndim, gəldim.
A f ə t. Yenə Özdəmir nə istiyor?
X a n d ə m i r. Bir şüşə konyak bitdi, şimdi ikincisini istiyorlar.
A f ə t. O bu aqşam çıldıracaq, ah, kaş ki gəlməyəydim.
X a n d ə m i r. Zərər yoq, dost evidir; nə yaparsa xoşdur.
A f ə t. Pəki, doktor Qaratay nə oldu? Hənuz gəlmədimi?
X a n d ə m i r. Klubda imiş, bu saat gəlir.
A f ə t. Amma, o da pək nazlanıyor ha...
X a n d ə m i r. Əvət, sanki bənim evim klubdan əskik imiş!.. (Dışarıdan pəncərə önündən keçib gəlməkdə olan doktoru görür) İştə doktor!.. Doktor Qaratay.
A f ə t (baqar). Əvət, nihayət gəldi çıqdı.
D o k t o r (yarımsərxoş, şad və məmnun daxil olur). Aqşamlar xeyir, əfəndim.
(Afətin əlini öpər, Xandəmirlə əl verir.)
X a n d ə m i r. Xoş gəldiniz, əzizim (Yarım qəhqəhəylə). Fəqət bən söz saqlıyamam, gecikdiyiniz için sevgili Afəti pək darıltmışsınız... Bilməm, sizdə nə görmüş ki, əsla ayrılığınıza dayanamıyor.
D o k t o r. Təbii, bən nə qadar pərəstişkar isəm, o da o qadar lütfkardır.
X a n d ə m i r. Hər halda üzr istəməlisiniz.
D o k t o r. Şübhəsiz əfv edərlər... Əcəba misafirlərdən kim var?
A f ə t. Sizdən başqa hər kəs...
Ö z d ə m i r (içəridən bağırır). Xandəmir, Xandəmir!.. (Qəhqəhə).
X a n d ə m i r. Gəliyorum, gəliyorum (Afətə). Bana müsaidə (sol odaya keçər).
A f ə t. Xandəmir gerçəkdən pək eyi, pək sıcaqqanlı adam... Azacıq abdal isə də yenə kəndini sevdirə biliyor.
D o k t o r. Şaka deyil a! Hərif bir şey bilmədiyi halda maarif müdiri... Gənc olmadığı halda hovarda, az bir maaşla pək zəngin... Daha nə istərsin. Bütün arqadaşları arasında “Müsyo Fırıldaq” deyə şöhrət bulmuşdur (sərxoşca qəhqəhəylə). Bəncə ona “Cahil bilgic” denirsə daha xoşdur.
A f ə t. Aman, sus! Görünür azacıq sərxoşsun.
D o k t o r (yarım qəhqəhəylə). Sərxoş idim, fəqət ayıldım.
Ö z d ə m i r (içəridən şiddətli qəhqəhəylə). Xandəmir!..
D o k t o r. İştə onun səsini eşitdim də ayıldım. Əvət, kölgəndən ayrılmaz ərinin səsi, Özdəmir bəyin nə’rəsi bəni ayıltdı.
A f ə t (süzgün baqışla). Qaratay!..
D o k t o r (onun əllərini yaqalar). Afət!..
Bu sırada Afətin əlindəki ufaq bir mənəkşə dəmətciyi yerə düşər. Doktor dərhal alıb təqdim edər.
A f ə t. Şu mənəkşələr hiç sənin əyilmənə dəyərmi?
D o k t o r. Ah, bən mənəkşəyi pək sevərim. Çünki o pək mə’nalı, pək müəmmalı bir çiçək... Hələ sənin nurdan dökülmüş əllərini, lətif köksünü öpdükləri için pərəstiş edərim.
A f ə t (incə qəhqəhəylə). Bu gün səndə, sənin hər halında dəlicə bir həyəcan görüyorum.
D o k t o r. Zatən sənin könlünü bulmaq, sənin məhəbbətinə nail olmaq hər məcnunu aqil, hər aqili məcnun edə bilir.
A f ə t (şux qəhqəhələrlə). Ah, şu yalan nəvazişlər, şu yaldızlı pərəstişlər!.. (Sükut). Haydı, gəl, bağçaya enəlim. Özdəmir bizi bir yerdə görürsə, haman çıldırıb durur.
Bağçaya doğru getmək istərlər, Altunsaç ilə Alagöz qarşılarına çıqar. Birincinin əlində kaman, ikincinin əlində isə bir şe’r məcmuəsi bulunur.
D o k t o r. İştə Altunsaç ilə Alagöz!
A f ə t. Əvət, iki gövərçin, iki mələkciyəz!
D o k t o r. Biri musiqi pərisi, digəri şe’r ilahəsi!..
A f ə t. Həm də bir-birindən gözəl, bir-birindən dilbər!..
D o k t o r (qızlara). Haydı, bir daha bizimlə bərabər bağçaya enəlim, olmazmı?
A l t u n s a ç. Siz buyurun, biz də sonra gəliriz.
Bu sırada Ö z d ə m i r l ə Q a p l a n sağ tərəfdəki odadan çıqarlar. Özdəmir son dərəcə sərxoş, səndələyərək Qaplanın qoluna taqılmış.
A f ə t (bağçayı göstərir). Xayır, şimdicə bərabər gedəlim.
X a n d ə m i r (əlində iki şüşə konyak gəlir, Afətə). Nerəyə canım, bu olur şeymi ya!? Qadınsız bir məclis, gülsüz bahara, bülbülsüz çəmənzarə bənzər.
D o k t o r. Gerçəkdən, qadın həyat, həyat isə qadın deməkdir.
Ö z d ə m i r (sürəkli və istehzalı qəhqəhələrlə gülər, dürlü hərəkətlər və əl işarətlərilə). Əvət, qadın hər şeydir. O, gah bir çiçək... gah bir kələbəkdir. O, həm bir mələk, həm də... bir ördəkdir.
Hər kəsdə böyük nifrət və şaşqınlıq...
X a n d ə m i r. Özdəmir! Nə söylədiyini düşünüyormusun?
Ö z d ə m i r (təkrar laübali qəhqəhələrlə). Əvət, düşünüyorum. Qadın pək körpə ikən tazə bir çiçək, sonra şətarətli bir kələbək; daha sonra füsunkar bir mələkdir. Yalnız bə’ziləri, əvət, əvət, bə’ziləri isə çamurlarda gəzən bir ördək, azğın və hərcayi bir ördəkdir.
A f ə t. Ah! (Deyə mütəəssir bir halda geri çəkilir. Doktor Qaratay düşəcək zənnilə onun qolunu tutar).
Ö z d ə m i r (acı qəhqəhələrlə). Ah, bəxtiyar doktor! Sana, sənin gözəl taleyinə qibtə ediyorum.
X a n d ə m i r. Gəl, canım, gəl!.. Sən artıq saçmalayorsun. Gəl, gedəlim bir az şahmat oynayalım.
Ö z d ə m i r (Afəti yarım baqışla süzər, mə’nalı bir qəhqəhəylə). Bən çoqdan mat olmuşum.
X a n d ə m i r. Gəl, baqalım, gəl bir daha qədəh-qədəhə vuralım.
Sağdakı odaya keçərlər. Qaplan ilə Altunsaç da onları izlər.
A l a g ö z. Ah, zavallı babacığım!..
(Mütəəssir və müştəki baqışlarla Afəti süzərək içəri girər.)
A f ə t (acı təbəssümlə doktora). Görüyormusun? Alagöz belə şu miskin hərifə acıyor. Fəqət bəni, bənim talesizliyimi əsla düşünəmiyor.
D o k t o r. Pəki birisi kəndini düşünməz, kəndinə acımazsa başqalarından nə uma bilir? Bəncə əsl qəbahət səndə... Əvət, siz qadınlar ayaqlarınıza qapananları təhqir edərsiniz, sizi təhqir edənlərin ayaqlarına qapanarsınız.
A f ə t. Çəkdiyim üzüntülər yetişir, rica edərim, sus!..
D o k t o r. Xayır, bu işə bir nihayət verməli... Ya o, ya bən!.. Başqa dürlü olamaz.
A f ə t. Səndən, səndəki eşqin əbədiyyətindən əmin ola bilsəm...
D o k t o r (onun əlini yaqalar). Afət! Nə demək istiyorsun?
A f ə t. Bən bütün bənliyimi, bütün həyat və səadətimi yoluna fəda etməyə hazırım. Hətta sənin uğrunda cinayətdən belə çəkinməm. Ancaq şu qadar var ki, aldadılmaq istəməm, aldandığımı duysam məhv olurum. Həm də pək kinliyim, anlıyormusun? Bəni aldatmaq istəyənləri əsla əfv etməm. İki gözüm olsa belə intiqam alırım, intiqam!.. Əvət, bən, pək kinliyim. Bəni təhqir edənlər Əzrailin qucağına atılmış olurlar.
Ö z d ə m i r (içəridən bağırır). Afət! Gözəl mələyim!.. Afət, nazlı ördəyim... (Şiddətli qəhqəhə).
D o k t o r. Ah, rəzil!.. Dəmin əxlaqsız qadınları çamurlarda sürünən ördəyə bənzətmişdi, şimdi də səni o adla çağırıyor.
A f ə t (doktora sarılaraq). Aman, bana mərhəmət... Mərhəmət eylə də bəni qurtar. Of! Bir çarə, bir ilac, bir zəhr, bir atəş bul ki, kəndimi məhv edəyim də şu qaba və çirkin səsi bir dah eşitmiyəyim.
D o k t o r (cibindən ufacıq bir şişə çıqarır, mə’nalı bir tərzdə). İlac hazır... Fəqət xanımlar için deyil, yalnız erkəklərə məxsusdur.
A f ə t (şişəyi alıb cibinə qoyar). Zərər yoq, ilk öncə onu məhv eylərim. Sonra duyulursa, kəndim də o yolu izlərim.
D o k t o r. Hiç təlaş etmə! Bu öylə bir ilac ki, ancaq on dəqiqə sonra icrai-tə’sir edər. Həm də kimsə bir şey duyamaz. Yalnız burada hər acıya dayanmalı və şu ilacı evinizdə içirməlisin.
A l a g ö z (sarsılmış bir halda gəlir, Afətə sarılaraq). Ah, annəciyim! Gedəlim, evimizə gedəlim.
A f ə t. Niçin, Alagöz! Nə olmuş!
A l a g ö z. Babamın halı pək fəna!.. Ayaqda duramıyor, söylədiyini bilmiyor.
A f ə t. Pəki, yavrum, gedəlim. O səni də məhv edəcək, bəni də.
Sağdakı odaya keçərlər. Bu sırada Ərtoğrul ilə Yavuz sol tərəfdən çıqar.
Ə r t o ğ r u l. Ah, şu Alagöz nə qadar lətif, nə qadar mə’sum bir sima!
Y a v u z. O nə qadar mə’sum isə, Afət də, şu işvəkar qadın da bir o qadar təhlikəlidir.
Ə r t o ğ r u l. Təhlikəli olsa da ləkəli deyil...
Y a v u z. Əmin ol ki, Özdəmiri səfil edən həp Afətdir, həp onun oynaqlığıdır.
Ə r t o ğ r u l. Fəqət Afəti uçurum qarşısında bulunduran da Özdəmirin sərxoşluğu, Özdəmirin sərsəriliyi olsa gərək...
Y a v u z. Sən Afəti eyicə tanıyormusun?
Ə r t o ğ r u l. O, bu şəhərə gələli çoq deyil... Eşitdiyimə görə pək kibar və alafranqa bir ailəyə mənsub imiş. Fəqət böyük bir fəlakət birdən-birə evlərini söndürmüş, varyoqları əldən çıqmış, babası fəqir düşüncə qızını Özdəmirə vermiş... Şu hərif də gündəngünə poslayı şaşıraraq ailəsini düşünəməz olmuş... Şimdi hər gün bir oteldə sərxoşca vaqıt keçiriyor. Evə gəldiyi zamanlarda Afəti pək qabaca təhqir ediyormuş... Təbii Afət də şu qabalığa dayanamıyaraq ondan soyuyacaq və get-gedə Qaratay kibi macəraçılara ısınmağa məcbur olacaq...
Y a v u z. Ah, şu qadın öylə bir atəş ki, öylə bir alav ki, yalnız qocasını, qızını deyil, (kəndinə işarətlə) hətta bu talesiz Yavuzu da yaqıyor, bəni də qəhr edib bitiriyor.
Ə r t o ğ r u l. Pəki, səni niçin?
Y a v u z. Çünki Alagözü seviyorum, həm də həyatım qadar seviyorum. Halbuki anası bütün ümidlərimi qırıyor, bütün düşüncələrimi alt-üst ediyor.
Ə r t o ğ r u l. Bana qalırsa Afət ilə Alagöz, ana ilə qız olmaqdan ziyadə iki həmşirəyi andırıyor. Daha doğrusu həmşirə də deyillər... Çünki aralarındakı fərq yaşca nə qadar küçüksə, sima və təbiətcə bir o qadar böyükdür. Hər halda bu məsələdə anlaşılmaz bir nöqtə var.
Y a v u z (sağ qapıya baqar, təbəssümlə). Şimdilik bən çəkiləyim.
Ə r t o ğ r u l. Niçin, nə oldu?
Y a v u z. Çünki nişanlın gəliyor. Həm də nə qadar əzəmətli, nə qadar məğrur!..
Ə r t o ğ r u l (baqar). Altunsaçmı?.. Pəki, onun nişanlım olduğunu kimdən eşitdin?
Y a v u z. Səndən başqa hər kəsdən.
Ə r t o ğ r u l. Fəqət hənuz ortada rəsmi bir şey yoq.
Y a v u z. Bu gün olmasa da, yarın olur (Sol qapıdan çıqar).
A l t u n s a ç (gəlir). Ərtoğrul! Şimdiyə qadar nerdə idin?
Ə r t o ğ r u l. Bağçada səni arıyordum, bir kələbək kibi səni güllərə, çiçəklərə soruyordum.
A l t u n s a ç (incə qəhqəhələrlə). Xayır, sən bəni güllərə, çiçəklərə deyil, yalnız bitməz-tükənməz fəzalara, fəzalardakı yıldızlara sormalısın. Daha açıq söyləyimmi?.. (İstehzalı təbəssümlə). Sən bəni fəzalara sığmayan qəlbində aramalı; dəhalar izləyən ruhunda bulmalısın.
Ə r t o ğ r u l. Altunsaç, bən sənin hər sözünü yuqarıdan enən xitablar kibi müəmmalı deyil, yalnız çocuqca təbəssümlər kibi sadə və mə’sumanə görmək istərim.
A l t u n s a ç (yarım qəhqəhədən sonra sərt və qartalca bir baqışla). Sənin əlbisə və qiyafətin kibi sadə, deyilmi?
Ə r t o ğ r u l. Altunsaç, ah, Altunsaç! Sən bana gülüyorsun, bənim qiyafətimlə əyləniyorsun.
A l t u n s a ç. Xayır bən sana gülmək için deyil, yalnız gülməkdən zevq aldığım için gülüyorum.
Ə r t o ğ r u l. Fəqət sən bu gülüşlərdən zevq alırkən, başqalarını zəhərliyorsun.
A l t u n s a ç (şux qəhqəhələrlə). Açıq söyləyimmi, əzizim, sən... çocuqsun.
Ə r t o ğ r u l. Bu söz lətifə olsa belə bir həqiqətdir. Çünki çocuq olmasaydım, şu qiyafətlə sənin kibi bir əzəmət və ehtişam heykəlinə uymazdım.
A l t u n s a ç. Fəqət səndə, sənin alavlı gözlərində, kəskin baqışlarında öylə bir əzəmət var ki, yalnız bən deyil, hər kəs o qüvvətə qarşı kiçilir, kiçilməyə məcbur olur.
Ə r t o ğ r u l. Ah, sənin kiçilməndə də bir böyüklük var.
A l t u n s a ç. Əvət, böyüklər kiçikləri böyük görmək istər, kiçiklər isə böyükləri kiçiltməklə təsəlli bulur.
Q a p l a n (nəş’əli və yarımsərxoş bir halda sağ odadan çıqar). Dram, ram, ram... dara... dara, ra, ram, ram... (deyə əlindəki kamanın tellərini səsləndirir və Altunsaça təqdim edər). Müsaidənizlə, şu sarı tellər çırpınaraq, inliyərək, sızlayaraq sizə yalvarıyor... Pənbə, lətif barmaqlarınızı öpmək istiyor.
A l t u n s a ç (kamanı alıb bir tərəfə bıraqır). Bağışlarsınız, pək yorğunum.
Q a p l a n. İştə yorğunluğu çıqaran şeylərdən biri də musiqidir.
A l t u n s a ç. Fəqət o təsəlli çalanlar için deyil, dinləyənlər içindir.
Q a p l a n (kamanı alaraq). Aman, rica edərim.
A l t u n s a ç. Bir az sonra olmazmı?
Q a p l a n. Xayır, bəkləməyə imkan yoq... Of, bən musiqiyə pərəstiş edərim. (Altunsaçın barmaqlarını göstərir). Hələ şu sehirli barmaqların rəqsini seyrilə keçirdiyim dəmlər, ən xoş dəmlərdir. Xoş dəmlər isə bir an fevt edilməməlidir.
Bu sırada Yavuz da gəlir.
A l t u n s a ç. Fəqət sən də şərqi söyləmək şərtilə...
Q a p l a n (sağ qapıya doğru yürür). Pək gözəl, haydı, baqalım.
A l t u n s a ç. Xayır, bən qalabalıqdan xoşlanmam. Burası daha eyi deyilmi ya?
Ə r t o ğ r u l (kinayəli təbəssümlə). Bəncə bağça həpsindən şairanə və asudə bir yer. Həm də təbiət sizin musiqi və şərqilərinizi öpərək, siz də akasiya çiçəklərinin xəfif və gözəl qoqularını əmərsiniz.
A l t u n s a ç. Pək ə’la! (Yavuzla Ərtoğrula). Siz getmiyormusunuz?
Ə r t o ğ r u l. Xayır...
A l t u n s a ç. Bizi rədd ediyorsunuz, öyləmi?
Ə r t o ğ r u l. Buradan dinləriz, olmazmı?
Q a p l a n (məmnun bir tevrilə). Əvət, musiqi və şərqi uzaqdan daha xoş gəlir. (Altunsaç ilə bərabər bağçaya gedərlər).
Y a v u z (Ərtoğrula). Bana baq, sən Altunsaçla əyləniyorsun; fəqət bu xoş bir iş deyil, doğru gediş deyil və bu yolun sonu uçurumdur.
Ə r t o ğ r u l. Nə olursa-olsun, artıq usandım. Şu çocuqca nazlar, şu mə’nasız ədalar insanı bıqdırıyor.
Y a v u z. Iştə bu da aranızdakı sevginin böyüklük və kəskinliyinə bir əlamət!.. Sən pək qısqanc və sinirlisin; eyni zamanda pək soyuqqanlı görünürsün, yaxud öylə görünmək istiyorsun. Halbuki çoq sürməz də bir gün quşu uçurmuş, avı qaçırmış olursun. Əvət, arslanların saymazlığı şikarı tilkilərə qapdırır.
Bu sırada kamanın səsi, Qaplanın şərqisi ətrafa dalğınlıq saçar.
Şərqi:
Dün sıtmalı ruhum anıyorkən səni, birdən
Xülyalərə, sevdalərə daldım, gözəlim, bən;
Pürnəş’ə könül aləmi-lahutə uçarkən
Gördüm səni rö’yadə ipək tüllər içində...
Bir şe’ri-səmavi kibi ağuşuma gəldin,
Gülbusələr ithaf ediyordun bana... Lakin
Röya kibi nagah süzülüb cismi-lətifin
Qeyb oldu bəyaz, pənbə qızılgüllər içində...
Y a v u z. Dinliyormusun?
Ə r t o ğ r u l. Əvət, dinliyorum.
Y a v u z (istehzalı təbəssümlə). Iştə gülbusələr, ipəkli rö’yalər; xülyalər və sevdalərdən bəhs ediliyor.
Ə r t o ğ r u l (sinirli). Anlıyorum, əvət, anlıyorum.
Y a v u z. Yalnız anlamaq yetişməz, anlatmaq da lazım...
Ə r t o ğ r u l. Kimə anlatayım, kimə!? Qaplan sayğısız bir odun parçası, Altunsaç da məğrur bir qaraquş yavrusu...
Y a v u z. Pəki o halda?
Ə r t o ğ r u l (son dərəcə sinirli). Bıraq Allah eşqinə, yetişir...
Sükut... A l t u n s a ç l a Q a p l a n gəlir.
X a n d ə m i r (çıqar, Altunsaça). Nerdəsin, qızım? Hiç bu olurmu ya? Alagöz sana misafir gəlmiş, halbuki sən onu yalnız bıraqıyorsun.
A l t u n s a ç (gülərək babasilə sağ odaya keçər). Bəndə qüsur yoq. Babaciyim, bu xüsusda Qaplan pək qəbahətli...
Q a p l a n (Yavuzla Ərtoğrula). Yenə nə olmuş? Pək qəsvətli görünüyorsunuz.
Ə r t o ğ r u l (sarsılmış bir halda). Bana baq, sən nə yapıyorsun? Nə yapmaq istiyorsun?
Q a p l a n. Sözlərini anlayamıyorum.
Ə r t o ğ r u l (acı təbəssümlə). Burada anlaşılmaz bir şey yoq...
Q a p l a n. Nə demək istədiyini bilsəydim...
Ə r t o ğ r u l (birdən-birə hiddətlə). Ah, sən; pək sapqın, pək azğın bir hərifsin, sən xain bir xırsızsın, sən cani və qatilsin...
Q a p l a n. Xırsızmı, qatilmi? (Istehzalı qəhqəhələrlə). Qaliba çıldırıyorsun.
Ə r t o ğ r u l (daha qızğın). Əvət, xırsız, həm də xain bir xırsızsın. Çünki bənim qayei-əməlimi, müqəddəs heykəlimi kirli əllərinlə qırıb parçalıyorsun, çünki Altunsaçın könlünü çalıyorsun. Əvət, sən qatil, həm də ən vəhşi bir qatilsin; çünki canavarca hərəkətlərinlə hər an qəlbimin birər parçasını gəmiriyorsun; beynimi yaqıb da köksümü didməyə çalışıyorsun.
Bu gurultuya içəridəkilər salona keçərlər.
Q a p l a n (istehzalı təbəssümlə). Bən yenə təkrar ediyorum, sən çıldırıyorsun. (Cibindən revolverini çıqarır, gurultulu bir ahənglə). İştə sana ən parlaq və kəskin bir cəvab!.. (Nişan almaq istər).
Y a v u z (silahı əlindən alır). Nə yapıyorsun?
Ə r t o ğ r u l. Bəni qorqutmaqmı? (Qızğın və acı qəhqəhəylə). Nə böyük cəsarət!
A l t u n s a ç. Nə var yenə, nə olmuş?
Ə r t o ğ r u l. Hiç, Altunsaç, hiç!..
A l t u n s a ç (şux qəhqəhələrlə). Fəqət bu nasıl hiç!..
Ə r t o ğ r u l. Ah, o öylə bir hiç ki, bənim bütün bənliyim, bütün səadət və dirliyim o hiçdən, o mövhum teldən asılıdır. İştə Qaplan o teli gəmiriyor, sən də qəhqəhələrlə seyr ediyorsun.
Q a p l a n (heyrətlə). Fahiş bir iftira, müdhiş bir iftira...
A l t u n s a ç. Ərtoğrul! Sən hər şeyi qüruni-vüstada yaşar kibi düşünüyorsun... Halbuki darülfünun gördün!
Ə r t o ğ r u l. Nə yapayım ki, bən darülfünundan yalnız bir qasırğa kibi geçdim. Onun için qüruni-vüstada yaşar kibi düşünüyorum. Hala əski qafa ilə düşünüyorum, hənuz bir dürlü yeniləşmədim.
Ö z d ə m i r (sərxoşca və istehzalı qəhqəhələrlə). Fəqət bən... bən isə yeniləşdim; əski qafamla bərabər yeniləşdim; daha doğrusu bəni yeniləşdirdilər. Sevgili rəfiqəm, şu gözəl Afət bəni yeniləşdirdi. İştə onu da şu doktor, doktor Qaratay yeniləşdirmiş!.. (Qəhqəhə). Əvət, o yeniləşdirmiş...
Ə r t o ğ r u l. Sən abdalsın.
Ö z d ə m i r. Fəqət sən!.. Sən də... dəlisin (qəhqəhə).
A f ə t. Özdəmir! Nə söylüyorsun?
İ l c a y. Oğlum, nə yapıyorsun?
X a n d ə m i r (Özdəmirə işarətlə, yarım sərxoş). Onda spirto sərsəmliyi, (Ərtoğrula) sən də gənclik sərxoşluğu var. O söylədiyini bilməz, səndə bilmədiyini söylərsin. Iştə Amerika şairlərindən məşhur Lev Tolstoy diyor ki: “Məhəbbət bir bəla şeydir, giriftar olmayan bilməz” (hər kəsdə qəhqəhə). Demək ki, Özdəmir Afətə, sən də Altunsaça o qadar vurulmuşsunuz ki, hər sözdən bir mə’na, hər hiçdən bir müəmma çıqarıyorsunuz.
Ö z d ə m i r (istehzalı və laübali qəhqəhələrlə). Pək doğru, əfəndim, pək doğru!.. (Qəhqəhə). Əvət, Amerika şairi Lev Tolstoy!.. Maarif müdiri Xandəmir!? (Qəhqəhə).
İ l c a y (Xandəmirə). Aman, qardaşım, sən söylə, yoqsa bunlar qızışsa keyfimizə su qatarlar.
X a n d ə m i r. Hətta məhəbbət öylə bir alav ki, bir kərə insanın qəlbini sardımı ölüncəyə qadar sızladıb durur... Fars tarixşünaslarından Əbu Əli Sina diyor ki: “Bən hər, hər dərdə ilac buldum da, yalnız eşqə, məhəbbətə bir çarə bulamadım”.
Ö z d ə m i r (kinayəli qəhqəhə ilə). Əvət, eşq, məhəbbət... Fars tarixşünaslarından Əbu Əli Sina!.. Maarif müdiri Xandəmir!.. (Qəhqəhə).
A l a g ö z (yarım səslə Afətə). Bən gediyorum, annəciyim!
A f ə t. Niçin, yavrum?
A l a g ö z. Hiç kəndim də bilmiyorum.
A f ə t. Azacıq bəklə, bərabər gedəlim.
A l a g ö z. Xayır, bəkləməm.
A f ə t. Pək gözəl, sən get, bən də şimdi gəlirim.
Alagöz məhzun adımlarla çıqar; Ərtoğrul da sinirli baqışlarla onu izləmək istər.
İ l c a y. Nerəyə, oğlum?
Ə r t o ğ r u l. Dəlixanəyə.
İ l c a y. Nə demək, dəlixanə buradan eyimi?
Ə r t o ğ r u l (İlcaya xüsusi). Əlbəttə... kəndiləri bilməsə belə ordakıları hər kəs dəli tanıyor. Fəqət bunlar, bu zəncirsiz divanələr isə, nə kəndiləri kim olduğunu biliyorlar, nə də ətrafdakılar.
İ l c a y. Bir az daha bəklə, nə olur. (Xandəmirə işarətlə). Başın için dayın darılır.
Ə r t o ğ r u l (sinirli). Darılsa da gedəcəyim, darılmasa da... Bəndə kiralıq qulaq yoq... Hər saçmayı dinliyəməm.
(Salonu tərk edər)
X a n d ə m i r. Yahu, bunlar nə oluyor? Həp birər-birər savuşub qaçıyorlar.
Ö z d ə m i r. Çünki bu məclisdəki zevqi duyamıyorlar, bu söhbətlərdəki incəliyi anlıyamıyorlar... (Müstəhzi qəhqəhə). Alagöz bənim qaba hallarımdan ürküb qaçdı; Ərtoğrul da sənin dərin fəlsəfələrindən
(Qəhqəhə).
X a n d ə m i r. Ah, şu gənclər, şu dəliqanlılar həp böylə... həpsi xırçın və sinirli! Halbuki bu hallar bizim kibi tərbiyəli və münəvvər ailələrə əsla yaraşmaz.
İ l c a y. Çocuqluq, həp çocuqluq...
X a n d ə m i r (qafasını oynataraq). Nə isə, buyurun, keyfimizə baqalım.
Ö z d ə m i r. Bən buracıqda bir qədəh şərab içmədikcə getməm.
X a n d ə m i r. Bu saət, söyləyim, gətirsinlər.
Ö z d ə m i r (Afəti süzər, məmnun bir qəhqəhəylə). Xayır, bən fəqət gözəl Afətin, sevgili Afətin əllərindən içmək istərim.
A f ə t. Pəki, qalq, gedəlim də, içəlim.
Ö z d ə m i r. Xayır, burada, yalnız buracıqda...
A l t u n s a ç. Bən gətirsəm olmazmı?
Ö z d ə m i r. Əsla! Sən yalnız Ərtoğrula içirməliydin (Qəhqəhə).
A l t u n s a ç. Əfsus ki, o, spirtolu içkiləri və içənləri görmək belə istəmiyor.
Ö z d ə m i r (qəhqəhə). Iştə o da bir nev sofuluq, o da bir nev dəlilik. (Afətə) Haydı, gözəlim, bir qədəh şərab...
A f ə t. Pəki, gətirəyim, sən inadından vaz keçmiyəcəksin.
(Sağ odaya keçər)
Ö z d ə m i r (laübali qəhqəhələrlə). Dəmin söylədim ya, bən yeniləşdim; hər xüsusda yeniləşdim; fəqət iki şeydə deyil: biri əski şərab, biri də əski əhbab!.. (Qəhqəhə). Doktor Qaratay yenilərdənsə də, şübhəsiz bir gün o da əskiləşir, o da kəndi qiymətini bulur.
(Qəhqəhə).
A f ə t (bir qədəh şərab gətirir). Buyurun, əfəndim!
Ö z d ə m i r (qalqıb qədəhi alır). Nasıl! Əfəndimi?.. (Qəhqəhə). Halbuki bən sənin ən aciz qullarından, ən dəyərsiz kölələrindən biriyim.
X a n d ə m i r. Baqalım, kimin şərəfinə içəcək.
Ö z d ə m i r. Bən şu mümtaz qədəhi, yalnız qaranlıqlar və ışıqların, yerlər və göylərin, bütün mühit və kainatın şərəfinə içiyorum. Çünki onlar, onların cümləsi, həmahəng olaraq (Afəti göstərir) şu fevqəladə, şu müstəsna vücudu bəsliyor. Əvət, həpsi şu gözəl və füsunkar Afətə qarşı əyiliyor. Hər kəs onu seviyor və alqışlıyor (İçər, məclisdəkilər əl çalar).
X a n d ə m i r. Yaşasın gözəllik! Var olsun Afət...
Ö z d ə m i r (məmnun bir tevr ilə Afətə). Ah, bu şərab əvvəlkilərə hiç bənzəmiyor, iştə sənin əlini öpər-öpməz datı dəyişiyor, o da başqlaşıyor, o da gözəlləşiyor (hər kəs sağodaya keçər). A f ə t (ən arqada qalan doktora). Sən get, daha durma!
D o k t o r. Niçin?
A f ə t. Çünki zəhri içirdim (Misafirləri izlər).
D o k t o r (təlaş ilə). Ah, niçin əcələ etdin... (Saatına baqar).
X a n d ə m i r (geri dönər). Niçin gəlmiyorsun?
D o k t o r (onun əlini sıqayır). Müsaidənizlə, getmək istiyorum.
X a n d ə m i r. Gəl, canım, şaşırdınmı?
D o k t o r. Pək mühüm işim var.
Ö z d ə m i r (içəridən). Doktor!.. Doktor Qaratay!..
X a n d ə m i r. Baq, iştə səni arıyorlar.
D o k t o r. Xayır, əfəndim, getməliyim.
Ö z d ə m i r (əlində konyak dolu büyücək bir qədəh gəlir). Doktor!
Doktor Qaratay!.. Iştə bu da sənin şərəfinə...
D o k t o r. Aman, nə yapıyorsun? Hiç bu qədəhlə konyak içilirmi? (mane olmaq istər).
Ö z d ə m i r (zəif və acı qəhqəhə ilə). Içilir, əvət, içilir... var ol! (içər və qədəhi bir tərəfə ataraq). Ah!.. (deyə düşüverir).
X a n d ə m i r (içəriyə). Limon gətirin, limon!..
D o k t o r (köksünü dinlər). Hiç bir şey lazım deyil, artıq keçmiş. İştə qəlb xəstəliyi zavallıyı bitirdi...
A f ə t (əlində bir parça limon gəlir). Nə oldu? Bayıldımı?
D o k t o r. Əvət, bayıldı, fəqət bir daha ayılmamaq üzrə bayıldı.
Sükut...
Pərdə
İKİNCİ PƏRDƏ
Ərtoğrulun evi. Havuzlu, ağaclı, çiçəkli bir bağça... İlk baharın son günləri, gündüz.
İ l c a y (balkona çıqar, çiçəkləri sulamaqda olan xidmətçiyə). Bana baq, Ərtoğrul nerədə?
X i d m ə t ç i. Şimdi bağçaya doğru getdi.
İ l c a y. Soyuq alır da yenə xəstələnir; haydı, qoş da kəndisini çağır.
X i d m ə t ç i. Pəki, baş üstə...
Gedər, bu sırada Y a v u z gəlir.
İ l c a y. Söyləsin ki, Yavuz da gəlmiş, onu bəkliyor.
Y a v u z. Kimi çağırıyor, Ərtoğrulumu?
İ l c a y. Əvət.
Y a v u z (İlcay ilə əl verir və havuz kənarındakı sıraya oturur). Görünüyor ki, bu gün əhvalı daha eyi...
İ l c a y. Xayır, bil’əkis daha qorqunc, daha bərbad...
Y a v u z. Niçin böylə söylüyorsunuz?
İ l c a y. Niçinmi, şimdi gəlir də görürsünüz. Kaş ki, Xandəmirin evinə, o mənhus ziyafətə getmiyəydik. Kaş ki, o uğursuz gecəyi görməyəydik. İştə tam bir aydır ki, onun bəlasını çəkiyoruz. Hələ Altunsaçın hərəkətini, Özdəmirin fəlakətini, mümkün deyil, bir türlü unutamıyor. Ah, bə’zən də unutuyor, hər şeyi unutuyor, hətta kəndisini də unutuyor.
Y a v u z (yerindən qalqar). Dur, doktor Qaratayı gətirəlim, baqalım, nə diyor.
İ l c a y. Şimdi xəbər göndərdim, qardaşımla bərabər gələcək, lakin o gecədən bəri nə Özdəmiri unutuyor, nə də Xandəmirlə Qaratayı görməyə gözü var. Hətta Özdəmirin ölməsini də Qarataydan görüyor.
Y a v u z. Pəki, Qaratay nə yapsın?
İ l c a y. Nə biləyim, görünüyor ki, o xüsusda bir şey biliyor.
Y a v u z. Xayır, doktor öylə adam deyil... Yalnız Ərtoğrul bir az xəyalpərəst... boş yerə özünü üzüyor.
Ərtoğrul arqa tərəfdən gəliyor.
İ l c a y. Ah, bir danəcik oğuldur, o da kəndi səhhətinin, kəndi həyatının düşmanı...
Y a v u z. Hiç məraq etməyin, həpsi keçər gedər.
İ l c a y. Ah, qorquyorum, pək qorquyorum.
Ə r t o ğ r u l (sinirli qəhqəhələr ilə). Qorqma, annəciyim, hiç qorqma!.. Çünki həyatda qorqulacaq bir şey yoq... İnsanları qurtaracaq bir qüvvət varsa, o da cəsarət, yalnız bir cəsarətdir. Bən yaşamaq için titrəyənləri daima Əzrail qucağında gördüm; ufaq bir qıvılcımdan ürkənləri daima yanğın ocağında buldum.
İ l c a y. Lakin düşünməli, yavrum, böylə sərin havada sadə bir gömləklə bağçaya çıqılırmı? (Evə gedər).
Y a v u z. Bəncə bu hal, çocuqluq və dəlilikdir.
Ə r t o ğ r u l. Əvət, çocuqluq və dəlilik!.. (Qəhqəhə). Çocuqluq və dəlilik! Iştə xatırlıyorum, bu sözlər bir ay əvvəl də qulaqlarımı tırmalamışdı... O gecə, əvət o gecə Altunsaç da bana çocuq diyordu; Özdəmir də dəli deyə gülüyordu.
İ l c a y (əlində bir qalpaqla bir atqı “plaş” gəlir və hər ikisini Ərtoğrula verir). Al, quzum, hava pək sərin... Təkrar soyuq alırsın.
Ə r t o ğ r u l (atqıyı alır, yarı bürünür, qalpağı sıra üzərinə atar). Bilməm, şu bahardan, şu lətif ruzigardan niçin bu qadar qorquyorsun? Ağacları, çiçəkləri süslüyən, quşları, kələbəkləri bəsləyən bahr yalnız insanamı, yalnız banamı düşman kəsiləcək!? Halbuki bənim vücudum bir çiçəkdən daha qaba, bir kələbəkdən daha qalındır.
Y a v u z (rəqsan və məğrur adımlarla gəlməkdə olan Altunsaçı Ərtoğrula göstərir. Yarım qəhqəhə ilə). Iştə çiçəkdən bəhs etdin də qarşımıza çıqdı.
Ə r t o ğ r u l (mə’nalı bir baqışla baqar). Əvət, həm də öylə bir çiçək ki, yürüyormu, qoşuyormu? Oynuyormu, uçuyormu? İnsan bir türlü fərq edəmiyor.
A l t u n s a ç (şux bir təbəssümlə). Gün aydın, əfəndilər (Təmənna edər).
İ l c a y. Xoş gəldin, qızım səfa gəldin (Öpüşürlər).
A l t u n s a ç (Ərtoğrula). Nasılsın, baqalım, nə yapıyorsun?
Ə r t o ğ r u l (istehzalı təbəssümlə). Qüruni-vüstada yaşıyorum. (Qəhqəhə). Əvət, qüruni-vüstada yaşıyorum.
A l t u n s a ç. Hala unutmadınmı? Unutmadınmı ya?
Ə r t o ğ r u l. Bən çoq vaqt kəndimi unutuyorum, fəqət bu sözü unutamıyorum. (Acı qəhqəhə). Çünki səni unutamıyorum.
A l t u n s a ç. Təşəkkür edərim, görünüyor ki, qavğadan pək zevq alıyorsun.
Ə r t o ğ r u l. Zatən bütün həyat qavğadan ibarət deyilmi, ya?
Y a v u z (yerindən qalqar, kinayəli bir ahənglə İlcaya). Bunları kəndi halına bıraqsaq, daha eyi olmazmı?
İ l c a y. Haydı, gəl, biz birər qəhvə içəlim, savaşıb barışdıqdan sonra onlar da gəlirlər.
Hər ikisi içəri girər.
A l t u n s a ç (şux bir təbəssümlə). Pək tuhaf deyilmi, ya! Yenə əski hal, yenə əski xırçınlıq...
Ə r t o ğ r u l. Nə yapalım, çoq uğraşdım, bir türlü yeniləşəmədim. Əvət, yenə əski çocuqluq, yenə əski dəlilik...
A l t u n s a ç (pək ciddi). Xayır, sən bana gülüyorsun, bənimlə əyləniyorsun.
Ə r t o ğ r u l. İştə bu da yeni bir iftira, yeni bir təhqir...
A l t u n s a ç (sarsılmış bir halda). Ah, niçin insaf etmiyorsun?
Ə r t o ğ r u l. Insafmı? (Qəhqəhə). Zatən insaf və mərhəmət İsa ilə bərabər göyə çəkildi.
A l t u n s a ç. Ah, yenə gülüyorsun.
Ə r t o ğ r u l. Fəqət bu qəhqəhələr acı fəryadlardan başqa bir şey deyil.
A l t u n s a ç. Xayır, sən pək haqsız və pək məğrursun.
Ə r t o ğ r u l. Kim bilir, bəlkə bən bir aynayım ki, öz bənliyini bəndə görüyorsun. Bən əvvəl nə idimsə, şimdi də oyum, hər nasılsa dəyişmədim, dəyişəmiyorum; fəqət sən bil’əkis, gündən-günə dəyişiyor və gözəlləşiyorsun. Hər halında bir yenilik, hər hərəkətində bir böyüklük görünüyor (Acı qəhqəhə). Əvət, sən bir gülsün ki, zəhərli dikənlərin könlümü parçalıyor; sən bir pərisin ki, atəşli tırnaqların beynimi gəmiriyor.
A l t u n s a ç (sinirli və darğın). Ah, sən bir cəlladsın, bir Əzrailsin.
Ə r t o ğ r u l (müstəhzi). Halbuki Əzrail də bir mələkdir. Fəqət bən bir mələyin Əzrail olmasını arzu etməm...
A l t u n s a ç (getmək istər). Əvət, haqlısın...
Ə r t o ğ r u l. Nerəyə?
A l t u n s a ç. Gəldiyim yerə.
Ə r t o ğ r u l (onun əlini yaqalar). Xayır, getmə! Əgər bəndən uzaqlaşmaq istiyorsun daha yaqın gəl; çünki yanğından qurtulmaq için tək bir çarə var; o da yalnız alova soqulmaqdır.
İlcay ilə Yavuz balkona çıqarlar.
İ l c a y. Nerdə qaldınız?
Y a v u z. Sizi bəkliyoruz.
Ə r t o ğ r u l. Gəliyoruz.
İ l c a y. Nə oldu? Barışa bildinizmi, qavuşa bildinizmi?
A l t u n s a ç (istehzalı təbəssümlə). Əvət, barışdıq, fəqət atəşlə pambığın barışması kibi...
Ə r t o ğ r u l. Əvət, qavuşduq, fəqət kürreyi-ərzlə püsküllü yıldızın qavuşması kibi...
İ l c a y (Altunsaçın əlindən tutar). Gəl, baqalım, niçin bizdən qaçıyorsun?
A l t u n s a ç (Ərtoğrula baqar, acı təbəssümlə). Bən qaçmıyorum, qaçırıyorlar (Içəri girərlər).
Y a v u z (Ərtoğrula). Bana baq. Altunsaç bir gövərçindir, əfsus ki, onu uçurmaq istiyorsun.
Ə r t o ğ r u l. Məraq etmə, uçurmam.
Y a v u z. Düşün ki, o bir afətdir, halbuki atəşlə lətifə edilməz.
Ə r t o ğ r u l (müstəhzi qəhqəhə ilə). Görünür ki, Qaplandan ehtiyat ediyorsun.
Y a v u z. Xayır, o sərsəmdir, əlindən bir iş gəlməz; fəqət doktor Qaratay, sənin o yeni rəqibin daha qorqunc və daha təhlikəlidir.
Ə r t o ğ r u l. Demək şimdi Afəti bıraqıb da Altunsaçımı izliyor.
Y a v u z. Həm də nasıl izləmək! Bir an belə kölgəsindən ayrıldığı yoq. Babası Xandəmir isə doktora qarşı pək lütfkar... Çünki o da kəndisi kibi macəracu, olduqca sərvət və şöhrət düşkünü...
A l a g ö z qara geyinmiş olduğu halda əlində iki kitab gəlir.
Ə r t o ğ r u l. Buyursunlar, əfəndim (Əl verdikdən sonra). Eyi ki, bizi də xatırlaya bildiniz.
A l a g ö z. Inanız ki, hiç vaqtım yoq, yalnız xəstə olduğunuzu eşitdim də onunçin gəldim.
Ə r t o ğ r u l. Təşəkkür edərim.
Y a v u z. Lakin nədənsə əsla evinizdə bulunmuyorsunuz.
Ə r t o ğ r u l. Əvət, bana da xidmətçi öylə söylədi.
A l a g ö z. Çünki hər gün xəstəxanəyə gediyorum da...
Ə r t o ğ r u l. Niçin? Xəstəmisiniz?
A l a g ö z. Xayır, yaralı əskərlərə baqıyorum.
Ə r t o ğ r u l. Hanki xəstəxanədə?
A l a g ö z. “Turan” cadəsində, “İbn Sina” xəstəxanəsində...
Ə r t o ğ r u l (mə’nalı və məhzun). Əvət, pək gözəl...
Y a v u z. Bu kitablar nə?
A l a g ö z. Romandır, Ərtoğruldan aldım.
Ə r t o ğ r u l. Nasıl, mütaliə buyuruldumu?
A l a g ö z (məhcub və mütəbəssim). Əvət, təşəkkür edərim, sanki hər ikisi bənim ruhumu, bənim həyatımı təsvir edən birər aynadır. Görünüryor ki, bunları seçib verdikdə hər şeydən əvvəl bəni düşünmüşsünüz.
Ə r t o ğ r u l. Təbii deyilmi ya...
Y a v u z (mütəbəssim). Zatən ruhşünaslıq da bir nev peyğəmbərlikdir.
Ə r t o ğ r u l. Daha doğrusu, peyğəmbərlik də bir nev ruhşünaslıqdır. Pəki, bu kitabların məalı nədir?
A l a g ö z. Nurani bir təsəlli: səadət məhəbbətdir.
Ə r t o ğ r u l. Təbii, məhəbbət səadətdir.
A l a g ö z (məhzun bir təbəssümlə). Demək ki, bən məs’ud olamam.
Y a v u z. Niçin?
A l a g ö z. Çünki sevəmiyorum.
Y a v u z. Xayır, bil’əkis, səadət sizi daima izliyor, bir kölgə kibi peşinizdən ayrılmıyor; lakin bir mane, qorqunc bir kabus sizi mə’yus ediyor.
A l a g ö z (azacıq sinirli). Açıq söyləyin, anlamıyorum.
Y a v u z. Düşünsəniz, anlarsınız... Fəqət anlamasanız daha məs’ud olursunuz.
A l a g ö z (sarsılmış bir halda ətrafa). Ah, nələr eşidiyorum! Bu müəmmalı sözlər bir oq kibi qəlbimi parçalıyor.
Ə r t o ğ r u l. Aman, rica edərim, şu sərsəmə qulaq verməyin, Altunsaç da burada. Buyurun, bir qadar görüşüb qonuşursunuz.
A l a g ö z məhzun və düşüncəli adımlarla içəri girər.
Y a v u z (tatsız qəhqəhə ilə). Bən Alagözü bunca sinirli bilməzdim.
Ə r t o ğ r u l (darğın). Sən bir odunsun, həm də yonulmamış meşə odunusun.
Y a v u z. Hiç darılma, girər, üzr istərim.
Ə r t o ğ r u l. Üzrün qəbahətindən daha betər...
Y a v u z (yarım qəhqəhə ilə). Bilirmisin nə var, bən bu qıza məftunum. Fəqət sana qarşı o qadar lütfkar göründü ki, sinirlərimə toqundu.
Ə r t o ğ r u l. Pəki, oqu atıb yayı gizlətməkdə nə mə’na var? Söylə, baqalım. O hanki mane, o nasıl kabus imiş?
Y a v u z. Kabus iştə onun annəsi... O, bu şəhərdə durduqca Alagöz məs’ud olamaz.
Ə r t o ğ r u l. Haydı, gəl baqalım, sən daima saçma söyləməkdən zevq alırsın. (Təbdil tevr ilə). Lakin sana bir ricam var; saqın, bir daha gönlünə toqunmayasan.
Y a v u z. Pəki, sənin xatirin için dilsiz və sağır olarum.
İçəri girirlər, bu sırada Afət ilə Qaplan gəlir. Afətin şıq və siyah əsvabı, mükəmməl tualeti, sərbəst tevr və hərəkəti kəndini daha şux, daha füsunkar göstərir.
Q a p l a n. Bən geri dönmək istiyorum, təbii qüsura baqmazsınız.
A f ə t. Niçin? Ərtoğrulu görmiyəcəkmisin?
Q a p l a n. Xayır, onu sevindirməkdən ziyadə gücəndirmiş olarum.
A f ə t. Pəki, o halda buraya qadar niçin gəldin?
Q a p l a n. Orasını kəndim də bilməm. (Onu məczub bir baqışla süzərək). Müsaidənizlə... (Əlini öpər).
Ayrıldığı sırada Q a r a t a y gəlir.
D o k t o r (istehzalı təbəssümlə uzaqlaşan Qaplanı göstərir). Yeni eşqinizi təbrik edərim.
A f ə t (eyni tərzdə). Əskik olmayın.
D o k t o r. Fəqət, gönül bir olduğu kibi, məhəbbət də bir olmalıdır.
A f ə t (müstəhzi). Sizdə olduğu kibi deyilmi? (Sinirli). Ah! Insafsız, mərhəmətsiz!.. Sən bəni atıb da Altunsaça uyarsın, saətlərcə peşindən ayrılmazsın, məhtablı gecələrdə əcnəbi kokotlarla qayıq gəzintisi yaparsın, həpsi keçər, gedər. Fəqət bən... bən isə yalnız əlimi öpdürməklə böyük bir günah işləmiş olurum, öyləmi?..
D o k t o r. Çünki sən qadınsın, anlıyormusun?
A f ə t (müstəhzi qəhqəhələrdən sonra, ciddi). Ah, zavallı qadınlar!.. Bütün mühit və qanunlar onlara düşman, bütün din və adətlər düşman; bütün təbiət və kainat düşman!.. Çünki zəifdirlər, onunçin də haqsızdırlar. Fəqət erkəklər həp mə’sum! Bütün sapqınlıqlarilə mə’sum, bütün azğınlıqlarilə mə’sumdurlar... Çünki bütün qanunları yapan onlar!.. Onunçin də haqsız deyillər... Haqsız olsalar belə haqlı görünürlər.
D o k t o r. Afət! Sən erkəkləri deyil, yalnız bəni təhqir ediyorsun.
A f ə t (son dərəcə qızğın). Sus, artıq çıldırıyorum. Ah, sən təhqirə belə layiq deyilsin. Sən, sönük bir arzun için bəni qatil etdin, kəndi əlimlə qocamı zəhərlətdin; əməyilə bəsləndiyim bir biçarəyi məhv etdin. Ah, şimdi isə...
D o k t o r (təlaş ilə). Aman, rica edərim, sus!
A f ə t (acı bir təbəssümlə). Heyhat! Bən sussam da həqiqət susmaz. (Içəri girər, Xandəmir gəlir).
X a n d ə m i r. Niçin içəri girmiyorsun? Ərtoğrulu görə bildinmi?
D o k t o r. Xayır, bən də şimdi gəldim.
Ə r t o ğ r u l sərv ağaclarının arasında görünür, onları dinlər.
X a n d ə m i r. Yahu, iki günün biri, xəstəlik, dəlilik!.. Bu çocuq başımıza bir bəla kəsildi. Zavallı Altunsaç!.. Ortada rəsmi bir şey yoqsa da, yenə hər kəs bu ikisini nişanlı biliyor. Ah, qızımı, qızımın istiqbalını məhv etdim.
D o k t o r. Əvət, Altunsaç bir elmasdır. Siz onu qeyb etmiş kibisiniz, fəqət bən o elması təkrar özünüzə iadə edərsəm, mükafat olaraq nə verirsiniz?
X a n d ə m i r (tə’kidlə). Nə istərsən, hər nə istərsən...
D o k t o r. Əgər istəyəcəyim məzkur elmas kəndisi olursa?..
X a n d ə m i r (bir qadar sükutdan sonra). Lakin Altunsaçın könlünü almaq şərtilə...
D o k t o r. İştə o bənim vəzifəm... (Ətrafa). Özdəmiri zəhərlətdiyim kibi, Ərtoğrula da bir çarə düşünərüm.
Ə r t o ğ r u l (ətrafa). Ah, insan qılıqlı canavarlar!
İ l c a y (təlaş ilə çıqar). Siz buradamısınız? Ərtoğrul nə oldu, nerəyə getdi?
X a n d ə m i r. Biz yeni gəldik, bir şeydən xəbərimiz yoq.
İ l c a y. Ah, şimdi yenə əhvalı qarışdı. Sinirlənib də dışarı fırladı.
D o k t o r. Hər halda onu yalnız bıraqmamalı, bir gün öncə bu şəhərdən uzaqlaşdırmalı, təbdili-hava için ətraf köylərə göndərməli.
İ l c a y. Aman, doktor, bir çarə?
D o k t o r. Artıq başqa çarə yoq, onun yalnız vücudu deyil, beyni də xəstələnmiş... Diqqət edilməzsə azacıq sonra dəli olur.
Ə r t o ğ r u l. Dəlimi?.. (Qəhqəhə). Pəki, dəlinin nəyi dəli olacaq!..
İ l c a y (niyazkar). Ərtoğrul!..
Ə r t o ğ r u l. Rica edərim, sən sus!
X a n d ə m i r (yaltaqca təbəssümlə). Doktor səni sevdiyi için öylə söylüyor.
D o k t o r. Əvət, yalnız səni, sənin səhhətini düşünüyoruz.
Ə r t o ğ r u l (sinirli və qızğın). Ah, tilkilər, çaqqallar!..
Bu sırada Altunsaç da çıqar.
İ l c a y. Aman, nə söylüyorsun, düşün ki, onlar misafir... halbuki misafirə ehtiram lazım...
Ə r t o ğ r u l. Xayır, onlar bu evə misafir kibi deyil, bənim məhvimi arzu edən iki cəllad kibi gəlmişlər.
İ l c a y. Üzr istə, oğlum, ah, hər ikisindən üzr istə!..
Ə r t o ğ r u l. Əfv edərsin, doktor, bən sana tilki dedim, halbuki sən insanları boğazlıyan diplomalı bir makinasın; canlı, fəqət duyğusuz bir sallaqxanə makinasısın. (Xandəmirə) Sana da çaqqal dedim, möhtərəm dayı! Halbuki sən də maarif süpürgəsisin, əqli topuğunda bir qazsın, qaz... Anladınmı? (Acı və sərsəmcə qəhqəhələr...).
A l t u n s a ç (sinirli). Fəqət bu nəzakətlə sən nə olursun, sən!?
Ə r t o ğ r u l (qəhqəhə). Bən də düşkün bir mühitdə çırpınan bir zavallı!.. Sönük varlıqları yaqmaq istəyən bir qıvılcım... Pəncətırnaqlarla qəlbi gəmirilən bir bədbaxt, bir biçarə... Mə’nasız saylar ətrafında dolaşan bir sıfır, bir hiç...
X a n d ə m i r (Doktora). Görünür ki, söylədiklərimizi eşitmiş. (Ərtoğrula). Ərtoğrul! Bir düşün ki, nə bütün qırıyorsun.
Ə r t o ğ r u l. Bütpərəstliyi çoqdan bıraqdım. Onunçün də büt qırmaqdan pək zevq alıyorum.
A l t u n s a ç. Ah, sən getdikcə, çıldırıyorsun.
Ə r t o ğ r u l. Əvət, çıldırıyorum, dəmin doktor da söylə söylədi. Deyilmi, əfəndim!.. (Doktora baqıb acı qəhqəhələrlə gülər).
A l t u n s a ç. Rica edərim, bizi yalnız bıraq!
Ə r t o ğ r u l (istehzalı təbəssümlə). Xayır, rica ilə getməm.
A l t u n s a ç (qızğın). O halda əmr ediyorum.
Ə r t o ğ r u l (istehzalı qəhqəhə ilə). Madam ki, əmr ediyorsun gedərim (Qəhqəhə). Çünki sən, qürur və əzəmət sultanısın. Çünki sənin əmrinə qarşı əyilməmək haqsızlıqdır. Çünki sənin hər sözün şimşəkdən parlaq, qılıcdan kəskindir. (İki-üç adım bağçaya doğru yürür, təkrar dönər). Baq, iştə gediyorum... (Acı və istehzalı qəhqəhələrlə çəkilir).
Pərdə
ÜÇÜNCÜ PƏRDƏ
Bir yıl sonra dəniz kənarında, bağçada bir xiyaban... Xiyaban ilə dəniz arasında ortası açıq, otlar sarmaşıqlarla örtülü bir çardaq... Xiyaban və çardaq içində sağda, solda sıralar... Qürubə qarşı... mayıs...
Pərdə açıldıqda yanıq və yaralı bir səslə aşağıdakı türkü eşidilir:
Bən aşiqim, bəlalar var başımda,
Durmuş qorqunc uçurumlar qarşımda.
Yaralandım, vuruldum gənc yaşımda,
Sağalmaz yarası coşqun gönlümün.
Cihan cənnət olsa, insanlar mələk,
Dağlar inci saçsa, dənizlər çiçək,
Güldürsə həp ağlar gözləri fələk,
Sağalmaz yarası məhzun gönlümün.
Bu sırada Ə r t o ğ r u l Y a v u z l a bərabər gəlir. O, şimdi büsbütün dəyişmiş. Sağlam və gürbüzdür.
Y a v u z. Baqsana!.. Şu türkü sanki sənin halını təsvir ediyor.
Ə r t o ğ r u l. Söylənmə, baq nə diyor.
(Türkü dəvam edər)
Sərxoşum, keçmədim meyxanələrdən,
Aqilim, dərs aldım divanələrdən,
Dün gecə öyrəndim pərvanələrdən:
Sağalmaz yarası məcnun gönlümün.
Yer yüzünü sarsa dilbər mələklər,
Bənim gözüm yalnız birini bəklər,
Əflatunlar gəlsə boşdur əməklər,
Sağalmaz yarası vurğun gönlümün.
Y a v u z. Əvət, sanki tamamilə sənin qəlbini oquyor; sanki Altunsaçın ayrılığında çəkdiyin qayğıları tərənnüm ediyor.
Ə r t o ğ r u l (istehzalı qəhqəhə ilə). Gerçəkdən yanılmıyorsun; çünki əriyib bitdiyimdən bəlli...
Y a v u z. Demək, Altunsaçı daha sevmiyorsun, öyləmi?
Ə r t o ğ r u l. Yalnız onu sevmək deyil, hətta məhəbbət sözünə belə güləcəyim gəlir. Şimdi bənim sevəcəyim bir qız bulunursa, o da mütləq insanlardan qaçmalı və kimsəyi sevməməlidir.
Y a v u z. Bu halda Alagözün gönlünü qazanmalısın, çünki o da tamamilə bu fikirdədir.
Ə r t o ğ r u l. Nə isə...
Y a v u z. Fəqət Altunsaç!? Ondakı qürur və əzəmət bulunur şeymi?
Ə r t o ğ r u l. Rica edərim, Altunsaçı bıraq, daha ondan bəhs etmə.
Y a v u z. Zatən bu gündən sonra lüzumu da yoq... Çünki doktora nişanlandı, hər iş bitdi, getdi.
Ə r t o ğ r u l. Nasıl, doktor Qaratayamı?
Y a v u z. Əvət, bir ay sonra dügün yapılacaqmış...
Ə r t o ğ r u l. Tamam, iştə bu xəbərdən pək məmnun oldum. Qəlbimdə ona aid bir kölgə, bir duyğu, sönük bir xatirə vardısa, o da şimdi silinmiş oldu. (Sükut...). Əcəba doktorun məşuqəsi nə oldu? Afət, o gözəl Afət nə yapıyor?
Y a v u z. Nə yapacaq; şəhərin bütün gəncləri, ən gözəl dəliqanlıları kəndisi için çıldırıyor. Yalnız erkəklər deyil, qadınlar da ondakı gözəlliyə heyran, hətta, əvət, hətta kəndisi belə kəndi hüsnünə, kəndi gözlərinə, kəndi dodaqlarına məftundur. Tualet yaparkən, dəfələrlə aynadakı rəsmini öpdüyünü görmüşlər... Əvət, o, daima məğrur və bəxtiyardır. (Məhzun bir sükutdan sonra). Bən yalnız bəxti dönmüşləri, talesizləri düşünüyorum; bən yalnız Alagözə, o mə’sum qızcığaza acıyorum. Çünki o, hənuz açılmadan solmuş pənbə gülü andırıyor.
Ə r t o ğ r u l. Sən onu bihudə gülə bənzətiyorsun... Bəncə Alagöz boynu bükük bir mənəkşə, Afət bəyaz bir zanbaq, Altunsaç isə dikənli bir güldür. Əvət, bir gül!..
Y a v u z (ətrafa baqaraq). İştə ana ilə qız gəliyorlar.
Ə r t o ğ r u l. Bana qalırsa onlara ana ilə qız deyil, Afət ilə Alagöz demək daha doğrudur.
Y a v u z. Pək tuhaf, bu gün nədənsə bərabər gəziyorlar, halbuki Alagöz daima təklikdən xoşlanır və əlindən gəldiyi qadar Afətdən qaçar.
Ə r t o ğ r u l. Çünki onun bir atəş olduğunu bilir. Yanmayım deyə çəkinir.
Y a v u z. Əvət, bir atəş, həm də qorqunc və sevimli bir atəş!..
Gedərlər, A l a g ö z ilə A f ə t gəlir.
A f ə t (şux qəhqəhələrlə). Demək sən kimsəyi sevmiyorsun, öyləmi? Doğrusu, pək xariqüladə bir təbiət!.. (Təbdili-tevr ilə). Görünüyor ki, sən təbiətə qarşı qoymaq istiyorsun. Halbuki dünyadakı otları, çiçəkləri, quşları, kələbəkləri, insanları və heyvanları həp birər-birər gözdən keçirsə, sevgidən məhrum hiç bir məxluqə, hiç bir zihəyatə rast gəlməzsin. Hətta günəşlər, aylar və yıldızlar arasında belə sıqı bir rabitə var, sarsılmaz bir cazibə qanunu var.
A l a g ö z. Təbii hər kəsdə olduğu kibi, bəndə də gönül var. Bəndə də duyğu var. Fəqət nə çarə ki, şimdilik sevəmiyorum, seviləmiyorum. Şübhə yoq ki, sevsəm
seviləcəyimə də əminim; əfsus ki, nə sevmək istiyorum nə də sevilmək; çünki nə bu mümkündür, nə o...
A f ə t. Niçin, Alagöz, niçin?.. (Sıraya oturur).
A l a g ö z (sarsılmış bir halda). Çünki... qorqunc bir kabus ümidlərimi boğuyor, çünki... bədbaxtım (sükut).
A f ə t. Xayır, sən bəxtiyarsın və bəxtiyar olacaqsın. Çünki gözəlsin, mə’sumsun; hər kəs seviyor, hər kəs pərəstiş ediyor. Fəqət sən hər kəsi sevməməli... hər dəliqanlıya gönül verməməlisin. Bildiklərimdən yalnız iki gənc səni məs’ud edə bilir; onlardan biri: Ərtoğrul, biri də Oqtaydır.
A l a g ö z (şaşqın bir halda yerindən qalqır). Hankı Oqtay?
A f ə t. Sənin xəstəxanə arqadaşın, gənc operator.
A l a g ö z. Sən onu nerdən tanıyorsun?
A f ə t (yarım qəhqəhə ilə). Bənim gözlərim pək uzaq görür, qəlbim ən gizli məhəbbətləri duyar; sana aid nə varsa həpsini anlar, həpsini bilirim; hətta rö’yadə belə səndən ayrılmam. Gecə-gündüz sənin gələcəyini, sənin səadətini düşünürüm.
A l a g ö z (göküs keçirər). Heyhat! Keçmişim qaranlıq bir gecə, gələcəyim də aldadıcı bir sərabdır.
A f ə t (qalqar, mütəəssir). Ah, sən daima qorqunc xəyallar, gülünc iztirablar içində çırıpınıb duruyorsun... Baq, iştə Oqtay da gəliyor... Sən onunla bir qadar qonuşub gəzərsin, bən də tək başıma dəniz qürubunu tamaşayə dalarım. (Uzaqlaşır, Oqtay gəlir).
O q t a y (əl verir). Qüsurə baqma, Alagöz, səni çoq bəklətdim, deyilmi?
A l a g ö z. Zərər yoq.
O q t a y. Şu qadın kim?
A l a g ö z. Ona Afət derlər.
O q t a y. Niçin ayrıldınız, manemi oldum?
A l a g ö z. Xayır.
O q t a y. Kimlərdəndir əcəba?
A l a g ö z (qızarmış və sarsılmış bir halda). Sonra anlatırım, hələ gəl, bir qürub levhəsini seyr edəlim. (Dənizə baqar, məczub bir halda). Aman, ya Rəbbi, nə qadar gözəl!.. Günəşin böylə dilbər qızıllığını, rəngarəng buludlar arasında batışını hiç xatırlayamıyorum.
O q t a y. Gerçəkdən batı tərəfi bir cənnət bağçası... Günəş isə utandığından qızarıb çiçəklər içinə gömülən bir köylü qıza bənziyor.
(Digər tərəfə baqaraq). Hələ şu qarşıya baq! Yeni çıqmaqda olan şu solğun aya, şu vərəmli çöhrəyə baq!.. Sanki bənzi uçmuş, əriyib bitmiş bir aşiq kibi kəndi sevgilisini izliyor.
A l a g ö z (şux təbəssümlə). Ah, şu erkəklər pək tuhaf; həpsi bir xəstəliyə mübtəla... həpsinin özü, sözü, dərdi, düşüncəsi həp eşq, daima eşqdir. Hər nə görsələr onda bir gözəllik, bir məhəbbət bulurlar.
O q t a y. Pəki, dünyadə gözəllik və məhəbbətdən tatlı nə ola bilir!?
A l a g ö z (müstəhzi). Əvət, gözəllik və məhəbbət?!
O q t a y. Bəncə, bütün cihanı xilas edəcək iki qüvvət var, yalnız iki böyük qüvvət var; o da: gözəllik və məhəbbətdən ibarətdir.
A l a g ö z (sıraya oturur, istehzalı təbəssümlə Oqtayın əlindəki kitabları göstərir). Qaliba şu fikri əlindəki kitablardan almışsın?
O q t a y (əlindəki üç cild kitabı təqdim ilə). Əvət, mütaliə buyurulsa, şübhəsiz ki, haqsız olmadığım meydana çıqar.
Bu sırada Y a v u z l a Ə r t o ğ r u l gəlir.
Ə r t o ğ r u l. Mərhəba...
O q t a y. Buyurun, baqalım. (Hamısı yüngül təmənna edərlər).
A l a g ö z (kitabları birər-birər açar). Bu şe’r divanı, şu musiqi parçaları, bu da din fəlsəfələri?.. Həpsinin də ruhu, məalı, qayəsi, yalnız-yalnız məhəbbətdən ibarətdir. (Oqtaya) Bunlar iki gün bəndə qalsın, olurmu?
O q t a y. Pək gözəl, niçin olmaz.
Ə r t o ğ r u l. Baqalım nasıl şeylər... (Kitabları alıb baqar, e’tinasız və laübali bir tevr ilə sıra üzərinə bıraqır; şiddətli və müstəhzi qəhqəhələrlə). Şe’r!.. Musiqi!.. Din!.. (Təbdil-tevr ilə). Allah eşqinə, şu kitablardan, şu mütaliələrdən vaz keç! Şu çərçivəyə alınmış şe’rlərdən, notaya girmiş musiqilərdən qaç! Şu kitabları qaralayan dinlərdən, məzhəblərdən uzaqlaş! Dünyada yalnız bir şe’r, bir musiqi, bir din mənbəyi var ki, o da təbiətdir, şe’rmi istərsin? İştə aşiqlərin iztirabı, filosofların düşüncəsi, öksüzlərin göküs keçirməsi, kimsəsizlərin göz yaşı, yıldızların səfvəti, qürubun məhzunluğu, gecənin sükutu, fəzanın dərinliyi həp birər şe’rdir. Əvət, hər ah, təbəssüm, hər inilti, hər fəryad; hər fırtına, hər girdab, birər şe’rdir. Musiqimi istərsin? Çayların, ırmaqların ninnisi, dənizlərin, çağlayanların vəlvələsi; arslanların, yıldırımların gurlaması; xəfif rüzgarların zümzüməsi; yapraqların, çiçəklərin öpüşməsi; bülbüllərin, ishaqların ötüşməsi həp birər musiqidir. Vurğun gönüllərin acı təranəsi; minimini çocuqların tatlı qəhqəhəsi, körpə quzuların mələməsi həp birər musiqidir. Dinmi istərsin? İştə hər yıldızun incə təbəssümləri, hər günəşin yıldızlı baqışları, hər gün yeni bir din, yeni bir məzhəb doğurur. Hər qürubun ölgün nəfəsi, hər gecənin səssiz qaranlığı, o günkü günəşlə bərabər o günkü dinin məzari-ədəmə gömüldüyünü e’lan edər. Hətta hər mevsimin, hər ayın, hər həftənin, hər günün allahları da, peyğəmbərləri də, dinləri də, kitabları da bir-birindən ayrı, bir-birinə düşmandır.
O q t a y. Demək ki, sən hər şeyi təbiətdə görüyorsun, öyləmi?
Ə r t o ğ r u l. Əvət, təbiət hər şeydir.
A l a g ö z (ətrafa baqar, Oqtaya). Getmiyəlimmi?
O q t a y (kitabları alıb). Hənuz xəstəxanəyə gediləcək vaqt deyil, azacıq gəzinəlim də sonra...
A l a g ö z. Pək gözəl (Yavuzla Ərtoğrula). Bizə arqadaşlıq etsəniz məmnun oluruz.
Ə r t o ğ r u l. Yalnız gönlümüzü sizə arqadaş verə biləriz.
A l a g ö z. Demək, bəndən qaçıyorsun, öyləmi?
Ə r t o ğ r u l. Biz yarasamıyız ki, günəşdən qaçalım.
A l a g ö z (mütəbəssim). Təşəkkür edərim, amma yenə bir gül aqıtdınız.
Gedərlər.
Y a v u z (Ərtoğrula). Niçin getmədin?
Ə r t o ğ r u l. Bəlkə yalnız gəzinmək istiyorlar.
Y a v u z. Halbuki kəndisi arzu etdi.
Ə r t o ğ r u l. O fəqət bir lütf və nəzakətdi.
Y a v u z. Ah, sənin şu istiğnalı halların!..
Ə r t o ğ r u l. Bilirmisin, əzizim, Alagöz gəzinmək için qalqmadı: uzaqdan Afəti gördü də çəkilmək istədi.
Y a v u z. Hanı ya, nerdə?
Ə r t o ğ r u l. Iştə, Qaplan bəylə bərabər gəliyor, gedəlim artıq...
Bir tərəfə çəkilirlər. A f ə t l ə Q a p l a n gəlir.
A f ə t (çılğınca qəhqəhələrdən sonra). Ah, gənclik, gözəllik, nə böyük səadət!.. (Gözləri yaşarır, məndil ilə silər).
Q a p l a n (şaşqın). Afət! Bu nə hal! Sən gülüyormusun, yoqsa ağlıyormusun?
A f ə t. Əvət, gülüyorum, fəqət göz yaşlarilə bərabər; ağlıyorum, fəqət qəhqəhələrlə bərabər...
Q a p l a n. Niçin, ah niçin?
A f ə t. Çünki bən hər qanunun xilafında yaratılmış bir məxluqum. Bənim hər sevincimdə bir fəlakət, hər fəlakətimdə bir bəxtiyarlıq var. Bən düşmanıma məftun olurum, sevgilimi cəllad kibi boğazlarım. Əvət, bən ağlarkən gülərim, gülərkən ağlarım. (Təkrar şən və şatır qəhqəhələrlə gülməyə başlar).
Q a p l a n. Iştə, təbiətin də, gözəlliyin kibi müstəsna!..
A f ə t. Söylə, allah eşqinə, söylə! Altunsaç doktora nişanlandı, öyləmi?
Q a p l a n. Əvət.
A f ə t. Bir ay sonra dügün yapılacaqmış, deyilmi?
Q a p l a n. Əvət.
A f ə t. Bir ay sonra, otuz gün sonra, ah, nə qadar gec, nə qadar çabuq!.. (Qəhqəhə). Bir ay otuz yıldan daha uzun, otuz dəqiqədən daha qısadır. (Qəhqəhə).
Q a p l a n. Dəmin onunçinmi ağlıyordun?
A f ə t. Xayır... O ağlanacaq şey isə də, bən ona gülərim (qəhqəhə). Fəqət o dodaqlar ki, dün bənim ayaqlarımı öpüyordu, bu gün Altunsaçın dodaqlarını əməcək. O hərif ki, bir az əvvəl bənim əlimdə oyuncaq idi, bir az sonra Altunsaçı kəndi əlində oynatacaq...
Q a p l a n. Nə isə keçmiş... İştə Qorqmaz da burada, bərabər gəzinəlimmi?
A f ə t. Xayır, pək yorğunum, azacıq oturalım (çardaqdakı sıraya otururlar).
Q o r q m a z (gəlir. Xəfif bir təmənnadan sonra). Müsaidə buyurulurmu?
A f ə t (məmnun). Hay-hay, gəl, baqalım.
Qorqmaz Afətin əlini öpər, Qaplan ilə də əl verib oturur. Bu sırada Afətin əlindəki şəmsiyə düşüverir, hər ikisi birdən almaq için əyilir. Qorqmaz daha əvvəl təqdim edər.
A f ə t. Təşəkkür edərim.
Q o r q m a z. Bir şey deyil.
A f ə t (Qaplana). Şuradakı bufet açıqmı?
Q a p l a n. Əvət, nə arzu edərsiniz?
A f ə t. Bir qədəh limonata olsaydı, məmnuniyyətlə içərdim.
Q a p l a n (qalqar). Bu saət söyləyim gətirsinlər (gedər).
A f ə t (Qorqmaza). Söylə baqalım, nerələrdəsin?
Q o r q m a z. Bir aydır ki, köydə idim, pək şairanə və gözəl günlər keçirdim.
A f ə t. Ah, bir ay, otuz gün!.. Otuz yıldan uzun, otuz dəqiqədən qısa... (Acı qəhqəhələrdən sonra). Əvət, ölmək istəyənlər için pək gec, uzun... Sevmək və yaşamaq istəyənlər için pək çabuq, pək qısa...
Q o r q m a z. Fəqət bu sözlər nə demək? Nerədən xatırınıza gəldi?
A f ə t. Sorma, gözəl çocuq, orasını hiç sorma!
Q o r q m a z. Afət! Niçin adımı söyləmiyorsunuz?
A f ə t. Çünki bana “siz” deyə xitab ediyorsun, çünki həm çocuqsun, həm də gözəl... Onunçün bu ad sana daha uyğun... (Yarım qəhqəhə ilə). Əvət, gözəl çocuq, bu da bəndən sana yadigar olsun.
Q o r q m a z. Pəki, sevgili Afət! Öylə olsun (Afətin əllərini yaqalar). Ah, səni nə qadar seviyorum, bilsən...
A f ə t (şux qəhqəhələrlə). Niçin!.. Pək gözəlmiyim?
Q o r q m a z. Bilməm, lakin hər səhər səni ağuşuna alan aynaya sor da baq, o nə diyor...
A f ə t (ufacıq bir ayna çıqarıb baqar). Əvət, yanılmıyorsun: hələ şu füsunkar gözləri, şu mini-mini dodaqları nə qadar seviyorum, aman, ya Rəbbi, nə qadar seviyorum. (Aynadakı rəsmini məftun bir tevr ilə öpər).
Q o r q m a z. Ah, şu duyğusuz ayna, şu mə’nasız şişə parçası bəxtiyar bir rəqib kibi ruhumu sarsıyor, sinirlərimə toqunuyor.
A f ə t. Niçin, gözəl çocuq, niçin?
Q o r q m a z. Səni qucaqladığı için, şu gözəl dodaqları öpdüyü için.
A f ə t. Fəqət unutma ki, şu duyğusuz ayna, bə’zi xain yürəklərə nisbətlə daha vəfalı, daha sədaqətli...
Q o r q m a z. O xain yürək kimdir əcəba, niçin açıq söyləmiyorsun?.. Xayır; sən bir ay əvvəlki Afət deyilsin.
A f ə t (mütəəssir təbəssümlərlə). Ah, bir ay!.. Otuz gün!.. İştə, ayrılıq çəkənlər için otuz yıldan daha uzun, qavuşub birləşənlər için otuz dəqiqədən daha qısa...
Q o r q m a z. Afət, səndə başqa hallar görüyorum; bu sözlər niçin? Bu kinayələr niçin?
A f ə t. Bir ay sonra dünya dağılacaq, ümidlər solacaq, ağlayanlar güləcək, gülənlər qəhr olacaq (həyəcandan yaşarmış gözlərini silərək, pək sinirli). Ah, bən niçin şu xain mühitə atıldım, niçin yaratıldım!? Niçin qatil oldum, niçin aldatıldım!? (Sıraya dayanır; əllərilə yüzünü qapar).
Q o r q m a z. Aman, nələr eşidiyorum. Afət!.. Bana baq, Afət! Niçin düşünmüyorsun, niçin üzülüyorsun?
A f ə t (yorğun və bayğın bir tevr ilə). Of, onu hiç kəndim də bilmiyorum (sükut).
Q o r q m a z (Afəti qolları arasına alır). Afət! Sevgili Afət! Burada kimsə yoq, qəlbində nə varsa aç, söylə, unutma ki, Qorqmaz sənin ən aciz pərəstişkarındır.
Bu sırada Qaplan əlində bir gül dəməti ilə bir şişə limonata gəlir. A l a g ö z l ə O q t a y da digər tərəfdən çıqar.
A l a g ö z (Qorqmazın Afətə sarıldığını görüncə sinirli və çılğınca bir fəryad ilə). Ah, aman, ya Rəbbi!.. (Deyə bayılır. Oqtayın qolları arasına düşər).
Pərdə
DÖRDÜNCÜ PƏRDƏ
Son dərəcə zərafət və nəfasətlə süslənmiş bir oda... Sağda, solda və qarşıda birər qapı... Sokağa baqar iki pəncərə, gündüz... Alagöz sinirli və düşüncəli bir halda masa qarşısında oturmuş; çəkməcədən bir taqım məktublar çıqarır, birər-birər yırtar və masa altındakı səbətə atar.
A f ə t (bənzi soluq, saçları pərişan, əlində iki məktub gəlir). Nə yapıyorsun, yavrum? Niçin şu məktubları yırtıb atıyorsun?
A l a g ö z. Çünki keçmişləri unutmaq istiyorum.
A f ə t. Yazıq deyilmi ya! Onlar həp əziz və qiymətli xatirələr...
A l a g ö z (birini daha yırtıb atar). Əvət, əziz və qiymətli xatirələr!.. Həp yalan pərəstiş və məhəbbətlər, həp yaltaqca nəzakətlər!..
A f ə t (təbəssümlə). Qadın ruhunu oqşayan bir şey varsa, o da yalnız məhəbbət və pərəstişdir.
A l a g ö z. Nə yapayım ki, yeni həyatə girmək için əskilərə vidaetməliyim.
A f ə t. Madam ki, əskilər səni sıqıyor, al, yenilərini oqu! (Məktubları verir).
A l a g ö z. Şübhəsiz, yenə əski təranə, yenə eyni əfsanə. (Birinci məktubu açıb baqar).
A f ə t. Fəqət bu anlaşılmaz hallarınla bəni xərab ediyorsun, xəstə vücudum gündəngünə məhv olub gediyor.
A l a g ö z (məktubu oquduqdan sonra sinirli). Ah, nə münasibətsiz hallar!..
A f ə t. Nə imiş, əcəba?..
A l a g ö z. Hiç... Öylə bir şey deyil... (İkinci məktuba baqar).
A f ə t. Alagöz, Alagöz! Niçin qəlbini bana açmıyorsun?
A l a g ö z (sarsılmış bir halda). Aman, ya Rəbbi! Bu da öylə... Bu da zəhərli bir oq, bu da kəskin bir xəncər!..
A f ə t. Nə yazıyorlar? Niçin söyləmiyorsun?
A l a g ö z (məktubları əlində bürüşdürüb səbətə atar və yerindən qalqıb qarşı qapıya doğru ilərilər, acı təbəssümlə). Bana tapınanlar şimdi sərzəniş yapıyorlar; bəni təqdis eyləyənlər şimdi təhqir ediyorlar.
Qapıyı qapayıb çıqar. Afət məktubları səbətdən alır, təlaş ilə baqar. Digər çəkməcəyi açıb bir ufaq revolver çıqarır, diqqətlə süzər, alnını nişan aldığı sırada, qarşıkı qapı parmaq ucilə vurulur. Silahı gizlədib qapıyı açar, doktor Q a r a t a y daxil olur.
A f ə t. Ah, sənmisin?.. Gəl, baqalım, səni bəkliyorum.
D o k t o r (onun əlini öpər). Afət! Sən xəstəmisin?
A f ə t. Əvət.
D o k t o r. Əfv edərsin, şimdiyə qadar bu xüsusda mə’lumatım olmamış...
A f ə t (acı təbəssümlə). Təbii, ağ günə çıqanlar qara günlüləri düşünəməzlər. Dügün hazırlığı yapanlar talesizlərin halını biləməzlər.
D o k t o r. Sən pək sinirləniyorsun, bu hal həm kəndini, həm Alagözü bədbaxt edər.
A f ə t. Alagöz bəxtiyar idi, əvət onu bən bədbaxt etdim. Fəqət bəni də məhv edən yalnız sən oldun, sən!..
D o k t o r. Xayır, bil’əkis, sən açıq-saçıq hallarında kəndinə qıydın, kəndi nəfsinə xəyanət eylədin.
A f ə t (acı qəhqəhə ilə). Halbuki tatlı dillərlə qandıran sən... Qoca qatili yapdıran sən... Çıqılmaz yollara sapdıran yenə sənsin (qızğın və sinirli). Öncə miskin bir kölə kibi qarşımda diz çökdün, boyun bükdün; fəqət sonra bəni atdın, başqalarını tutdun. Gah rəqqasələrə vuruldun, gah Altunsaçı buldun... Ah, şimdi, şimdi isə bəni təhqir ediyorsun, bəni qəbahətli çıqarmaq istiyorsun.
D o k t o r. Afət! Bəni buraya niçin çağırdın?
A f ə t. Səni sevdiyim için, sana pərəstiş etdiyim için.
D o k t o r. Ah, nə yaldızlı yalan!..
A f ə t. Xayır, yalan söyləmiyorum, and olsun uyqusuz gecələrə, and olsun ağlar gözlərə, and olsun gözəlliyə və məhəbbətə, bən yalnız səni seviyorum, yalnız sana qavuşmaq istiyorum. Əvət, mə’sum bir çocuq nasıl nurdan, rəngdən həzz alarsa, bən də səndən, sənin visalından o qadar zevq alıyorum
D o k t o r (bir şey sezmiş kibi qarşıki qapıya baqar). Gələn var, mən gedəyim.
A f ə t. Xayır getmə, sözüm, daha bitmədi; azacıq burda bəklə, sonra gedərsin.
D o k t o r (sağ tərəfdəki odaya keçər). Fəqət çoq gecikdirmə!
A f ə t. Bu saət, əzizim, bu saət (qapıyı açar, Qorqmaz əlində bir dəmət çiçək daxil olur). Sənmisin?.. Gəl!..
Q o r q m a z (əlin öpər, dəməti təqdim edər, heyrətlə). Aman, nə böyük təbəddülat; nə dəhşətli inqilab!..
A f ə t. Pək dəyişdim, deyilmi?..
Q o r q m a z. Əvət, pək... Az qaldı ki, tanımıyacaqdım.
A f ə t. Uf, kim bilir nə qadar çirkinləşdim; bir ay əvvəlki Afət nerdə? Bət-bənizim öylə solmuş ki, aynaya baqmağa cəsarət edəmiyorum.
Q o r q m a z. Ah, bən solğun çiçəkləri pək sevərim.
A f ə t. Solğun çiçək!.. Əvət solğun bir çiçək nasıl qurursa, nasıl qara topraqlara təslimi-nəfs edərsə, bən də... ah, bən də...
Q o r q m a z (tə’sir və təlaş ilə). Afət! Nə söylüyorsun? Nə demək istiyorsun?
A f ə t. Demək istiyorum ki, bənim gözəlliyim sönüyor. Çöhrəmdə incə bürüşüklər, ufaq cizgilər görülüyor; ah, bən ona əsla təhəmmül edəməm. Bəncə, gözəl bir qadın daima gözəl qalmalı... Gözəlliyə vida edərsə həyata da vida etməli... Dərəcə-dərəcə solmaq, hər gün bir az intihar etməkdir. Yıllar ilə yanıb qavrulmaqdansa, bir anda kül olub havaya savrulmaq daha xoşdur, daha gözəldir.
Q o r q m a z. Afət, bəni mə’yus ediyorsun.
A f ə t. Xayır, gözəl çocuq! Mə’yus olma! Gəl, gəl səni ilk və son dəfə olaraq öpəyim (məczub bir tevr ilə bir-birinə yaqlaşıb sarılmaq istərlər. Afət dərhal geri çəkilir və əlilə rədd edər). Ah, xayır, bıraq!.. Bıraq dursun. Çünki sənin atəşli dodaqların bəni yaqar, xəstə ruhumu yaqar... (Qarşıdakı qapıyı açar). Of, bana başqa bir hal gəliyor; get, çocuq, get!.. Saqın, bir daha gəlmə, bir daha bəni özləmə!..
Q o r q m a z. Niçin, sevgili Afət, niçin?..
A f ə t. Çünki bən qıvılcım kibi sönəcəyim, ıssız zülmətlərə, namütənahi bulutlara qavuşacayım.
Q o r q m a z. Afət! Bu sözləri hiç anlıyamıyorum. Ah, fəqət bir kərə, yalnız bir kərəcik özümü qolların arasında görmək istərdim.
A f ə t. Pək gözəl, əzizim, gəl!.. Gəl, səni bir kərəcik də olsa oqşayıb sevəyim (qucaqlaşıb öpüşmək istərlərkən Alagöz gəlir. Hər ikisi şaşırıb geri çəkilir. Sükut... Qorqmaz gedər, Afət Alagözün qollarına sarılaraq). Bağışla, bəni bağışla; artıq bənim cəsarətim cünuna varmış... bən əfvə layiq deyilim; fəqət yenə yalvarıyorum, bəni bağışla... (qucaqlayıb öpər).
A l a g ö z (məmnun və mütəbəssim). Hiç sıqılma, annəciyim! Sevmək və sevilmək bir haqdır. Sənin gönlün nə istərsə, bən də onu arzu edərim. Hətta səni böylə bəxtiyar gördükcə gönlüm açılıyor. Sanki hər zevqinə, hər səadətinə iştirak ediyorum.
A f ə t. Ah, sənin şu məhəbbət və nəzakətin intiqam qadar müdhişdir.
A l a g ö z. Hər halda bən səni pək seviyorum.
A f ə t. Kim bilir, bəlkə sevmədiyin için seviyorsun.
A l a g ö z. Xayır, yalnız səni deyil; şimdi bən hər kəsi, əvət, hər kəsi sevmək istərim (qarşıdakı qapı barmaq ucilə vurulur).
A f ə t. Kimdir əcəba?
A l a g ö z (açar). Oqtay!.. (Əl verir, Oqtay pək ciddi və soyuqqanlı görünür).
A f ə t. Buyurun, əzizim, oturun... Ancaq bəni bağışlarsınız... Mə’zurum... (sol qapıdan çıqar).
A l a g ö z. Nə düşünürsün, niçin oturmursun?
O q t a y. Çünki... getmək istiyorum.
A l a g ö z. O halda niçin gəldin?
O q t a y. Yadigar verdiyim rəsmimi almaq için, iştə bunu almaq için... (Divardakı rəsmlərdən birini alır)
A l a g ö z. Ah, həm qorqunc, həm gülünc bir hal!.. Yalnız səbəbini bilsəydim...
O q t a y. Səbəbi aydındır; qabalıq olsa da söyləyəcəyim (sol qapıya işarətlə). Öylə bir ananın qızilə görüşüb buluşmaq, təhlikəli uçurumlara atılmaqdır. (Sinirli adımlarla çıqar)
A f ə t (gəlir). Getdimi?
A l a g ö z. Əvət, getdi.
A f ə t. Nə söylüyordu?
A l a g ö z. Hiç...
A f ə t. Eşitdim, həpsini eşitdim, Rəsmini geri aldı, səndən ülfətini kəsmək istiyor. Yalnız o deyil, sana qarşı əyilən bütün gənclər, kiçik bir nəvazişinlə öyünən dəliqanlılar; şimdi həp səndən qaçıyor, həp sana xor baqıyorlar. Halbuki həpsinə səbəb yalnız şu qarşıda duran talesizdir (məndil ilə göz yaşını silər).
A l a g ö z. Ah, annəciyim! Sevgili annəciyim!.. (Afətə sarılıb öpər). Məraq etmə, bu təhqirlərin hiç bir tə’siri yoqdur... Çünki bən kimsəyi sevmədim... Onünçin də mütəəssir deyilim (soldakı odaya doğru ilərilər, təkrar dönər, Afətə qapalı bir məktub verir). Mümkün olsa bunu Ərtoğrula göndər. Bən yorğunum. Azacıq uzanmaq istiyorum (sol qapıyı qapayıb çıqar).
A f ə t (məktubun zərfini havaya tutub baqar, heyrətlə). Bu saçlar nə?.. Xayır, bu məktubda bir sirr var, baqayım nə yazıyor (zərfi açar, dürlü vəziyyətlərlə oqur). “Ərtoğrul, anam xəstədir, qəribdir, onu unutma!.. Mümkün olsa, əski yurduna, əqrəbasına göndər. Bir saət sonra bəni görməyəcəksin. Əlvida!.. Səni bütün ruhilə sevən və həsrətini məzarə götürən Alagöz” (sarsılmış bir halda). Ah, aman, ya Rəbbi!..
Ə r t o ğ r u l (daxil olur, təlaş ilə). Alagöz nerdə?
A f ə t. Nə var, nə olmuş?
Ə r t o ğ r u l. Əczaxanədən zəhər almış şimdicə bana söylədilər.
A f ə t. Ah, dəminki məhəbbət və nəzakətlərin səbəbini anladım (Alagözün girdiyi qapıyı açmaq istər). Eyvah, qapıyı qapamış... (Qapını çalar). Alagöz!.. Ah, səs yoq, cavab yoq...
Ə r t o ğ r u l. Bən şimdi yan pəncərədən girərim. (Dışarı fırlar).
A f ə t. Alagöz!.. Aç qapıyı... Aman, qapıyı aç, yavrum! (Dışarıdan pəncərənin vurulduğu və cam qırıldığı eşidilir. Afət təkrar çağırır). Alagöz!.. Ah, nə dəhşətli hal, nə qorqunc fəlakət!..
Ə r t o ğ r u l (bir əlində zəhər şişəsi, bir əlində Alagözün əli olaraq qapıyı açıb çıqar, pərişan bir qəhqəhə ilə Afətə). Ərtoğrul ölümdən dah bəxtiyar imiş, əvət, bən Əzraildən daha çabuq davranmış oldum.
A f ə t (şişəyi Ərtoğrulun əlindən alır, acı bir təbəssümlə Alagözə). Haqlısın, mələk yavrum, bütün bu fəlakətlərə səbəb bənim, lakin bundan sonra cəllad olmaq istəməm, bu saət yol tədarükünə başlarım; çünki sən bu gün bəxtiyarsın. Ərtoğrulun təlaşı (əlindəki məktubu göstərir) və sənin məktubun hər ikinizi birləşdirdi. Bən yalnız bunu arzu edərim.
A l a g ö z. Bir məktub ki, ölüm pəncəsində yazılmış, onun nə əhəmiyyəti ola bilir?
Ə r t o ğ r u l (mə’nalı bir təbəssümlə). Ölüm bütün əsrarın anasıdır.
A f ə t (Alagözə). Yavrum, əminim ki, sən Ərtoğrulu seviyorsun, fəqət onun tərəfindən seviləcəyinə şübhə ediyorsun.
Ə r t o ğ r u l. Halbuki Ərtoğrul kəndisinə pərəstiş edər.
A l a g ö z. Xayır... xayır... bən əsla sevilməyə layiq deyilim.
A f ə t. Nasıl!.. Sənmi, sənmi layiq deyilsin? (Şux bir təbəssümlə). Halbuki sən bütün qızlar içində parlaq bir elmas, dilbər bir çiçək, mə’sum bir mələksin.
A l a g ö z (sinirli və titrək səslə). Əvət elmas! Fəqət ləkəli bir elmas!.. Çiçək! Fəqət çamurlu bir çiçək... Mələk! Fəqət qəhr olmuş bir mələk...
A f ə t. Niçin, ah niçin?..
A l a g ö z. Çünki... ləkəli bir ananın evladıyım (çocuqca bir hönkürtü ilə aqlar, Afətin qolları arasına sıqılır).
A f ə t (acı qəhqəhə ilə). Xayır, bən sənin anan deyilim, sən hənuz iki yaşında ikən anan tərki-həyat etmiş.
A l a g ö z. Ah, aman, ya Rəbbi!.. Nələr eşidiyorum.
A f ə t. Əvət, baban bəni sonra aldı, bən isə göz bəbəyi kibi səni bəslədim, mə’sum bir mələk kibi böyütdüm (sinirli və həyəcanlı). Ah, bən əxlaqsız deyildim, fəqət Özdəmirin sərxoşluğu, sayğısızlığı bəni məhv etdi... Sonra doktor Qaratay sapdırdı; ona vuruldum, qatil oldum, babanı zəhərlədim.
A l a g ö z. Ah, sus!.. Allahını sevərsin, sus!..
A f ə t. Əvət, bən sənin anan deyilim... Bən qatil, cəllad, ləkəli bir qadınım (cibindən iki-üç parça kağız çıqarır, Alagözə verir). İştə bu kağızları diqqətlə oqu, kim olduğunu çabuq öyrənirsin, bən gediyorum, artıq bəni unut!.. Səni ona... (Ərtoğrulu göstərir) ısmarladım. (Doktorun girdiyi odaya keçər).
Ə r t o ğ r u l. Baq, görüyormusun ölüm başqalarını ayırırkən, bizi birləşdirmiş oldu.
A l a g ö z (kağızlara baqaraq məhzun təbəssümlə). Ah, demək bənim anam ləkəli deyilmiş...
Ə r t o ğ r u l. Bütün dünya ləkəli olsa belə, yenə sənin ismətindən bir şey əksilməz (Algözün yüzünü oqşayaraq). Fəqət Afətə acımalı... Ah, niçin qəlbini qırdın? Get, yalvarıb yaqar da, gönlünü al!.. Dün səfil idisə, bu gün mə’sum ola bilir, Aman, rica edərim, get!
A l a g ö z. Pəki, Ərtoğrul, pəki. (Qapıya yaqlaşdığı sırada içəridə silah patlar).
D o k t o r. Ah, qəddar, xain, cəllad! (deyə qapıyı açar, yaralanmış olduğu halda Alagözün önündə düşüverir).
A l a g ö z. Aman, ya Rəbbi!..
Ə r t o ğ r u l. Nə yapdın. Afət, ah, nə yapdın?
A f ə t (əlində silah, acı qəhqəhələrlə). Özdəmirin intiqamını aldım, öz intiqamımı aldım (cənazəyə). Sən bəni unutdun, gözəlliyimi təhqir etdin; iştə gözəlliyin intiqamını aldım. Ah, intiqam vəhşətlərin ən alçağıdır, lakin kəndimi almadım, əfv et!.. (müstəhzi qəhqəhə ilə). Ah, sən bu aqşam dügün yapacaqdın Altunsaça qavuşacaqdın... Halbuki bən buna razı olamam, çünki... səni pək seviyorum (masa üzərindəki çiçək dəmətini çözərək cənazəyi süslər). Ah, əvət, səndən ayrılmaq istəməm, bu dodaqlar bəndən başqasını öpməməlidir (cənazəyi qucaqlayıb öpər, fevqəladə bir həyəcan ilə qalqar və əlindəki revolveri şakağına tutar). Şimdi isə sıra bana gəliyor.
Ə r t o ğ r u l (dərhal silahı yaqalayıb alır). Nə yapmaq istiyorsun? İşlədiyin kafi deyilmi?
A f ə t (acı təbəssümlə). Bana mərhəmətmi ediyorsun? (Sinirli və şaşqın). Aman, ya Rəbbi! Ah, çıldırıyorum.
A l a g ö z (mütəəssir). Annəciyim!.. Sevgili annəciyim! (Yaqlaşıb qucaqlamaq istər).
A f ə t (geri çəkilərək bir tevr ilə). Çəkil, yaqlaşma... Bəni yalnız bıraq!.. (Sağ tərəfdəki odaya keçər).
A l a g ö z. Az, zavallı qadın!..
Ə r t o ğ r u l. Xayır, o yalnız bıraqılmaz, sən də get!.. (Həyəcan və təlaş ilə). Ah, o kəndini həlak edəcək... (Dərhal içəri girmək istər).
A f ə t. Ax!.. (Deyə əlində tutduğu şişədəki zəhərin son damlasını içdiyi halda qarşısına çıqar və şişəyi yerə atar).
A l a g ö z. Aman, nə yapdın?! (Qucaqlar).
A f ə t. Ona... Ah, yalnız ona qavuşmaq... (Bitab olaraq cənazə üzərinə düşüverir).
A l a g ö z. Uf annəciyim!.. (Qucaqlayıb yaralı bir səslə ağlar).
A f ə t. Ah! (Deyə zəif bir hərəkətlə təslimi-ruh edər).
Ə r t o ğ r u l (acı və mə’nalı bir ahənglə əlini masa üzərinə vuraraq). Afət!.. Afət!..
Pərdə
SON