Ey könül, etmə şurü qovğa hiç!
Çəkmə bihudə rənci-sevda hiç!
Bivəfa ömrə e’tibar etmə,
Olma aludə fikrə əsla, hiç!
Xak olur aqibət fəqirü qəni,
Hasili-malü mülki-dünya hiç!
Arif ol, arif, olma zahidi-xüşk,
Ixtiyar etmə zöhdü təqva hiç!
Mübtəla olma nəş’eyi-bəngə,
Meyi-gülfam, cami-mina hiç!
Hümmət et, olginən yəqin əhli,
Küfrü din bəhsi etmə, qət’a, hiç!
Ey Nəbati, səninlə həqdir yar,
Qəm yemə, aləm olsa ə’da, hiç!