Dikmişəm göz rahə, bir cəlladı gözlər gözlərim,
Damə düşmüş seyd tək səyyadı gözlər gözlərim.
Yoxsa dersiz zahidəm mən, olmuşam məscid-nişin,
Ol sənəmdən ötrü bu bərbadı gözlər gözlərim.
Bisütun dağın gedib gəzmək deyil mənzurumuz,
Nəqşi-Şirin tək haman Fərhadı gözlər gözlərim.
Ta edib əksi-cəmalın sinəmi lövhi-xəyal,
Şeşdəri-heyrətdə bir nərradı gözlər gözlərim.
Bərqi-eşqin atəşi-suzanə yaxmış bağrımı,
Yaş tökəndə Dəcleyi-Bəğdadı gözlər gözlərim.
Məktəbi-eşq içrə ta etsin məni kamil əyar,
Olmuşam pabəstə, bir ustadı gözlər gözlərim.
Qoymayım ta ondan özgə kimsə bu viranədə,
Ruzü şəb bir xatiri-naşadı gözlər gözlərim.
Pərtövi-mehri-rüxündən ta ki, bilsin bir nişan,
Hər tərəf seyran edib, hər zadı gözlər gözlərim.
Cümleyi-Qur’an-kitabı eyləməkdən əlvərəq,
Özgə mətləb yox, həmin bir adı gözlər gözlərim.
Yaxşı sözlər çox demişlər gərçi aşiqlər, vəli,
Hamıdan yey mən bu xoş əfradı gözlər gözlərim.
Məhmili-Leyli, Nəbati, oldu gözdən napədid,
Mən nə Məcnunəm ki, bu övtadı gözlər gözlərim.