Dərdi-dilim eylərəm dərgəhi-sultanə ərz,
Gər düşə fürsət edim halimi cananə ərz.
Məclisi-Cəmşidə kim yol verə hər müflisi,
Zərrə nə qism eyləsin mehri-dirəxşanə ərz.
Çarə olur dərdimə ol büti-bimehrdən,
Eyliyə bilsin əgər mur Süleymanə ərz.
Mən də əyan eylərəm yarə nihan sirrimi,
Şəm’ə əgər eyləsə dərdimi pərvanə ərz.
Fəsli-bahar oldu, bəs bülbüli-şeyda hanı?
Dərdü qəmin eyləsin qönçeyi-xəndanə ərz.
Faş edə bilməm əgər dərdimi sultanimə,
Yoxdu qəmim kim edər saqiyü peymanə ərz.
Lə’li-ləbin həsrəti çıxmasa candan əgər,
Bil ki, Nəbati edər qadiri-mənnanə ərz.