ÜÇ PƏRDƏLİ MƏNZUM PYES
İŞTİRAK EDƏNLƏR
Qış.
Boran.
Külək.
Bulud.
Gözəl bahar.
Günəş.
Su.
Torpaq.
Qaranquş.
Bülbül.
Uşaqlar: Aslan, Pəri, Nazlı.
Kəpənək, Arı, Qızılgül, Bənövşə, Qərənfil, Sünbül, Durna, Qırqovul, Turac, Kəklik, Qurd, Çaqqal, Tərlan, Çiçəklər.
BIRINCI SƏHNƏ
Qış fəslidir. Çöllər, dağlar, təpələr qarla örtülmüşdür. Qar yağır, külək vıyıldayır. Qış, qoca bir kişi qiyafəsində. Ağ saqqalından, bağlarından sallanan buzları əli ilə oynadaraq, məğrur baxışlarla ətrafa baxır. Külək və Boranın törətdiyi bidadlığa sevinir. Qanadlarını bir-birinə vuraraq, qəhqəhə çəkib gülür, gurlayan bir səslə oxuyur:
Qış
Qışam, mənim böyük adım-sanım var;
Qardan, buzdan iliyim var, qanım var.
Ayaz, Boran, Külək mənim əsgərim,
Dünyada tək bunlardır sevdiklərim.
Qanadımı çarpdıqca mən hər zaman,
Qüvvətlənir Külək, Ayaz, Qar-Boran.
Hər ölkəyə yayılır bu qanadım,
Ağızlarda gəzir şöhrətim, adım.
Payız girər, mənə zəmin hazırlar,
Günəş artıq sönük-sönük parıldar.
Əmr edincə mənə böyük təbiət,
Hiss edirəm özümdə başqa qüvvət.
Qanadımı geniş-geniş açıram,
Yer üzünə ayaz, boran saçıram.
Qorxusundan qurd-quş girir yuvaya,
Ancaq Günəş hərdən çatır haraya.
Günəşbulud altından üzünü göstərir. Qış onu görüncə qorxaraq bir addım geri çəkilir və qorxa-qorxa ona baxır. Boran, Külək və Bulud qanadlarını çırparaq gəlir, hər biri Qışın bir tərəfində durur. Günəş yenə yox olur.
Qış
Tükənməz qüvvətim yeri titrədir,
Yalnız bu günəşə olmuşam əsir.
Göydə parlarkən o, əriyir qarım,
Qalmayır dünyada dövlətim, varım.
Boran
Sən heç qorxma sarı saçlı Günəşdən,
Qarşına kim çıxa bilər biz varkən?
Dünyaları donduran oğlun Boran,
Ona da bir kəmənd atar qorxmadan.
Bulud
Qanadımla tutub onun üzünü,
Qoymaram heç açsın odlu gözünü.
Qış
Çox sağ olun, ancaq olmayın saymaz!
Güclü bir düşməndir bizə Günəş, Yaz.
Demək olmaz, Bahara zülmüm yoxdur,
Ancaq ona xidmətlərim də çoxdur.
Məhv edirəm hər zərərli qurdunu,
Şənlədirəm bu xidmətlə yurdunu.
Qarlarımı parça-parça səpərəm.
Qorğan kimi yer üzünə döşərəm.
Qar altında yer buğlanar bir qədər,
Rahatlanar, güclənər, qüvvətlənər.
Bu, azmı xidmətdir gözəl Bahara?
Bu xidməti anlamayır, nə çara.
Günəş buludların arasından şəfəq saçır. Qış qorxulu baxışlarla onu süzəndən sonra Borana, Küləyə və Buluda:
Igidlərim, durmayın, iş başına!
Çəkilin tez yamacların qaşına!
Yol verməyin bu Günəşə, Bahara,
Verməyin heç aman bu düşmanlara!
Boran
Biz gedirik, sən qorxma he, əmin ol!
Qış
Haydı, igidlərim, sizə yaxşı yol!
Hər üçü gedir. Qış qorxa-qorxa baxır, qəmli-qəmli gəzinir. Günəş buludları yararaq, ətrafa şəfəq saçır. Bulud onun üzünü tutmaq istəyir, tuta bilmir. Boran və Külək qanadlarını çırparaq uğuldayır. Qış acıqlı və qorxulu baxışlarla Günəşə baxır. Günəş şəfəqlərini artırır. Qaranquş gəlir, dimdiyindən bir bənövşə gətirib Qışa uzadır.
Qaranquş
Qızıl Bahardan, al, məktubdur sana,
Çarpışırsan, deyir, çıxsın meydana!
Su, Torpaqdan, Günəşdən əsgərim var,
Bir vuruşda onu edər tar-mar.
Qış
(Bənövşəni acıqlı yerə atır).
Uşaqmı qorxudur? Qoy gəlsin, gəlsin!
Mənim qüvvətimi bir kərə bilsin!
Neylər bir laçına dünyaca qarğa?
Qaranquş
Bax çöllərə, yamaclara, a lovğa!
Görürsənmi igid komandanları,
Yenilməyən adlı pəhləvanları?..
Əllərindən can qurtarmaq çətindir;
Həm şöhrətli, həm güclü, həm mətindir.
Mən gedirəm, tap başına bir çara!
(Gedir).
Qış
Bu çöllərdən qaçmaq gərək dağlara.
Ağalığım tükəndi; ah, bu Günəş
Məni də yandırır, yağdırır atəş.
Bulud, Külək, ay Boran!
Qaçın, gəlin durmadan!
Hər üçü qaçaraq gəlir.
Üçü birdən
Biz burdayıq, buyur, hər nə əmrin var.
Qış
Dövlətimi alt-üst edir bu Bahar.
Hər tərəfdən kömək gəlir düşmana.
Qoçaq oğullarım, haydı, meydana!
Hər üçü baş əyib gedir. Günəş gah qaralır, gah şəfəq saçır. Külək uğuldayır. Bulud, Boran və Küləklə Günəş arasında çarpışma davam edir. Günəş Buludu parçalayır. Boranı, Küləyi candan salır, öz kəskin şəfəqlərini Qışın üstünə saçır. Qış əli ilə özünü Günəşdən qorumağa çalışır, qorxulu səslə bağırır.
Qış
Bulud, Külək, ay Boran!
Qaçın, gəlin durmadan.
Hər üçü gəlir. Qış halsız.
Dada çatın, ay aman!
Məni məhv etdi düşman.
Bulud Qışın başı üstünə kölgə salır. Boran və Külək qanadlarını çarparaq, Qışı Günəşdən qorumaq istəyir. Günəş şəfəqlərini artırır. Buludu parçalayır, Boran, Külək gedir. Qış həyəcanla bağırır.
Qış
Ah, məhv oldu Bulud, Külək, Boranım,
Mənim üç qanadım, üç qəhrəmanım...
(Səhnə arxasında nəğmə oxunur).
Ellər, elləe, ay ellər!
Çiçəklənir bax, çöllər.
Qaçdı Boran, Bulud, Qar,
Günəş par-par parıldar.
Yaşıllanır bağ, çəmən,
Bir səs gəlir hər yerdən:
Xoş gəldin qızıl Bahar,
Yaşa, yaşa bəxtiyar!
Qış həyəcan içində nəğməni dinlədikdən sonra qorxaq bir səslə.
Qış
Bahar gəlir, Yaz gəlir, nə etməli?
O gəlməmiş qaçıb burdan getməli.
Göydən məni qılınclayır hey Günəş,
Qar əriyir, sönür qəlbimdə atəş.
Ah, yox oldu Bulud, Külək, Boranım,
Bu Günəşdir mənim qatı düşmanım.
Açacaqdır ürəyimdə min yara...
Bu meydandan yalnız qaçmaqdır çara.
Əyilərək, saqqalından, bığlarından su dama-dama qaçır. Quşlar, çiçəklər sevinərək, başları ilə onu qovurlar.
Pərdə
İKİNCİ SƏHNƏ
Biri sağda, biri solda olmaqla iki daxma. İkisinin arasında bir ağac. Yer lətif otlarla döşənmişdir. Durnalar, sığırçınlar gəlir. şirin bir nəğmə eşidilir:
Oyan, oyan, ey insan!
Dəyişdi artıq zaman.
Yox oldu Qış, Boran, Qar;
Parıldayır xoş Bahar.
Əmək bizi çağırır,
Torpaq, tarla bağırır.
Məhv oldu donduran Qış,
Durma, haydı, get çalış!
Açıldı hər yanda gül,
Sən də oyan, danış, gül!
Dəzgah, mədən sənindir.
Torpaq, çəmən sənindir;
Sənindir indi fərman,
Artıq sənsən hökmüran!
Bülbül səslənə-səslənə gəlir. qaranquşla əl verib görüşürlər.
Qaranquş
Uğurlu olsun bu günün!
Bülbül
Dərdi, qəmi at, söyün!
Günəş gülsün üzünə,
Işıq gəlsin gözünə...
Qaranquş
Qış, Borandan qurtulduq.
Həm azad, həm şad olduq.
Onlar ağac altında oturub, bir-biri ilə yavaş-yavaş danışır, arabir gözəl cəh-cəh vururlar. Aslan daxmadan çıxıb, sevinə-sevinə onlara baxır, birdən-birə bağırır.
Aslan
Gəlin, gözəl yaz günəşi var bu gün,
Gəlin bura, Pəri, Nazlı, ay Dursun!
Gəl, qızınaq gün altında bir azca.
Dursun Pəri, Nazlı sevinə-sevinə Aslanın yanına gəlirlər.
Pəri
Aslan, Aslan, gəl söyləyək tapmaca.
Dursun
Yox, yox, Aslan, sevməyirəm mən onu.
Nazlı
Gəl, oynayaq ayaqsayma oyunu...
Pəri
Mən razıyam.
Aslan
Bəs kim saysın?
Dursun
Bax, Pəri.
Aslan
Dursun, ayağını uzat irəli!
Pəri
İynə-iynə,
Ucu düymə,
Bəli, bəli,
Bətir keçi,
Qoz ağacı,
Qotur keçi.
Happan,
Hoppan;
Yırıl,
Yırtıl,
Su iç,
Qurtul!
Günəşin üzünü Bulud örtür. Külək uğuldayır, uşaqlar bir-biri ilə danışırlar. Dursun ayağını çəkir.
Dursun
Düz olmadı, mənimki qurtuldu.
Pəri
Yox.
Nazlı
Oyanmıram!
Aslan
Mənə soyuqdur, soyuq.
Hamı ayağa qalxır. Buludlu göyə baxaraq oxuyurlar.
Tağalaq gəldi, duman qaç!
Tağalaq gəldi, duman qaç!
Gün çıx, gün çıx,
Kəhər atı min çıx!
Keçəl qızı qoy evdə,
Saçlı qızı götür qaç...
Külək uğuldayır. Bülbül, Qaranquş və uşaqlar qaçıb gedirlər. Bulud və Külək içəri girir.
Külək
Boranlı qış, hardasan ay bəxtəvər?
Bahar gəlir, sən bu işdən bixəbər.
Gəl qarşıla, tez ol!
Bulud
Qaçmışdır yoxsa?
Qəlbinə qəm çökmüş, batmışdır yasa?
Külək
Peşimanam bu gün mən öz işimdən.
Bulud
Peşimanam mən də bax, keçmişimdən.
Külək
Insaf üçün Bahar hara, Qış hara?
Qış qılbimdə açmışdı min bir yara.
Boran içəri girir.
Boran
Bəs Qış hanı?
Külək
(istehza ilə)
Ha... Ha... qaçmış o çoxdan.
Boran
Yalan demə, qaçmaz o Qış, qəhrəman.
Külək
Mən desəm də, deməsəm də belədir.
Işi duymuş...
Boran
Səni söylədən nədir?
Neçin atamdan üz çevirdin, axmaq?
Külək
Ey, üstümə kükrəmə çox, mənə bax!
Qardan, buzdan üz-gözümüz bozarmış.
Bircə anlat, bizə nə verdin boz Qış?
Vıyıldamaq bəlkə də xoşdur sana,
Mən gəlmişəm artıq bu işdən cana.
Bulud
Mən də, mən də...
Boran
Oho... düşmanmış hər yan,
Bizə qarşı hazırlanırmış üsyan,
Bunu duydunuz,
Üz çevirib bizdən ona uydunuz!
Külək
Ey... sən kimsən? Aç gözünü, mənə bax?
Deyilsənmi əlimdə bir oyuncaq?
Mənəm sənə qüvvət verən, can verən,
Qarda, qışda sənə soyuq qan verən.
Mən olmasam, səni varmı bir sayan?
Boran
Çox öyünmə artıq, bu sən, bu meydan!
Hər ikisi çarpışır, qanadları ilə bir-birini vurur. Günəş, Su, Torpaq gəlir.
Günəş
Ey, sən kimsən?
Boran
Dünyaları donduran
Qəhrəmanam əzəldən, adım Boran.
Torpaq
Böyük düşmandır bizə,
Axtarırdıq. Yaxşı düşdün əlimizə.
Siz kimsiniz?
Bulud
Mən Buludam.
Külək
Mən Külək.
İstəyimiz Bahara xidmət etmək.
Təngə gəldik don-şaxtalı bu Qışdan,
Ona görə bizə olmuş bir düşman.
(Boranı göstərir).
Günəş
Sınayırıq indi onun gücünü,
Biz alarıq gücsüzlərin öcünü.
Boran
Səndən qorxan yox, gücünü gəl, sına!
Külək
Tülküyə bax, qarşı çıxmış aslana.
Boran
Tülkü sənsən, bu Boran pəhləvandır!
Oğlum Ayaz, atam Qış qəhrəmandır.
Su
Ay, mərhəba, böyük əslin, nəslin var!
Torpaq
Artıq qışın əlində yox ixtiyar.
Günəş
O qəhrəman atan söylə bir hanı?
Boran
Sən uşaqsan, neylərsən qəhrəmanı?
Günəş
Qəhrəmanlıq öyrənməkdir məqsədim.
Boran
Çıx meydana, sənə qoy mən öyrədim.
Torpaq
Ha... Ha, tamam igid oğlu igiddir.
Su
Zalım oğlu barıtdır, ya kibritdir,
Ha... ha... ha... ha...
Boran
Əylənməyin mənimlə!
Torpaq
Yaxşı oldu, bu yerdə keçdin ələ,
Əlimizdən sənə yoxdur qurtuluş.
Günəş
Çıx meydana, ay yapalaq, ay bayquş!
Günəş Borana hücum edir. Boran onun üzərinə atılır. Qanad-qanada çarpışırlar. Günəşin alnındakı şəfəq Boranın üzünə düşdükcə Boran bihal olur. Yavaş-yavaş qol-qanadı yanına düşür. Birdən-birə yıxılıb ölür.
Günəş
(Küləyə, Buluda).
Siz də gəlin, işə orda baxarıq,
Dostu sevər, düşmanları yaxarıq.
Günəş, Torpaq, Su Bulud və Küləyi aralarına alıb çıxarırlar. Uzaqdan musiqi səsi gəlir. bir saniyə sonra Durna, Qırqovul, Turac, Tovuz tar, saz, kamança, dəf çala-çala gəlirlər. Qaranquş Bənövşə ilə, Bülbül Qızılgüllə, Arı Zanbaqla, Kəpənək Qərənfillə qol-qola ayaqlarını, əllərini oynada-oynada gəlib otlu, çiçəkli bir yerdə dayandılar. Hamısı ətrafı şən baxışlarla süzdükdən sonra
Bülbül
(çalğıçılara)
Çal, çalğıçı, çal, ruhumuz şənlənsin!
Çal, bu otlu çəmən də bir əylənsin.
Çal ki, bahar çağıdır,
Bu şənlik oynağıdır.
Çal ki, paslı dərdləri
Şaqraq tellər dağıdır.
Qızılgül ortalığa atılır, əllərini yoldaşlarına uzadıb oxuyur.
Qızılgül
Doğdu günəş qırmızı,
Can, gülüm, can, can!
Hamısı əl-ələ halqa vurub oynaya-oynaya oxuyur.
Hamı
Doğdu günəş qırmızı,
Can, gülüm, can, can!
Topladı oğlan-qızı,
Can, gülüm, can, can!
Hər birimiz bir çiçək,
Can, gülüm, can, can!
Bir bağçanın ulduzu,
Can, gülüm, can, can!
Qaçdı Ayaz, Qar, Boran,
Can, gülüm, can, can!
Bizə qaldı çöl, orman...
Can, gülüm, can, can!
El şənlənir, canlanır,
Can, gülüm, can, can!
Sevinc içində hər yan,
Can, gülüm, can, can!
Qış bir etdi, on verdik.
Can, gülüm, can, can!
Ölümdən bir don verdik,
Can, gülüm, can, can!
Ordusunu dağıtdıq,
Can, gülüm, can, can!
Qara günə son verdik,
Can, gülüm, can, can!
Pərdə
ÜÇÜNCÜ PƏRDƏ
Səhnə baharı təsvir edir. Uzaqda yaşıl dağlar, yarpaqlanmış, çiçəklənmiş ağaclar görünür. Yer üzü lətif otlarla döşənmişdir. Sel şırıltı ilə dərədən axıb gedir. Bənövşə ilə Qaranquş, Bülbüllə Qızılgül, Qərənfillə Kəpənək, Arı ilə Zanbaq, Sünbüllə Bildirçin qol-qola, gülə-gülə, danışa-danışa içəri girirlər. Uzaqdan musiqi səsi gəlir. Hamı o tərəfə baxır. Musiqinin ahənginə uyğun olaraq əl-qol ata-ata o tərəfə gedirlər. Gözəl Bahar, alov rəngində atlazdan don geyinmiş, çiçəklərdən başına bir çələng qoymuşdur. Alnında bir ulduz parıl-parıl yanır. Ətrafında çiçəkləri təsvir edən uşaqlar. İrəlidə Durna, Qırqovul, Qu, Turac, Tovuz əllərində tar, saz, kamança, dəf, zurna-balaban çala-çala gəlirlər. Günəş, Torpaq, Su, Bulud, Külək Gözəl Baharın arxasında, gənc qız və oğlan şəklində əsgərvari yeriyirlər. Dəstə çəməndə dayanır. Çəməni bir tərəfi qalın meşə, bir tərəfi uca, otlu, çiçəkli, meşəli dağlar, dərələrdir. Göydə qövs-qüzeh. Gözəl bahar otlar, çiçəklərlə bəzənmiş bir kötük üstündə oturur. Musiqi başlayır, hamı birağızdan oxuyur.
Hamı
Yaşa, yaşa, ey bahar!
Yaşa daim bəxtiyar!
Yer üzünün şən qızı
Doğdu bu gün qırmızı.
Dağlar, çöllər, bayırlar,
Bağlar, yaşlı çayırlar
Rəngə, nura büründü.
Bax, nə gözəl göründü!
Dəyişdi hər bir varlıq,
Gülümsər bəxtiyarlıq.
Yaşa, yaşa, ey Bahar!
Musiqi dayanır, Gözəl Bahar onları başı ilə alqışlayır.
Qaranquş
Söz verilir Bülbülə,
Şerimiz gəlsin dilə!
Bülbül
Dəyişdi təbiət, dəyişdi zaman,
Al-əlvan rənglərə büründü hər yan.
Günəşin saçları olunca tel-tel.
Al-yaşıl geyindi dərə, dağ, orman.
Uzaqdan gəlirdi sorağın Bahar,
Yansın ölkəmizdə çırağın, Bahar!
Şənliklər gətirdin bu coşğun elə;
Sevinc, nəşə verdin tutqun könülə.
Şairəm, ürəyim şən-şən açılır
Baxdıqca bağçamda mən qızılgülə.
Xoş gəldin, xoş gəldin! Görüşün xoşdur.
Ölkəyə can verən gülüşün xoşdur!
Musiqi başlayır.
Qaranquş
Təbrik üçün söz verilir Günəşə.
Günəş
Mən Günəşəm, gülümsəyən üzüm var,
Qızıl telli saçlarım, şux gözüm var.
Göy üzündə qanadımı açınca,
Al şəfəqli tellərimi saçınca,
Rəngdən-rəngə girər, gülər təbiət,
Hər bir yeri alar başqa lətafət.
Torpaqlara şəfəqlərim can verir,
Hər canlıya qüvvət verir, qan verir.
Bəsləməkdir işim əkin-bostanı,
Bağ-bağçanı, bir də çölü, ormanı.
Tez-tez tutur Bulud mənim üzümü,
Qoymur açım doyunca bir özümü.
Xoş gəldin ey təbiətin şən qızı,
Yer üzünün parlaq ayı, ulduzu!
Qaranquş
Təbrik üçün söz verilir Küləyə.
Külək
Mən küləyəm, olduqca qüvvətliyəm,
Aslandan güclüyəm, həm dəhşətliyəm.
Mən əsəndə qaçar sislər, dumanlar,
Titrər qabağımda dağlar, ormanlar.
Ağacların sinəsinə çökərəm,
Saraldaram yarpağını tökərəm.
Yumunca mən bu acıqlı gözümü,
Onda mənim heç görməyin üzümü.
Dənizlərdə qopardaram fırtına,
Səhraları çevirərəm tufana.
Bahara bu təbiətim saz deyil,
Ancaq ona xidmətlərim az deyil.
Ağacların düyməsini açaram,
Çiçəklərdən gözəl qoxu saçaram.
Qarı, buzu əridərəm hər yazda.
Isti əssəm can qoymaram ayazda.
Yavaş-yavaş əsdikcə meh hər səhər,
Şən yamaclar, dağlar, çöllər, gülümsər.
Xoş gəldin. Ey təbiətin şən qızı,
Yer üzünün parlaq ayı, ulduzu!
Qaranquş
Təbrik üçün söz verilir Torpağa.
Torpaq
Mənim adım yerdir, daşam, torpağam,
Bərk olsam da, ürəyi çox yumşağam.
Yoxdur fitnə, fəsad təbiətimdə;
Başqa bir aləmim vardır mənim də.
Insanların hər işinə yararam,
Hər bir kəsə mən yaxşılıq araram.
Ürəyimi hər yaz yarar insanlar,
Toxum səpər, məhsulunu toplayar.
Mən onları qucağımda yoxlaram,
Ana kimi böyüdərəm, saxlaram.
Ağaclarım verər dadlı meyvələr,
Bağçama kim girsə, çiçək, gül dərər.
Qiymətli mədənlər yatır qoynumda,
Analıq haqqı var mənim boynumda.
Qar-Borandan qışda donub solmuşdum,
Acığımdan Bulud kimi dolmuşdum.
Dərdli-dərdli gurultunu dinlərdim,
Buğlandıqca kədərimdən inlərdim.
Günəş, qızıl Bahar çatdı dadıma,
Çatdı bu gün mənim də imdadıma.
Xoş gəldin, ey təbiətin şən qızı,
Yer üzünün parlaq ayı, ulduzu!
Qaranquş
Təbrik üçün söz verilir ağ Suya.
Su
Mənim adım Sudur, Lətafətim var,
Xalq içində adım var, şöhrətim var.
Sadə üzlü, təmiz, gözəl bir qızam,
Yer üzündə parlayan bir ulduzam.
Mənim ulu babalarım buxardır,
Uşaqları Duman, Yağışdır, Qardır.
Mən də bir aləməm, ümmanlarım var,
Saysız mədənlərim, heyvanlarım var.
Üzərimdə hey gəmilər üzərlər,
Qanadlanıb tərlan kimi süzərlər.
Mən sularam bağları, bostanları,
Işlədərəm bütün dəyirmanları.
Gücüm çoxaldıqca birdən coşaram,
Dalğalanıb sahilləri aşaram.
Dünya üzü məndən alır yaraşıq,
Qəlbə məndən gəlir fərəh və işıq.
Məndədir həm elektrik, həm ziya,
Hər şeydə möhtacdır mənə bu dünya.
Qış gəlincə gələr şaxta, qar, ayaz,
Dondurar qəlbimi qorxmaz, utanmaz...
Gözəl Bahar fəryadıma yetişdi,
Buzlarımı Günəş əritdi, deşdi.
Indi yenə şən-şən axıb gedərəm,
Yaşıl çöllər, çəmənlər seyr edərəm.
Xoş gəldi, ey təbiətin şən qızı,
Yer üzünün gözəl ayı, ulduzu!
Ceyran tələsik gəlir, hamı ona yol verir.
Ceyran
Yamaclara çəkilmişdir azğın Qış,
Deyirlər ki, böyük ordu toplamış.
Qayaları, dağları etmiş səngər,
Qəmə batmış yamaclarda çəmənlər.
Gözəl Bahar
(acıqlı)
Boranlı Qış hələ yaşar,
Bizdən uzaqlarda coşar,
Dağlara salmış vəlvələ,
Keçməlidir düşmən ələ!
Günəş
Oddan, alovdandır mənim üz-gözüm,
Başdan-başa bir yanğınam mən özüm.
Göydən onu işığımla yoxlaram,
Hər bir yerdə görsəm, tutub saxlaram.
Külək
Mən də qalxıb buludları yararam,
Hər bucağı, hər dərəni araram.
Dumanlardan dağlara çəksəm hasar,
Mənim əlimdən o, canmı qurtarar?
Torpaq
Mən də otdan, gül-çiçəkdən, ağacdan,
Dərələrdən, qayalardan, yamacdan
Ordu çəkib yol üzünü bağlaram,
Kəkilklərdən qarovullar saxlaram.
Əmr edərəm Qırqovula, Turaca,
Pusqu üçün yayılsınlar yamaca.
Sünbüllərdən atlı əsgər çəkərəm,
Hər tərəfdən qabağını kəsərəm.
Su
Mən də daşqın sellər kimi çağlaram,
Yol-izini hər tərəfdən bağlaram.
Bulud
Mən də, mən də...
Gözəl Bahar
Sən neylərsən, qalx söylə!
Bulud
Mən də verib yoldaşlarla əl-ələ,
Qışı tapıb şimşəyimi çaxaram,
Bir vuruşda yandıraram, yaxaram.
Gözəl Bahar
Aranmamış qalmasın bir dağ, dərə,
Tutun onu, tez gətirin hüzurə!
Dördü də gedir. Musiqi çalınmağa başlayır. Hamı birağızdan oxuyur.
Hamı
Yaşa, yaşa, Gözəl Bahar!
Yaşa, yaşa, hey bəxtiyar!
Sən bizlərə verdin həyat,
Səndən aldıq biz qol-qanad.
Sən bizə nəşə, can verdin,
Çox parlaq bir dövran verdin,
Yaşa, yaşa, Gözəl Bahar!
Yaşa, yaşa, hey bəxtiyar!
Onlar oxuyarkən Ceyran oynaya-oynaya Gözəl Bahara yanaşır, ayaqları üstə qalxaraq, əllərini onun dizlərinə qoyur. Gözəl Bahar əli ilə onun başını oxşayır. Hava birdən-birə tutulur. Göy gurlayır. Şimşək oynayır. Hamı heyrətlə o tərəf-bu tərəfə baxır. Qış Gözəl Baharın qarşısında başını aşağı dikib durur.
Gözəl Bahar
Bircə mənə söylə görüm, a yassar,
Bağ-bağçamı neçin etdin tar-mar?
Saldın çölə, dağa, bağa şivəni,
Qar-buz ilə çulğaladın ölkəni.
Bilmirdinmi mənim də qüvvətim var?
Yer üzündə şanım var, şövkətim var?
Qış
Çox öyünmə, varın, şövkərin qalsın...
Gözəl Bahar
Sus, danışma, oyna Şimşək, bunu al,
Ey İldırım, qəhrəmanı tez ol çal!
İldırım gurlayır, Şimşək oynayır, Qış yerə yıxılır.
Gözəl Bahar
Çal, çalğıcı, gənclərimiz oynasın!..
Don ürəklər bu şən gündə qaynasın!
Çalğıçılar bir oyun havası çalır.
Gözəl Bahar
(ayağa qalxaraq)
Dostlar, durun! Bəyənmədim mən bunu.
Gəl oynayaq. “Adı gözəl” oyunu.
Musiqi çalınır. Gözəl Bahar, Torpaq, Günəş, Su, Külək, Bulud bir tərəfdə, Qaranquş, Bənövşə, Bülbül, Qızılgül, Zanbaq, Arı, Kəpənək, Qərənfil bir tərəfdə qarşı-qarşıya durur.
Gözəl Bahar dəstəsi
Ağ tərək, ağ tərək,
Adı gözəl kim gərək?
Qaranquş dəstəsi
Bizə şən Bahar gərək.
Gözəl Bahar dəstəsi
Tarnan gəlsin, zurnaynan?
Qaranquş dəstəsi
Həm tar, həm də zurnaynan!
Hamı əl çalır. Gözəl Bahar oynaya-oynaya gedib Qaranquş dəstəsinə qarışır. Birinci dəstə yenə təkrar edir.
Birinci dəstə
Ağ tərək, ağ tərək,
Adı gözəl kim gərək?
Ikinci dəstə
Bizə al Günəş gərək!
Birinci dəstə
Saznan gəlsin, qavalnan?
Ikinci dəstə
Həm saz, həm də qavalnan!
Günəş oynaya-oynaya gedib ikinci dəstəyə qarışır.
Birinci dəstə
Ağ tərək, ağ tərək,
Adı gözəl kim gərək?
Ikinci dəstə
Bir sərin Bulud gərək!
Birinci dəstə
Saznan gəlsin, qavalnan?
Ikinci dəstə
Həm saz, həm də qavalnan!
Bulud oynaya-oynaya ikinci dəstəyə qarışır.
Birinci dəstə
Ağ tərək, ağ tərək,
Adı gözəl kim gərək?
Ikinci dəstə
Gurlayan Külək gərək!
Birinci dəstə
Saznan gəlsin, qavalnan?
Ikinci dəstə
Həm tar, həm də qavalnan!
Külək oynaya-oynaya ikinci dəstəyə qarışır.
Birinci dəstə
Ağ tərək, ağ tərək,
Adı gözəl kim gərək?
Ikinci dəstə
Anamız Torpaq gərək!
Birinci dəstə
Saznan gəlsin, zurnaynan?
Ikinci dəstə
Həm saz, həm də zurnaynan!
Torpaq oynaya-oynaya onlara yaxınlaşanda öz dəstəsi bir-bir ona qarışır, bir-birinin arxasınca ortada bir-iki dairə oynadıqdan sonra öz əvvəlki yerlərində sıra ilə durub əl çalırlar. Bu dəfə Qaranquş dəstəsi də onlara qarışır. Çalğı səsləri artır, şən havalar çalınır. Hamısı sevinc və fərəhlə oynayır, oxuyur.
Hamı
Yaşa, yaşa, Gözəl Bahar!
Yaşa, yaşa, hey bəxtiyar!
Ölkəmizin hər fəslində
Min fərəh var, min nəşə var...
Pərdə
1910