FACİƏ – 5 PƏRDƏ
ƏŞXAS
Məcid əfəndi – mətbəə müdiri.
Əşrəf – onun oğlu.
Şeyda Rəmzi – mühərrir.
Rəuf – mühərrir
Maks Müller – rəssam – alman.
Roza – Müllerin qızı.
Mariya – Rozanın anası.
Məsud – baş mürəttib.
Qara Musa – mürəttib.
Yusif – mürəttib.
Məzarçı, qara geyimli mələk, sair mürəttiblər, çalğıçılar, polislər və həbsxanə mə’murları...
BİRİNCİ PƏRDƏ
Mətbəəyə məxsus böyük bir müdiriyyət odası. Odanın bir qapısı ilə iki pəncərəsi – sağ tərəfdən caddəyə açılır. Digər qapısı da sol tərəfdə – mətbəəyə enmək üzrə daima açıqdır. Divarlarda təqvimlər, xəritələr, teleqraf kağızları və məktublar asılmış... Sağda və solda sandalyələr və bir neçə masa... Masalar üzərində idarəyə məxsus kitablar, risalələr, məcmuələr, qəzetlər və sairə... Qışın ikindi zamanı...
Pərdə açıldıqda munis və zində çöhrəli Rəuf pəncərə önündəki masa qarşısında yazı yazmaqla məşğul görünür. Sarışın, həssas baqışlı Şeyda isə cığarayı dumanlataraq əli alnında düşünüb durur.
Rəuf. Şeyda! Yenə də düşünüyorsun?
Şeyda. Hiç sorma, əzizim, halım pək fəna... poslayı şaşırmış bir gəmici kibi nə yapacağımı biləmiyorum.
Rəuf (yarımqəhqəhə ilə). İştə gördünmü ya!.. Altı ay əvvəl sana nə söylədim? Mühərrirlik şaqa deyil a!.. Insan nə qadar qəhrəman olsa yenə ən nihayət yorulur, bıqır, usanır. Hələ bizim kibi gənc mühərrirlər, adəta çıldıracaq dərəcədə əsəbiləşiyor.
Şeyda. Xayır, Rəuf, xayır... Nə mühərrirliyin verdiyi yorğunluq, nə müdirin usandırıcı əmrləri, nə sansor istibdadı, nə də məişətdarlığı əsla bəni düşündürmüyor, əsla bəni sıqmıyor. Bəni üzüb bitirən bir qüvvət var ki, o da yalnız həyatdakı boşluqdan, həyatdakı mə’nasızlıqdan ibarətdir (Yerindən qalqaraq son dərəcə sinirli və həyəcanlı). Allah eşqinə, bir düşün!.. Böylə heyvancasına yeyib-içmək, çalışıbçabalamaq niçin!? Usanmadan soyunub-geyinmək, yatıb-qalqmaq niçin!? Duyğusuz bir makina kibi düşünüb-daşınmaq, yazıb-pozmaq niçin!? Ah, şu mə’nasız “niçin”ləri, bu təməlsiz həyatın hiçliyini düşündükcə, adəta kəskin dırnaqlı bir qartal cigərlərimi qoparıyor, kinli bir əjdəha beynimi gəmiriyor. Gülmək istiyorum da güləmiyorum. Ağlamaq istiyorum da, ağlıyamıyorum. Daima ıssız bir qaranlıq, sisli bir durğunluq bütün bənliyimi sarsıyor. Daima əməlsiz bir boşluq, acı bir yorğunluq bəni boğuyor, bəni məhv ediyor. Könlümü sevindirəcək hiç bir hiss, hiç bir qüvvət yoq. Ruhumu güldürəcək hiç bir ümid, hiç bir təsliyət yoq... Xəyalımı oqşayacaq bir şö’lə, bir yıldız arıyorum da bulamıyorum. Intihar edib də qurtulmaq istiyorum, heyhat! Ona da müvəffəq olamıyorum.
Rəuf. Nafilə, əzizim, həp nafilə... Çünki hər ümidsizlikdə bir ümid, hər qaranlıqda bir işıq yaşıyor, yalnız səbir və mətanət lazım. (Pəncərədən dışarı baqaraq). İştə ən füsunkar bir şö’lə! Ən parlaq bir yıldız!.. Həm də sən onu arayacağına, o səni arıyor. İştə alman çiçəyi! Rəssamın qızı, gözəl Roza gəliyor.
Şeyda. Allahını sevərsin, bənimlə az əylən...
Rəuf (yarımqəhqəhə ilə). Əvət, şaşqınlar daima əsəbi və bədbin olurlar.
Bu sırada Roza, məktəbli qiyafətində daxil olur. Şeyda dərhal yerindən qalqır, pərəstişkaranə bir tevrlə ona doğru ilərilər. Rozanın uzun, qumral kirpikləri, cazibəli, mavi gözləri, mə’sumanə baqışları, mələkanə ədaları kəndisinə şayani-pərəstiş bir ülviyyət bəxş edər.
Roza (nazikanə bir baş təmənnasilə Rəufu salamlayaraq, Şeydaya). Nasılsın, əzizim!..
Şeyda. Təşəkkür edərim.
Roza. Babam nerdə?
Şeyda. Hənuz idarəyə gəldiyi yoq...
Məcid əfəndi (mətbəədən). Rəuf, Rəuf... Buraya gəlsənə...
Rəuf. Bu saət, əfəndim (Haman mətbəəyə enər).
Roza. Çoq şükür. Səni gə görmək olurmuş. İştə, bu ikinci dəfədir ki, səninçin, fəqət səninçin buraya gəliyorum.
Şeyda. Ah, bu nəvazişə, bu alicənablığa qarşı sıqılmamaq qabil deyil... Böylə umulmaz bir səadətə məzhər olduqca, iztirab və sevinclə qarışıq bir duyğu, fevqəladə bir həyəcan adəta bəni çıldırtıyor, xəstə ruhimi rəqs etdiriyor.
Roza (mütəbəssim). Pəki, onlar sonraya qalsın, bu aqşam dəniz qıyısına çıqalımmı?
Şeyda. Madam ki, arzu ediliyor, əlbəttə çıqarız.
Roza. Bu gecələri qəflətlə keçirmək nə böyük günahdır bilsən!.. Hələ məhtaba qarşı qayıq gəzintisi yapmaq nə qadar nə’şəli, nə qadar xəyalpərvər!..
Bu sırada şıq geyimli, pensneli Əşrəf daxil olur.
Şeyda (təbdili-tevr etmiş olan Rozaya). Qaliba Əşrəf bəyi tanımıyorsınız?.. İştə mətbəə müdiri Məcid əfəndinin oğlu, kəndisi də Avropadan yeni gəlmiş... (Əşrəfə). Bu da rəssamımız almaniyalı Maks Müllerin qızı mademuazel Roza!..
Əşrəf (pərəstiş edərcəsinə əl verərək). Sizi tanımaqla kəndimi son dərəcə bəxtiyar sanırım.
Roza. Təşəkkür edərim.
Maks Müller (daxil olur, yarıağarmış enli saqalını oqşadığı halda). Roza! Sən buradamısın?
Roza. Əvət, babacığım! Sənin için gəldim.
Maks Müller. Pək gözəl, şu rəsimləri verəyim də bərabər gedəlim. (Qoltuq çantasından bir qaç rəsm çıqarıb, masa üzərinə bıraqaraq) Məcid əfəndi nerdə?
Şeyda. Mətbəədədir, əfəndim.
Maks Müller. Şeyda! Sana bir müjdə vermək istərim.
Şeyda. Nasıl müjdə?
Maks Müller. Sən bir həftədir ki, oda arıyorsun; bizim evdəki boşboğaz yəhudi dəllalı oturduğu odayı boşaltmış, Rusiyaya gediyor. Bu gün oraya köçərsin.
Şeyda (onun əlini sıqaraq). Ah, bilsəniz bu xəbərdən nə qadar məmnun oldum. Bu aqşam əvət, bu aqşam köçərim.
Maks Müller. Sabah aqşam çayını da Rozanın anası verir, bir evli kibi yaşarız, hiç sıqılmazsın. Bilirsin ya, bən səni pək sevirim: çünki səndə bütün mə’nasilə türk nəcabəti görüyorum.
Şeyda. Təşəkkür edərim.
Bu sırada şişmanca, ortaboylu, ciddi simalı Məcid əfəndi Rəuf ilə bərabər çıqar.
Maks Müller. Əfəndim, İştə, həftəlik məcmuəniz için gətirdiyim rəsimlər.
Məcid əfəndi (rəsimləri alıb baqaraq). Pək ə’la, pək gözəl!.. Eyi ki, gəldiniz, sizinlə xüsusi bir işim daha var, gedəlim də mağazada qonuşalım.
Maks Müller. Pəki əfəndim, buyurun baqalım...
Məcid əfəndi, Maks Müller, Roza çıqarlar.
Məcid əfəndi (çıqdığı sırada Şeydaya). Mürəttiblər gəldikləri kibi işə başlasınlar, bu gün iş pək çoq, saqın, tənbəllik etməsinlər.
Şeyda. Baş üstünə, əfəndim...
Əşrəf (məczubiyyət və heyrətlə). Aman, Şeyda! Bu nə lətafət, bu nə cazibə? Haman, bir baqışda insanı təsxir ediyor. Faust mühərriri sağ olsaydı, əmin ol ki, gözəl Marqaritasını unutur da Rozaya pərəstiş edərdi. Həm də mevhum bir xəyal deyil, parlaq bir həqiqət qarşısında bulunmuş olurdu.
Şeyda. Əvət, Roza gerçəkdən pək sevimli xilqət, pək nazlı afət...
Ə ş r ə f . Doğrusu, bən hənuz böylə füsunkar bir gözələ təsadüf etmədim. (Bir cığara yaqıb da düşüncəli adımlarla çıqar).
Rəuf (Şeydaya). İştə, sana müdhiş bir rəqib!..
Şeyda. Əvət, hərif pək mütəəssir oldu.
Bu sırada Qara Musa ilə Y u s i f daxil olur. Musa, qara bənizli, ortayaşlı,
ortaboylu, qorqunc simalı bir tipdir. Sol əli biləyinin yarısına qadar ağ bez ilə
sarınmış, üzərindəki əlbisə olduqca əski və yamalıdır. Qardşı Yusif isə vərəmin son devrlərini keçirməkdə olan solğun bənizli bir gəncdir.
Rəuf (onları görür-görməz). Gəl, baqalım. Musa əfəndi, nasılsın? Əlin eyiləşdimi?
Qara Musa. Xayır, əfəndim, biləks, gündən-günə fənalaşıyor.
Rəuf. Otursana, niçin ayaqda duruyorsun?
Qara Musa (qardaşına). Otur, Yusif, sən otur... Bən Məcid əfəndiyi görür də şimdi gəlirim. Canın sıqılsa bəni bəkləməzsin, faytona oturur da evə gedərsin. (Rəufla Şeydayə) Müsaidənizlə, əfəndim, sizinlə sonar görüşürüz. (Çıqar.)
Şeyda (Yusifə). Nerdən əcəba, doktordanmı gəliyorsunuz?
Yusif. Əvət. (Bir-iki öksürür.)
Şeyda. Kəndini nasıl hiss ediyorsun? Keçənlərə nisbətən eyisin, deyilmi?
Y u s i f (acı və mə’nalı təbəssümlə). Şübhəsiz, əfəndim!.. Şimdi olmasa belə, azacıq sonra büsbütün eyiləşirim, həm də şu iztirablra vidayla əbədiyyən rahatlanırım. (Məndilini ağzına tutaraq bir qaç dəfə öksürür).
Şeyda (mütəəssir). Yusif, niçin bir düşünmüyorsun? Böylə qara xülyalarə uymaqdan nə çıqar? Ah, sən nihayət kəndini xarab edəcəksin.
Rəuf. Əvət, əzizim, hər işdə səbir və mətanət lazim... Hissiyyata qapılıb da hər şey için məraq edənlər təhlükəyi kəndi əlləri ilə də’vət etmiş olurlar. Inşallah, az bir zamanda sağalıb, eyiləşirsin, fəqət bir daha mətbəədə çalışmayacağına əminim.
Yusif. Xayır, əfəndim, xayır... Hər ikiniz yanılıyorsunuz, yaxud öylə görünmək istiyorsunuz. Halbuki doktorların mə’yus baqışları, bildiklərin sönük təsəlliləri, Musanın, o bədbaxt qardaşımın iztirab və əndişələri, həp sönüb bitdiyimə birər aydın şahiddir. (Sürəkli və şiddətli öksürüklərdən sonra yerindən qalqaraq). Uf, uf! Hiç bir təsəlli istəməm. Ölüm bəncə ən sevimli bir təsəlli, ən dəyərli bir xilaskardır. Hər kəs ölümdən qaçar, fəqət, bən onu dört gözlə bəkliyorum. Çünki bən yalnız onun qara qanatları altında məs’ud ola bilirim. Əvət, yalnız onun ıssız qucağında rahat bula bilirim. (Yaralı öksürüklər içində boğularaq mə’yus bir halda). Uf... Əfv edərsiniz... Rahatsız etdim... Sağlıqla, əfəndilərim... Bəlkə bir daha görüşəmədik...
Arası kəsilməksizin öksürərək, məndili ağzında çıqar. Ortalığı acı və dəhşətli bir sükut qaplar. Bu sırada mürəttiblər birər-birər, ikişər-ikişər, kirli iş əlbisəsində daxil olurlar. Kimi sağlam, kiminin bənzi solmuş, kimi qanburlaşmış; birisi də gözünü qara məndililə sarmış... Qalın gevdəli, gur səsli Məs’ud isə ən arqada gəlir.
B i r i n c i m ü r ə t t i b (arqadaşlarına). Yusifi gördünüzmü? Allah, Allah, bu nə hal, bu nə qiyafət!? İnsan yüzünə baqmağa belə cəsarət edəmiyor. Məs’ud. Sən nə zənn etdin, paşam? Bu mürəttiblikdir, şaka deyil a! Hərif tam altı yıldır ki, məhbəsdən fərqi olmayan şu mənhus mətbəədə çalışıb durmuş...
İ k i n c i m ü r ə t t i b . Zavallı!.. Hiç olmasa bir qadar parası olsaydı... Məs’ud (laübali). Çocuqmusun, yahu, mürəttibdə paramı bulunur? On iki yıldır ki, bu kargahialəmpənahda çalışıb çapalıyorum və kamali-iftixar ilə baş mürəttiblik vəzifəsini ifa ediyorum; halbuki cibihumayunumda bir fülus belə bayat para yoq.
B i r i n c i m ü r ə t t i b (təəssüflə). İştə Qara Musa göz önündə!.. Qurşun tozu yutaraq, alın təri dökdüyü halda aldığı mükafat nə!? Bir danəcik mə’sum yavrusu sıtmalar içində qəhr olub gediyor, kəndisi də bin dürlü müsibət, bin dürlü fəlakət qarşısında çırpınıb duruyor. Zavallı!.. Ailəsini bəsləyəcək bir ələ, nasırlı, minnətsiz bir ələ güvənirkən, Tanrı onu da ona çoq gördü.
İ k i n c i m ü r ə t t i b . Pəki, bundan sonra bədbaxtın halı nə olacaq? Dərmansız, ailəsini nasıl bəsləyəcək? Nasıl bəsləyə biləcək!? Məs’ud (acı təbəssümlə). Məraq etmə, orası pək qolay... Oturduğu ev Məcid əfəndinin yanında rəhn... həm də yarıfiatına... Şimdiyə qadar o paradan üçdə iki payını alıb xəstələrinə yedirmiş, qalan bir payını da, şübhəsiz, bu günlərdə alıb bitirir. İştə əsil fəlakət, əsil səfalət də bundan sonra başlar.
B i r i n c i m ü r ə t t i b . Ah, insafsız, mərhəmətsiz!..
İ k i n c i m ü r ə t t i b . Xalqın qanına girdiyi yetişmiyormuş kibi bir də eveşiyinə, var-yoquna göz dikiyor. Şeyda. Əcəba qüsur kimdə?.. Məcid əfəndidəmi? Yoqsa ondan insaf, mərhəmət uman sadədillərdəmi? Bu dünya çəkişib-çarpışma dünyasıdır. Təbii, o sizin qanınızı sorub sümürmək istər: fəqət sizdə də himmət olmalı, əldən gəldiyi qadar kəndinizi müdafiə etməlisiniz, yoqsa insaf, mərhəmət xülyaları ilə sürünəcək olsanız; nəticədə zillət və səfalətdən başqa bir şey bulamazsınız. Bu gün Yusiflə Musanın boğazlandığını görüb də qoyun sürüsü kibi kənardan seyr ediyorsunuz; halbuki yarın həpiniz, əvət, həpiniz şu qanlı, şu uçurumlu keçiddən keçməyə məcbur olacaqsınız. Əfsus ki, son nədamət, son fəryad hiç bir fayda verməyəcək.
B i r i n c i m ü r ə t t i b . Nə yapmalı, əfəndim, nə yapmalı? Həpimiz aciz, həpimiz gücsüz...
İ k i n c i m ü r ə t t i b . Ah, şu istibdad qorqusilə keçinmək bəlası olmasaydı!..
Şeyda. Xayır, əzizim! Bəncə şu bəhanələrin hiç bir əhəmiyyəti, hiç bir mə’nası yoq. Yer yüzünü sarmış olan bütün əmələlər, bütün füqərayi-kasibə həp sizin kibi düşünsələr, bəşəriyyət bir çoq əsrlər daha ayaqlar altında əzilməyə məhkum olur. Halbuki bütün cihanı bəsləyən, bütün orduları silahlandıran, bütün sərmayədarları – bütün sahibkarları sərsəmlətən həp şu aciz sandığınız əmələlər, həp o nasırlı əllərdir. Bu gün yer yüzünün bütün səadət və fəlakəti yalnız o əllərə baqıyor. Əmin olunuz ki, o əllər bir gün çalışmaz olursa, bütün bəşəriyyət şaşırır, bütün dünya hərəkətsiz qalır.
B i r i n c i m ü r ə t t i b . İştə yalnız qeyrət və cəsarət istiyor.
İ k i n c i m ü r ə t t i b . Əvət, yalnız səbat və mətanət istiyor. Məs’ud (saata baqaraq). Artıq vaqt keçiyor. Haydı, iş başına, arş!..
Mürəttiblər gurultu ilə mətbəəyə enərlər.
Musa (daxil olaraq, Rəufa). Yusif nə oldu, getdimi?
Rəuf. Əvət, sən çıqdığın kibi getdi.
Şeyda. Gəl baqalım, nə yapdın? Məcid əfəndiyi görə bildinmi?
Musa. Xayır, əfəndim, mağazada yoq...
Şeyda. Otur baqalım, nerdə olsa, şimdi gəlir, çıqar.
Musa bir tərəfdə oturur, bu sırada mürəttiblər tərəfindən mətbəədə gurultulu, həyəcanlı bir ahənglə aşağıdakı marş söylənməyə başlar.
Yaş zindanlar yuvamız,
Fəlakət aşinamız;
Ordular yıqan qurşun
Olmuş bizim qidamız.
Arqadaş, göz aç, aman!
Qalq ölüm uyqusundan!
Zülmə çoq əydin boyun,
Çoq əzildin, qalq, oyan!
Marş başlandığı kibi Məcid əfəndi daxil olur. Şaşqın bir halda azacıq dinlər, haman hiddətlə mətbəəyə enər.
Rəuf (Şeydayə). Nədir bu yahu; hiç öylə bir yazı böylə abdallara, böylə sərsəm həriflərə verilərmi ya!?
Şeyda. Nə yapalım, əzizim. Nə yapalım! Xəbərim olmadan dəftərlərimin arasından çalmışlar.
Rəuf. Kağız ələ keçərsə pək fəna... Həm də Məcid əfəndi əsla yaqanı bıraqmaz.
Şeyda. Artıq keçmiş.
Azacıq sükut.
Məcid əfəndi (mətbəədən çıqar, əlində tutmuş olduğu kağızı hiddətlə süzərək). Şeyda! Bunları sənmi yazdın?
Şeyda (sükut edər).
Məcid əfəndi. Mühərrirlər içində səndən başqa böylə yazı yazan yoq... (Qızğın.) Bunları sənmi yazdın?..
Şeyda (qısa bir tərəddüddən sonra). Əvət...
Məcid əfəndi. Öylə isə, daha burada sənlik bir iş yoq. Ah, bəni Nikolayın candarmalarına təslim etməkmi istiyorsun? Söylə, sana burası mətbəəmi, yaxud inqilab ocağımı?
Şeyda düşünüb durur.
Məcid əfəndi. Düşünmə, mətbəədə bir alacağın varsa, söylə!..
Şeyda. Xayır...
Məcid əfəndi. Daha bəkləyib durmaqda mə’na yoq... Haydı, gedə bilirsin.
Şeyda (paltosunu alaraq sinirli və mütəəssir). Lakin... Lakin...
Məcid əfəndi (sözünü kəsərək). Haydı, yavrum, haydı!.. Başqa laf istəməm.
Şeyda (kinli bir baqışla Məcid əfəndiyi süzərək yarım səslə). Ah, əvət!.. (Deyə qapıyı qapayıb çıqar).
Məcid əfəndi (Musaya). Pəki, sən nə istiyorsun?
Musa. Əgər mümkün olsa...
Məcid əfəndi. Söylə, bitir! Bəkləyəcək vaqtım yoq...
Musa. Əgər mümkün olsa bir qadar para veriniz, bir də...
Məcid əfəndi (usanmış bir halda). Pəki, bir də?..
Musa. Mətbəədə bir iş veriniz. Tək əlimlə də olsa, çalışmaq istərim.
Məcid əfəndi (para çantasını çıqarır, bir qaç qaimə verərək). Al, iştə bu da evinə biçilən qiymətin üçdə biri, son qisti... Daha bir alacağın qalmıyor... İki ay sonra evdən çıqıb da kəndinə başqa yer bulmalısın, anladınmı!? (Böyük bir dəftər açar. İki-üç söz yazaraq). Haydı, gəl də, imza et...
Musa (imza edərək). Əfəndim, şu para da ancaq iki ay evi idarə edər. Lakin sonra... Ah, hər halda bana bir iş verməlisiniz.
Məcid əfəndi. İş yoq deyil, fəqət tək əldən səs çıqmaz.
Musa. Pəki, bu əl ki, mətbəədə əzilmiş, o əl sahibinə burada da iş bulunmazsa, əcəba, nerdə bulunur?
Məcid əfəndi. Nə yapalım? Qüsur kəndində. Üsulluca hərəkət etməliydin.
Musa. Əfəndim, bən hiç... Fəqət çoluq-çocuğumu düşünməlisiniz.
Məcid əfəndi. Yoq dedilər. Artıq bitdi. Musa (çıqmaq üzrə qapıya yaqlaşır, bir daha dönərək). Əfəndim!
M ə c i d ə f ə n d i . Haydı, get, daha söylənib durma!
Musa (sinirli). Əfəndim, bən sizdən yardım diləmiyorum, mərhəmət ummuyorum. Yalnız bir iş, bir vəzifə istiyorum. (Həyəcanlı.) Yalnız bir iş... yalnız bir vəzifə!..
Məcid əfəndi (son dərəcə hiddətlə). Dedim ya, saçma dinləməyə vaqtım yoq... Tək əl işə yaramaz, eşitmiyormusun?
Musa (şaşqın və çılğın). Tək əl işə yaramaz, öyləmi!? (Acı qəhqəhələrlə.) Ah, alçaq, vicdansız!..
Pərdə
İKİNCİ PƏRDƏ
Küçük, sadə bir oda... Sağda iki pəncərə, solda bir qapı, ucda bir yataq karyolası... Pəncərə önündə bir masa və bir qaç iskəmlə... Masa üzərində bir-iki qədəh, su və raqı sürahisi, qarmaqarışıq bir taqım qəzetlər, məcmuələr və kitablar... Divarda büyücək bir ayna, bir taqım şairanə rəsimlər və levhələr... Lampanın ölgün ziyası odayı aydınlatır. Odanın qapısı balkona, pəncərələr isə bağçaya açılır. Nisanın son gecəsi... Aydınlıq... Rəuf ilə Məs’ud bağça tərəfində görünərək pəncərəyə doğru yaqlaşırlar.
Rəuf (parmağilə pəncərəyə vuraraq). Şeyda! Şeyda!
Məsud. Odasında yoq, gedəlim.
Rəuf. Şeyda! Yahu, nerdəsin?
Məsud (boylanıb odaya baqaraq). Xayır, burda yoq... Gedəlim, sonra bir daha gəliriz. (Gedərlər).
Mariya (odaya daxil olur, lampayı aydınlataraq). Əşrəf bəy, Əşrəf bəy! Bəri gəlsənə!..
Əşrəf (gələrək). Nə imiş, Mariya? Şeyda buradamı?
Mariya. Xayır, kəndisi yoq... yalnız ayinəyi-həyatı olan odasını seyr edə bilirsiniz.
Əşrəf (yarımqəhqəhə ilə). Amma da oda ha, gerçəkdən pək tuhaf mənzərə!.. Hər tərəfdə bir qırıqlıq, bir pərişanlıq, hər guşədə bir öksüzlük, bir məhzunluq yaşıyor, həm də hər təklifdən, hər qeyddən azadə... (Pəncərədən bağçaya baqaraq.) İştə ən laübali, ən şairanə bir həyat!..
Mariya. Ah, bilməm ki, Maks Müller şu sərsəmi bu odaya niçin gətirdi. Böylə əsəbi qomşu hər halda insanı usandırır.
Roza. Şeyda nerdə?
Mariya. Kim bilir, yenə şimdi hanki meyxanədə qafayı dumanlatıyor.
Roza (Əşrəfə). İnan, Şeydayı görsəniz, tanıyamazsınız, mətbəədən çıqalı bəri büsbütün dəyişmiş. (Masa üzərindəki raqı qədəhini göstərir). Həm içkiyə pək düşkün, həm də son dərəcə sinirli və bədbin olmuş...
Mariya. Gecələr çılğın, sərsəm bir aktyor kibi həp çığırıb bağırıyor. Həyəcanlı və qorqunc gurultular ilə kimsəyə rahət vermiyor.
Əşrəf. Təbii, səbəbsiz deyil a!?
Roza (təbəssümlə). Kim bilir!
Mariya (çıqaraq). Nəmizə lazim, canım, haydı gəliniz bir qəhvə içəlim.
Əşrəf (Mariya çıqdığı kibi Rozanın əlini öpər). Roza, yenə Şeydayı seviyorsun, deyilmi?
Roza (heyrət və təbəssümlə). Sevməkmi!? Heyhat! Bən yalnız ona acıyorum, həm də bir zavallıya acır kibi acıyorum.
Ə ş r ə f . Ah, nə qadar mərhəmətli, nə qadar alicənabsın! (Təkrar əllərini öpməyə başlar.)
Mariya (dışarıdan). Əşrəf bəy! Roza!
Roza. Gedəlim artıq, validəm bəkliyor.
Əşrəf. Şeydayə yazılacaq bir-iki sözüm var. Sən get, bən də şimdi gəlirim.
Roza (çıqaraq). Saqın, çoq gecikmə...
Əşrəf. Bu saət gəlirim. (Masa üzərindən bir parça kağız alır, lakin bir şey yazamaz, cığarayı dumanlataraq ağır və düşüncəli adımlarla odada gəzinməyə başlar.)
Şeyda (pərişan bir qiyafətdə daxil olaraq). Vay, əfəndim! Xoş gəldiniz, səfa gətirdiniz... (Əşrəfin əlini sıqaraq.) Nasıl oldu da birdənbirə dərvişləri yad etdiniz?
Əşrəf (heyrətlə). Dərvişmi? Vallahı bən bu dərvişliyi sultanlığa tərcih edərim.
Şeyda (acı təbəssümlə). Bəlkə!..
Əşrəf. Lakin gözümə pək məhzun görünüyorsun.
Şeyda. Orasını hiç sorma.
Əşrəf. Təbiətimi biliyorsun, Allah eşqinə söylə, qəlbində nə varsa həpsini aç, söylə!
Şeyda (müztərib). Nə söyləyim, qardaşım, nə söyləyim! Tam iki aydır ki, tale, iqbal, ümid, ümidi-istiqbal, hər şey, əvət, hər şey bəncə məhv olub bitmiş... Lakin bunca ümidsizliklərə qarşı, yenə kəndimdə bir az mətanət, bir az müqavimət hiss ediyordum. (Həyəcanlı.) Əfsus, əfsus ki, o da qeyb oldu. Əvət, yalnız Rozanın eşqi ilə yaşıyordum, yalnız o qəddar afətlə təsəlli buluyordum; əfsus ki, o da bəni atdı, o da bəni unutdu. Bir binada yaşıyorkən həftələrlə gözümə görünmüyor.
Əşrəf. Xayır, Şeyda! Yanılıyorsun, çünki o son dərəcə lütfkar və mərhəmətli bir mələkdir.
Şeyda (mə’yus). Əvət, ehtimal ki...
Roza (daxil olaraq). Aqşamlar xeyir, Şeyda, nasılsınız? (Əlini Şeydaya uzatır).
Şeyda (əl verərək). Təşəkkür edərim.
Əşrəf (Şeydaya). Bilirmisin, yarın mayısın biridir. Onunçin mürəttiblər bir səhra gəzintisi, səhra ziyafəti yapıyorlar, bizi də misafir də’vət ediyorlar.
Roza. Nerəyə? Əcəba hanki tərəfə gediyorlar!?
Ə ş r ə f . Hanı ya, şəhərdən kənar, təpə başında mənzərəli bir bağça yoqmu ya? İştə oraya getmək istiyorlar.
Roza. Çalğı taqımı da olacaqmı?
Əşrəf. Təbii, çalğısız bir ziyafət nəyə yarar?
Roza. Nədənsə bilməm; Şərq musiqisi bənim son dərəcə xoşuma gediyor.
Əşrəf. Tənəzzül buyurulsa pək məmnun oluruz.
Roza. Zatən, bən səhra gəzintisini pək sevərim, maneə çıqmazsa bərabər gedəriz.
Əşrəf. Baqalım, Şeyda nə diyor?
Roza. Şübhəsiz, rədd etməz.
Əşrəf. (Şeydayə). Gələcəkmisin?
Şeyda (yarı mütərəddid). Gəlirim, əfəndim.
Mariya (dışarıdan). Roza! Nə oldunuz?
Roza (qapı arqasından). Gəliyoruz, gəliyoruz. (Hər ikisinə). Haydı, birər qəhvə içəlim.
Şeyda. Təşəkkür edərim.
Əşrəf (Şeydayə). Haydı, baqalım...
Şeyda. Azacıq rahatsızım, siz buyurun, bən də sonra gəlirim.
Əşrəf (Rozaya). Zərər yoq, biz gedəlim.
Mariya (dışarıdan). Roza!..
Roza. Gəliyoruz.
Əşrəflə bərabər çıqar. Şeyda alnını ovuşturaraq düşüncəyə dalar.
Məsud (dışarıdan). Müsaidə buyurulurmu?
Şeyda. Kim o? Gəl baqalım.
Məsud (birinci və ikinci mürəttiblə bərabər daxil olaraq.) Çoq şükür, nihayət bula bildik.
Şeyda. Buyurun, əfəndilər, oturun... (İskəmlə və karyola üzərində otururlar.)
Məsud. Nerdəsin, yahu? Bu aqşam bir kərə kəndim, bir daha Rəufla bərabər gəldik. Odada yoq idin...
Şeyda. Azacıq hava almaq için dışarı çıqmışdım.
Məsud. Yenə nə olmuş? Gözümə pək dalğın görünüyorsun.
Şeyda. Canım sıqılıyor.
Məsud. Fəqət niçin?
Şeyda. Hiç kəndim də bilmiyorum.
Məsud (yerindən qalqaraq arqadaşlarına). Haydı, gedəlim, rahatsız etmiyəlim. Yarın bağçada uzun-uzadıya qonuşuruz.
B i r i n c i m ü r ə t t i b . Azacıq otursana, nə əcələ ediyorsun?
Şeyda. Otur, otur, baqalım nə yapıyorsunuz. Işlər nə yolda?
Məsud (arqadaşlarına işarətlə). Onu inqilabçılara sormalı...
B i r i n c i m ü r ə t t i b (Şeydayə). Mə’lum ya, siz Məcid əfəndiyi daha eyi tanıyorsunuz. Bu hərif bizə göz veriyor da, işıq vermir. Birisi xəstə, ya səqət oldumu, əsla umurunda deyil; maaşlar həp əski halda, bir quruş artdığı yoq, lakin iş, vəzifə qucaq-qucaq... Həm də gündən-günə üstünə gəliyor da, əksilmiyor. Artıq bu rəzalət çəkilməz, bu istibdada təhəmmül edilməz.
Şeyda. Pəki, çarə?
B i r i n c i m ü r ə t t i b . Çarəsi pək qolay... (Kəskin bir ahənglə). İşdən çəkilmək, haqqımızı tələb etmək, iştə bu qadar!..
Şeyda. Pək gözəl... Tələbnamə yazılmışmı?
B i r i n c i m ü r ə t t i b . Əvət, baqa bilərsin... (Qoltuq cibindən böyük qit’ədə bir kağız çıqarar).
Şeyda (alıb baqaraq). Hər halda əl birliyi, dil birliyi ən böyük şərt. Həm də son dərəcə diqqət və ehtiyat lazımdır.
İ k i n c i m ü r ə t t i b . Əmin ol, bəyim! Həpsi öncə düşünülmüş...
Məsud. Fəqət şu tələblər son dərəcə ağır və kəskin... Bana qalırsa, azacıq yüngül və mülayim yazılmalıydı.
B i r i n c i m ü r ə t t i b . Yanılıyorsun, Məs’ud, pək yanılıyorsun. Bir kərə düşün ki, biz tələb edəcəyiz; boyun büküb yalvarmıyacağız.
Şeyda. Əvət, haqq alınır, verilməz.
Məsud. Lakin o güclü, biz aciz... O halda nə yapa biliriz?
Şeyda. Fir’onu qəhr edən Musa bir çobandan başqa bir şey deyildi. Lakin sarsılmaz bir ruh ilə meydana atıldı. Öylə qəddar, zalım bir imperatora qalib gəldi. Zöhhakı məhv edən Gavə yoqsul, arqasız bir dəmirçi idi. Fəqət atəşli bir qəlblə inqilaba başladı, öylə xunxar, məğrur bir hökmdarın taxtını başına çevirdi. Məcid əfəndi kimdir?... Yalnız o deyil, hətta onu qudurtan qocaman rus çarlığı belə bu günyarın yerin dibinə batır.
Məsud. Pək ə’la, nasıl istərsəniz, öylə yaparız. (Saatına baqaraq). Getmiyəlimmi? Vaqt pək gec...
B i r i n c i m ü r ə t t i b . Əvət, artıq mane olmayalım.
Şeyda. Xayır, mane deyilsiniz... fəqət şu kağız bəndə qalsın, eyicə oqur, düşünürüm də, yarın kəndi fikrimi söylərim.
İk i n c i m ü r ə t t i b . Daha eyi, daha eyi...
Məsud. Haydı, gedəlim.
B i r i n c i və i k i n c i m ü r ə t t i b . Allaha ısmarladıq...
Şeyda. İzzət və səadətlə...
Onlar təmənna edib çıqdığı sırada Şeyda bağça tərəfə olan pəncərəyi açır. Əllərini göksündə çapraz edərək dalğın və düşüncəli bir halda bağçaya baqar.
Roza (gələrək). Şeyda! Niçin gəlmiyorsun? Babam səni bəkliyor.
Şeyda (həzin bir ah çəkərək cəvab verməz).
Roza. Əcəba, nə var, nə olmuş?.. Bu gecə səndə ağlar gözlü bir öksüz ruhu, pürşikəstə bir şair iztirabı var.
Şeyda (ona yaqlaşaraq). Xayır, xayır... Olsa-olsa, bəndə ancaq sərsəri bir məcnun qəlbi, fələkzədə bir aşiq hissi ola bilir. Fəqət o qəlbi avutacaq bir nəzəri-şəfqət istər ki, o da yalnız sənin mə’sumanə baqışlarındır. O, hissi oqşayacaq bir şəhpəri-təsliyət istər ki, o da yalnız sənin nurdan dökülmüş əllərindir.
Roza. Şeyda! Pək fəna hissiyyata qapılmışsın, həm də nafilə yerə üzülüyorsun.
Şeyda (Rozanın əlini yaqalar, sinirli və həyəcanlı). Əvət... Lakin bir düşün ki, sən xırçın bir çocuq kibi şu müztərib qəlbimlə oynadın, həm də aylarca əlində atıb-tutdun, adəta onu bir çocuq oyuncağı zənn etdin... Ah, fəqət, nihayət, nihayət birdən-birə qırıb parçaladın, birdənbirə ayaqlar altında çignəməyə başladın.
Roza (əlini çəkərək). Salonda bəkliyorlar, şimdi gedəlim də, sonra...
Əşrəf (gəlir. Əvvəl Rozanın, sonra Şeydanın əlini sıqaraq). Müsaidənizlə, bən gediyorum.
Roza. Niçin? Əcələ bir işinizmi var?
Əşrəf. Əvət, babam uşaq göndərmiş. Bir məsələ için bəni görmək istiyormuş.
Roza. Hiç bu oldumu ya!? Həftədə bir gəlirsiniz, o da böylə...
Əşrəf. İştə talesizlik, bənim için böyük talesizlik. (Şeydayə) Sağlıqla, əzizim, yarın təkrar görüşürüz. (Təmənna edərək çıqar, Roza da kəndisini izlər).
Maks Müller (dəxi çıqar, Əşrəfə). Əşrəf bəy! Evimizi tanıdınız, şübhəsiz tez-tez gəlirsiniz. (Şeydayə) Şeyda! Buyurun, qəhvə içəlim.
(İçəri girər).
Şeyda. Təşəkkür edərim.
Mariyanın səsi (dışarıdan). Əşrəf bəy! Yarın aqşamlayın yenə bəkləriz.
R o z a n ı n s ə s i . Saqın, unutma, gəl ha!..
Ə ş r ə f i n s ə s i . Pəki, əfəndim, pəki.
Şeyda qapıyı qapar. “Ah” deyə qısqanc və mə’yus bir tevr ilə əli alnında olaraq iskəmləyə oturur.
Pərdə
ÜÇÜNCÜ PƏRDƏ
Bağçada ətrafı yeşilliklər, güllər və çiçəklərlə süslənmiş fəvvarəli bir havuz... Kənarda çinarlar, sərvlər... oturmağa məxsus uzun sıralar... Ta uzaqlarda gözəl və şairanə mənzərələr... Mayıs, ikindi çağı. Açıq hava... Pərdə açıldıqda Şeyda yeşil çəmən üzərində, yanüstü olaraq uzanmış görünür. Cığarasını dumanlataraq, düşüncəli bir baqışla ətrafı seyrə dalar. Bu sırada Qara Musa sür’ətli adımlarla
qarşı tərəfdən keçib gedər.
Şeyda (həmən yerindən qalqaraq). Musa əfəndi, Musa!..
Musa (istehzalı təbəssümlə). Xayır, əzizim, bən artıq bildiyin Musa deyilim. Şimdi bana səfillər kralı, sərsərilər sultanı derlər. (Yoluna dəvam etmək istər).
Şeyda (bıraqmayaraq). Yahu, nerəyə? Bu sürətlə nerəyə?
Musa. Gedəcək bir yerim yoq... Yalnız bir şikar izliyorum. Boğub parçalamaq için bir tilki arıyorum.
Şeyda. Musa! Şu müəmmaları bıraq da, gəl azacıq qonuşalım.
Musa. Şübhəmi ediyorsun?.. İştə isbat! (Yamaqlı paltosunun cibindən böyücək bir tabança çıqarır).
Şeyda. Allah eşqinə, hiç tabança ilə şikar edilirmi ya?
Musa. Zatən bənim avlayacağım şikarları bu daha gözəl nişanlaya bilir.
Şeyda (onun sarıqlı əlinə işarətlə). Əlin nasıl? Hənuz sağalıb bitmədimi?
Musa (acı-acı gülərək). Mətbəə yadigarı olan şu barmaqlara yürək qanı sürülmədikcə mümkün deyil, sağalmaz, həm də o qan yalnız zəngin, pək zəngin bir insan qanı olmalı, anlıyormusun?
Şeyda (mütəəssir və mərhəmətli). Anlıyorum, əvət, anlıyorum.
Musa. İştə bu qadar! (Uzaqlaşmaq istər).
Şeyda. Musa, Musa!
Musa (əli ilə rədd edərək). Daha vaqtım yoq. Haman sür’ətli adımlarla çəkilib gedər. Şeyda onun arqasınca bir qadar şaşqın nəzərlərlə baqmaqda dəvam edər. Bu sırada mürəttiblərin çalğı ilə həmahəng olduqları halda, marş söyləyərək yaqlaşdıqları eşidilir. Şeyda eyni tərəfə doğru ilərlər. Mürəttiblər tə’til günlərinə məxsus əlbisədə, əllərində birər qızılgül olaraq gəlirlər. Fəqət Şeyda onların arasında görülməz.
M ü r ə t t i b l ə r i n s ö y l ə d i y i m a r ş :
Yaş zindanlar yuvamız,
Fəlakət aşinamız,
Ordular yıqan qurşun
Olmuş bizim qidamız.
Arqadaş, göz aç, aman!
Qalq ölüm uyqusundan!
Zülmə çoq əydin boyun,
Çok əzildin, qalq, oyan!
Gözlərdə qalmamış nur,
Könüllərdə yoq sürur;
Qanı bitmiş cəsədlər
Er-gec sönər, məhv olur.
Arqadaş, ayıl bir an!
Haqsızca olma qurban!
Yetər, miskinlik yetər,
Qalq! Oyan, oyan, oyan!
Marş bitdiyi sırada mürəttiblər iki-bir, üç-bir sıralara otururlar. Bir qaçı da gəlişi gözəl ot üzərinə uzanıverir. Xanəndə və sazəndələr isə çalğı taqımını bıraqıb bir tərəfə gedərlər.
B i r i n c i m ü r ə t t i b (arqadaşlarına). Yahu, Şeyda nə oldu?
Rəuf. Nə olacaq?! Rozayı görməyincə mə’yus olub da bağçayı tərk etdi.
Məsud. Doğrusu məhəbbət çəkilməz bir bəladır.
Rəuf. Əvət, bəla... Fəqət ən sevimli bir bəla...
B i r i n c i m ü r ə t t i b . Xayır, məhəbbət bulunmaz bir səadətdir.
İ k i n c i m ü r ə t t i b . Əvət, səadət... Fəqət ən fəlakətli bir səadət!
Bu sırada mürəttiblərdən bir qaçı sağ tərəfdə, pək uzaqda məraqlı bir şey görmüş kibi baqışırlar. Haman sevinc və təlaş ilə arası kəsilməksizin ıslıq çalmağa başlarlar.
Məsud. Kim o? Yenə kimi çağırıyorsunuz?
B i r i n c i m ü r ə t t i b . Musayı, Qara Musayı...
Rəuf. Gerçəkdən omu?
İ k i n c I m ü r ə t t i b . Əvət!
Rəuf (diqqətlə baqaraq). Əvət, tam kəndisi...
Məsud (mürəttiblərdən birinə). Haydı, onu buraya çağır.
Bir mürəttib dərhal qoşub gedər.
B i r i n c i m ü r ə t t i b . Fəqət tuhaf adam, bir kərə olsa da dönüb baqmaq istəmiyor.
İ k i n c i m ü r ə t t i b . Bəlkə burada bulunduğumuzu bilmiyor.
Rəuf. Kim bilir; zavallının başında yenə nə fəlakət var.
Məsud. Allah etməsin, canım, yazıqdır. İki ay yoq ki, həm qardaşı Yusifi, həm də bir danəcik oğlunu qara topraqlara gömmüş.
Rəuf. Fəlakət birmi ya! Var-yoq bir evi vardı, dün Məcid əfəndi onu da əlindən aldı. Həm də zorla, hökumət əli ilə...
Məsud. Ah, insafsız, mərhəmətsiz!..
Rəuf. Hələ Əşrəf, hələ Əşrəf!
Məsud. Pəki, o nə yapmış?
Rəuf. Evi günündə boşaltmadığı için biçarəyi alçaqcasına təhqir etmiş, ağzına gələni savurmuş.
B i r i n c i m ü r ə t t i b . İştə son mükafat!
İ k i n c i m ü r ə t t i b . İştə bizim kibi səfillərin cəzası!
Məsud. Əvət, bu gedişlə ki, biz gediyoruz, daima önümüz uçurumdur. Həm də öylə fəlakətli uçurum ki, əsla qurtuluş yoq, əsla çarə yoq...
B i r i n c i m ü r ə t t i b (qoltuğundakı tələbnaməyi çıqarıb silkərək). İştə çarəsi pək qolay!.. Yalnız həmiyyət, qeyrət lazım... Yalnız erkəkcə mətanət lazım... Yoqsa, həşərat kibi yüzüstü süründükcə, əsla ağ gün görmiyəcəyiz. Həm də gündən-günə əzilib məhv olacağız.
İ k i n c i m ü r ə t t i b . Daha düşünmək lazım deyil, yarın tələbnaməyi verməli, hüququmuzu tələb etməli!
B i r i n c i m ü r ə t t i b . Əvət, ya dediyimizi yürütməli, ya mətbəəyi tərk etməli!
İ k i n c i m ü r ə t t i b (yerindən qalqaraq). Həm də başqa söz istəməz. Ya əvət, ya xayır.
Məsud. Bana qalırsa, bir az mülayim olmalı; hər işdə hiddətdən ziyadə mühakimə aramalı.
B i r i n c i m ü r ə t t i b (hiddət və həyəcan ilə). Xayır, başqa laf istəməz. Ya əvət, ya xayır.
Bu sırada Musayı çağırmaq için gedən mürəttib gəlir.
Məsud. Nə oldu? Gəlmədimi?
M ü r ə t t i b . Xayır, sür’ətli adımlarla aşağıki qapıdan çıqıb getdi.
Rəuf. Eyi ki, gəlməmiş, Əşrəfi gördüyü kibi qanı xarab olacaqdı.
B i r i n c i m ü r ə t t i b (ətrafa baqaraq). İştə gəliyorlar. Məsud. Haydı, əfəndilər! Keyf vaqtında keyf, iş vaqtında iş, anlaşıldımı?
B i r i n c i m ü r ə t t i b (kağızı cibinə qoyaraq). Əvət, sözümüz sözdür.
İ k i n c i m ü r ə t t i b . Öldü var, döndü yoq!
Məsud (gələn çalğıçılara). Haydı, başlayın, baqalım, çoqdan bəri ruhumuza qida verilmədi.
Onlar hazırlandığı sırada Roza ilə Əşrəf gələr.
Rəuf. Maşallah, buyursunlar əfəndim.
Hər kəs yerindən qalqar, təmənna edər.
Əşrəf. Aman, rica edərim, oturunuz, biz bir qadar gəzinmək istiyoruz.
Roza. Şu tərəf daha gözəl deyilmi?
Əşrəf. Əvət (mürəttiblərə). Lakin bizi burada bəkləməyin, doğru çinar altına gedərsiniz, biz də şimdi oraya gəliriz.
Rəuf (çalğıçılara). Haydı, bir segah çal, baqalım.
Çalğı başlar.
Əşrəf (Roza ilə bərabər uzaqlaşaraq). Çalın, oquyun! Biz də uzaqdan zevqinizə iştirak edəriz.
Xanəndə (aydın bir ahənglə başlar).
Yad eylədikcə vəslini, ey mahi-təl’ətim!
Ağlar gözümdə qanə dönər əşki-həsrətim,
Sənsiz füzun olur gecə-gündüz fəlakətim,
Səbrim tükəndi, yoq qəmi-hicranə taqətim,
Gəl, gəl! Bənim gözəl mələyim, nazlı afətim.
Rö’yada bən keçən gecə eylərkən ahü zar,
Sən vermədinmi bir əbədi vəsl için qərar!?
İnsafə gəl, aman! Bəni məhv etdi intizar,
Səbrim tükəndi, yoq qəmi-hicranə taqətim,
Gəl, gəl! Bənim gözəl mələyim, nazlı afətim.
Ruhum! Səadətim sana vabəstə hər zaman,
Sənsiz cihanda bən yaşamaq istəməm, inan!
Artıq bıraq sitəmləri, gəl, bağrım oldu qan,
Səbrim tükəndi, yoq qəmi-hicranə taqətim.
Gəl, gəl! Bənim gözəl mələyim, nazlı afətim.
Bu sırada, mürəttiblər həpsi xanəndə ilə həmavaz olaraq, xüsusi ahənglə.
Gəl, sevgili yarım, gözəlim, qönçə dəhanım!
Gəl, ruhi-rəvanım!
Vazehdir, əminim, sana hər razi-nihanım,
Ey afəti-canım!
Sən bir güli-xəndan, bən bülbüli-nalan,
Biz hər ikimiz bir çəmənistanə şitaban.
Məsudun işarətilə hər kəs yerindən qalqaraq, oquya-oquya gedərlər.
Sənsiz bana zindan görünür sanki bu aləm,
Hiç könlüm açılmaz.
Sarmış bütün ətrafımı qəm-qüssə, nə etsəm,
Bir yanə qaçılmaz.
Gəl, dönmə vəfadan! Vaz keç bu ədadan!
Gəl, gəl, mələyim! Gəl, bəni qurtar bu bəladan.
Onlar çəkildikdən sonra, Roza ilə Əşrəf qol-qola gəlirlər.
Əşrəf. Ah, şu gözəl mənzərələri seyrə daldıqca, insan cənnətin xəyaldan ziyadə həqiqət olduğuna inanmaq istiyor.
Roza. Əvət, gerçəkdən bahar aləmi, başqa bir aləm...
Bu sırada Şeyda, arqa tərəfdə, ağaclar arasında görünür. Mütəcəssis və qısqanc bir tevrilə onları dinlər.
Əşrəf (Rozayı məftunanə bir baqışla süzərək). Roza, Roza, Allah eşqinə, baqmıyormusun!? Aman, yarəbbi! Şu bulutların bir-birinə sarılması, ta ötədə iki quşcuğazın baş-başa verib də həsb-hal etməsi, ətrafımızdakı çiçəklərin dodaq-dodağa öpüşməsi nə qadar munis, nə qadar şairanə!?
Küçük bir tərəddüd və sükutdan sonra hər ikisi aşiqanə bir nəzərlə baqışar və iki dodaq biixtiyar bir-birinə yaqlaşar, fəqət öpüşməzlər.
Şeyda (məcnunanə bir fəryad ilə). Roza! Ah Roza!
– deyə ilk öncə hücum etmək istər. Fəqət nifrət və hiddətlə geri çəkilir. Haman sür’ətli adımlarla uzaqlaşıb gedər. Roza ilə Əşrəf şaşırıb da nə yapacaqlarını bilməzlər. Şeyda çəkildiyi sırada qarşı tərəfdən qaba və qorqunc bir qəhqəhə eşidilir. Bu qəhqəhədən onlara daha böyük bir şaşqınlıq gəlir.
Roza (müztərib). Əşrəf, Əşrəf! Artıq gedəlim.
Musa (əlində tabança olduğu halda qarşıdan çıqar, amiranə bir tevrlə). Xayır, gedəmiyəcəksiniz.
Əşrəf (şaşqın). Ah, Musa!
Musa (zəhrxəndlə). Əfv edərsiniz, rahatsız etdim.
Roza. Gedəlim, Əşrəf, gedəlim.
Musa (tabançayı əlində sallayaraq). Dedim ya, gedəmiyəcəksiniz.
Əşrəf. Musa! Aqlını başına topla, yoqsa...
Musa. Ya! Yoqsa... (Istehzalı qəhqəhələr ilə gülər.)
Əşrəf (əlini sür’ətlə cibinə soqaraq təhdidamiz). Musa!
Musa. Bəni təhdid ha!? (Qəhqəhə ilə tabançasını göstərir.) Hiç məraq etmə, əzizim! Bunda yalnız üç danəcik qurşun var. Onların ikisi Məcid əfəndiylə sana, biri də yalnız, yalnız kəndimə məxsusdur. (Müstəhzi.) Əvət, bən sizin kibi insafsız deyilim. Sizə rəva gördüyümü əsla kəndimdən əsirgəməm.
Əşrəf (yanında silah olmadığı anlaşılır bir tərzdə, əlini cibindən çıqarır, yarıkinli, yarımülayim). Musa! Musa!
Musa (sarılı əli ilə sağ əlini göstərir). Baq, bu tək əli görüyormusun? İştə, səni təlaşa düşürən də yalnız budur, bu! (Təbdili tevrlə). Tək əl işə yaramazmış, tək əldən səs çıqmazmış; öyləmi!? (Acı və şiddətli qəhqəhələrlə gülər).
Əşrəf (müztərib). Musa!
Musa. Tək əl işə yaramazmış, deyilmi? Tək əldən səs çıqmazmış, öyləmi!? (Məcnunanə qəhqəhə ilə). Halbuki bir danəcik yavrumu, vərəmli qardaşımı bununla, iştə bu tək əlimlə qara topraqlara gömdüm. Hətta bu gün səni də, kəndimi də, o vicdansız babanı da, yenə bu tək əlimlə rahatlandıracağım; həm də bu gün, anlıyormusun?
Bu sırada hava tutulur. Ara-sıra göy gürləməsi dəvam edər.
Roza (qorqu və iztirabla). Ah, aman, yarəbbi!
Əşrəf (para çantasını çıqarıb açar, Musaya doğru bir-iki adım iləriləyərək). Musa! Bu işin sonu xeyirli olmaz. Al, nə qadar para istiyorsun, al! Lakin...
Musa (zəhrxənd ilə). Xayır! Xayır. O paralara bir az sonra nə sənin ehtiyacın olur, nə bənim. Həm də bu gün sizə öylə bir cəza verməliyim ki, bundan sonra hər kəsə ibrət olsun (qəhramiz) və siz ruhda olan zənginlər, o vicdansız haydutlar, o e’tibarlı xırsızlar bir daha bənim kibilərin qanını içməsinlər. Bir daha gücsüzləri çegnəyib əzməsinlər, artıq anlasınlar ki, yalnız yaşamaq deyil, yaşatmaq da lazımmış! (Vəhşicə bir baqışdan sonra haman nişan alır.)
Roza. Ah!
Ə ş r ə f . Musa!
Musa. Sus, daha kafi!
Tabança patlar, Əşrəfin sol qolu yaralanır.
Əşrəf (sağ əli ilə yaralı qolunu tutaraq). Ah!..
Sıraya oturur.
Roza (Əşrəfə sarılaraq). Aman, yarəbbi! (Musaya). Cəllad!
Musa. Xayır, bu olmadı.
Roza (niyazkar). Musa!
Musa (son dərəcə kinli və qızğın). Çəkil!
Roza. Allah eşqinə...
Musa. Çəkil, diyorum, sana!
Tapança bir daha patlar. Əşrəflə Musanın arasında duran Rozanın köksünə isabə edər. Musa dərhal çəkilir.
Roza. Ah, annəciyim!.. (Bitab olaraq sıra üzərinə düşər).
Pərdə
DÖRDÜNCÜ PƏRDƏ
Ətrafı sərvlərlə əhatə olunmuş bir xıristiyan məzarlığı, səhnənin ucunda, məzarçıya məxsus bir oda, hənuz günəş batmamış... Mariya matəm əsvabında olaraq, ətrafı, üzəri əklillərlə, çiçəklərlə süslənmiş tazə bir məzar qarşısında dalıb gedir. Müller isə mütəəssir bir halda düşünüb durur. Bu sırada aşağıdakı türkü – şikəstə havasında olaraq – yaralı və tutqun bir ahənglə ətrafdan eşidilməyə başlar.
Türkü
Fələk hər gün qıyar bir novcəvanə,
Hər gün qılar bir aşiqi divanə.
Hər tərəf məzarlıq, hər yer qəmxanə,
Açılmadan solmuş çiçəkli bağlar.
Bir gülən yoq şu qayğılı dünyadə,
Çoqlar nakam olub irməz muradə,
Kimsəni görmədim zevqü səfadə,
Bülbül ağlar, sünbül ağlar, gül ağlar.
Maks Müller. Artıq günəş batıyor, getmiyəlimmi?
Mariya. Ah, bənim yeni doğmuş günəşim batdıqdan sonra, başqa günəşlərin batıb çıqmasında nə əhəmiyyət ola bilir!? (Gözləri yaşarmış olduğu halda). Ah, Roza, Roza, mələk Roza!
Maks Müller (onun qolundan tutaraq). Gedəlim, Mariya, vaqt keçiyor. (Istirham və nəvazişlə). Haydı, qalq, Mariya!
Mariya. Ah, bəni buracıqda, yavrucığazımın yanında bıraqıb getsən, daha məmnun olurum.
Maks Müller. Mariya! Gedəlim; qalq, gedəlim, yarın yenə gəliriz.
Mariya (qalqaraq). Gedəlim, of, gedəlim. (Müllerin yardımı ilə dörd-beş adım yürür, birdən-birə yaralı ahu baqışilə dönüb baqaraq.) Əlvida! Yavrum, əlvida!
Hər ikisi məhzun və mütəəssir adımlarla çəkilir. Bu sırada Rəuf ilə Məs’ud gəlir.
Rəuf (Mariyanın uzaqlaşdığı tərəfə baqaraq). Zavallı Mariya, bir an səbr və aramı yoq.
Məsud. Nə yapsın? Gözünün işığı, yeganə ümidi, bir qızcığazı var idi, o da əlindən getdi. Əvət! Mariyanın halı pək acınacaq bir hal... Lakin şu Musaya nə dersin? Bir həftə var ki, hökumət hərifi arıyor da, bir dürlü bulamıyor.
Rəuf. Doğrusu, bən onun sağ qaldığına əsla inanamıyorum. Allah Məcid
əfəndinin bəlasını versin, hərifi durduğu yerdə bədbaxt etdi.
Məsud. Hələ Şeyda, hələ Şeyda! Onu unutuyormusun?
Rəuf. Onu hiç söyləmə! Şeydanın dərdi çəkilir dərdlərdən deyil... O, Rozanın məcnunu olmuş, bən də onun. Yoqsa şimdi bənim buralarda nə işim?
Məsud. Nə etməli; əzizim, məhəbbət əsarətdir.
Rəuf. Ən tuhafı bu ki, Şeyda Rozanın ölümünə əsla inanmaq istəmiyor.
Məsud. Öylə isə onun burada nə işi?!
Rəuf. Kim bilir, bəlkə...
Məsud. Bəlkə biliyor da, sezdirmiyor, sezdirmək istəmiyor.
Rəuf. Xayır, inan ki, Əzrail belə şəhadət eyləsə yenə inanmaz.
Məsud. Haydı, kəndisini bulalım da, bən işin həqiqətini şimdi anlarım. Bu halda məzarçı odasından çıqar.
Rəuf (məzarçıya). Arqadaş! Dünkü hərifi gördünmü?
Məzarçı. Şıq bəyimi? Ixtiyarımı? Dağınıq saçlı dəliqanlıyımı? Hankisini soruyorsun?
Məsud (Rəufa). Şu böylə ixtiyar kim imiş, əcəba?
Rəuf. Bəy bizim Əşrəf, ixtiyar da babasıdır.
Məsud. Pəki, onlar burada nə yapıyor?
Rəuf (Rozanın məzarına işarətlə). Əşrəf bəy şu məzarın daimi mücavirlərindəndir. Babası da hər aqşam oğlunun arqasınca qoşub duruyor, kölgəsi kibi peşindən ayrılmıyor.
Məzarçı (ətrafa). Əcaib şey! Nerdə bir şaşqın, sərsəri varsa həp buraya toplaşır.
Məsud. Haydı, Şeydayı bulalım da evə gedəlim.
Rəuf. Əvət, gedəlim, bəlkə şad bir xəbər duyarız.
Məsud. Nə şad xəbər?
Rəuf. Inqilab xəbəri...
Məsud. Nasıl inqilab?
Rəuf. Yəqindir ki, qocaman şimal ayısının dərisi parçalansın. Müstəbid rus zənciri üzərimizdən qalqsın və hər millət kəndi yurduna, kəndi hüququna qavuşsun.
Məsud. Gəl canım, gəl... sən də Şeyda kibi xəyalpərəst olma!..
Gedərlər.
Musa başında əski, yırtıq bir şapka, təbdili-qiyafət etmiş olduğu halda məzarçı odasından çıqar. Rəufla Məs’ud getdiyi tərəfə baqaraq məzarçıya.
Musa. Onları tanıyormusun? İştə bizim əski arqadaşlar!
Məzarçı. Aman, odaya çəkil; başqa bir adam daha gəliyor.
Musa (müstəhzi). İştə o da bizim başımızın sahibi Məcid əfəndi! (Məmnun). Amma nə eyi təsadüf. Hiç şimdiyə qadar bir avın avçıyı izlədiyini eşitdinmi?
Məcid əfəndi. Haydı, söylənmə, odaya get; bən də şuradakı odunları gətirəyim.
Musa. Pəki, arqadaş, pəki... (odaya girər, məzarçı da bir tərəfə gedər).
Məcid əfəndi (ağır adımlarla məzarçının odasına yaqlaşaraq). Bana baq! Orada kim var?
Musa (çıqar. Tanınmayacaq bir səslə). Kimi istiyorsun?
Məcid əfəndi. Əşrəf buraya gəlmədimi?
Musa (sükut edər).
Məcid əfəndi. Hər aqşam buraya gələn dəliqanlıyı görmədinmi?
Musa (cəvab verməksizin ona yaqlaşar).
Məcid əfəndi (qorqu və hiddətlə). Sağırmısın, yahu? Niçin cəvab vermiyorsun?
Musa. Əvət, alçaqca sözləri eşitməmək için sağırım.
Məcid əfəndi. Ah! (Deyə geri çəkilir).
Musa. Al, İştə sana ən kəskin cəvab! (Dərhal revolverlə köksündən vurur).
Məcid əfəndi. Ah, ax... (Deyə arqası üstə düşər).
Musa (vəhşiyanə). Gəbər!.. Gəbər, alçaq hərif, gəbər!.. Nihayət cəzanı buldun! (Müstəhzi). Tək əl işə yaramazmış, tək əldən səs çıqmazmış, öyləmi? (Çılğınca qəhqəhələrlə gülər).
Məzarçı (qoltuğunda beş-altı odun parçası olaraq gəlir, heyrət və təlaşla). Aman, şu hərif kim? Buna nə oldu?
Musa (acı qəhqəhə ilə). İştə sana yeni bir müştəri daha!
Məzarçı (şaşqın). Nə yapdın? Yahu, nə yapdın?
Musa. Başqa laf istəməz. (Cənazəyə işarətlə). Haydı, al da şuracıqdakı boş məzarə göm! (Təbdili-tevrlə). Amma şikar pək yağlı şikar! Saqın, ciblərini unutma!
Məzarçı. Ah, sən başımızı bəlayə soqacaqsın!
Musa. Haydı, çoq söylənmə! Şimdiyə qadar sən bana əmr etdin. Artıq bundan sonra sıra bənimdir.
Cənazəyi ayağından tutub göstərdiyi tərəfə çəkər, məzarçı da odun parçalarını
bıraqaraq baş tərəfdən yaqalar, bərabər götürürlər.
Əşrəf (onlar çəkildiyi sırada, yaralı qolu ağ məndillə bağlı olaraq gəlir, yaralıməhzun baqışlarla Rozanın məzarı qarşısında dalıb gedər, sonra məzarı tutaraq, sinirli və titrək bir səslə). Roza! Roza! Niçin bəni yalnız bıraqdın, niçin!?
Ani bir hiss ilə dönüb ətrafa baqar. Haman cənazə götürülən tərəfə getmək istər, bu sırada Şeyda başıaçıq, saçları dağınıq, solğun və pərişan bir halda yan tərəfdən qarşısına çıqar.
Əşrəf (bir-iki adım geri çəkilərək). Kim o?
Şeyda. Ah, xain, mərhəmətsiz!.. Sənin burada nə işin? Yoqsa, yoqsa bəni məhv etmək içinmi gəldin?
Əşrəf (müztərib). Şeyda, əmin ol ki...
Şeyda (onun sözünü kəsərək). Tanıyorum, bən səni tanıyorum, bəhanə istəməz. Qəlbimi nasıl parçaladınsa, vücudumu da öylə parçala, bəlkə rahatlanayım. (Həyəcanlı) Fəqət sən!.. Sən yaşa! Roza ilə bərabər yaşa! Roza ilə bərabər məsud ol!
Bu halda Əşrəfə doğru bir qurşun açılır. Hər ikisi şaşırıb durur. Fəqət hiç birinə dəyməz.
Musa (gələrək Şeydaya). Xayır! Xayır! Yaşayacaq sənsin, sən... Yalnız xainlər gəbərməli, xainlər məhv olmalıdır.
Əşrəf. Nə istiyorsun, yahu, bəndən nə istiyorsun?
Şeyda (ikisinin arasına girər. Istehzalı və məcnunanə bir baqışla Musaya). Çılğın hərif, səndəmi şaşırdın! Bəxtiyarların ölməsində, talesizlərin yaşamasında nə mə’na var? İştə məhv olacaq bənim, bən... Anlıyormusun?!
Musa. Aldanıyorsun, Şeyda, aldanıyorsun... Çəkil önümdən, çəkil.
Şeyda. Xayır, xayır! Bən bu intiqama razı deyilim. Baqsana, burası xıristiyan məzarlığı... şu xaçları görmüyormusun? Hiç isayı xatırlamıyormusun? İnan ki, əfv etmək, intiqam almaqdan daha müdhişdir. (Bu sırada Rozanın xəyalı görünür, təkrar çəkilir). Baq, baq, Rozayı görmüyormusun? İştə o da intiqamdan sıqılıyor, o da əfv etməni diliyor. (Qısa bir qəhqəhədən sonra) Əvət! “Düşmanlarını sev. Əgər bir kimsə sağ yanağına vursa, ona digər yanağını çevir!” Anladınmı? Hiç anlıyormusun? (İstehzalı qəhqəhələrlə gülər. Əşrəfin qolundan tutub itərək). Haydı, əfəndim, get! Get də, rahət yaşa, Roza ilə bərabər yaşa!
Musa. Xayır, getməyəcək, gedəmiyəcək!
Təkrar tapança ilə nişan almaq istər, bu sırada Rəufla Məs’ud bir tərəfdən, məzarçı da digər tərəfdən çıqar.
Rəuf. Musa! Musa! Nə yapıyorsun?
Məsud (Əşrəfin qolundan tutaraq). Bana baq, söyləyəcək sözüm var.
Bir tərəfə çəkilirlər. Musa onları izləmək istər.
Məzarçı (mane olaraq). Dur bə, şaşqın hərif! Hiç nə yapdığını düşünüyormusun? (Bu sırada bir qaç kərə ıslıq səsi eşidilir. Məzarçı təlaşla). Ah, şimdi polislər ətrafımızı saracaq.
Musa. Fəqət yılanı öldürüb də yavrusunu bıraqmaq sərsəmlik deyilmi ya?!
Məzarçı. Sus bə, yahu, çıldırıyormusun? Bəri gəl, səninlə işim var. (Musayı bir tərəfə çəkər).
Rəuf (Şeydaya). Pəki, qalpağını nerdə bıraqdın?
Şeyda (acı təbəssümlə). Ruzigarın xoşuna getdi də, alıb götürdü.
Rəuf. Vaqt keçiyor, artıq gedəlim.
Şeyda. Xayır, siz gediniz, bəncə burası daha eyi... (Məzarlara işarətlə). Çünki bunlar, bu cansız cəsədlər, bu duyğusuz biçarələr sizə nisbətlə daha səmimi, daha munis. Həm də bunlar sizlər kibi yalançı, xain deyillər; hiylə və şeytənət bilməzlər.
Rəuf (mütəəssir və mərhəmətli). Şeyda! Şeyda!
Məsud (gələrək). Daha nə bəkliyorsunuz? Haydı, gedəlim.
Bu sırada Rozanın xəyalı təkrar Şeydaya görünür.
Şeyda. Ah, gediyor. Roza gediyor, İştə sizin ölmüş bildiyiniz afət məzarları dolaşıyor, sevgilisini arıyor, Əşrəfi arıyor.
Rəuf ilə Məs’ud şaşqın və mütəəssir bir tevrilə baqışırlar. Rozanın xəyalı, gözləri yerə dikilmiş olduğu halda, bir qaç adım yürür, sonra birdən-birə dönərək əzici və kəskin bir baqışla Şeydayı süzməyə başlar.
Roza! Roza! Allah eşqinə! Bəni rahət bıraq!
Rəuf. Şeyda! Niçin kəndinə acımıyorsun? Niçin kəndini üzüyorsun? Rozanın xəyalı, munis və əfsunkar bir təbəssümlə çəkilib gedər.
Şeyda (səbirsiz). Ah! Bana darıldınmı? Aman, nerəyə gediyorsun? (Yaralı bir fəryadla). Roza! Roza! Roza!
Sür’ətli adımlarla xəyala doğru ilərilər, arqadaşları da kəndini izlər, bu sırada iki polis əllərində silah olaraq qoşub gəlirlər.
Bi r i n c i p o l i s . Ey, nə qaçıyorsunuz?
İ k i n c i p o l i s . Qımıldanma, dur!
Hər üçü durduğu yerdə dona qalır, polislər dərhal üçünün də əllərini kələpçə ilə bağlar.
B i r i n c i p o l i s (barmağilə işarət edərək, amiranə). Haydı, buyurun!
İ k i n c i p o l i s . Doğru qaraqola!
Rəuf. Əfəndim, bizdə silah yoq..
Məsud (ciblərini, qoltuqlarını göstərərək). İştə baqa bilirsiniz.
Bi r i n c i p o l i s . Söylənib durmaq fəzlə...
İ k i n c i p o l i s . Haydı, qaraqola!
Musa ilə məzarçı da əli bağlı olaraq, digər tərəfdən iki polislə bərabər gəlir, həpsi bir yerdə çəkilib gedərlər.
Pərdə
BEŞİNCİ PƏRDƏ
Üst qatda həbsxanəyə məxsus büyücək bir oda... Odanın bir qapısı, üç-dört ufaq pəncərəsi var. Rəuf ilə Məs’ud bir tərəfdə yatıyor, Şeyda isə digər tərəfdə, pəncərə önündə, öksürüb inildiyor, hər üçü dutsaq qiyafətindədir. Lampanın donuq və qəsvətli işığı mart sabahına qarşı getdikcə sönük və ölgün bir tevr alır. Şeydanın solğun çöhrəsi, dağınıq saçları acınacaq bir levhə ərz edər.
Şeyda (sayıqlar). Bıraqınız, bıraqınız!.. Ah, bəndən nə istiyorsunuz? (Çevrilərək). Of... (Sinirli və darğın). Xayır, xayır, heyhat! Heyhat!..
Rəuf. Zavallı, zavallı çocuq!
Məsud. Ya, ya... məhəbbət fəlakətdir.
Rəuf (qalqıb oturur). Əvət, fəlakət, həm də ən dəhşətli bir fəlakət!..
Məsud (qalqar, bir-iki yutum su içərək). Allah həbsxanə müdirinin bəlasını versin. Bən böylə qaba ruhlu, mərhəmətsiz hərif görmədim. Bir dutsaq bu gün xəstələndimi, yarın onu xəstəxanəyə alırlar. Halbuki Şeyda bir aydır can çəkişiyor da kimsənin umurunda deyil.
Rəuf. Məraq etmə, bu gün şübhəsiz alıb götürəcəklər, çünki doctor söz vermiş.
Məsud. Eşit, inanma!.. Öylə tatlı sözlər pək çoq, fəqət əməl yoq, nəticə yoq; hanya? Bir zaman sən də kahinlik ediyordun, “bizi dört günlüyə həbs etmişlər” diyordun, nə oldu? O sözlər nə oldu? Şimdi doquz aydır burada yatıyoruz da hənuz qurtuluş ümidi yoq.
Rəuf. Hiç təlaş etmə! Hər nasıl olsa, iki-üç gün sonra çıqarız.
Məsud (istehzalı qəhqəhələrlə). Əvət, iki-üç gün sonra!?
Rəuf. Yahu! Bir düşünməli ki, işin əvvəlində məzarçı ilə Musayı bizdən ayırdılar, həm də aşağı qatda qəsvətli və qaranlıq bir bodruma yerləşdirdilər. Demək ki, biz cinayətdə pək də müttəhim deyiliz.
Məsud. Həp xülya, əfəndim, həp xülya!..
Rəuf. Əvət, xülya, sağlıq olsa, iki gün sonra anlarsın.
Məsud (e’timadsız). Baqalım!
Rəuf. Hələ tuhaf bir xəbər var ki, sən deyil, hətta bən kəndim də inanamıyorum. Söylənən sözlər doğru çıqarsa, yalnız biz deyil, bütün millət, bütün məmləkət qurtulmuş olur.
Məsud (mütəbəssim). O nə imiş, əcəba!?
Rəuf. Böyük və dəhşətli bir inqilab, müstəbid Rusiyayı alt-üst edəcək bir inqilab.
Məsud. Əvət! Rö’yan fəna rö’ya deyil (Yorğun bir halda yatağına uzanır).
Rəuf (sevinclə). Aman, rö’ya dedin də, eyi xatirimə gəldi. Şimdicə gözlərimi qapamışdım, bir də gördüm damın üstü yarıldı, göydən nurani bir zat endi. Onun küçük bir işarəti ilə, şu böyük divar havaya qalqdı; dərhal üçümüz də quş kibi qanatlanıb uçmağa başladıq. Fəqət biz ikimiz yuca bir dağ üzərinə endik; Şeyda isə uçduqca uçdu, yüksəldikcə yüksəldi. Nihayət bulutlara qavuşaraq büsbütün qeyb oldu.
(Məsudun yanı başında uzanıverir).
Məsud (usanmış bir halda). Allahını sevərsən, şu rö’yaları bıraq da azacıq rahatlanayım, bu gecə gözümə uyqu girdiyi yoq... (Bu zaman Şeydanın yanındakı pəncərəyə parmaq ucu ilə vurularaq “Şeyda! Şeyda!..” deyə Rozanın səsi eşidilir).
Şeyda. Xayır, xayır, gəlməm. Get, Allah eşqinə, get!
Təkrar pəncərəyə vurularaq “Şeyda! Şeyda!” deyə əvvəlki səs eşidilir.
Şeyda. Nə istiyorsun? Ah, bəndən nə istiyorsun? (Üzgün bir halda qalqıb oturur. Pəncərəyi açaraq bir qadar alıq-alıq dışarıya baqdıqdan sonra). Roza! Roza! Nerəyə getdin? Niçin gəldin də, niçin getdin? Ah, niçin bana rahət vermiyorsun? Qəhr olmuş bir zavallıdan nə istiyorsun?
Rozanın xəyalı yaldızlı nurlar içində, mələk qiyafətində olaraq görünür. Süzgün və munis baqışlarla Şeydaya doğru ilərilər.
Şeyda (dönüb baqınca). Ah, rö’yamı görüyorum?
Roza (nəvazişlə). Şeyda!
Şeyda (heyrətlə). Aman, yarəbbi!
Roza (həsrətlə). Şeyda!
Şeyda. Ah, nə istiyorsun?
Roza (təbəssümlə). Şeyda!
Şeyda (darğın). Roza, Roza! Allah eşqinə, get!
Bu halda qəhrəman simalı, durğun baqışlı, qara geyimli bir mələk gəlir. Şeyda durmaz.
Roza. Şeyda! Bəni unutdunmu?
Şeyda (göküs keçirərək, sinirli). Xayır, xayır, sana pərəstiş etdiyim günləri, sana sarıldığım dəqiqələri hənuz unutmadım. İlk eşqimizlə süzülən baqışlarını, o mə’sumanə təbəssümlərini hala xatırlıyorum. Lakin, uf!.. Bəni atmış olan vəfasız Rozayı, o mərhəmətsiz afəti bir daha xatırlamam, bir daha görmək istəməm.
Qarageyimli mələk (yarınəvazişkar, yarı-amiranə bir tevrlə). Nə söylüyorsun, Şeyda, nə söylüyorsun!? O sənin məftununsa, sən də onun məcnunusun.
Şeyda (müztərib). Ah, sən kimsin?
Qarageyimli mələk. Bən bənim, müstərih ol!.. Bən oyam ki, bütün ağlar gözlər, yaralı könüllər, bütün iztirablar və həyəcanlar həp bənim sayəmdə rahət bulur, həp bənimlə mütəsəlli olur.
Şeyda (onun durğun və mə’nalı baqışlarından sarsılaraq). Uf, aman, yarəbbi!
Qarageyimli mələk (mütəbəssim). Şeyda! Sən bəxtiyarsın. Əvət, şimdi, bəxtiyarsın.
Şeyda. Xayır... xayır... Bən hiç bir təsəlli istəməm (təlaşla). Ah, o munis çöhrən nə qadar nəvazişkar isə, dərin və durğun baqışların da bir o qadar qorquncdur.
Qarageyimli mələk. Qorqma, hiç qorqma! Bən səni sıqmaq için deyil, yalnız könlünü almaq, acılarını unutdurmaq için gəldim. (Parmaqları arasında parlamaqda olan yüzüyü göstərir). İştə bu elmas yüzüyü görüyormusun? Əbədi bir nişan olmaq üzrə Rozaya təqdim ediyorum, sənin tərəfindən təqdim ediyorum. İştə, bu, qırıq könüllərinizi birləşdirir, küskün ruhlarınızı barışdırır.
Şeyda (Rozaya işarətlə). Xayır, bən ona inanmıyorum, ah, inanmaq istəmiyorum.
Qarageyimli mələk. Əmin ol, Şeyda, əmin ol! Bundan sonar hiç bir maneə, hiç bir qüvvət sizi bir-birinizdən ayıramaz. (Açıq pəncərəyə işarətlə). Baqsana! İştə bu ilahi eşqi yıldızlar da alqışlıyor, mələklər də təqdis ediyor.
Şeyda (baqar, son dərəcə heyrət və sevinclə). Aman, yarəbbi! O incə bulutların toqquşması, şu parlaq yıldızların aqışması nə gözəl!.. Ah, o rəngarəng quşlar, şu al qanatlı mələklər nasıl da oynaşıyor, necə də uçuşuyor!..
Bu sırada Rozanın xəyalı ilə qara geyimli mələk haman qeyb olurlar.
Rəuf (gözlərini ovuşdurub yerindən qalqar. Şeydayı bu halda görüncə təlaş və mərhəmətlə). Aman, nə yapıyorsun?
Şeyda (mültəfit olmayaraq). Of.. şu behişti mənzərə nə qadar lətif, nə qadar ülvi... (Dönüb Rəufu yanında görüncə). Ah, onlar nə oldu? Onlar nerəyə getdi?
Rəuf (heyrətlə). Kimi arıyorsun?
Şeyda (səbirsizliklə). Allah eşqinə, onlar nə oldu?
Rəuf. Kimi soruyorsun?
Şeyda (sinirli). Roza!.. Ah, mərhəmətsiz mələk!..
Rəuf (Şeydanın açmış olduğu pəncərəni qapayaraq). Hiç bu olur şeymi ya!? Sən nihayət, kəndini xərab edəcəksin.
Yatar. Bu sırada qomşu odadan yaralı bir ahənglə dəşti məqamı üzərinə söylənən aşağıdakı şərqi eşidilər.
İlahi, biqərarım, biqərarım,
Yanar ruhum, dəmadəm əşkbarım;
Vuruldum bir vəfasız işvəkarə,
Əsirim bən, əsiri-eşqi-yarım.
Bu sırada qara geyimli mələk təkrar görünür.
Şeyda. Uf, bu səs sanki bənim ruhumu tərənnüm ediyor (onu görüncə). Ah, yenəmi gəldin?
Qarageyimli mələk. Əvət, gəldim də bərabər gedəlim.
Şeyda. Pəki, nerəyə, nerəyə gedəcəyiz?
Qarageyimli mələk. Başqa aləmlərə, daha yüksəklərə.
Şeyda. Xayır, bən yalnız, yalnız Rozayı istərim.
Qarageyimli mələk (Rozanın görünməkdə olan duvaqlı xəyalına işarətlə). İştə, gəliyor, həm də gəlin duvağında...
Şeyda. Of, gəl, gəl də bərabər gedəlim.
Qarageyimli mələk (Rozanın göksünü süsləməkdə olan pənbə gülü Şeydaya uzataraq). İştə cənnət fidanlarından dərilmiş bir qönçə... Al, al da qoqla, baq, nə qadar gözəl qoquyor.
Şeyda (mütərəddid). Ah, xayır... xayır...
Roza. Rədd etmə, al!
Şeyda. Roza, Roza! Şu munis çöhrə könlümə dəhşət veriyor.
Onun gözlərinə əsla inanamıyorum, sanki o bəni səndən ayırmaq istiyor.
Qarageyimli mələk (mə’nalı bir təbəssümdən sonra). Əvət, bən çoq anaları yavrusuz, çoq yavruları anasız qoydum. Bir düyün, yas olursa bənim əlimlə olur. Bir məmləkət padşahsız qalırsa, yenə səbəb bənim. Əvət, bir çoqlarını eşindən ayırdım. Çoq aşiqləri sevgilisinə həsrət qoydum. Lakin, lakin sizi ayırmaq deyil, bil’əks əbədi bir eşqlə, sönməz bir məhəbbətlə qavuşturmaq istərim.
Roza. Şeyda! Bütün səadət və fəlakətlər onun əlində... O, lətifə bilməz, həm də hər sözü dəyişməz bir qanundur.
Şeyda (şaşqın və sarsılmış bir halda). Roza, Roza! Ah, fəqət, heyhat!..
Roza. Məraq etmə, hiç məraq etmə!..
Qarageyimli mələk (gülü Şeydanın burnuna tutaraq). İştə baq, nə müəttər çiçək! Nə gözəl rayihə!
Şeyda (qoqladıqdan sonra, azacıq arqa tərəfə mail olaraq). Of... Əvət...
Qarageyimli mələk (bir az daha yaqlaşaraq). İştə görüyormusun? Nə qadar sevimli, nə qadar ruhaşina!..
Şeyda (bir daha qoqlar, dərəcə-dərəcə arqaya mail olaraq sönükvə titrək bir səslə). Əvət, pək lətif, pək gözəl... Lakin, lakin (müztərib və bitab). Roza!.. Roza!..
Rozaya doğru qollarını açmış olduğu halda, arqası üstü düşər, təslimi-ruh edər. Bu sırada həbsxanə saəti bir kilisə çanı kibi vurmağa başlar. Sabah olur.
Rəuf. Haydı, Məs’ud, qalq!
Hər ikisi əcələ geyinib hazırlanır.
Məsud. Artıq yatıb-qalqmaqdan usandıq, Allah Şeydayə insaf versin.
Rəuf. Mə’yus olma, əzizim, mə’yus şeytandır. Bir gün gəlir ki, şu qaranlıq pərdələr qalqar. Zalımlar, müstəbidlər xudkam sərmayədarlar, həp əkdiklərini biçərlər, həp intiqam şərbətini içərlər.
Bu sırada uzaqdan Marselyozu andırır gurultulu və həyəcanlı bir ahənglə
aşağıdakı marş eşidilir. Hər ikisi son dərəcə heyrətlə pəncərəyi açıb dinlərlər.
Marş
Arqadaş! Əlverir bunca zillət,
Bunca qəflət yetər, qalq, oyan!
Qəhr olub getdi zülmü fəlakət,
Artıq fürsət! Gözəl bir zaman...
Çoq əzildin yetər, haydı doğrul, ər ol!
Haq sənindir bu gün, arqadaş! Hazır ol!
Haq sənin, çünki zəhmət sənin...
Güc sənin, sə’yü qeyrət sənin...
Rəuf. İştə inqilab marşı, inqilab nəğməsi! Of, nihayət istibdad heykəli devrildi. Rusiya çarlığı məhv oldu, qara bulutlar çəkildi.
Məsud. Əvət, bu da başqa bir xülya, bu da başqa bir rö’ya!
Rəuf. Yahu! Çoq keçməz, sən günəşi də inkar edərsin, hətta öz varlığına da inanmazsın.
Dışarıda gurultulu səslər eşidilər.
Qara Musa (şiddətlə qapıyı açar). Arqadaşlar, artıq zəncirlər qırıldı, haqq yerini buldu. İştə səadət günəşi parlıyor, hürriyyət pərisi gülümsüyor. İştə bu gün məzlumlar için şərəfli bir bayram, zalımlar için qorqunc bir intiqam günüdür (Şeydaya yaqlaşır). Şeyda!.. Şeyda!.. (Qolundan tutub qaldırmaq istər, hərəkətsiz bir halda yanına düşdüyünü görüncə heyrətlə). Ah, ölmüş... Şeyda... Şeyda... (deyə acı bir fəryad ilə qucaqlar).
Pərdə