Ey əhli-dil, Fənanı qoyun barı ağlasın,
Əğyarə çünki yar olub yarı, ağlasın
Mən etmək aşiqi, nə rəva, ahü zardan?
Çox dərdi var, qoyun ki, sizi tarı, ağlasın.
Gizlin xəyalı var ki, belə ahü zar edər,
Öz halinə qoyun bu diləfkarı, ağlasın!
Bülbül nəvası bisəbəb olmaz bu bağdə,
Gördükcə, hər zaman, gül ilə xarı, ağlasın.
Hicrani-yar oldu səbəb ağlamağına,
Ya rəb, görüm, həmişə səbəbkarı ağlasın!
Vursun əlilə başına hər şam, ta səhər,
Yarə qəm içrə olmadı qəmxarı, ağlasın.
Şami-fəraqdə qalıban zarü xəstəhal,
Saldıqca yadə ol məhi-rüxsarı, ağlasın.
Səsləndi Natəvanə ki, ərbabi-qəm tamam
Hali-Fənayə cəm olub elcarı ağlasın!