Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm,
Fəda olum sənə, gəl eylə imtahan, ölürəm!
Fəraqdan gecələr yatmaram sabaha kimi
Xəyali-zülfünə bağlı gedibdi can, ölürəm.
Bahari-hüsnün ara gör necə xəzanəm mən,
Bahar laləsi tək bağrım oldu qan ölürəm.
Vərəq-vərəq dilü can hicrin içrə odlandı,
Misali gəncafə səd parə oldu can, ölürəm.
O xaki-payini mən aşiyanə etmiş idim,
Vətəndən ayrı düşüb, indi laməkan ölürəm.
Dedin ki, çək əlini damənimdən, - əl çəkdim.
Tərəhhüm eyləmədin axır, ey cavan, ölürəm.
Çəkərdim həsrətini, görmədim xudahafiz,
Olubdu indi işim naləvü fəğan ölürəm.
Fəda o qəmətinə kim, qəza nə xoş çəkmiş,
Kədər büküb belimi, eyləyib kaman, ölürəm.
Lud Fəraqdan tügənib tabü taqətim, billah,
Vüsalə yetməz əlim, zarü Natəvan ölürəm.