Ta ki, axşam vəqti gördüm, ey büti-məhru səni,
Gündüzin ta şam olunca istərəm hər su səni.
Ta ki, sən getdin mənim qarşumdan, ey sərvi-rəvan,
Dəmbədəm istər rəvan olub gözümdən su səni.
Gəldi yüz min dürlü sövdayi-pərişan başimə,
Xanda gördü gözlərim, ey türreyi-hindu səni?
Yarəb, ol çöhrən nə tazə vərdi-əhmərdir sənin,
Gül qızarmış xiclətindən, lal edibdir susəni.
Ey Xətayi, sən nə bülbülsən ki, baği-rövzədə
Görməmişdir bağban dər gülşəni-minu səni?