Genə əzm eylədi könlüm, gedər ol şahi-əlayə,
Vücudim eşqi məhv oldu səmək tək düşdü dəryayə.
Vücudim şəhrinə girdi, vilayət şahini gördi,
İkilik qələsin yıxdı, ulaşdı zati-yektayə.
Gəl, ey könlüm, səfər eylə, bu gün yövmi-hidayətdir,
Cəhanü canı qoy, filcümlə, getsün külli yəğmayə.
Gözü yəğmaçılar gəldi, məni yəğmaladı külli,
Əlimdən varlığım aldı, götürdü ani səhrayə.
Şəha, minnət! Şəha, minnət! Bu gün yövmül-hesab oldu.
Maariflər hesab verdi, münafiq qaldı fərdayə.
Xətayi ta səni gördü, vücudun sərbəsər gəzdi,
Çü şahın qulların gördü, yüzün xak etdi ol payə.