Aydım qaşına: – İşvə qıl. Aydır ki, göz üstə.
Baxdım ki, görüm ol gözü, dedi ki, yüz üstə.
Bir tari-muyindir kəmərin altda miyanın,
Naziklik ilə kim deyə bir söz bu söz üstə.
Ey dil, yüzüni xak edə gör yar eşigində,
Ta daməni-dilbərdən anın düşə toz üstə.
Meyxanə ləbin istədi ta nəqlü kəbabi,
Eşq odunu yaxıb cigərim saldı göz üstə.
Yar etdi mana: – Aşiq isən xəstə Xətayi,
Bu cövrü cəfa kim, qıluram, şimdi döz üstə.