Sənin tək dilbəri-cananə yetdim,
Zi hicran ölmüş ikən canə yetdim.
Saçın küfrinə olmuşdum giriftar,
Yüzüni görgəcin imanə yetdim.
Eşigin itlərilə həmnişinəm,
Nə dövlətlü qulam, sultanə yetdim.
Könül qalmışdı hicran zülmətində,
Ləbindən çeşmeyi-heyvanə yetdim.
Ğəmindən gözlərim kövkəb kimidir,
Şükür kim, bir məhi-tabanə yetdim.
Misali-qətrə idim, qətrə, üzdüm,
Behəmdullah, yenə ümmanə yetdim.
Xətayi xəstədir vəslin gədası,
Qapundan vayəvü ehsanə yetdim.